Sual 715. Cümə namazının İmam Zamanın (ə) qeybət dövründə hökmü nədir?
Cavab: Vacibi təxyiridir (yəni insan zöhr və ya cümə namazı qılmaqda ixtiyar sahibidir) və zöhr namazı kifayət edər.
Sual 716. Cümə namazını müsafir olan şəxsin İmam-camaat olması ilə qılmaq düzgündür, ya xeyr?
Cavab: Ehtiyatın xilafınadır.
Sual 717. Müsafir şəxslərin cümə namazında iştirak edib İmam-cüməyə iqtida etmələri səhihdirmi? Yoxsa, onlar öz zöhr namazlarını ayrılıqda qılsınlar?
Cavab: İştirak etmələri düzgün, hətta müstəhəbbidir və zöhr namazını qılmaq lazım deyil.
Sual 718. Cümə namazı təşkil olunan vaxt bir qrup insanlar ayrı-ayrı məscidlərdə və başqa yerlərdə zöhr namazını təklikdə və ya camaatla qılırlarsa bunun işkalı varmı?
Cavab: Maneəsi yoxdur, üzürlü səbəb olmadığı halda cümə namazında iştirak etsələr daha yaxşıdır.
Sual 719. Cümə namazının xütbələri oxunan zaman məmumlar namaz halında oturduqları kimi oturmalıdır, ya ətrafa baxmaq düzgündürmü?
Cavab: Ətrafa baxmağın işkalı yoxdur.
Sual 720. Cümə namazı tamamlanandan sonra zöhr namazını təkrar qılmağın hökmü necədir? Əsr namazını qılan İmam-cüməyə ehtiyata görə zöhr namazını qılan şəxsin iqtida etməsi necədir?
Cavab: Təkrar qılmağın maneəsi yoxdur və hər bir halda əsr namazını İmam-cüməyə iqtida edib qılmaq səhihdir.
Sual 721. Xarici ölkələrdə cümə namazını qılmağa icazə verirsinizmi?
Cavab: Şərait olan surətdə maneəsi yoxdur.
Sual 722. Məmum cümə namazının ikinci rəkətində qunutdan sonra səhvən rükuya getdikdən sonra başa düşüb ki, camaatla birgə səcdəyə getməliymiş. Buna görə də o, rükudan qalxıb səcdəyə gedir. Bu artıq rüku namazı batil edirmi?
Cavab: Bəli, verilən suala əsasən onun cümə namazı rükunun artıq olması vasitəsi ilə batildir, çünki, bu halda tabeçilik yoxdur, bu şəxs gərək zöhr namazını qılsın.
Sual 723. Cümə namazının birinci rəkətində məmum səhvən rükuya getsə və rükuda olanda İmamın qunuta məşğul olduğunu başa düşsə rükudan qalxıb qunutu İmamla birlikdə oxuyub sonra yenidən rükuya gesə, bu rükunun artıq olması namazı batil edirmi?
Cavab: Verilən suala əsasən tabeçilik qəsdi ilə rükudan qalxmışdır, rükunun artıq olması namazı batil etmir.
Sual 724. Cümə namazının xütbələrinə qulaq asmaq məmumlara vacibdir, ya xeyr? Xütbə oxunan zaman müstəhəbbi, ya vacibi namaz qılmaq səhihdirmi?
Cavab: Vacibdir ki, xütbələrə qulaq assın və namaz qılmaqdan çəkinsin.
Sual 725. Cümə xütbələrinə çatmayıb təkcə namazına iqtida edən bir şəxsdən zöhr namazı saqit olurmu?
Cavab: Bəli, saqit olur.
Sual 726. Namaz qılan cümə namazının təkcə bir rəkətinə çatsa vəzifəsi nədir? Gərək ikinci rəkəti furada qılsın və ya batildir və yaxud zöhr namazını da qılmalıdır?
Cavab: Namazın qalanını özü furada yerinə yetirsin, müstəhəbbdir ki, ehtiyata əsasən zöhr namazını da qılsın.
Sual 727. Cümə namazında İmam cümə xütbələri zəval vaxtı daxil olmamışdan qabaq başlayıb, zəval vaxtı daxil olandan sonra qurtarsa xütbələrdən sonra cümə namazı üçün azan və iqamə demək müstəhəbdirmi?
Cavab: Bəli, müstəhəbdir, çünki namazın fəzilətini qazanmaq üçün azan demək lazımdır. Azanı vaxtın əvvəlində demək yox, namaza başlayanda və ya namazdan əvvəl desinlər.
Sual 728. İmam cümə namazının ikinci rəkətində qunutdan sonra səhvən rükuya getdi, namazda artıq rükn yerinə yetirdiyi üçün onun namazı batildirmi? Əgər batildirsə ona iqtida edən məmumların vəzifəsi nədir?
Cavab: İmamın namazı rüknün çoxluğu səbəbinə batildir. İmam, ya məmumlar öz aralarından bir nəfəri seçib qabağa salsınlar və ona iqtida edib namazın qalan hissəsini onunla tamamlasınlar. Əks halda, cümə namazını furada niyyəti ilə olsa da tamamlasınlar və zöhr namazını da qılsınlar.
Sual 729. Bir şəxs cümə namazının ikinci rəkətində təkbir deyib rükuya gedəndən sonra İmamın rükusuna çatıb-çatmamasında şəkk edirsə, vəzifəsi nədir?
Cavab: Namazı batildir və gərək zöhr namazını qılsın.
Sual 730. Cümə namazından sonra məlum olsa ki, İmamın namazı təharətin və başqa işlərin olmaması səbəbindən batil olmuşdur. Məmumların cümə namazı səhihdirmi və ya zöhr namazını qılmağa ehtiyac var?
Cavab: Zahirən məmumların namazı səhih və kifayətdir, təkrarlamaq lazım deyil.
Sual 731. İki mahal və əyalət arasında iki yol vardır. O iki yolun biri bir fərsəxdir. Ancaq o biri yolun fasiləsi azdır. Hər iki şəhərdə cümə namazı qılmaq olarmı?
Cavab: Əgər hər iki yol işlək yoldursa və gediş-gəliş onlarda adi sayılırsa, səhih deyil. Ancaq o iki yolun biri əsli və mütəarif olsa, digəri isə onun əksi olarsa və iki cümə namazı arasında olan əsil yolun fasiləsi bir fərsəxdən çox olsa, habelə onlar arasında hava yolu ilə məsafə bir fərsəxdən az olsa da belə, hər iki namaz səhihdir. Əgər əsas yol bir fərsəxdən az olsa, birinci cümə namazından sonra başlayan ikinci cümə namazı batildir.