Aysel Qəribli “Azərbaycan dili” anlayışının tarixi “Elm və təhsil” Bakı-2017



Yüklə 0,73 Mb.
səhifə1/34
tarix07.01.2022
ölçüsü0,73 Mb.
#80195
  1   2   3   4   5   6   7   8   9   ...   34

Azərbaycan dili” anlayışının tarixi



Aysel Qəribli

Azərbaycan dili” anlayışının tarixi

Elm və təhsil”

Bakı-2017

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının 17 may 2017-ci il tarixli iclasının 07 protokoluna əsasən çap olunur.

Elmi redaktoru:



Sayalı Sadıqova,

professor
Rəyçilər:

Roza Eyvazova,

professor
Pərvin Quliyeva,

filologiya üzrə fəlsəfə doktoru
Redaktor:

Dəyanət Osmanlı


Aysel Qəribli. “Azərbaycan dili” anlayışının tarixi.

Bakı, “Elm və təhsil”, 2017, 152 səh.
Filologiya üzrə fəlsəfə doktoru Aysel Qəriblinin bu kitabında “Azərbaycan dili” anlayışının formalaşma tarixinin dövrləri araşdırılıb.

ISBN 978-9952-8176-1-2

© “Elm və təhsil”, 2017
GİRİŞ
Hər bir dilin adının mənşəyi, təşəkkül tapıb formalaşması həmin dilin, eləcə də onun daşıyıcısı olan xalqın (etnosun) tarixi ilə birbaşa bağlıdır. Bu isə o deməkdir ki, hər hansı dil adının (linqvonimin) keçdiyi inkişaf yolunun öyrənilməsi həm nəzəri, həm də praktik baxımdan çox böyük elmi əhəmiyyət daşımaqla yanaşı, özündə müəyyən problemləri də ehtiva edir.

“Azərbaycan dili” anlayışı (linqvonimi), “Azərbaycan” toponimi, bunun ardınca isə “Azərbaycan xalqı” etnoniminin təşəkkülü ilə formalaşmağa başlayaraq müasir dövrdə sayı iyirmi beşdən çox olan türk dillərindən birinin adını bildirir ki, həmin ad-anlayışın formalaşmasının zəngin tarixi vardır. Lakin bu tarix indiyə qədər sistemli şəkildə, xronoloji (və məntiqi) ardıcıllıqla öyrənilməmiş, yalnız (və adətən, biri digərini istisna edən, yaxud mübahisəli) mülahizələrlə kifayətlənilmişdir. Halbuki Azərbaycan xalqının öz müstəqilliyini inkişaf etdirib daha da möhkəmləndirdiyi bizim günlərdə “Azərbaycan dili” anlayışının tarixinin bütün təfsilatı, təkamül dövrləri ilə birlikdə aydın təsəvvür olunması milli şüurun mükəmməlliyinə əhəmiyyət li təsir göstərməyə bilməz.

Məlum olduğu kimi, ümumnəzəri aspektdə etnonim-toponim-linqvonim münasibətləri kifayət qədər mürəkkəb təbiətə malikdir. Bir qayda olaraq, linqvonimlər etnonimlərdən yaransa da (məsələn: ingilis xalqı - ingilis dili, yapon xalqı -yapon dili, çeçen xalqı - çeçen dili və s.), toponimlərdən əmələ gəlməsi faktlarına da az təsadüf edilmir; məsələn: Çin dili, Ukrayna dili, Litva dili və s. “Azərbaycan dili” anlayışı da bu model üzrə formalaşmış, lakin həmin formalaşma prosesi bir sıra dövrlərdən, mərhələlərdən keçmişdir.

Şübhəsiz, xalq, ölkə (və dövlət) adları kimi, dil adları da mənşəcə nə siyasi-inzibati, nə də elmi-akademik təsəvvürlərdən irəli gəlməyən təbii (inersion) hadisədir, lakin milli özünüdərk dövrlərində bu məsələyə intellektual-ideoloji müdaxilənin güclənməsi və onun dövlət dil siyasətinin predmetinə çevrilməsi də tamamilə təbiidir.

