Ağa Məhəmməd şah Qacarın Azərbaycanın şimalına ikinci yürüşü. Rusların Azərbaycanı tərk etməsindən sonra 1797-ci ilin yazında Qacar ikinci dəfə Azərbaycana yürüş etdi. İbrahimxəlil xan Balakənə qohumu Ümmə xanın yanına qaçdı. Qacar Şuşanı ələ keçirdi, əhali üzərinə çoxlu xərac qoydu.
1797- ci il iyunun 4-də İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəyin təşəbbüsü ilə Qacarın yaxın adamları Səfərəli və Abbas bəy tərəfindən ona sui-qəsd edildi və öldürüldü. İran qoşunları Şuşanı tərk etdi. Şuşada hakimiyyət Məhəmməd bəyin əlinə keçdi. O, İrahimxəlil xanın Qacar tərəfindən həbs edilmiş vəziri Vaqifi edam etdirdi. Lakin sonra İbrahimxəlil xan geri qayıdıb hakimiyyətini bərpa etdi. Qacarın cəsədini onun qardaşı oğlu Fətəli şaha təhvil verdi. Şah İbrahimxəlillə qohum olmaq arzusunu bildirdi. Xan qızı Ağabəyimi şahın sarayına göndərdi və gərginliyi aradan qaldırdı. İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy Şəki xanı Məhəmmədhəsən xanın yanına qaçdı.O, isə Məhəmməd bəyi tutub Şamaxı xanına təhvil verdi və Şamaxı xanı Mustafa xan Məhəmməd bəyi edam etdirdi.
XVIII əsrin sonlarında Rusiyanın Şimali Azərbaycanı işğal etmək planları baş tutmadı.İran Qacarlar dövlətinin də Şimali Azərbaycanı özünə birləşdirə bilmədi. Azərbaycanın, şimal xanlıqlarının müstəqilliyi pozulmadı, lakin onlar bu əlverişli vəziyyətdən istifadə edə bilmədilər.Xanlıqlar arasında müharibələr yeniən başladı.
13.5. XVIII əsrdə Azərbaycan mədəniyyəti.
Maarif və elm. XVIII əsrdə baş verən hadisələr, daxili çəkişmələr və üsyanlar ölkənin siyasi - iqtisadi həyatı ilə yanaşı, mədəni həyatına da mənfi təsir göstərmişdi. Əvvəlcə məmurlar və yerli feodallar, sonra isə Nadir şah maarif müəssisələrinə bağışlanmış vəqf torpaqlarını ələ keçirdilər. Nəticədə, bir çox mədrəsələr fəaliyyətini dayandırdı. Çox az sayda mədrəsələr fəaliyyətini davam etdirirdi. Tədris və təlim prinsiplərində elə bir dəyişiklik baş verməmişdi. Bu dövrdə Şıxlıda Molla Vəli Vidadi məktəbi, Şuşada Molla Pənah Vaqif məktəbi, İbrahim xan məscidi yanında məktəb və s. fəaliyyət göstərirdi. Uşaqlar ibtidai məktəbi qurtardıqdan sonra mədrəsələrdə təhsillərini davam etdirirdilər. Məktəblərdə fiziki cəzalar tətbiq edilirdi.
XVIII əsrdə elm sahəsində elə bir irəliləyiş olmamışdı. Tarixçi Əbdürrəzaq Dümbülü, cağrafiyaşunas və səyyah Hacı Zeynalabdin Şirvani yaradıcılığa bu dövrdə başlamışdılar.