Ümumi xərclər (total costs - TC) – müəssisənin, şirkətin məhsul istehsalı üçün zəruri olan bütün xərclərinin cəmidir. Sabit və dəyişən xərclərin cəmi ümumi xərclərdir.
Orta xərclər (average costs - AC) – istehsal olunmuş hər məhsul vahidinə çəkilən xərclərdir. Bu xərclər ümumi istehsal xərclərinin məhsulun ümumi həcminə nisbəti kimi hesablanır.
İqtisadi nəzəriyyədə son hədd xərcləri, alternativ xərclər və transaksion xərclər anlayışlarına da rast gəlirik.
Son hədd xərcləri – növbəti əlavə məhsul istehsalı (məsələn 1000 ədəddən çox paltar, 10 tondan artıq çörək, 100 min metrdən çox parça) ilə bağlı ümumi xərclərin artan kəmiyyətini göstərir. Bu xərclərin öyrənilməsi, müəssisə və şirkətin təsərrüfat fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edərək, hər hansı bir istehsalın optimal, səmərəli variantını müəyyən edir.
Hər bir firma bilmək istəyir ki, nə qədər məhsul istehsal edib bazara çıxarmaq lazımdır. Son hədd xərcləri bir məhsul vahidinə əlavə resurslar sərf edildiyi halda məhsul buraxılışının həcminin dəyişməsi ilə müəyyən olunur. Aydındır ki, əlavə resurslar sərf edildikdə istehsalın həcmi dəyişəcəkdir. Ancaq bu zaman sabit xərclər dəyişməyəcək və dinamikası dəyişən xərclərin hesabına olacaqdır.
İstehsalın alternativ xərcləri – təsərrüfat həyatının hansı sahələrindən eyni xərclərlə daha səmərəli iqtisadi fəaliyyət göstərilməsinin iqtisadi cəhətdən əlverişli seçimini müəyyənləşdirməyə imkan verir. Konkret bir təsərrüfat sahəsinə çəkilmiş xərclər, həmin məbləğin başqa sahələrə yönəldildiyi halda verdiyi səmərə, yaxud itkilərlə müqayisə olunmalıdır. Məsələn, kimya və neft sənayesinə yönəldilən sərmayələrin kənd təsərrüfatına və balıqçılığın inkişafına qoyulması, yaxud bu problemin ətraf mühitə, ekologiyaya təsiri alternativ xərclər prinsipi əsasında öyrənilib, həyata keçirilməlidir.
Transaksion xərclər – bazar subyektləri (agentləri) arasındakı alqı-satqı sövdələşmələrinə sərf olunmuş xərclərin məbləğidir. Geniş mənada bu xərclər hər bir iqtisadi sistemin əlavə xərcləri, dar mənada isə bazar istirakçılarının öz aralarındakı münasibətləri tənzimləyib yoluna qoymaq üçün çəkdikləri müəyyən konkret xərclərdir. Bu xərclər bazar iqtisadi sisteminin qeyri-kamilliyi, nöqsanları, obyektiv-subyektiv xarakterli çətinlikləri ilə bağlıdır.