Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,33 Mb.
səhifə6/18
tarix25.05.2018
ölçüsü1,33 Mb.
#51486
1   2   3   4   5   6   7   8   9   ...   18

Keyqubad:

Ov ovlayırdım ovladığıma sar gəldi

Alan yoxdu səni satam burada

Baş endirmək sənə namus ar gəldi

Qolumu qoluna çatam burada.

Şahzada Qasım Keyqubadın sesinə ayılıb onun cavabında al­dı görək nə dedi:



Şahzada Qasım:

Bilmək olmaz gəfləliyin halını

Hind elinə getməliyəm södəgar

Nabələdəm nişan verin yolumu

Hind elinə getməliyəm södəgar.
Keyqubad:

Gərək səni vətənimə göndərim nişana

Sözlərin ox kibi kar elər mənə

Gəl sənə olgilan pişi-xidmət mənə

Al geydirim dolangılan arada.
Şahzada Qasım:

Pəhlivanlar səf çəkibən dursunlar

Vəzirlərin boyunların vursunlar

İndi mən pişi xidmətin hünərini görsünlər

Səni qaynağımda didim Keyqubad.
Keyqubad:

Mən səfərə çıxanı düz on bir ildi

Sizin alimlərin işləri aldı.

O yetmiş iki bütdən xəbərim vardı

Gəl ol büdpərəst verim dünyalıq sənə

Al geydirim sən də dolan arada.


Şahzada Qasım:

Asan işlərini sən saldın çətinə

Yandı qara bağrım döndü tütünə

Yetmiş iki bütün itin ......

Allah birdi iki olmaz Keyqubad.
Keyqubad:

Xəbər alın xuda pərəstin zatıını

Çatın kəlləsin alın atını

Çünkü söyüb büdpərəstin bütünü

Başı gedə gərək leşin qala arada.
Şahzada Qasım:

Hayqırram Qəmərdayı girər meydana

Çəkərəm qılıncı boyaram qana

Qorxunun faydası heç olmaz sana

Gəl sən ilə pəncə çəkək Keyqubad.

Söz tamama yetişdi. Hər iki dilavər dəvaya başladı. Bir neçə həmlədən sonra şahzada Qasım fürsət tapıb Keyqubada bir elə qılınc vurdu ki, başı əlli qədəm kənara düşdü. Keyqubadı ölmüş gö­rəndə 777 dəli şahzada Qasımı aralığa aldı. Hər tərəfdən həm­lə edib az vaxtda dutdular, qollarını bağladılar və Fəğfur Pə­rinin ata­sı vəzirin hüzurunə gətirdilər. Vəzir cəlladlara şahza­danın boy­nunu vurmaq əmrini verdi. Bu vədə Fəğfur Pəri irəli yeriyib ağlaya-ağlaya bu dillər ilə atasına şahzada Qasımın öl­dü­rül­mə­mə­sini iltimas edir:



Fəğfur Pəri:

Ağa vəzir o bütləri səvərsən

Gəl öldürmə bu cavanı heyifdi

Nabələdə yol göstərməg ar olmaz

Yol azıban bu məkanə gəlibdi.
Şahzada Qasım:

Lalədən, qonçadan artıq rəngim var

Şah olgilan Fəğrur Pərim ağlama

Iki nərim maya üstə cəngi var

Gəlmə gətir din imanım ağlama.
Fəğfur Pəri:

Canım qurban o cavanın canına

Enim kəcavədən gedim yanına

Qılınc çəkim büdpərəstin qanına

Ay şevqin eylər gön ilğayibdi.
Şahzada Qasım:

İlahının yazısını görən var

Siyah zülfün dal gərdənə örən var

Olar çoxsa bizə kömək verən var

Gəlmə gətir din imanım ağlama.
Fəğfur Pəri:

Onların pirləri var zahir batil donunda

Qüdrət xonu qarışıqdı xonunda

Onlar bilməz beş min beş yüz onunda

Məşər həqdi bizim üçün eyibdi.
Şahzada Qasım:

Qasım qurd donunda girər meydana

Çəkər Mısır qılıncını boyayar qana

Yüz min tülkü neylər bir ac aslana

Gəlmə gətir din imanım ağlama.

