Çəkirəm çiynimdə dəcəl dünyanı
Köləcəsinə.
Sevirəm ancaq
Sevirəm həyatı, dəlicəsinə.
Mən şeir yazıram.
Və yaxud
Təpəmdən dırnağıma
Qurşun bağladım şeiri hər yerimə.
Hər bir misra bir yara
Bağladım hər yerimə.
Çarpazlama çarpazlama.
Qurşunlar yaralayırdı
Yaralarım qurşun kimi öldürürdü.
Şeirlər qan qiymətinə aldılar ürəyimi
Hər nöqtəmdə
Bir dil, bir anlam bayrağını sancdılar.
Və bu
Mənim
Taleyimlə bağlı bir faciyəydi...(21)
Çalın-çarpaz qurşunlanmaqdır, qan-qada, ölüb-öldürməkdir şeir yazmaq həm də... Və şeir həm də taledir, faciəli, nakam, yainki xoşbəxt olsun-fərqi yoxdur şeir onu yazan şairin taleyidir... Nə yazıq ki, bu gün təkcə Kiyan Xiyav üçün deyil, Güney Azərbaycan xalqının yetirdiyi çağdaş şairlərin əksəriyyəti üçün hələlik şeir yazmaq “ürəyi qan qiymətinə almaq, hər nöqtəsinə bir dil, bir anlam bayrağını sancmaq”dır... Güneyli şair üçün şeir “çörək ağacı deyil, çörəkdir (M.Əzizpur)”, yəni, mübaliğəsiz-filansız həyat deməkdir və o, şeir yazmasa, yaşaya bilməz həqiqəti...
Ümumiyyətlə bu gün Güney Azərbaycan xalqının azadlıq ideyalarının gerçəkləşməsini, “cəhənnəm və zindan”dan qurtulmasını əngəlləyən səbəblər şairləri daha çox düşündürür. Bu səbəblərin mayasında biganəlik, laqeydlik kimi çox qorxulu bir azarın - “epidemiya”nın da durduğunu birbaşa deyil, dolayısı ilə oxucunun diqqətinə çatdırırlar. Ərgin “Donuq heykəl” şeirində xalqı manqurtluğa, unutqanlığa və nəticədə özgələşməyə sürükləyən biganəliyə qarşı etiraz duyğularını şaxtanın qurudub heykələ çevirdiyi və satmaq üçün soyuqdan göyərmiş incə əllərinin barmaqları arasında Yunan ilahələrinə bənzəyən bir cüt büst tutmuş yoxsul bir qızın dili ilə hayqırır. Uzun müddət küçədə dayanan və soyuq əhədini kəsmiş bu qız ruhsuz gözləri ilə başında börk (papaq), ağzında şal qarşısından gəlib-geçən kişiləri, qadın və qızları süzərək acı-acı düşünür:
Mənim donmuş heykəlimi görməyənlər,
Əlimdəki büstləri necə görəcəklər?
Mənim bağırmamı duymayanlar,
Könül sızıltılarımı necə duyacaqlar?
Dönəmin Nəsimiləri
Bir əlləri haqqa doğru,
Bir əllərində də neştər
Soyulmağı gözləyirlər.
İbn hilallar isə gözləri qıyıq,
Barmaqlarını gizlədirlər...
Bu laqeydliyə, “biganəlik” adlı ölüm qoxulu azara, insanların getdikcə “daşlaşmış” ürəklərinə və “daşlaşan” başlara, ilişgilərə sanki “Daş yağışı” yağdırdı 2011-ci ildə Ramin Cahangirzadə... “Dayaq” layihəsi əsasında AYB Cənubi Azərbaycan kitabxanası seriyasın-dan AYB-nin maliyyə dəstəyi ilə nəşr olunmuş “Daşlar-Saray üçün...” şeirlər toplusu rəmzi olaraq elə ədəbiyyatımıza da “Daş yağışı” oldu... Hər birində yaşamımızda addımbaşı qarşımıza çıxan, hər an hansısa formada yanımızda olan və məhz gərəyimiz olan daşların xarakterini, bu günkü insanın həyatındakı, ömründəki önəmini, tarixdəki rolunun bütün ayrıntılarını incələdiyi, hər birində məhz daşlardan söz açdığı əlli şeirin yer aldığı kitabçada istedadlı gənc şair oxucularını-əslində insanları səssizliyə... daşların ölkəsinə səyahətə aparır. Bu səyahət əlli şeirin yaratdığı daşlar aləmində davam edir və ”Tanrı daş olmaq istəməsə də, Daşlar Tanrı oldular” həqiqətlərini, ”Soyuq daşların arasında od qaladıq, Budur bizim ilk vətənimiz: -Ocaq!”ın-insanın ilk beşiyinin hekayətlərini, ...daş iyisi gələn, daş-qaşlar ayağına düşən Daşlar kraliçasının duyğularını, başına dolandığı, daşı olduğu, lakin öz başına düşən və başından bitən daşların qanadlanıb daşların üstünə qonduqları zaman daşların sümüyünə düşən daşların mahnısını, ürəyi daşdan olan suların, ürəyi sudan olan daşların “Şırrr...!”ıldayan sevişmə səsini, bu sevgidən doğacaqları daş ürəkli Su pərisinin sevgisini, daşlarla suların həvəsini, qıdıqlanan daşların qaqqıldayacaqları tarixi!..” danışır:
Dostları ilə paylaş: |