Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə174/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   170   171   172   173   174   175   176   177   ...   266
48. KEÇALNAN KOSA
Bir gün Keçalnan Kosa səfərə çıxası olullar. Səfərə çıxanda yol azuqəsi götürüllərmiş. Yol nə qədər uzax olursa, buların azu­qəsi qutarır. Yeməh qutarır, yaxınnaşıllar kəntdə bir öyə. Görül­lər ki, dokqazda uşaxlar oynuyur. Kosa deyir ki, ay uşaxlar, bu öyün uşaxlarınnan var sizin aranızda? Tanımır axı. Bir uşax yüürə-yüürə gəlir. Deyir ki, əmi, mən bu öyün uşağıyam, nədi?

Deyir:


– Ataa adı nədi?

Deyir:


– Həsənqulu.

– Anaa adı nədi?

– Xanımca.

– Bajıı adı nədi?

– Sevil.

– Qardaşıı adı nədi?

– Həsən.

Bütün aylənin adını örgənir, uşağa deyir:

– Dur get, daa lazım döyülsən.

Qapını belə açır, açanda görür arvad təndirdə çörəh bişirir. Deyir:

– A Xanımca bajı, Həsənqulu dayı öydədi? – deyəndə arvad təəccüblənir. Bulara gəlif-gedən qonaxları tanıyırdı, bu təsadüfən gələn qonaxları tanımır. Həm də belə dəqiq danışdığı üçün deyir: “Yəqin, kişinin dosdarınnandı”. Deyir:

– Gələr indi. Qapıda niyə durursuz, gəlin içəri, Həsənqulu dayı gələr indi.

Deyir:

– Xanımca bajı, bizə Həsənqulu dayı lazımdı.

Deyir:

– Gəlin da, gələjəh. Gəlin, gəlin.

Arvad çörəyin ikisini bişirif qoymuşdu, təndir çörəhnən dolu idi. Qonax gəldi, əl-ayağa düşür ki, tez bişsin. Qonaxlar keçir içəri, bu qonaxların altına döşəh qoymaxdan ötrü gəlir öyə, iki dənə də çörəyi götürüf gəlir. Çörəhləri sərir, buların altına mitəkgə qoyur, yasdıx qoyur. Keşmiş vaxdı yerdən oturallarmış, dirsəhlənif söykə­nəl­lərmiş, söhbət eliyəllərmiş. İndi bular arvad bişirif gəlincə hərəsi çörəyin birisini yeyir, ajmışdılar. Keşmiş vaxdı, rəvayətə görə, qonax gələndə fətir bişirəllərmiş, bir də çolpa kəsəllərmiş. Arvad tez-tələsih bir çolpa tutur, qonşuya kəsdirir, bunu burda hazırrıyır, soyutma eliyir. Dədə-baba fətiri... Təndirin közünü qırağa kürüyüf sora fətiri yaxıf alta, sora közü yaxallarmış, fətir öz xoduna bişərmiş. Fətiri teyxa sütdən, şəkərdən yoğurallarmış. Fətiri həmişə bişirməzlərmiş ey. Fətiri ən əziz qonax gələndə bişirəllərmiş. Bu fətirin hamısını hazır eliyir, aparıf təndirə yaxır, gəlif çolpanı qoyuf pörtdədir. İndi bular fikirrəşillər ki, kişi gələjəh, buları tanımıyajax axı. Arvad da tez-tez baxır:

– A bala, mən sizi tanımıram. Evlatdarım, siz kimsiniz?

Deyir:

– Həsənqulu dayının dosdunun uşaxlarıyıx.

Həsənqulunu heç bular görsələr, tanımazdar, Həsənqulu da buları tanımır. İndi fikirrəşillər ki, kişi gələndə biz özümüzü nətər tanışlıx verəh. İndi Keçal Kosaya deyir ki, bilirsən nə var?

Deyir:


– Nədi?

Deyir:


– Həsənqulu dayı gələndə dalaşax, heş yadına düşməsin bizdən kim olduğumuzu soruşmax. Dalaşax, elə bizi aralaşdırmağın hayına qalsın. Bizi çölə çıxarmax isdiyəjəhlər ki, dalaşmıyax bir-birimizlə. Hansımız çölə çıxsax, içəridə qalan o çolpanı da, fətiri də götürüf çıxsın, qaçax gedəh.