Söz tamama yetişdi. Vəzir qızının iltimasına görə şahzadanı öl­dür­mədi. Şahzadanın dəlaləti ilə o büdpərəstlərin hamısını mü­səl­man etdi.

Bu zaman qızın kəbinini şahzada özünə kəsdirib qırx gün qırx gejə o sarayda qaldı. Bir gün Fəğfur Pəriyə dedi: Gözəl! Mənim in­tizarım var, Gərək Hind elinə gedim. Qız nə əlac razı oldu. Şah­za­da Qasım onunla halallaşıb Hind elinə rəvan oldu. Otuz altı gün at sürüb, otuz yeddinci gündə Əhməd Cəlalı deyilən bir həraminin vilayətinə varid oldu. Bu Əhməd Cəlalı özü qız idi.

Başında qırx həramisi var idi. Heç kəs bilmirdi ki, o Cəlalı qız­dır. Çünkü, bunun Əhməd adlı bir qardaşı var idi. O hər gün qırx qız gətirib başında olan həramilərə saqi etdikdən və na­mu­su­na toxunduqdan sonra həlak edərdi. Bir gün öz məclisində sərxoş əyləşmişdi. Həramilərə dedi: bu saat hər nə cür olsa qırx qız gətirin ki, burada saqi olsunlar. Həramilər gedib boş qayıtdılar.

Əhməd soruşdu:

– Bəs, qızlar hanı?

– Tapmadıq.

Əhməs bir qədər fikirdən sonra dedi:

– Gedin, mənim bacımı başındakı kənizlər ilə buraya gətirin, saqi olsunlar.

– Həramilər getdilər ki, gətirsinlər. Qız dedi:

– Bir qədər səbr edin gecəyə hələ çoxdu gedərik. Cəlalı özü ilə lazımi qədər behişdarı götürüb və and yad etdi ki, gərək qar­da­şımı və həramiləri qətlə yetirəm. Onlar dünyada qız qoy­ma­dı­lar səlamət qalsın. Mən bu fikirnən qırx qız ilə onların məclisinə getdim.

Hər tərəfdə badəni paylayırdılar. Və badəni doldurub verən Cəlalı idi.

O sonuncu badələrə bütün behişdari daxil etdi. Hamısı be­hişt oldu. O saat kənizlər Cəlalının hökmünə görə hamısını qətlə yetirdilər. Bütün qızlara tapşırdı:

– Hamınız kişi paltarı geyin və heç bir yerdə bu sirri aç­ma­yın. O əhd etdi ki, hər kimin güzarı buradan düşsə gərək öldürüb le­­şin­­dən hasar, başından minara qurduram ta inki məni yıxana qə­­dər. Elə ki, məni yıxdılar onda o oğlana gedib və sirrimi ona aça­­ca­ğam.

Şahzada Qasım qəfildən Cəlalının üstə çıxdı, Hind elinə ge­dən yolu mənə nişan ver, dedi.

– Ey pəhlivan, buraya gələn adamlar baş verib gedər.

Şahzada aldı Cəlalının cavabında:

Şahzada Qasım:

Sən haranın evladısan, öyüsan

Hind elinə getməliyəm pəhləvan

Tanrım üçün gəl eyləmə döyü sən

Hind elinə getməliyəm pəhləvan.

Cəlalı:

Bülbül olan heç ayrılmaz gülündən

Cida düşər vətənindən, elindən

Bu səhrada qurtarmazsan əlimdən

Sənin tək oğlanlar baş verib gedər.
Şahzada Qasım:

Laf eləmə bir az yoldan kənar dur

Görək kim burada baş verib gedər

Bu yerdə bilinər mərd ilə namərd

Görək kim meydanda baş verib gedər
Cəlalı:

Cəlaliyəm bu ölkənin mərdiyəm

Aslanıyam, pələngiyəm, qurduyam

Sən bir tək gədəsən mən bir ağır orduyam

Çox sənin kimilər baş verib gedər.
Şahzada Qasım:

İndi Qasım beş xananı söyləsin

Hər dil ilə sənə ərzin eləsin

Yüz min qavğa bir şonqara neləsin

Görək kim meydanda baş verib gedər.

