İSRAİL OĞULLARININ AZDIQLARI SƏHRADAN ÇIXMALARI
Hər halda cumhur alimlər belə deyirlər ki, İsrail oğulları səhrada olarkən Harun, qardaşı Musadan iki il öncə vəfat edir. İsrail oğulları səhrada olarkən Musa da vəfat edir. O, Beytülmüqəddəsə yaxınlaşdırılmaq üçün Allaha dua edir və duası qəbul olunur. Onları azdıqları səhradan çıxardıb Beytülmüqəddəsə aparan Yuşa ibn Nun olmuşdur.
Kitab əhli və digər tarixçilər deyirlər: "Yuşa İsrail oğulları ilə İordan çayını keçib Ərihaya gəlir. Bu şəhər, yüksək qala divarları, hündür binaları və əhali çoxluğu ilə seçilirdi. O, oranı altı ay mühasirədə saxladı. Günlərin birində yenidən qalaya hücum etdilər. Hamı bir nəfər kimi eyni anda buynuzlara üfürdülər. Bu səsdən qalanın bir divarı aşdı. Onlar qalaya daxil olub oradakı qənimətləri götürdülər. Onlar kişi və qadın qarışıq on iki min nəfər qətlə yetirdilər. Bundan başqa çox padşahlara qarşı döyüşdülər. Deyilənə görə adı çəkilən qalanın mühasirəsi cümə günü əsrdən sonraya qədər davam etdi. Günəş batandan sonra, yaxud batmaqda olanda şəhərə daxil olurdular. Gün batanda şənbə günü başlayırdı. Onların şəriətinə görə bu gün onlara qarşı idi (həmin gün döyüşmək qadağan idi). Yuşa dedi: "Sən də, mən də əmrə tabeyik. Ey Allahım! Günəş hələ batmasın". O şəhəri fəth edənə qədər günəş batmadı. Aya da çıxmamağı əmr etdi. Bu o deməkdir ki, həmin gecə ayın 14-cü gecəsi idi".
Günəş haqqında deyilənlər qarşıdakı hədisdə qeyd olunmuşdur. Ay haqqında deyilənlər isə Kitab əhlinin məlumatlarından götürülüb. Bu məlumat da hədisə zidd deyil. Əksinə bu hədisə daha geniş məna verir. Biz belə məlumatları nə təsdiqləmir, nə də təkzib etmirik.
Amma bu hadisənin Əriha şəhərinin fəthində baş verməsini demələri bir qədər şübhə doğurur. Bu hadisənin Beytülmüqəddəsin fəthində baş verməsi daha uyğundur. Çünki ən böyük qayə bu şəhərin fəthi idi. Ərihanın fəthi isə bunun üçün bir vasitə idi. Daha doğrusunu Allah bilir.
İmam Əhməd387 Əbu Hureyrədən rəvayət edir ki, Peyğəmbər demişdir: "Günəş heç bir məxluq üçün dayandırılmamışdır. Yalnız Beytülmüqəddəsə gedən gün Yuşa üçün dayandırılmışdı."
Bu hədis də Beytülmüqəddəsin Musa tərəfindən deyil, Yuşa ibn Nun tərəfindən fəth edildiyini isbat edir. Həmçinin hədisə görə günəşin dayandırılması hadisəsi də Ərihanın deyil, Beytülmüqəddəsin fəthində baş vermişdi.
Hədis bu hadisənin Yuşaya məxsus olmasını sübut edir. Peyğəmbər Əli ibn Əbu Talibin dizi üzərində yatdığı üçün Əli əsr namazını qıla bilməmiş və namazı qəzaya düşməsin deyə günəşin batmayıb gözləməsi haqqında olan rəvayət zəifdir. Həmin rəvayətdə Peyğəmbərin dua edib əsr namazını qılana qədər günəşi gözlətməsi haqqında deyilir.388
Əhməd ibn Saleh əl-Misri bu rəvayətin səhih olduğunu demişdir. Əslində bu rəvayət nə səhih, nə də həsən deyildir. Bu inkar olunası hədisdir.
İmam Əhməd389 Əbu Hureyrədən rəvayət edir ki, Peyğəmbər belə demişdir: "Peyğəmbərlərdən biri döyüşərkən öz qövmünə deyir: "Qadınla evlənib hələ onunla cinsi yaxınlıq edə bilməyən, yaxud ev tikib tikintisini başa çatdırmayan, ya da qoyun alıb onun doğmasını gözləyənlər mənim ardımca gəlməsinlər". Həmin peyğəmbər döyüşdü. O, əsr namazını qıldıqdan sonra, yaxud buna yaxın bir vaxtda şəhərə yaxınlaşmışdı. O, günəşə dedi: "Sən də əmrə tabe olmalısan, mən də! Ey Allahım! Mənim üçün günəşi bir müddət gecikdir". Günəş onun üçün gecikdi və Allah onun üçün şəhərin qapılarını açıq etdi. Onlar götürdükləri qənimətləri bir yerə topladılar. Od qənimətləri məhv etməyə gəldikdə bundan imtina etdi. Peyğəmbər dedi: "Sizdən kimsə qənimətdən oğurluq edib! Hər qəbilədən bir nəfər mənə beyət etsin". Onlar ona beyət etdikdə bir nəfərin əli onun əlinə yapışdı. O dedi: "Sizin qəbilənizdən kimsə oğurluq edib. Qoy qəbilən mənə beyət etsin". Onlar beyət etdilər. Onların arasında iki və ya üç nəfərin əlindən yapışıb dedi: "Oğurluq qənimət sizdədir, siz oğurluq etmisiniz". Onlar inək kəlləsinə oxşar qızıl əşya çıxartdılar. Onları da səhradakı qənimətlərin üstünə qoydular. Od gəlib onların hamısını məhv etdi. Bizim ümmətimizdən əvvəl heç kəsə qənimət halal olmayıb. Uca Allah bizim zəifliyimizi və acizliyimizi bilib onu bizim üçün halal edib."
