AYƏ 100:
﴿ وَجَعَلُواْ لِلّهِ شُرَكَاء الْجِنَّ وَخَلَقَهُمْ وَخَرَقُواْ لَهُ بَنِينَ وَبَنَاتٍ بِغَيْرِ عِلْمٍ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يَصِفُونَ ﴾
TƏRCÜMƏ:
«(Müşriklər) cindən Allaha şəriklər qoşdular, halbuki onları Allah yaratmışdır (və yaradılmışın rübubiyyətdə yaradanın şəriki olması qeyri-mümkündür). Nadanlıqdan Onun üçün oğul və qızlar uydurdular. Allah onların vəsf etdiklərindən pak və ucadır.»
TƏFSİR: BÜTÜN ƏŞYALARIN XALİQİ ODUR.
Bu ayədə və sonrakı ayələrdə müşriklərin və batil din sahiblərinin düzgün olmayan əqidələrindən bir qismi onların məntiqi cavabı ilə birlikdə qeyd edilir. Əvvəlcə buyurulur: «Onlar Allah üçün cinlərdən şərik qərar verirlər.»
Sonra bu xurafatçı təsəvvürə cavab olaraq buyurulur: «Halbuki, onları (cinləri) Allah yaratmışdır.» Necə ola bilər ki, bir kəsin yaratdığı şey onunla şərik olsun? Çünki şəriklik eyni qəbildən olmaq əlamətidir. Halbuki məxluq Xaliqlə əsla müqayisə oluna bilməz.
Digər bir xurafat bu idi ki, onlar nadanlıq üzündən Allahın qızları və oğlanları olduğuna inanırdılar. Həqiqətdə bu cür xurafatların batil olmasına dair ən yaxşı dəlil «biğəyri elmin» kəlməsindən əldə olunur. Yəni onların bu mövhumatçı əqidələr barəsində heç bir elmi, nişanə və dəlilləri yoxdur.
Amma kimlərin Allah üçün oğlanlar qərar verdiyinə gəldikdə, başqa ayələrdə onların ikisinin adı qeyd edilmişdir. Onlardan biri İsanın Allahın oğlu olduğuna inanan məsihilər, digəri isə Üzeyiri Allahın övladı hesab edən yəhudilər idi. Lakin «Tövbə» surəsinin 30-cu ayəsindən məlum olur ki, Allahın övladı olduğuna inam təkcə məsihi və yəhudilərin deyil, əvvəlki xurafatçı dinlər arasında da olmuşdur.
Allahın qızları olduğuna inananların barəsində isə «Zuxruf» surəsinin 19-cu ayəsində belə buyurulur: «Onlar (müşriklər) Allahın bəndələri olan mələkləri Onun qızları bilirlər.»
Ayənin axırında bütün bu xurafatçı mətləblər, mövhumatçı təsəvvürlər və əsassız fikirlər batil hesab edilərək buyurulur: Allah-təala, Onun üçün qərar verilən bu (cür yaramaz) xüsusiyyətlərdən çox-çox yüksək və pakdır.
AYƏ 101-102:
﴿ بَدِيعُ السَّمَاوَاتِ وَالأَرْضِ أَنَّى يَكُونُ لَهُ وَلَدٌ وَلَمْ تَكُن لَّهُ صَاحِبَةٌ وَخَلَقَ كُلَّ شَيْءٍ وهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ. ذَلِكُمُ اللّهُ رَبُّكُمْ لا إِلَـهَ إِلاَّ هُوَ خَالِقُ كُلِّ شَيْءٍ فَاعْبُدُوهُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ وَكِيلٌ ﴾
TƏRCÜMƏ:
101. «Göyləri və yeri misilsiz və nümunəsiz yaradandır. Onun zövcəsi olmaya-olmaya övladı necə və haradan ola bilər? Hər şeyi O yaratmışdır və O hər şeyi biləndir.»
102. «Budur sizin Rəbbiniz olan Allah! Ondan başqa bir məbud yoxdur. Hər bir şeyin yaradanıdır. Buna görə də yalnız Ona ibadət edin. O hər bir şeyin qoruyanı, tədbirini tökən və ixtiyar sahibidir.»
TƏFSİR:
101. Ayədə bu kimi xurafatçı əqidələrə cavab olaraq əvvəlcə buyurulur: Allah o kəsdir ki, asimanları və yeri icad etmişdir.
«Bədi» hər hansı bir şeyi, heç bir nümunə olmadan icad etmək mənasınadır. Yəni Allah asimanları və yeri heç bir maddə, yaxud ilkin layihə olmadan icad etmişdir. Bundan əlavə, Onun necə övladı ola bilər? Halbuki Onun həyat yoldaşı yoxdur.
Ümumiyyətlə, Onun həyat yoldaşına nə ehtiyacı ola bilər? Bundan əlavə, kim Onun həyat yoldaşı ola bilər? Halbuki bütün varlıqlar Onun məxluqudur.
Bir daha Allahın bütün əşyalara və varlıqlara olan xaliqiyyət məqamına, bütün əşyalar barəsində elmi əhatəsinə təkid edərək buyurur: O hər şeyi yaratdı və hər şeydən xəbərdardır.
102. Bu ayədə xaliqiyyət məsələsi irəli çəkildikdən sonra asimanların və yerin icad olunması, cism, cismaniyyət, övlada sahib olmaq və s. kimi hər növ naqis xüsusiyyətlərdən pak, elmi cəhətdən hər şeyə, hər işə əhatəli olması buyurulur və belə nəticə alınır: Sizin Pərvərdigarınız belə bir kəsdir ki, (Ondan başqa heç kəs belə sifətlərə malik olmadığından,) Ondan başqasının bir şeyi vücuda gətirməyə ləyaqəti olmayacaqdır. Pərvərdigar da, yaradan da Odur (yalnız O məbud ola bilər). Belə isə yalnız Ona pərəstiş edin.
Ayənin axırında Allahdan başqasına olan hər növ ümidin kəsilməsi və ümumiyyətlə hər növ şirkin aradan qaldırılması üçün buyurulur: Hər şeyin qoruyucusu, hifz edəni və idarə edəni Odur.
Dostları ilə paylaş: |