Sözləri tamama yetişər-yetişməz Cəlalı ilə şahzada güştü tutub gü­ləşməgə başladı. Güləşməkdən murad hasil olmadı. Hər ikisi şəm­şir baranə əl etdilər. Nagah Cəlalı fürsət tapıb şahza­daya bir qı­lınc vurdu, dörd barmaq fərqinə işlədi. Sonra növbət şahzadaya ye­tiş­di. Cəlalıya hərçi qılınc endirdi. Bir mətləb hasil olmadı.

Bu zaman ucadan bir nərə çəkib Cəlalını yəhərdən götürüb elə yerə vurdu ki, nəqş bağladı başını kəsmək əsnasında qız ya­xa­­sıını açıb, məmələrini şahzadaya göstərdi. Şahzada heyrətdə qalıb bu sirri qızdan soruşdu.

– Oğlan! Mən əhd eləmişəm. Hər kim məni yıxsa ona ge­dəm. İndi mən səninəm. Şahzada qəbul etdi. Hər ikisi saraya gəl­­dilər. Bütün burada olan kənizləri azad etdilər. Veznindən yün­gül qitmətdən ağır götürüb Hind elinə tərəf rəvan oldular. Qırx gün at sürdü, qırx birinci günü Hində yetişdilər. Hindin dərvazəsindən şəhərə daxil olub bağçalar arasında gəzirdilər. Cəlalı şahzadadan soruşdu: – Fikrin nədi?

– Cəlalı gör nə edərsən Əsmayıl Pərinin oğlunun yerini tapaq.

Bunlar Əsmayıl Pərini axtarmaqda olsunlar, gəl sənə Hind şa­hının qızı Əsmayıl Pəridən xəbər verim.

Əsmayıl Pəri öz əmisi oğluna nişanlı idi. Elə ki şahzada Qa­sımı Heyratda gördü, ona aşıq olub əmisi oğlundan əl götürmək istəyirdi. Ona görə əmisi oğluna dedi:

– Gərək yeddi il məni gözləyəsən.

O da razı olub. Bu yandan da Qasıma nama vermişdi ki, səni göz­ləyəcəyəm.

Əsmayıl Pərinin hər iki tərəfə verdiyi vədə tamam olmağa qırx gün qalmışdı. Gördü yeddi il tamam olur şahzadadan xəbər yox­du. Əmisi oğlu toy binası qoymaq istəyir. O yazıq ağlaya-ağ­la­ya şahzada Qasımın yolunu gözləyirdi.

Qəzadan o günü dərdini-qəmini dağıtmaq üçün əmisi qızı Zey­nəb ilə bağlara gəzməgə çıxmışdı. Şahzada Qasım və Cəlalı hə­min bağın qabağında dolanırdı. Şahzada bir uşaqdan soruşdu:

– Əsmayıl Pərini harada görmək olar? Hərgah yerini desən sə­nə ənam verərəm.

– Aşıq, həmin bu bağda görmək olar.

Şahzada Qasım uşağa ənam verib Cəlalı ilə bağa girib dola­nır­dı. Bu yandan Əsmayıl Pəri kənizlərə dedi:

– Qızlar! Amandı bir aşıq tapın gətirin, bir qədər söhbət et­sin, gönlümüzü açsın, çox dilgirəm.

Qızlar şəhərə aşıq tapmağa gedən vədə şahzadanı bağda gö­rüb dedilər:

– Aman Aşıq! Xanın qızı aşıq üçün bizi şəhərə göndərirdi. Yax­şı oldu səni tapdıq. Gəl gedək, çox ənam verər.

Şahzada Cəlalını orada qoyub tapşırdı:

– Səsim gələndə tez məclisə gələrsən, oradan Əsmayıl Pəri­nin hüzuruna rəvan oldu. Qasım məclisə yetişəndə gördü sevgi­lisi Əsmayıl Pəridir. Qaş-göz ilə özünü ona nişan verdi. Əsmayıl Pə­ri əmisi qızı yanında olduğuna görə açılışa bilmədi. Qızın üzə­­rində dedi:

– Aşıq! Bir neçə qatar türkü söylə, gönlümüz açılsın.