Heç də təsadüfi deyil ki, Azərbaycan xalqının, demək olar ki, bütün görkəmli ziyalıları milli özünüdərk dövründən başlayaraq ölkənin (eləcə də dövlətin), xalqın və dilin adı ilə bağlı məsələyə xüsusi diqqət yetirmiş, “Azərbaycan”, “Azərbaycan xalqı” və “Azərbaycan dili” anlayışlarının formalaşmasında öz əsaslandırılmış mülahizələri (və mübarizələri) ilə mühüm rol oynamışlar.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev istər sovet, istərsə də xüsusilə müstəqillik dövründə ölkəyə rəhbərlik illərində “Azərbaycan dili” anlayışının həm ictimai şüurda möhkəm yer tutması, həm də Azərbaycan dilinin hər cəhətdən mükəmməl bir xalqın dili olaraq daha da inkişaf edib zənginləşməsi üçün ardıcıl şəkildə təxirəsalınmaz tədbirlər görmüşdür. Xalqın (və dövlətin) dili ilə bağlı mülahizələri , apardığı geniş miqyaslı müzakirələr, gəldiyi nəticə və ya qərarlar, həyata keçirdiyi ideyalar dahi dövlət xadiminin ümumən milli dövlət quruculuğu missiyasının üzvi tərkib hissəsi olmuşdur (bu barədə geniş məlumat üçün bax: 39,45,69 və s.). Onun (və mənsub olduğu xalqın) müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasında deyilir:

“Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.

Lakin etiraf etmək lazımdır ki, milli ictimai şüur səviyyəsində dilin adı ilə bağlı bu qənaətə gəlinməsinə qədər mübahisələr, hətta münaqişələrlə müşayiət olunan mürəkkəb bir tarixi yol keçilmişdir.

“Azərbaycan dili” anlayışının təşəkkülü tarixinin dərindən öyrənilməsi üçün kifayət qədər zəngin mənbələr mövcuddur ki, onların analitik, eləcə də düzgün metodologiya ilə təhlili ciddi elmi nəticələrə gəlməyə imkan verir.

R.Eyvazova “Azərbaycan dili” anlayışının təşəkkül tarixinin mühüm (əslində, metodoloji əhəmiyyəti olan) bir məsələsinə toxunaraq yazır:

“Azərbaycan dili” adı alana qədər dilimiz, xalqımız müxtəlif terminlərlə adlanmışdır ki, bunlardan ən əsası “türk” terminidir. “Türk” termininin işlənməsi təkcə Azərbaycanla bağlı olmamış, bütün türk xalqları və dilləri qrupuna aid olmuşdur” (34,s.8-9).

“Yeni türk dili” monoqrafiya-dərsliyinin müəlliflərinin fikrincə, müasir dövrdə “türk dili” və ya “türkcə” adı, əsasən, iki anlayışı bildirir:

1. ümumiyyətlə dünyada mövcud olan bütün türk dillərini;

2. ayrıca olaraq bütün türk dilini (104, s.139-141).

Müəlliflər yazırlar:

“Göytürklərdən günümüzə qədər fasiləsiz davam edən türk dili tarixinin hər dövründə “türk tili”, “türk dili”, “türki dili” (əslində, sadəcə “türki” olmuşdur - A.Q.) adları ilə tanınan türkcə xüsusilə XX əsrin əvvəllərinə qədər bütün türk millətinin dilini ifadə etdiyi halda həmin əsrdə bir sıra siyasi gəlişmələr və müdaxilələr nəticəsində mənaca daralmaya məruz qalmışdır. Sovetlər Birliyi dövründə bu ölkədə yaşayan türk boylarının istifadə etdikləri ləhcələr siyasi səbəblərlə “qırğızca”, “azəricə”, “qazaxca” şəklində adlandırılmış və bunların türkcədən fərqli bir dil olduqları, danışanların da türk olmadıqları; azəri, qazax, qırğız olduqlarının nəzərə çarpdırılmasına çalışılmışdır” (104,s.140).

Lakin məsələ burada təsəvvür olunduğu qədər də sadə deyil; doğrudur, Sovetlər Birliyi dövründə türk dillərini, eləcə də xalqlarını bir-birindən təcrid etmək təşəbbüsləri olmuşdur, bununla belə həmin xalqların, eləcə də dillərin sovet dövrünə artıq kifayət qədər diferensial varlıqları və öz adları ilə gəlib çıxdığını da inkar etmək mümkün deyil.

