Imam (ə)-ın ordusunun "sağ qolu" sayılan bir dəstənin iki dəfə qiyam etməsi işləri daha da çətinləşdirdi. Birincisi Siffeyndə olmuşdu, (burada onlar Imam (ə)-dan tələb edirdilər ki, müharibəni dayandırıb həkəmeynin qəzavətini qəbul etsin, əks halda qətlə yetiriləcəkdi.) Ikincisi isə müqavilənin imzalanmasından və həkəmiyyətin qəbul olunmasından sonra. (Bu dəfəki istəkləri birincidəkinin tamamilə əksinə idi; onlar əhdnamənin pozulmasını istəyirdilər.)
Birinci istəkləri hərçənd Imam (ə)-ı qələbədən məhrum etdi, lakin Imam (ə)-ın sadəlövh əsgərlərinin müharibəni davam etdirmək istəmədikləri, üstəlik o həzrəti qətl ilə təhdid etdikləri belə bir şəraitdə sülhə razılaşmaq qeyri-qanuni bir iş deyildi və əqlin xilafına sayılmırdı. Imam (ə)-ın öz sözü ilə desək (o həzrət xəvaricin başçılarına xitabən belə buyurmuşdu), "Həkəmeynin qəzavətinin "dostların" təzyiqi altında qəbul olunması tədbirdə bacarıqsızlıq, işdə zəiflik idi və onların öz tərəfindən mənə qəbul etdirilmişdi."265
Halbuki ikinci istəkləri hamını əhd-peymanların qorunmasına dəvət edən Quran hökmünün tamamilə ziddinə idi. Bu halda Imam (ə) çıxış yolunu yalnız ictimai səbatın qorunmasında, təmkinli olmaqda, aldanmışları hidayət edib yol göstərməkdə, bəzi vaxtlar isə onların dəstələrini dağıtmaqda görürdü. Buna görə də əvvəlcə onları hidayət etmək üçün çalışırdı, lakin bu tədbir fayda vermədikdə şəraitə uyğun olaraq başqa yollardan istifadə edirdi. O cümlədən, onları hidayət etmək üçün müsəlmanlar arasında kitab və sünnəyə dərin bilikdə məşhur olan alim və fəzilətli dostlarını xəvaricin düşərgəsinə göndərirdi.
Dostları ilə paylaş: |