Baxırdılar, gördülər arvad fətiri bişirif gətirif mitilin arasına qoydu. Qayda idi, mitilin arasına qoyurdular ki, isdi qalsın, o isdi hava fətirin içində çiylih qoymasın. Çolpanı da bişirif gətirdi qoydu yükaltının altına. Mıxça çalırdılar, ağac qoyurdular üsdünə, qarşısına pərdə çəkirdilər, yük yığırdılar. Mitili, fərməci, sandığı, kimin nəyi vardısa yığırdılar üsdünə, altı qalırdı boş. Şor-pendiri, yavannığı onun altına yığırdılar. Axşam düşür, arvad deyir:

– Həə, Həsənqulu dayınız gəldi.

Həsənqulu artırmaya çıxanda deyir:

– Arvad, deyəsən qonağın var.

Deyir:


– Yox, mənim qonağım döylü, sənin qonağındı.

Baxır, tanımır. Deyir:

– Aaz, bular kimdi?

Deyir:


– Dosdarının uşaxlarıdı.

Kişi gəlir girir, nə qədər baxır, tanımır bunnarı. Artıx qaran­nıx düşmüşdü. Kişi əl-ayağını yuyur, gəlir oturur. Bular da çörəh­dən-zaddan yeyif, artıx yeməyə ehtiyac yoxdu. İndi bular yeməyi götürüf qaşmax isdiyillər. Kişi ayannan-bayannan söhbət eliyir, hərrənir söhbət gəlir soruşmağa ki, a bala, mən sizi tanımıram, hansı dosdarımın uşaxlarısız deyən kimi, Keçal kosanın sağ tərəfində oturmuşdu, sağ əliynən Kosanın başına bir qapaz vurur.

– Kopoğlu, mən, dədəmin dosdunun öyüdü gəlmişəm, sən niyə gəlmisən?

Kosa da deyir:

– Kopoğlu özünsən, mən də sənnən gəlmişəm.

Dartma yaxam cırıldı, tutaşıllar. Arvad da baxır, kişi də. Deyir:

– Ay arvad, bular kimdilər, bular hardan gəldi çıxdılar bu öyə? Qonum-qonşunun yanında bizi biyabır elijəhlər ki, sizin öyü­nüzə qonax gəlir, qonax öyünüzdə dalaşır. Belə biyabırçılıx olar?

İndi birini arvad tutur, birini də kişi. O ordan hücum eliyir – cavan adamlardı, bular yaşdı, acizdirlər buların əlində. Kosa yavaş-yavaş dala durur ki, qapıdan bunu itəliyif çölə çıxarsınnar. Çölə çıxan kimi Keçal qapının cəftəsinnən dartır ki, açsın, arvad qoymur. Kişi də çöldə tutuf Kosanı. Qəfildən arvad qapını açıf çıxır çölə. Qapını bərk tutur, buraxmır. Qalıf indi Keçal içəridə. Kosa çöldən deyir:

– Tez ol, kopoğlu, tez ol, çıx!

Yəni yığışdır çıx ey, çolpanı, fətiri göt, çıx. İndi Keçal yekə fətirdi, fətiri harasına qoyur, sığmır. İçəridən deyir ki, yekəbaş, başı heç hara sığmıyan kopoğlu. Yəni, fətir yekədi. Parolu deyir ki, hara qoyuram görükür da. İndi yadına düşmür qırıxlamax. Kosa çöldən deyir ki, para-pırtıx, qarnı yırtıx kopoğlu, tez ol, çıx. Yəni qırıxla qoynaa-qoltuğaa doldur ey, deyir. Yadına düşür ki, ə, bunu qırıxla­max. Kəsir bunu qırıx-qırıx eliyir, doldurur cibinə, qoynuna, qoltu­ğuna. Çolpanı götürür. Qapını necə çəkirsə arvad gəlir durur öyün ortasında. Çöldən tutmuşdu arvad, dəstəhdən. Çıxan kimi bu da kişinin sinəsinə bir yumrux, kişi bunu buraxır. Kosa qaçır, Keçal də onu qovalıyır. Kişi dallarıncan bir az gedir:

– A bala, a bala.