Ümumiyyətlə, “Azərbaycan dili” anlayışının tarixinin tədqiqi bir sıra spesifik metodoloji nüansların əlaqəli şəkildə nəzərə alınmasını tələb edir ki, buraya ilk növbədə aşağıdakılar daxildir:

-Azərbaycan xalqının (və dilinin) tarixinə bütün dövrlərdə ümumtürk tarixi “kontekst”ində baxılması;

-“Azərbaycan dili” anlayışının təsadüfi bir hadisə olmayıb türk dillərinin təbii diferensiasiyası prosesində formalaşan Azərbaycan türkcəsini bildirmək üçün tədricən, qanunauyğun olaraq, təşəkkül tapması gerçəkliyinin qəbul edilməsi;

-“Azərbaycan dili” linqvoniminin rəsmi işlədilməsinin a) milli ictimai şüurun təkidi, b) elmi-intellektual mövqeyin təsdiqi və c) siyasi iradənin təsbiti nəticəsində mümkünlüyünün bir prinsip olaraq nəzərə alınması.

Göründüyü kimi, burada həm etnik, həm intellektual-mədəni, həm də siyasi-ideoloji proseslərin qarşılıqlı əlaqəsinə istinad olunur.

“Azərbaycan dili” anlayışının təşəkkülü tarixinin sxematik ifadəsini isə aşağıdakı şəkildə göstərmək mümkündür:


“Azərbaycan dili”

“Azərbaycan”+ “türk dili”



“Türk dili”

Bu isə o deməkdir ki, “Azəbaycan dili” anlayışının, eləcə də linqvoniminin təşəkkülü tarixinin əsasını “türk dili”ndən” Azərbaycan dili”nə keçid dövrü, başqa sözlə, həmin dövrdə meydana çıxan problemlər təşkil edir.

Şübhəsiz, “Azərbaycan dili” anlayışının təşəkkülü tarixini əsaslı metodoloji prinsiplərlə öyrənmək iddiası ilə meydana çıxan araşdırma ilk növbədə mövcud (və xeyli dərəcədə zəngin) faktların sistematik ardıcıllığına və ya dəqiq xronologiyasına əsaslanmalıdır. Müşahidələr göstərir ki, təsadüfi, yaxud mübahisəli mülahizələr, xüsusilə ehtimallar üzərində qurulmuş nəzəriyyələr, məsələn, türk etnosunun dünyaya Azərbaycandan yayılması, eləcə də “Azərbaycan” toponiminin türk mənşəliliyi və s. “milli təəssübkeşlik” baxımından nə qədər diqqəti cəlb etsə də, ümumtürkoloji kontekstdə özünü nəinki doğruldur, hətta indiyə qədər aparılmış çoxillik araşdırmaların uğurlu nəticələrini də şübhə altına almaqla əsassız revizionizm əhval-ruhiyyəsi yaradır. Azərbaycan dili dialekt və şivələrində, yəni müasir türk dillərindən birinin “hüdud”unda bütün türk dillərinin genetik köklərini axtarmaq nə qədər qeyri-elmidirsə, həmin dili (Azərbaycan dilini) orta əsrlərin sonu yeni dövrün əvvəllərindən etibarən ümumtürk dilinin bir dialekti (ləhcəsi) saymaq da o qədər əsassızdır.

Əlbəttə, “Azərbaycan dili” linqvonimi digər türk dillərinin mütləq əksəriyyətinin adlarından fərqli üsulla yaranmışdır. Əgər mənşələrinə getməsək, formal olaraq, məsələn, “türk dili”, “özbək dili”, “qazax dili”, “qırğız dili”, “türkmən dili”, “tatar dili”, “uyğur dili”, “başqırd dili” və s. linqvonimlərin kökündə etnonimlər dayanır, “Azərbaycan dili” anlayışı isə toponim əsasında təşəkkül tapmışdır. Lakin ümumi prinsip baxımından bir dilin və ya xalqın adının bu üsulla formalaşması, artıq qeyd etdiyimiz kimi, istisna təşkil etmir. Hətta türk dilləri daxilində də həmin təcrübə vardır; məsələn, Altay dili, Tuva dili.