Məqsəd budur ki, o İsrail oğullarını şəhərin qapılarından içəri salanda onlara səcdə etmiş halda daxil olmaq əmr olunmuşdu. Səcdə dedikdə, başı aşağı təvazökar şəkildə Allahın vəd etdiyi bu böyük qələbəyə görə Ona şükür etmək nəzərdə tutulur. Həmçinin şəhərə daxil olarkən "Hitta" demələri əmr olunmuşdu. Hitta, yəni, "Birinci dəfə döyüşdən imtina edib xəta etdiyimiz üçün bizim günahımızı bağışla".
Peyğəmbər Məkkənin fəthində şəhərə daxil olanda dəvəsinin üzərində idi. O təvazökarcasına Allaha həmd və şükür edirdi. O qədər başını aşağı tutmuşdu ki, saqqalının ucu miniyinin üzərindəki yəhərə dəyirdi.390 Qarşısındakı bütün maneələri məhv etmək gücündə olan böyük qoşunu, ələlxüsus onun rəhbərlik etdiyi yaşıl dəstəsi ola-ola, bununla Allaha qarşı təvazökarlıq edirdi. O şəhərə daxil olanda qüsl alıb səkkiz rükət namaz qıldı.391 Alimlərin daha məşhur fikrinə əsasən bu qələbəyə görə qılınan şükür namazı idi. Bəzi alimlər isə bunun duha namazı olduğunu deyirlər. Bu fikri deyənlər yalnız bu namazın duha vaxtına təsadüf etməsini əsas gətiriblər.
İsrail oğulları isə söz və əməlləri ilə onlara əmr olunana xilaf çıxdılar. (Onlara "hitta" sözünü deyib səcdə etmək əmr olunmuşdu, amma) onlar səcdə etməsinlər deyə izdiham yaradıb ("hitta" sözünü arpa mənasını daşıyan "hinta" sözü ilə əvəz edib istehza ilə): "Tük üzərinə düzülmüş arpa dənəsi!" – deyirdilər. Onlar əmr olunanı təhrif edib istehza edirdilər. Uca Allah Məkkədə nazil olan əl-Əraf surəsində (161-162) onların bu halını xatırladır və deyir: «161. (Ey Rəsulum!) Yadına sal ki, o zaman onlara (yəhudilərə) belə deyilmişdi: “Bu şəhərdə (Qüdsdə) sakin olun, ondan (onun meyvələrindən) istədiyiniz yerdə yeyin, “hittə” (“bizi bağışla”) deyin və qapıdan (Beytülmüqəddəsin qapısından) səcdə edərək daxil olun ki, günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərin mükafatını artıracağıq!” 162. Lakin (İsrail oğullarından Allahın əmrlərini yerinə yetirməməklə) özlərinə zülm edənlər onlara deyilən sözü dəyişdirib başqa şəklə saldılar. Etdikləri haqsızlığa görə Biz də onlara göydən əzab göndərdik.»
Mədinədə nazil olan əl-Bəqərə surəsində (58-59) isə onlara müraciət edilərək deyilir: «58. Xatırlayın ki, sizə: “Bu kəndə girin, bəyəndiyiniz yerdə, istədiyiniz şeyləri rahatlıqla yeyin və buranın qapısından (Allaha) səcdə edən halda “hittə!” (“bizi bağışla!”) söyləyərək daxil olun, Biz də günahlarınızı bağışlarıq. Biz yaxşı əməl edənlərin savabını (mükafatını) artıracağıq”, – demişdik. 59. (Özlərinə) zülm edənlər onlara deyilən (əmr olunan) sözü başqası ilə dəyişdirdilər (“bizi bağışla” mənasında işlədilən “hittə” sözünə gülərək onu “buğda” mənasında olan “hintə” sözü ilə əvəz etdilər). Biz də o zalımlara etdikləri haqsızlığa görə göydən şiddətli əzab göndərdik.»
İbn Abbas bu ayə haqqında deyir: «qapıdan (Beytülmüqəddəsin qapısından) səcdə edərək daxil olun...» yəni, balaca qapıdan əyilmiş halda daxil olun.
Dostları ilə paylaş: |