Şahzada Qasım sevgilisinin cavabında sazı sinəsinə basıb gö­­rək nə dedi:

Şahzada Qasım:

Bahar fəsli yaz ayları gələndə

Yaylaqlardan qar almağa gəlmişəm

Gönül oylar gözəllərin bağında

Müştəriyəm nar almağa gəlmişəm.
Əsmayıl Pəri:

Baş açmadım fitnəsindən, felindən

İyləmədim qonçasından, gülündən

Qasım ölkəsindən, Qasım elindən

Mənə bir xəbər ver bağrım dəlildi.
Şahzada Qasım:

Ay qız sənin qaşın kəbə küncüdü

Ala gözlərinə kim yoyuncudu

Ləbin qonça, dur dəhanın incidi

Mən zərafamdur almağa gəlmişəm.
Əsmayıl Pəri:

Payız olar bağlar tökər xəzəli

Boynun sınsın, səvməyəydin əzəli

Qırx kəniz var tamam Hindli gözəli

Mənə bir xəbər ver, bağrım dəlildi.

Əsmayıl Pərinin əmisi qızı Gözəl xanım dedi: Əmi qızı, biz bu­rada öküz omasıyıqmı? Sən dəyirsən, o cavab verir, o deyir sən cəvab vərirsən. Yəqin ki sizin əvvəldən tanışlığınız var.

– Aşıq! İndi də Gözəl xanıma tərəf söylə.

Şahzada Qasım:

Hər kim səvər o Gözəl şahı

Əzənlər sərvəni o qibləgahı

Qasım deyər odur sözün kotahı

Müxtəsəri yar almağa gəlmişəm.

Söz tamama yetişdi. Gözəl xanım dedi: – Aşıq! Burada yar fi­lan sözü danışma, bu saat dara çəkdirərəm. Al sözüyün cavabın.



Gözəl xanım:

Aşıq sən yalançısan

Xırmanlara talançısan

Qapı-qapı dilənçisən

Mən mi gözəl, o mi gözəl?
Şahzada Qasım:

Qoynundakı nə boxçadır

Üzün ağardan ağçadı

Əsmayıl səndən yaxçadı

Sən də gözəl, o çox gözəl.
Gözəl xanım:

Aşıq sən məni yandırdın

Axar sular bulandırdın

Rüşvət aldın qandırdın

Mən mi gözəl, o mi gözəl?
Şahzada Qasım:

Divəkdə dökərlər duzu

Gökdə sanarlar yıldızı

Hər ikiniz əmi qızı

Sən də gözəl, o çox gözəl.
Gözəl xanım:

Aşıq Allahı səvərsən

O möhür mahı səvərsən

O gözəl şahı səvərsən

Mən mi gözəl, o mi gözəl?
Şahzada Qasım:

Qasımam Allahı səvərəm

O möhrü mahı səvərəm

O gözəl şahı səvərəm

Sən də gözəl, o çox gözəl.

Sözlər tamama yetişdi. Gözəl xanım qəzəblənib kənizlərə də­di: Bu haramzadəni o qadar vurun ki, həlak olsun. Qızlar əllə­rində ağac şahzadaya hücum edəndə Qasım nərə çəkib Cəla­lını haraya ça­ğırdı. Cəlalı ac qurd kibi yetişib qızları dağıtdı. – Zalım oğlu! Ha­mısını burax, bircə Əsmayıl Pərini tut, dedi. Əs­ma­yıl Pərini də gö­tü­rüb atları minib Hind şəhərindən kənara çıxdılar.

Kənarda şahzada çadır qurdu, dedi: – Cəlalı, çox yorul­mu­şam, bu çadırda bir qadar yatacağam, bizə qaravul çək. Cəlalı gö­zü üstə – dedi. Şahzadə Qasım başını Əsmayıl Pərinin dizi üs­tə qoyub yuxuya getdi. Bu yandan Əhməd şaha xəbər verdilər ki, Əsmayılı apardılar, nə durmusan; şah höküm edir qoşun Hindin dərva­zəsindən kənara çıxdı. Gəlib Cəlalıya yaxınlaşdı. Cəlalı qı­lın­cın çəkib qoşuna həmlə elədi. Qıra-qıra Hindin dər­va­zəsinnən ge­ri qaytardı. Özü də qayıdıb bu dillər ilə şahzadanı oyatmağa başladı:

Cəlalı:

Sıf-sıf olub Hind elindən yəridi

Oyan bir şahzada gör nələr oldu?