“Azərbaycan dili” anlayışının mənşəyindən bəhs edərkən iki başlanğıc məqam xüsusi maraq kəsb edir ki, bir sıra problemlər məhz həmin məqamların düzgün metodologiya ilə şərh olunmamasının nəticəsidir. Onlardan birincisi “türk dili” anlayışının tarixi məzmununu aydın təyin etməkdən, müəyyən dövrdə diferensiasiya olunan (bölünən) türk dillərinin yeganə ortaq (universal) əcdadı kimi qəbul edib-etməməkdən ibarətdir. Bu məsələ ilə bağlı həm klassik, həm də müasir türkologiyada mübahisələr mövcuddur.Belə ki, bir sıra türk dillərinin, eləcə də etnoslarının tam türkcə, eləcə də tam türk olmadıqları iddia edilir ki, bu mövqe, prinsip etibarilə, yanlışdır. Hər şeydən əvvəl ona görə ki, istənilən dilin, yaxud o dildə danışan xalqın tərkibindəki yad və ya əcnəbi ünsürlər nə həcmdə olursa olsun, bütövlükdə, etnik sistemə təsir edəcək, onu eklektik şəklə gətirəcək, yaxud “hibrid” yaradacaq gücdə ola bilməz . Əks halda hər hansı bir dildən və ya xalqdan danışmaq, ümumiyyətlə, mümkün olmazdı. Məsələn, deyək ki, müasir Azərbaycan dilinin lüğət tərkibində istər ərəb, istərsə də fars mənşəli sözlər böyük üstünlüyə malikdir. Lakin bu, belə bir nəticə çıxarmağa qətiyyən əsas vermir ki, onu üç dilin- ərəb, fars və türk dillərinin qarışığından ibarət bir dil hesab edək. Çünki Azərbaycan dilinin həm fonetik, həm leksik, həm də qrammatik mənşəyində bir sistem olaraq türk dili dayanır. Və bu deyilənlər bütün digər türk dillərinə də aiddir.

Hansı coğrafiyada, hansı etnoqrafik, yaxud siyasi şəraitdə təzahür etməsindən asılı olmayaraq bütün türk dilləri təşəkkül tapdıqları dövrdən etibarən eyni bir dil texnologiyasının törəmələridir. Ona görə də hər hansı türk dilinin “genezis”ində qədim, hətta “tarixəqədərki” alınmalara əsaslanaraq başqa sistemli bir və ya bir neçə dilin dayandığını, yaxud “izlər”ini “görmək” “xalq etimologiyası”ndan fərqli bir şey deyil.

İkinci məqam “Azərbaycan dili” anlayışının Azərbaycan coğrafiyasına mütləq, yaxud nisbi bağlılığı məsələsində özünü göstərir ki, azərbaycanşünaslıqda həmin mütləq və nisbi bağlılıq mülahizələri artıq əks nəzəri mövqelərə çevrilmişdir. Fikrimizcə, hər iki mövqe son həddlərə meylli olduqları üçün, nəticə etibarilə, yanlışdır.

“Azərbaycan dili” anlayışının, çox zaman liqvonimin məzmunundan çıxış edilərək, Azərbaycan coğrafiyasına mütləq bağlılığı ideyasını müdafiə edənlər ya türk dilinin, eləcə də ümumən türklərin pravətəni (ata yurdu) olaraq Azərbaycan ərazisini nişan verir, ya da Azərbaycan dilini, eləcə də Azərbaycan xalqını türk oriyentasiyasından, faktiki olaraq, çıxarırlar. Birinci halda belə bir mənzərə əmələ gəlir: Altay nəzəriyyəsi yanlışdır; türk xalqlarının etnogenezinin türklərdən başqa heç bir xalqın mənşəyinə dəxli yoxdur; türklər Ön Asiyada törəmiş (“hansı mənşədən?” sualına cavab verilmir), sonra Şərqə (Altaylara) tərəf getmişlər; hunların dövründə Şərqdən Qərbə türk axını (xalqların Böyük Köçü) sonrakı hadisədir və s.

Lakin bu mənzərə-nəzəriyyənin qarşısına klassik türkologiya aşağıdakı suallarla çıxır:


  1. xalqların, eləcə də dillərin ümumi tarixi baxımından həmin mülahizə əsaslıdırmı?

  2. bir neçə yüz illik tarixi olan Altay nəzəriyyəsini (və onun kifayət qədər zəngin faktlarını) belə bir ehtimal təkzib edə bilərmi?

  3. Altay dağları ətəklərindən Şərqə doğru yayılan xalqların (və dillərin) məlum coğrafi, siyasi, mədəni hərəkət tarixini bizə məlum olmayan “tarixəqədərki” dövr barədəki nəzəriyyə-ehtimallarla əvəz etməyin türkologiya üçün hansısa metodoloji əhəmiyyəti varmı?

Etiraf etmək lazımdır ki, bu suallar “Azərbaycan dili” anlayışının tarixi baxımından da maraqlıdır.

