İxtisas: İSM
Kurs: I
Fənn: Ana dili
Mövzu 1: Leksikologiyanın predmeti və növləri
Ədəbiyyat
1. A.Qurbanov.Müasir Azərbaycan ədəbi dili.B.2003
2. Müasir Azərbaycan dili 1.hissə B.2007
3. N.Abdulzadə.Azərbaycan dili (milli kurrikulum)
4. H.Həsənov.Müasir Azərbaycan dilinin leksikası B.1988
5. S.Cəfərov.Müasir Azərbaycan dili B.1982
6.B. Xəlilov. Müasir Azərbaycan dilinin leksikologiyası.B, 2008.
Müəllim: Şəhla Fətəliyeva FeehlaHYPERLINK "mailto:Feehla@gmail.com"@gmail.com
1. Leksikologiyanın predmeti haqqında məlumat
2. Azərbaycan dilinin lüğəvi vahidləri
3.Leksikologiyanın növləri
1.Dilin lüğət tərkibindəki sözlərin məcmusu leksika adlanır. Leksika yunan mənşəli “lexikos” sözündən olub, sözlər mənasını bildirir. Dilimizin leksikasını öyrənən dilçilik bölməsi isə leksikologiya adlanır. Leksika “söz”, loqos “elm” deməkdir. Deməli, leksikologiya şöbəsi dilimizin lüğət tərkibindəki sözləri öyrənən dilçilik şöbəsidir. Sözləri təkcə leksikologiya bölməsi deyil, dilçiliyin digər bölmələri-semasiologiya, leksikoqrafiya, onomastika, söz yaradıcılığı, etimologiya, morfologiya və sintaksis bölmələri də tədqiq edir. Leksikologiya bu bölmələrdən fərqli olaraq sözü aşağıdakı cəhətlərinə görə öyrənir:
1.Sözün dilin lüğət tərkibindəki rolu, mövqeyi;
2.Sözlərin mənşə qruplarına görə növləri;
3.Sözlərin işlənmə dairəsinə görə növləri;
4.Sözlərin məna qruplarına görə növləri;
5.Sözlərin dilin lüğət tərkibindəki aktiv və passiv roluna görə qrupları və s.
Leksikologiya şöbəsi dar və geniş mənada başa düşülür. Leksikologiyanın dar mənası dedikdə onun obyekyi olan sözə qeyd etdiyimiz xüsusiyyətlər daxildir.
Geniş mənada leksikologiya dilçiliyin aşağıdakı bölmələrini əhatə edir:
1)Dilin leksikası; 2)Semasiologiya;
3)Etimologiya; 4)Frazeologiya;
5)Onomalogiya; 6) Lesikoqrafiya; 7)Söz yaradıcılığı.
Leksikologiyanın əsas məqsədi dilin lüğət tərkibini bir sistem kimi öyrənməkdən ibarətdir. Dillər öz leksik tutumu etibarilə eyni deyildir. Dil inkişaf etdikcə onun leksik tərkibi də zənginləşir. Leksik tərkibcə müasir Azərbaycan dili zəngin dillərdən biri sayılır. Onun lüğət tərkibi, mənşəyi, təşəkkülü və inkişafı, quruluş və işlənmə dairəsi eyni səviyyədə deyildir. Ona göra də, bu dilin leksik tutumunu müxtəlif səviyyədə öyrənmək lazımdır.
Leksikologiyanın əsas məqsədi sözün mahiyyətini və tərkibini, sözlərin mənasını və çoxmənalığını aydınlaşdırmaqdan, sözün inkişaf qanunlarını dəqiqləşdirməkdən və sözlərin mənaca qruplarını müəyyənləşdirməkdən ibarətdir.
Burada, eyni zamanda, sözlərin əmələgəlmə tarixi və müasir Azərbaycan ədəbi dili lüğət tərkibinin necə yarandığı və inkişaf etdiyi də nəzərdən keçirilir.
Leksikologiya, həmçinin dilin leksik tərkibini onun aktiv və passiv fondu baxımından tədqiq edir, öyrənir. Burada köhnəliklə yenilik arasında, istifadədən çıxmaqda olan sözlərlə yeni yaranmaqda olan sözlər arasında gedən bir mübarizənin nəticəsi kimi arxaizmlər, tarixizmlər nəzərdən keçirilir, neologizmlərin yaranması qanunauyğunluğu müəyyənləşdirilir.
2.Dil vahidlərdən ibarətdir. Vahidlərsiz hər hansı bir dilin mövcudiyyətini, onun varlığını təsəvvür etmək qeyri-mümkündür. Dilin quruluşunun təkcə bir sahəsində deyil, həm fonetik və qrammatik quruluşunda, həm də lüğət tərkibində bir sıra vahidlər vardır. Buna görə də bütün fonemlər, morfemlər, leksemlər, cümlələr....dil vahidləridir.
Bu dil vahidləri üçün iki cəhət xarakterikdir: hər bir vahid birinci növbədə zahiri əlamətə-səslənməyə, ikinci növbədə isə əsas daxili əlamətə-mənaya, yaxud məzmuna malik olmalıdır.
Azərbaycan dilinin lüğət tərkibi vahidlərə görə iki yerə bölünür: 1)leksik vahidlər; 2)frazeoloji vahidlər.
Leksik və frazeoloji vahidlər bir-biri ilə üzvü surətdə bağlıdır. Lakin bunları bir-birinin eyni təşkil edən vahidlər kimi götürmək olmaz. Çünki bunlardan hər biri fərdi cəhətlərə malikdir.
Leksik vahidlər dildə müstəqil olan tək-tək sözlərdir. Leksik vahidlərə söz, yaxud leksem də deyilir. Leksik vahid (söz) dilin daha konkret və əsas vahididir. Belə ki, dilin bütün digər vahidləri sözün zəminində əmələ gəlir. Buna görə də leksik vahid olmadan digər vahid də ola bilməz. Məsələn, məktəb sözü leksik vahidi olmadan-li morfoloji vahidinin –morfeminin şəxs anlayışını (məktəbli) ifadə etməkdə heç bir rolu ola bilməz. Bununla bərabər, bütün fonemlər –səs vahidləri sözdə əks olunur və hər növ qrammatik vahidlər də sözlə ifadə olunur. Deməli, leksem-söz, ümumən dildə və xüsusən dilin lüğət tərkibində mərkəzi vahiddir.
Bütün leksik vahidlərin cəmi dilin leksik tərkibini təşkil edir.
Frazeoloji vahidlər müstəqil mənası olan bölünməz birləşmə və ifadələrdir. Dildəki frazeoloji vahidlərə frazem, yaxud ifadə də deyilir. Frazeoloji vahidlərin hamısı birlikdə dilin frazeoloji tərkibini təşkil edir.
Deməli, həm leksis, həm də frazeoloji vahidlər dilin lüğət tərkibində müstəqil mövcud olan lüğəvi vahidlərdir.
Dildəki leksik vahidlərə nisbətən frazeoloji vahidlər azdır. Dilin lüğəvi vahidləri olan leksem və frazemlərin bir-birinə yaxın və fərqli əlamətləri nəzərə alınaraq, bunlardan ayrı-ayrı sözlər leksikada, bölünməz birləşmə, ifadə və ibarələr isə frazeologiya bəhsində öyrənilir.
3.Dilin leksik sistemi müxtəlif cəhətdən tədqiq edildiyi, öyrənildiyi üçün leksikologiyanın bir neçə növü meydana çıxmışdır.
1.Tarixi leksikologiya
2.Müqayisəli leksikologiya
3.Təsviri leksikologiya
Tarixi leksikologiya. Dilin leksik tərkibinin təşəkkülü, formalaşması, onun dəyişməsi və inkişafını tarixilik baxımından öyrənən leksikologiya tarixi leksikologiya adlanır. Leksika tarixi cəhətdən tədqiq olunarkən dilin inkişaf mərhələləri, dövrləri nəzərə alınınr, dildə bu və ya digər sözün yaranması və onun taleyi, istifadədən qalması səbəbləri izah olunur.
Müqayisəli leksikologiya. Dildəki ayrı-ayrı leksik vahidləri müqayisəli şəkildə öyrənən leksikologiya müqayisəli leksikologiya adlanır. Müqayisəli leksikologiyada, əsasən, qohum dillərin leksik tərkibi müqayisə edilir. Müqayisəli leksikologiya dillərin qohumluluğunu, bunların bir mənbədən törədiklərini müəyyənləşdirməyə kömək edir. Beləliklə, müqayisə iki şəkildə aparılır:
1.qohum olan dillərin lüğət tərkibi ilə müqayisə;
2.qohum olmayan dillərin lüğət tərkibi ilə müqayisə.
Təsviri leksikologiya. Dilin leksik sisteminin müasir inkişaf səviyyəsi təsvir olunan leksikologiyaya təsviri leksikologiya deyilir. Təsviri leksikologiya tarixilikdən təcrid olunmur. Burada bu və ya digər leksik ünsür tədqiq edilərkən tarixi faktlara da müraciət olunur. Müasir Azərbaycan ədəbi dili təsviri leksikologiyasının əsas vəzifəsi dilimizin hazırkı inkişaf səviyyəsini geniş və dəqiq təsvir etməkdən ibarətdir.
|