Meviç verbən dünyaları bürüdü

Oyan bir şahzada gör nələr oldu!
Gördü oyanmır, aldı dübarə:

Çətindi bu işlər, gec gələr başə

Düşmanın bağrını döndərdim daşa

Dərəni, təpəni boyadım leşə

Oyan bir şahzada gör nələr oldu?
Dərd-qəm əlindən gəlmişəm cana

Çəkərəm qılıncı, boyaram qana

Cəlalı dönübdü bir ac aslana

Oyan bir şahzada gör nələr oldu!

Şahzada yuxudan bidar olub dedi: – Beş-altı danaçı öldü­rüb­sən, nə haray təpirsən, qoy yataq.

– Çox yaxşı, monnan belə danaçını sən öldür.

Cəlalı bu sözü deyib şahzadadan küsüb bir yanda əgləşdi. Şah­zada Qasım yenə yatmağa başladı. Bu yandan Əhməd şah hö­küm edib yenə iki yüz min səvarə və piyada qoşun dərva­zə­dən şahzada Qasıma tərəf yüz qoydu. Biçarə Əsmayıl Pəri qoşu­nu görəndə ağlaya-ağlaya şahzadanı oyatmaq istədi, amma qıy­ma­dı. Nagah gözündən bir damcı yaş şahzadanın üzünə düşdü. Şah­zada yuxudan bidar oldu. Qoşunu görərkən Cəlalının yanına gedib belə dedi:

Şahzada Qasım:

Qoşun gəlib üstümüzdən gedərlər

Qara bağrım, qaynağında didərlər

Məni öldürüb Əsmayılı əsir edərlər

At belinə dolsun yoldaş Cəlalı
Qoşun top-top olub çıxarlar düzə

Mərd iyit nə baxar əlliyə, yüzə

İnsaf qaldı qoç Cəlalı bir sizə

At belinə dolsun yoldaş Cəlalı.

Şahzada Qasım gördü Cəlalı durmur, dedi:

– Gəl özünü buna qul hesab et, bəlkə dura.

Mən görmüşəm Cəlalının cəngini

Pozğun gördüm Əsmayılın rəngini

Qasım bərkit, bədoylərin təngini

At belinə dolsun ağam Cəlalı.

Cəlalı hannan hana gönülə gəldi. Hər iki dilavər qılınclarını çəkib birisi sağdan, birisi soldan quşunu murmələx kibi dağıdıb Hindin dərvazəsindən dala qaytardılar. Buradan yola rəvan olub ta inki Fəğfur Pərinin sarayına yetişdilər. Altı qardaş bunlara piş­vaz yetişdilər. Bir neçə gün mehman olduqdan sonra Fəğfur Pə­rini göturub Hərata tərəf getməgə başladılar. Bir müddət get­dikdən sonra Gözəl xanıma yetişdilər. Qırx gün burada qal­dıq­dan sonra Gözəl xanımı da özləri ilə bərabər götürüb Hərata tə­rəf getməgə başladılar. Bir müddətdən sonra Hərata yetişdilər. Fə­təli şaha xəbər verdilər. Oğlan dörd gözəl ilə gəldi.

Şahzada Qasım atası bunun üçün tikdirdiyi otağa düşdü. Şah və­­zir vəkili ilə oğlunu görməgə gəldi. Bunlar yaxınlaşanda Qa­sım otaqda qızlara dedi: Atam gəlir, pişvaza çıxın. Bunu deyib ata-anasıını və vəzir vəkil qızlar ilə pişvaz etdilər. Vəzir naxələf Əsmayıl Pərini görər-görməz behuş oldu. Şah bunu huşa gətirib so­ruşdu: Sənə nə olub?

– Şahım! Dutmam vardır. Bu məndən əl çəkəməz. Daha mən gedə bilmərəm. Gərək dala qayıdım.

– Yaxşı, mən burada iyirmi gün qalacağam. Təxt səltənətə sahib olub ədalət ilə şahlıq ilə.

– Onda ixtiyar üzügünü mənə ver.

– Şah üzügü verib bunu vilayətə qaytardı. Özü oğlunun gö­rü­şündə iyirmi gün eş-işrətə məşğul oldu. Gəl sənə vəzirdən xə­bər verim. Məmləkətə yetişən kimi təxtə əgləşib and yad etdi ki: Ya gərək öləm və ya Əsmayıl Pərini Qasımın əlindən alam. Bu fikir ilə xəzinadara höküm etdi – xəzinənin ağzını açmağa başla bu ləl cəvahiratdan ver bütün şahı istəyəni həlak etdir. Milləti pul zoruna mənim tərəfə çevir.

Xəzinədar az vəxtdə vəzirin hökmünü yerinə yetirdi.

Şahın xəbərdən xəbəri yox, vilayətə gələrkən vəzir cəlladə höküm edib o saat şahı və örətini dutdurub kəc ambarına saldırdı. Və bir nama şahzada Qasıma şahın dili ilə bir belə nama yazdı: –Oğul, hər nə cür olsa, sabah mənə qonaq gələsən. – Şahzada Qa­sım namanı alan kibi getmək tədarikini gördü. Bu vədə altı qar­daş bacısı Gözəl xanım rəml atıb dedi: Qasım amandı, bu səfərə get­mə; çun rəmldə çox bəd işlər görünür. Şahzada acıqlanıb de­di: atam məni mehmannəvazlığa çağırır, olmaz gərək gedəm.

– İndi ki, gedirsən, iki dana şey apar. Birisi mənim tulamı, ikin­cisi mənim üzügümü. Hankı yana gedəndə tula haradan getsə, sən də onun dalınca get və hansı xörəyi yesən əvvəl üzügü ona sal, nə vaxt gök olsa onda yemə.

Qasım qəbul edib yola rəvan oldu. Bu yandan vəzir Qasımın yo­lunun kənarında dərin quyu qazdırıb içini qılınclar ilə dol­durt­durub üzünə kəbe saldırıb Qasım gələndə düşsün. Qasım buraya yetərkən gördü ki, tula bir kənardan getdi. Qasım da tulanın dalı ilə salamat bargaha daxil oldu.

Vəzir höküm etdi, şahzadaya zəhərlənmiş xörək gətirdilər. Şah­zada əvvəl üzügü salıb baxdı ki, xörək gök oldu. Xörəkdən bir qədər tulaya verəndə o saat tula öldü. Şahzada yemədi. Vəzir gör­dü iş açılacaq, qırx cəllada höküm etdi: vurun şahzadanın boy­­nunu. Cəlladlar tökülüb şahzada Qasımı zəncir ilə qol-qola çat­dılar. Öldürmək istədilər. Hərat əhli vəzirə minnət etdi ki, he­yif­dur. Bu cavanı öldürmə, gözlərini çıxardıb cadı bağına at, qoy də­li olsun. Vəzir höküm etdi şahzadanın gözlərin çıxardıb öz ov­cu­na qoyub cadı bağına atdılar. Şahzada cadı bağında qalsın gəl sənə vəzirdən xəbər verim:

Vəzir höküm etdi bu saat qızları gətirin. Qoşun yeridi qızları gətirsin. Bu yandan Cəlalı əhvalatdan xəbərdar olub özünü ac şir kimi ləşkərə vurub hamısını bad fənaya verdi. Bir namə vəzirə göndərdi ki, hərgah Qasım buraya gəlməsə Həratın torpağını at torbasında Hində daşıyacağam.

Vəzir qoşun düzəltməgə başladı. Cəlalı vurub on gün on gecə dava edib ta inki Hərat şəhərində olan qoşunu tamam etdi, bu­ra­dan vəzir ilə belə bir qərara gəldilər ki, hər gündə Cəlalının mey­da­nına bir nəfər adam getsin. Bu minval ilə Cəlalı hər gündə bir adam öldürür. Amma qızlar məyus bir halda dolanırdılar. Gəl sə­nə şahzada Qasımdan xəbər verim. Cadı bağında gözləri ovcunda do­lanırdı. Ustadların söyləməginə görə üç göyərçin şahzada di­bin­də olan ağacın başına düşüb bir-birinə deyirdilər: Bacı! Heyif bu cavana ki namərd vəzir gözlərini çıxarıb bu bağa atmışdır. Qa­lan gögərçinlər yenə heyifsinib dedi: Bacı! Hərgah əlajın varsa bunu sağaldaq. Gögərçin dedi: Hərgah yatıbsa oyansın, onun əlajı bu­du: mən bu iki cənnət ağacının yarpaq­larını yerə atıram, göz­lə­rin yerinə qoyub üstə çəksin və həmin saat cadı bağında olan cadı suyunun sərçeşməsinə girsin, yeddi qat dəridən su onu çıxardacaq ondan sonra anadan doğma olub iryan bir halda bir dəyirmançının evinə getdi dedi: məni özünə dəyirmançiliyə qəbul et. Dəyirmançi qə­bul edib buna paltar filan verdi. Bu burda qalsın. Gəl sənə və­zir­dən xəbər verim. Gündə nevbə ilə hər evdən bir adam Cəlalının da­vasına göndərirdi. Qəzadan nevbət haman dəyirmançiya gəldi. Dəyirmançi bikef dəyirmana gəldi, şahzada:

– Evi yıxılmış Fətəli şahın oğlu Hinddən bir neçə gözəl ilə iç­­lərində Cəlalı adlı bir hərami gətirmişdir. İndi özünü və atasını və­zir öldürüb Cəlalı Hinddə qoşun qoymayıb. Əlaj indi ona qa­lıb ki, gündə hər evdən bir adam onun davasına getsin. Bu gün nev­bət mənimdir. Gərək sabah davaya gedəm.

– Sən get, vəzirə deyilən Qasımın libasını və atın mənə ver, mə­­nim bir oğlum var deyir qızları və Cəlalını onun hüzuruna qo­­lu bağlı gətirim.

Dəyirmançı şahzadanın buyurduğunu yerinə yetirdi. Şah­za­da libası geyinib ata suvar olub vəzirin hüzuruna gəldi. Bu dillər ilə sözə başladı.



Şahzada Qasım:

Nur tökülüb bu meydana qoxunur

Mərd iyitlər bir-birinə toxunur

Ömrüyün qəbaləsi bu gün oxunur

Ağa vəzir şah babamı neylədin?

– Vallah, səni şah edəcəyəm, get Cəlalını gətir.



Şahzada Qasım:

Sığınmadı namusuna, arına

Aldandın dünyanın devlət varına

Onları salıbsan kəc ambarına

Sən oların sərdarların neylədin?
Çox da çekdim dört gözəlin cəfasin

Zalım vəzir qoymur sürüm səfasin

Gedim, görüm Cəlalının vəfasin

Pozdun onun pərgarların neylədin?


Bir gün çıxdım Cəlalının dağına

Əl uzatdım şamamanın tağına

Qasımı atdırdın cadı bağına

Sən olardın dölət varın neylədin?

Söz tamama yetişdi. Şahzada Qasım yüz çevirdi getməgə. Bir vədə yetişdi ki, Cəlalı geyimlə arasta olub mübariz yolu göz­lə­­yir. Şahzada Cəlalıya yetişcək bir-birinə tanışlıq verib sonra hər ikisi qızların yanına tərəf yola düşdülər. Cəlalı şahzadaya dedi: Sən, bir az ayağını saxla ta ki mən qızlardan sənin gəlmək müj­dəni alım. Cəlalı özünü qızlara yetirib Qasımın gəlmək müj­də­sini bu dil ilə istəyir:

Cəlalı:

Sən mənim sultanım xanım

Sənə qurban şirin canım

Sənə deyirəm Gözəl xanım

Müjdə verin Qasım gəldi.
Otağından asta yeri

Yolunda qoymuşam səri

Sənə deyirəm Fəğfur Pəri

Müjdə verin Qasım gəldi.


Sən Qasımın sirr sözüsən

İşki kəbablar duzusən

Hind padşahının qızısan

Müjdə verin Qasım gəldi.

Qızlar şad olub Cəlalıya müjdə verdilər. Amma qızlar Cəla­lının bu vaxta qədər qız olmasını bilmirdilər. Ona görə Cəlalı bu dil ilə özünün qız olmasını deyir:

Cəlalı:

Sizin tək ləbi ballıyam

Siz də bilin dərd əhliyəm

Mən bir zən əhliyəm

Müjdə verin yarım gəldi.

Qasım otağa daxil olub öz məşuqələri ilə görüşdükdən sonra dedi: – Cəlalı! İndi durmaq vaxtı deyil, vəzir bizi gözləyir, fikrin nədi?