İkinci halda, yəni nisbi bağlılıqda isə mənzərə bu cürdür: türklər Azərbaycan coğrafiyasına XI-XII əsrlərdə səlcuq yürüşləri dövründə gəlmiş, müxtəlifdilli (?) yerli xalqlara öz dillərini (türkcəni) qəbul etdirmiş və nəticə etibarilə, müxtəlif mənşəli xalqların ortaq ünsiyyət vasitəsi olan türk-Azərbaycan dili formalaşmışdır.

Nəzərə alsaq ki, birinci ideya ikinci ideyaya alternativ olaraq meydana çıxmışdır, onda hər iki ideyanın “kök”ündə ideoloji konyukturun dayandığını görməmək mümkün deyil.

“Azərbaycan dili” anlayışının Azərbaycan coğrafiyasına nisbi bağlılığı barədəki mülahizə bu anlayışı “türk dili” məxrəcindən həm keçmişə, həm də gələcəyə doğru çıxararaq belə bir təsəvvür yaradır ki, azərbaycanlılar, onlara qarışmış azsaylı “köçərilər”i çıxmaqla, ümumiyyətlə türk mənşəli deyillər (bu barədə bax: 5).

Universal məntiq isə ondan ibarətdir ki, “Azərbaycan dili” anlayışının mahiyyətində türk dilinin regional (Azərbaycan) təzahürü dayandığından burada region (Azərbaycan) anlayışı ilə dil (türk dili) anlayışının elə bir əlaqəsi nəzərə alınmalıdır ki, nə dilin, nə də regionun hüdudlarından kənara çıxılmasın.

Təbiidir ki, “türk dili” liqvonimi meydana çıxana (II minilliyin əvvəllərinə) qədər türk dili özünün çoxsaylı şifahi, eləcə də zəngin yazılı abidələri ilə geniş bir coğrafiyada mövcud olmuş; dilin ümumi adı populyarlaşandan sonra isə “ türk dili” ilə yanaşı, onun coğrafi (regional) təzahürlərini bildirən adlar da işlənmişdir ki, bunun əsas nümunələrindən biri Azərbaycan türkcəsi olmuşdur (müqayisə et: Qafqaz türklərinin dili, Anadolu türklərinin dili, Volqaboyu türklərinin dili, Sibir türklərinin dili və s.). Yəni türk dilinin diferensiasiyasını “qeydiyyat”a alan əsas amil kimi həmin diferensial “dil vahidi”nin funksionallaşdığı coğrafiya (və onun adı) çıxış etmişdir. Hətta linqvonim əsası olaraq işlənmək imkanına malik etnonimlər də (məsələn: oğuz dili, qıpçaq dili, karluq dili, qaraxanlı dili, səlcuq dili, qızılbaş dili və s.) toponimlər qədər fəal olmamışdır (bax: 88, s. 108-110).

Faktlar göstərir ki, XX əsrin əvvəllərinə qədər türk dillərinin, eləcə də türk xalqlarının adlandırılmasında iki tendensiya daha fəaldır:

1.bütün türk dilləri (və xalqları) üçün ümumi bir adın- “türk” adının (o zamana qədər az populyar olmayan “tatar” adı tədricən ikinci plana keçir) müdafiə olunması: “türk dili”, yaxud “ türk ləhcələri”, yaxud da “ türk dilləri” ;

2.türk dilinin regional təzahürlərinin ayrı-ayrılıqda adlandırılmasına üstünlük verilməsi.

XX əsrin əvvəllərindən isə artıq müstəqilliyi beynəlxalq səviyyədə etiraf olunmuş türk xalqlarının öz adları ilə adlandırma tendensiyası metodoloji əhəmiyyət kəsb etmişdir.




Kataloq: arasdirmalar
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəLİ xuluflu – 120
arasdirmalar -> HƏQİQƏTİ baki – 2011 azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu naiLƏ SƏMƏdova insan, zaman və HƏyat
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu muxtar kazimoğlu folklor həm keçMİŞ, HƏm də bu güNDÜR
arasdirmalar -> Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi
arasdirmalar -> Baki – 2012 Bismillahir-rəhmanir-rəhim amea-nın müxbir üzvü, prof. A. Nəbiyevin xatirəsinə həsr edirəm
arasdirmalar -> AZƏrbaycan milli elmlər akademi­yasi­ folklor institutu ­­­­­­­­­­­­­­­­­ ZÜMRÜd məNSİmova zaqatala
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu təRTƏr rayon icra hakiMİYYƏTİ
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu əZİzxan tanriverdi “DƏDƏm qorqud”un zamani
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu nigar həSƏnova yevlax şİVƏLƏRİNİn leksikasi

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə