25. Biz bunu (o biri iddiaçını dinləməyərək onu zülmkar adlandırmasını) ona bağışladıq. Həqiqətən, o, (Qiyamət günü) dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır. (Sad: 21-25).
Sələf təfsir alimləri və qeyriləri bu haqda əksəriyyəti israiliyyatdan olan hekayə və rəvayətlər qeyd ediblər. Onların bəzilərinin uydurma olması şübhəsizdir. Kitabımızda belə rəvayətləri qeyd etməkdən bilərəkdən imtina edirik. Hekayəni Qurani-Kərimdən oxumaqla kifayətlənirik. Allah istədiyi bəndələrini doğru yola yönəldər.
Elm adamları "Sad" surəsindəki səcdə ayəsinin vacib və ya qeyri vacib sayılan şükr səcdəsi olduğu barədə iki müxtəlif fikir söyləyiblər.
(Vacib deyənlərin əsası: tərc.) Buxari432 əl-Əvvamdan rəvayət edir ki, mən Mucahiddən Sad surəsinin (24-cü ayəsinin) səcdəsi haqqında soruşdum və o dedi: "Mən də İbn Abbasdan : "Nə üçün burada səcdə etdin?" – deyə soruşduqda o demişdi: "Məgər bu ayəni oxumamısan! «84 – Biz İshaqı və Yəqubu Ona əta etdik.... Sən də onların haqq yolunu tutub get...»433 (əl-Ənam: 84-90). Peyğəmbərinizə Davudu özünə örnək tutmaq əmr olunmuşdu. Davud bu ayədə səcdə etmişdi deyə, Peyğəmbər də bu ayədə səcdə etmişdir".
(Qeyri vacib deyənlərin əsası: tərc.) İmam Əhməd434 İbn Abbasdan rəvayət edir ki, o "Sad" surəsinin səcdəsi haqqında belə demişdir: "Bu səcdə vacib səcdələrdən sayılmır. Mən Peyğəmbərin bu ayədə səcdə etdiyini görmüşəm".
Nəsai435 İbn Abbasdan rəvayət edir ki, Peyğəmbər "Sad" surəsində səcdə edib dedi: "Davud tövbə üçün səcdə edib, biz isə şükr etmək üçün səcdə edirik".
Əbu Davud436 Əbu Səid əl-Xudridən rəvayət edir ki, "bir dəfə Peyğəmbər minbərin üzərində "Sad" surəsini oxuyurdu. Səcdə olan (24-cü) ayəyə çatanda minbərdən enib səcdə etdi. Hamı da onunla birlikdə səcdəyə getdi. Başqa bir gündə yenə həmin surəni oxuyurdu. Səcdə olan ayəyə çatanda hamı səcdə etməyə hazırlaşdı. Bu zaman Peyğəmbər dedi: "Bu bir peyğəmbərin tövbəsidir (burada səcdə etmək vacib deyil (tərc.)). Lakin mən sizin səcdə etməyə hazırlaşdığınızı gördüm." Sonra o minbərdən enib səcdə etdi"."
Tirmizi və İbn Macə İbn Abbasdan rəvayət edirlər ki, bir kişi Peyğəmbərin yanına gəlib dedi: "Ey Allahın elçisi! Mən bir yuxu görmüşəm. Bir ağacın arxasında namaz qılırdım. Səcdə ayəsini oxuyub səcdə edəndə ağac da mənimlə səcdə etdi. Onun səcdədə belə dediyini eşitdim: "Ey Allahım! Öz dərgahında onunla mənim üçün savab yaz, onu mənim üçün xəzinə et. Onunla günahımı bağışla. Bəndən Davuddan qəbul etdiyin kimi, məndən də qəbul et!"437 İbn Abbas deyir ki, mən Peyğəmbərin qalxıb səcdə ayəsini oxuyub səcdə etdiyini gördüm və kişinin dediyi ağacın duası ilə dua etdiyini eşitdim.
Uca Allah buyurur: «Biz bunu ona bağışladıq. Həqiqətən, o, (Qiyamət günü) dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır.» (Sad: 25). Qiyamət günü onun üçün gözəl məkan vardır. Bu Allahın onu xüsusi şəkildə Özünə yaxın etməsidir. Səhih hədisdə deyilir: "Ədalətli kimsələr (Qiyamət günü) ər-Rəhmanın sağ tərəfində nurdan olan minbərlərin üzərində olacaqlar. Onun hər iki əli də sağ əldir. Ədalətli kimsələr, öz ailələrində, mühakimələrində və rəhbəri olduqları işlərdə ədalətli davrananlardır."438
«26. Ey Davud! Biz səni yer üzündə xəlifə etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa o səni Allah yolundan sapdırar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir!» (Sad: 26). Bu Uca Allahın Davudla danışığıdır. Ayədə rəhbərlər və hakimlər nəzərdə tutulur. Onlara ədalətli olmaq, nə bir fikrə, nə də bir istəyə deyil yalnız Allahdan gələn haqqa yönəlmək əmr olunur. Bundan kənara çıxanlara, başqası ilə mühakimə yürüdənlərə əzab vəd olunur.
Dostları ilə paylaş: |