– Şahzada! Sən məni qova-qova vəzirin yanına tərəf apar, amma vəziri öldürmək mənə həvalə olunsun. Şahzada qəbul edib hər ikisi vəzirin hüzuruna yetişdilər. Cəlalı bu fasıqa bir qılınc vu­rub başı qırx qədəm kanara düşdü. Onun hər nə köməyi vardısa ta­­mamən həlak edildilər. Haman şahzada Qasım cadı bağına dü­şən­dən ata-anası kəc ambarında idi, onları da çıxardılar. Hö­küm elə­dilər şəhər bütün çirəğban bəzəndi. Şahzada Qasımı təxtə çı­xart­­­dılar, qırx gün qırx gecə toy edib qızların əllərini şahzada Qa­sı­mın əllərinə verdilər. Şahzada Qasım ədalətlə şahlıq eləmək­lə ba­rabar çox cəfalar, çox bəlalar çəkdiyi nazəninlər ilə eş-işrətə məş­ğul oldu. Deyirlər ki, nazəninlərin əlləri şahzada Qasımın əli­nə veriləndə bir aşıq gelib toyunu belə nəzmə çəkmişdir:
Doax qapba
Dəli Alı bir səd açıb

Şah Abbas devranı kibi

Yanında yoldaşları var

Azərbaycan xanı kibi.


Zeynalabdin bəy bəzənib

Misrin sultanı kibi

Hər yana kağız dağılıb

Süleyman fərmanı kibi.


Neçə çinovniklər gəlib

Çox ağır keçdi yığınağı

Bir yanı qavrı qanıq

Bir yanı Qoşqarın dağı.

Aləmi çırağban gördüm

Xudadandı çır-çırağı

Şəmkirdən düyü gəlir

Sarı yaldan gəlir yağı

Hər yana qafilə işləyir

Xudkar bəzirganı kibi.


İyitliyinin səbəbi nə

Ona deyirlər dəli Alı

Şücaatda qəhrəmandı

Lökmana bənzər kəmalı.

Barilahim özün saxla

Pozulmasın bu Cəlalı

On bir sərkər qoyunun gördüm

Yeddi sərkər qaramalın.

Məhtərdə qırx atın gördüm

Cəlalın türkmanı kibi.


Günun günorta vaxtında

Gəldi Alının dəstəsi

Hər biri bir iyitdi

Bir qoşunun sərkərdəsi

Gördüm asmana dayandı

Öldürrəm-öldürrəm səsi

Yaponyadan tüfəng gəlib

Yeddi verst vurur gülləsi

Zərbəsindən dağlar titrər

Bərk dərəfşanı kibi.


Altı məclisə gələndə

Təəccüb qaldı işlərinə

Anası onu tək doğub

Qurbandı sirrim-sirrinə

Savaşa beşlik qızıl

İşləyirdi qəpik yerinə

Nəsə sandıqlar açılıb

Zərafin dükanı kibi.


Hadi bəy məclisə gələndə

Nəf ziyanın görmədim

Beş yüz ərkək qırıldı

Toğlunun sayın görmədim

Nisyə qalan xəletlərin

Doğru yalanın görmədim

Nağdirdan mətləb verir

O kişi kəremkarı kibi.


O ki kərbəlayı Məhəmməddi

Bir nər oğlu nər kibidi

Qızıl hacılı Allahverdi

Malik Əjdər kibidi.

Sağ olsun Əsmayıl qardaşı

Nərə Heydər kimidi

Xaç bulaşda meydan açıb

Kör oğlu meybani kimi.


Orucu çox bəgənmişəm

Möhübbətim var Qəfere

O səltənət o kişiyə

Həlal olsun İsgəndərə

Buraxıb dünya malını

Tabe olub peyğəmbərə

Avaznan namaz qılıb

Qareyi-Quran kibi


Aslanda şumşəd kibi

Girəndə meydan içinə

Səyrişir badronları

Batır al qan içinə

Zərrəcə qorxusu olmaz

Düşsə yüz düşmən içinə

İsgəndər tək səs salıbdı

Yeddi Dağıstan içinə

Tip dağıdıb, ordu pozur

Qüdrətin aslan kibi.


Biçarə fağır Əli Əsgər

Gəldin yetdin hər nə isə

Haq səni zəraf yaradıb

Qiymət qoy yaxşınan pisə

Tat oğlu iki qardaşa

Olar girəndə məclisə

Hamıdan çox pul verib

Qızılnan doldu kisə

Aşıqlar güzəran tapıb

Bəklər güzəranı kibi.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin