Xan Murad Gəray bin Mübarək Gəray Sultan (Документы Крымского Ханства.., 2017, s. 301-311).
Murad Gəray Xanın elmə məlum olan səkkizinci yarlığı Moskva çarları İohan Alekseyrviç və Pyotr Alekseyeviçə hicri 1093-cü il tarixində göndərdiyi şərtnamə yarlığıdır. Həmin sənəd Hüseyn Fеуzxanovun arxivində “№ 264” şifrəsi altında qeydə alınıb.
Moskva çarları V İohan Alekseyeviç və I Pyotor Alekseyiviç
Sözügedən yarlığın ünvanlandığı çarlardan birincisi, yəni V İohan (1666-1696), böyük qardaşı Fyodor Alekseyeviçin 1682-ci ildə ölüməsindən sonra kiçik qardaşı I Pyotor ilə birlikdə Moskva taxt-tacına sahib olmuş və ölənə qədər, yəni 1696-cı ilə qədər Moskva çarı olmuşdur. Hakimiyyətə gələndə onun 15 yaşı var idi. Lakin o da böyük qardaşı kimi uşaqlıqdan zəif və xəstə idi. Yazılanlara görə, o da sinqa xəstəliyindən əziyyət çəkirdi. Bundan başqa ağıldan kəmliyi ilə fərqlənirdi. Odur ki, taxt-taca kimin sahib olması məsələsi gündəmə gələndə əyanların bir qismi 10 yaşılı Pyotorun namizədliyi üzərində durmuşdular.
Əyanlar arasında kimin çar, daha doğrusu knyaz olacağı ilə bağlı mübarizə və mübahisələrin tam mərkəzində olmasına rəğmən, İohan bu mübarizə və mübahisələrə qətiyyən qarışmamışdır. Çünki onun dövlət işlərinə heç bir marağı yox idi. Əslində bu mübahisə və mübarizə o dövrdə cəmi 10 yaşı olan qardaşı Pyotor da iştirak etmir, ətrafda baş verənlər onu qətiyyən maraqlandırmırdı.
Tarixə adını “Böyük Pyotor” kimi salmağı bacaran I Pyotor (1672-1725) erkən yaşlarından elmlərə və xarici ölkələrin həyat tərzinə maraqlı idi. Tarixçilər arasında onun şəxsiyyəti barədə bugünə qədər yekdil fikir yoxdur. Rəsmi rus tarixşünaslığına görə, o rus tarixinin ən böyük hökmdarlarından biri və XVII əsrdə Rusiyanın gələcək inkişafının istiqamətlərini müəyyənləşdirən refaomatorudur. Lakin N. Karamzin, V. Klyuçevskiy və Pavel Milyukov kimi bir çox tanınmış tarixçilər onu sərt tənqid etmmişlər.
Beləliklə, qardaşların hər ikisi, - biri xəstəliyinə, digəri isə yaşının az olduğuna görə, - knyaz olmağa layiq deyildilər və deyildiyi kimi, bu məsələ onları qətiyyən maraqlandırmırdı. Onların əvəzinə qohumları bir-biri ilə mübarizə aparırdı. İohanın tərəfdarı kimi qardaşların bacısı Sofiya və Miloslavskilər, Pyotorun tərəfdarı kimi isə anası və Narışkinlər çıxış edirdi. Sonda iş qan tökülməsinə və atıcıların üsyanına gətirib çıxartdı. Nəticədə hər iki qardaşı eyni zamanda knyaz etmək qərarına gəlindi və qardaşlar 25 iyun 1682-ci il tarixində taxta çıxdılar. Onlar 1689-cu ilə qədər nominal hakim idilər, gerçək hakimiyyət isə Sofiyanın əlində cəmlənmişdi.