Görür getdilər, qayıdır gəlir, deyir:

– Ay arvad, bu nə bəla idi gəldi bizi tapdı?

Deyir:


– A kişi, nə bilim, çörəh bişirdiyim yerdə hər ikisi də gəldi, sənin adını çəhdilər, mənim adımı çəhdilər, uşaxların adını çəhdi­lər, dedim yəqin tanıyırsan.

Deyir:


– Aaz, hardan tanıyıram, yaxşı oldu getdilər. Qoy bizdən aralı getsinnər, qırsınnar orda bir-birini. Aaz, bəri gətir görüm.

– A kişi, nəyi gətirim, ey? Allah onnarın axırına çıxsın, yaxşı fə­tir bişirmişdim, çolpa soyutması eləmişəm, çıxıf getdilər, yemədilər.

– Aaz, cəhənnəmə yeməsinnər, gətir yeyəh.

Arvad əlini atır, fətir yoxdu, əlini atır qazana, çolpa yoxdu.

– A kişi, vallah, möcüzədi! Vermədim yeyələr, amma yoxdu, tapmıram.

Deyir:

– Aaz, səs eləmə, qoy bəla uzaxlaşsın, elə bu dava fətirnən çolpanın davası imiş.

Keçalnan Kosa fətirnən çolpanı götürüf bir qədər yol gedillər. Başqa bir şinniyə çatanda buların gənə, deyir, çörəyi qutarmışdı.

Görüllər ölkənin padşahı yazıf yapışdırıf ki, mənə iki nökər lazımdı. Deyillər ki, gedəh bir-iki gün də nökərçilih eliyəh, özümü­zü düzəldəh, sora yolumuza davam eliyəh. Görüllər ölkənin padşahı yazıf-yapışdırıf ki, mənə iki nökər lazımdı. Elanı oxuyullar, görül­lər yazılıf ki, bir nəfər lazımdı bir inəyi otarajax, bir nəfər də təhcə padşaha çay verəjəh, ayda onnux qızıl alajax. Fikirrəşillər ki, bun­nan asan iş olar? Bir inəhdi da, quyruğunnan tut qabağa qat, otda­sın, axşam da gətir. Bu birisi də fikirrəşir ki, padşahdı da, apar çayını ver, otur yanında, içəndə gəl birini də apar. Bu, asan işdi.



Gəlillər, deyillər ki, biz nökər ola bilərik. Padşahın qullux­çuları var idi. Mala baxan ayrıdı, çay gətirən ayrıdı, imarətin içinə baxan ayrıdı. Şərtdəşillər, Keçal inəyə gedəsi olur, Kosa çay verəsi olur. Bijdih işdədir ki, inəh ayna-bayna gedə bilər, amma padşah nağara­jax, oturuf orda, aparıf bir isdəkan çayını verəjəh.

Səhər xəzi­nə­dar Keçalı çağırır ki, inəyin qapısını açıram, apar otar. İnəyin ordan çıxdığını Keçal görmür, o cür iti sürətlə çıxır. Bu minvalla bütün günü padşahın o teritoriyasını, sahəsini bu inəh gəzir. Padşah inəyidi, yediyi xurma, kişmiş, otu neynir. Gəzir, bu da bunun dalın­ca bütün günü yüürür. Bu burda inəyi otarmaxda olsun, görəh Kosa nağarır.

Padşah oturduğu otağa qalxmax üçün Kosa qırx pilləkən çı­xır­dı. Bir isdəkan – Səlyan isdəkanında çay götürür qırx pilləkən çıxır, aparıf padşahın qabağına qoyanda bir qonax gəlir. Padşah deyir:

– Çay gətir.

Bir isdəkan da dolduruf gətirir, bütün günü qırx pilləkəni çı­xıf-düşür, çıxıf-düşür, çörəh yeməyə də imkanı olmur. Keçal da bü­tün günü yüürür. İndi ikisinin işi bu fasondu. İndi axşam Keçal fikir­rəşir ki, ə, sənə nə var, bir isdəkan çaydı da, qoy padşahın qaba­ğına, özün də otur onun yanında. Bu da deyir ki, nə var, bir dənə inəhdi da, tut quyruğunnan, otar. Niyə getmədim mən? İndi işlərini dəyişməh isdiyillər. Kosa deyir:

– Keçal, işin nətərdi?

Deyir:

– Ə, nətər olajax, apardım inəyi sahəyə, tarlaya buraxdım, inəh axşamacan quyruğunu atıf belinə, yeyif yatıf, mən də uzanmışam. Pis elədim?

Dedi:


– Niyə?

Dedi:


– Ə, gərəh bir taburetka da götürərdim, kitab da götürərdim, oxuyardım, bekar orda qəribsəmişəm. Sənin işin nətərdi?

Deyir:


– Elə mənim işim də rahatdı. Bu gün axşamatan elə başımı qoyuf yatmışam. Nə var, padşahdı, qabağına çay qoyuf yıxılıf yatmışam da – deyəndə Keçal deyir:

– Kosa, gəlsənə işimizi dəyişəh.

Deyir:

– Dəyişəh deyirsən, dəyişəh da.

Dəyişillər. Keçalın indi bijdiyinə bax ey, Kosaya bir tabu­ret­ka, bir kitab şəlliyif. Kosa getdi inəyə. Keçal da durub gəlir. Axşa­matan qırx pilləkən aşağı-yuxarı çay daşıyır. İkisi bir gəlmir ey adamın. Birinin qabağına çay qoyur, elə başını qaldıranda biri gəlir. İndi axşam düşüf, hər ikisi işdən halıdır. Görüllər ki, çətin işdi, işdəməh mümkün döylü. Asand iş olsaydı bu qullux yiyəsiz qalarmı? İndi deyir ki, gəl qaçax – Kosa Keçala deyir. Deyir:

– Bunun bircə yolu var, şərt kəsmişik axı, bizi öldürəllər, qaçax.

İndi qaçmağa başdıyanda deyir ki, ə, bilirsən nə var? Deyir:

– Yox!


Deyir:

– Səni, o inəh maa dağ çəkif, – Kosa deyir.

Kosa fikirrəşir ki, Keçalı inəyin yanında qoysun getsin, səhər bunu öldürsün padşah. Deyir:

– Nədi?


Deyir ki, inəyi kəsəh, ətinnən götürəh yolda yeməyə. Nə yeyəjəyih yolda? Pəyənin üsdündə baja var idi. Kosa Keçala deyir ki, sən gir. Uzun bir kəndir götürüflər. Kosa deyir, sən gir, Keçal deyir, sən gir. O, buna deyir, bu, ona deyir. Keçalı endirəsi olur. Keçal deyir ki, nəysə əməl var burda, bunu qoyuf gedəjəh. Kəndiri bağlıyır ortasına, bunu sallıyır aşağı. Keçal orda inəyi yıxır, qanrıf kəsir, dərisini soyur tələsik. Buddarını, bardon* var idi, bardona yığır. Deyir ki, kəsdin?

Deyir:


– Hə.

Deyir:


– Ətinnən qoy çuala, çəkim çölə, qıçalıyım, sora səni çəkim, gedəh.

İsdiyir əti götürüf gedə, bu orda qala. İndi bu nağarır? Budun birini də kəsir, ətini yığır çualın içinə, budu çöörür üsdünə, deyir:

– Hə, di çəh.

– Oldu.


Hıqhahıq Kosa bunu çəkir, içində də Keçal, üsdündə də ət, çıxardır. Çıxardan kimi kəndiri açıf tulluyur əynə, çualın ağzını belə eşif burmacdıyır ki, əlinə yaxşı yatsın. Atır dalına, deyir:

– Keçal, di qal orda.

İsdiyir ki, hava işıxlanınca bu ölkədən keşsin o biri ölkəyə ki, bunu tutmasınnar. O qədər gedir ki, gejəynən, hava işıxlananda, gün təzə çıxmışdı yerinə, keçir o biri padşahın torpağına. Keçəndə çuvalı qoyur yerə, alnının tərini silir, deyir ki, ay yazıx Keçal, bu gün sənin toyundu. Əti Keçal üsdünnən aşırır, deyir:

– Nə toydu, ə, toy eliyillər maa.

Baxıf görür ki, Keçal da gəlif.

Keçalnan Kosa həmişə söhbətlərində bir-birinə heylə dav gəlillər. Söhbət burda qutarır. Ordan aynası hara gedir, nələr olur, məlumatım yoxdu.



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin