IV FƏSİL. MAKROİQTİSADİ QEYRİ-SABİTLİK,
BÖHRANLAR VƏ ONLARIN TƏNZİM-
LƏNMƏSİ TƏDBİRLƏRİ
4.1.İqtisadi inkişafın qeyri – sabitliyi meyli
Nobel mükafatı laureatı P.Samuelson (ABŞ), bazar münasibətləri iqtisadi sisteminin qeyri-sabit inkişaf meyllərinə toxunaraq qeyd etmişdir ki, kapitalizmin tarixi bir – birini əvəz edən hay-küylü inkişaf və durğunluq, tənəzzül və yüksəliş mərhələlərindən ibarətdir. Bu fikri davam etdirən tanınmış amerikalı iqtisadçı A.Oyken yazır ki, bazar münasibətləri reallığında bizim iqtisadi böhran, qeyri-sabitlik və geriləmələrin qarşısını həmişəlik almaq cəhdlərimiz qasırğa yaxud təyyarə qəzalarını ləğv etmək səylərinə bənzəyir. “Təhlükə bu gün də sovuşmamışdır və onu doğuran amillər kifayət qədər həyat gücünə malik olub, yenidən baş qaldırmaq üçün fürsət gözləyir. Deməli, məsələ bu proseslərin təsir gücünü məhdudlaşdırmaq müdrikliyi və bacarığındadır”.
Bəşəriyyətin keçdiyi çoxəsrli iqtisadi-sosial inkişaf yolu göstərir ki, hər hansı bir ölkənin müxtəlif obyektiv- subyektiv səbəblərlə bağlı həm yüksəliş, həm də tənəzzül - eniş dövrləri olur. Nisbətən daha uzunmüddətli inkişaf mərhələləri nəzərdən keçirildikdə aydın olur ki, ümumi inkişaf xətti dinamik bir xarakter daşısa da, lakin əslində müxtəlif istiqamətli dəyişikliklər və qeyri-sabitlik meylləri iqtisadi proseslərin səciyyəvi cəhətidir. Deməli, iqtisadi-sosial inkişafın qeyri-sabitliyi, bu proseslərin dalğavari gedişi tarixi və məntiqi bir hadisə olub, cəmiyyətin həyatında mühüm rol oynayan tələb-təklif qanununun ziddiyyətli təzahür formasıdır.
Təsadüfi deyildir ki, XIX-XX əsrlər boyunca dünyanın müxtəlif ölkələrinin K.Marks, J.Şumpeter, C.Klark, C.Keyns, N.Kondratyev, U.Mitçell və başqa iqtisadçıları bu mühüm hadisəyə, habelə onun sosial-iqtisadi nəticələrinə ciddi diqqət yetirərək, mürəkkəb proses kimi müxtəlif cəhətlərini təhlil etmişlər.
Müxtəlif ölkələrin təsərrüfat həyatında baş verib, sanki okeanlardakı qabarma və çəkilmələri xatırladan bu iqtisadi proseslər, cəmiyyət həyatının ayrı-ayrı sahələrinə birbaşa, yaxud dolayı yolla təsir göstərsə də, lakin bunun ən güclü təsiri özünü ilk növbədə istehsalın (ÜDM-un) ümumi həcminin real surətdə aşağı düşməsində, ölkədə işsizlik səviyyəsinin artmasında, inflyasiyanın yüksəlməsində göstərir.
İqtisadi inkişafın qeyri-sabitliyi özünü iki formada: dövrü (müddətli, tsikl) və qeyri-dövrü (tərəddüdlü, qeyri-tsikl, nizamsız) şəkillərdə göstərə bilir. Qeyri-sabit inkişafın dövrü forması gözlənən və proqnozlaşdırıla biləndir. İkinci forması isə gözlənilməzliyi, qəflətən baş verməsi ilə səciyyələndiyindən, onun proqnozlaşdırılması çətindir.
“İqtisadi nəzəriyyə”də tsikllərin təbiəti və proqnozlaşdırılması haqqında vahid bir mövqe tam formalaşmasa da, lakin bu hadisənin müddət etibarilə meylləri, ayrı-ayrı tədqiqatçıların adları ilə bağlı belə müəyyənləşdirilir:
2 - 4 ili əhatə edən C.Kitcin qısa tsikilləri;
7 - 12 ili əhatə edən K.Yuqlar tsiklləri;
10 - 12 ili əhatə edən K.Marksın dövrü tsiklləri, yaxud ifrat istehsal böhranı;
18-25 ili əhatə edən S.Kuznets tsiklləri;
50-60 ili əhatə edən N.Kondratyev tsiklləri, yaxud dalğaları;
200 ili əhatə edən Forrester tsiklləri;
1000-2000 il ərzində sivilizasiyaların inkişafını nəzərdə tutan Toffer tsiklləri.
Bu müxtəlif tsikllər – iqtisadi sistemin investisiyalar və faiz dərəcələrinin dəyişkənliyi; məşğulluq və işsizlik; qiymətlər indeksi və istehsal həcminin aşağı düşməsi; istehsalın ictimai və onun nəticələrinin mənimsənilməsinin xüsusi kapitalist xarakteri; mənzil tikintisi və əhalinin miqrasiyası; əmtəə-xidmətlər qiymətinin orta səviyyəsi və normal əmək haqqı kimi problemlərin qarşılıqlı təsir əlaqəsi mövqeyindən öyrənib müəyyənləşdirilmişdir.
Cəmiyyətin iqtisadi-sosial həyatında qanunauyğun bir meyl kimi özünü göstərən inkişafın qeyri-sabitliyini şərtləndirən aşağıdakı daxili və xarici amilləri göstərmək olar:
Dostları ilə paylaş: |