Gənə ensefaliti mərkəzi sinir sistemini zədələyən xəstəlikdir. Bu xəstəliyin törədicisi virus olub daşıyıcısı iksod gənəsidir. Gənələr əsasən Rusiyanın Avropa və Asiya hissəsində tayqa meşələrində yayılmışdır. Gənələr «sahiblərinə» yazın başlanğıcında qar örtüyü əridikdən sonra hücum etməyə başlayır. Gənə ensefaliti xəstəliyinə fəaliyyəti meşə ilə bağlı olan insanlar, meşə təsərrüfatı işçiləri, meşədə müxtəlif sahədə tədqiqat işləri aparanlar, ovçular, yol çəkənlər yoluxurlar. Bəzi təbii-mənbə xəstəliklərinin yoluxdurulması sahib-heyvan hücumu və dişləməsi (quduzluq), su (sarılıqsız leptospizoz), qida (diyersenioz), hava-damcı (taun, ornitoz) vasitəsilə ötürülür.
Quduzluq kəskin yoluxucu xəstəlik olub dünyanın hər yerində müşahidə olunur. Xəstəliyin inkubasiya dövrü 30 gündən 90 günə kimidir. Qeyri-yoluxucu endemik xəstəliklər də mövcuddur. Belə xəstəliklər həmin ərazidəki torpağın, suyun və havanın xüsusi tərkibi ilə əlaqədardır. Biokimyəvi vəziyyət ilə əlaqədar ən geniş yayılan xəstəliklərdən yod çatışmazlığı ilə bağlı olan endemik zobu, flüorun izafiliyindən yaranan flüorozu, əksinə flüorun çatışmazlığından yaranan dişlərin kariyesini, dəmir çatışmazlığından baş verən anemiyanı göstərmək olar. Yod insan orqanizmi üçün vacib olan mikroelement sayılır. Su və qida vasitəsilə daxil olan yodun insan orqanizmi üçün sutkalıq norması 0,05 mq-dir. Təbii sularda yodun miqdarı kifayət qədər deyilsə, bu ərazidə yetişdirilən kənd təsərrüfatı məhsullarında da onun miqdarı az olar. Bunun nəticəsində insanda maddələr mübadiləsi pozulur, inkişaf ləngiyir, psixika da pozulur. Lakin böyük şəhərlərdə içməli suyun tərkibində yodun miqdarı kifayət qədər olmadıqda belə, adamlarda endemik zob xəstəliyi demək olar ki, müşahidə edilmir, belə ki, əhali müxtəlif rayonlardan gətirilən məhsullarla qidalanır. Kiçik yaşayış məntəqələrində içməli suda yod azlıq edərsə, profilaktika məqsədilə yodlaşdırılmış xörək duzundan istifadə etmək məsləhətdir. Təbii-mənbə xəstəliklərinin profilaktikasının əsas məqsədi yoluxmanın dövran etdiyi zəncirdə hər hansı bir halqanın qırılmasıdır. Bunun üçün landşaftın sağlamlaşdırılması, torpağın düzgün becərilməsi, məhsulun vaxtında yığılması, gəmiricilərin və başqa virus daşıyıcıların vaxtında məhv edilməsi tələb olunur. İnsan, onu xəstəliklərdən qoruyan bütün profilaktik tədbirləri həyata keçirməlidir.
. İnsanın tələbatları İnsanın öz tələbatını ödəmək cəhdi onun ətraf mühitlə əlaqəsini təyin edir. Orqanizmin normal həyat fəaliyyəti daxili mühitin tərkibini nisbətən sabit saxlamaqla mümkündür. Tələbat-insanın yaşama şəraitindən asılılığını təzahür etdirən aktivlik mənbəyi, vəziyyətidir. Tələbatın iki səviyyəsi ayrılır. Birinci səviyyəyə vital, sosial və ideal tələbat aiddir. Vital tələbatlar insanın bir bioloji varlıq kimi həyat təminatı ilə bağlıdır (oksigen, su, qida, istilik, yuxu, təhlükəsizlik, doğumun davamı və s.). Sosial tələbat – insanın cəmiyyətdə həyatı ilə bağlıdır (diqqətlilik, sevgi, qayğı, qrup və ya cəmiyyətdə norma və ideologiyaya əməl etmək, müəyyən yer tutmaq və s.). İdeal tələbat – insanda şüur, düşüncə, idrakın olması ilə əlaqədardır (həqiqətə və inama tələbat; özünü, ətraf aləmi və aləmdə öz yerini, həyatın mənasını, gözəllik tələbatını, haqq-ədaləti və s. dərk etmək).
İkinci tələbat – öz müstəqilliyinə tələbat - ikinci dərəcəli əlavə tələbat olub, onsuz birinci tələbatları təmin etmək çətindir və ya mümkünsüzdür (silahlanmaya – güc və vəsaitə olan tələbat). Bu və ya digər tələbatı təmin etmək zəruriliyi insanın davranışını – əxlaqını təyin edir. İnsanın davranışı (əxlaqı) – hərəkət hadisəsinin mürəkkəb kompleksi olub orqanizmin tələbatını ödəməyə istiqamətlənib. İnsanın fərdi davranışı – əxlaqı, onun xarakteri ən çox onun sosial təcrübəsindən (adamlarla ünsiyyət təcrübəsi və ətraf aləmlə), az dərəcədə isə ünsiyyətdən (qüsursuz doğulan adamlar üçün) asılıdır. Yuxarıda qeyd edildiyi kimi, insan biosferin bir hissəsi, onun təkamülünün məhsulu hesab olunur, odur ki, onun sağlamlığı və iş qabiliyyəti ətraf mühitlə qarşılıqlı əlaqəsindən daha çox asılıdır. İnsan da digər canlı orqanizmlər kimi ətraf mühitlə maddələr mübadiləsi və enerji axını ilə əlaqədardır. Ona həm də, mühitin ekoloji fəaktorları təsir göstərir. Lakin insan müəyyən dərəcədə mühitin əlverişsiz faktorlarının təsirindən qorunmağı öyrənmişdir. Bununla yanaşı, insan onu əhatə edən mühitə böyük təsir göstərir.