....Sular qabarır, mən öz sevgilimi qucaqlayıram; sonra sular çəkilir və mən onun ayaqlarına atılıram...». Yağışın gur damcıları dağların səsinə səs verir:
«Biz allahların ucalıqlardan atdığı gümüş saplarıq, təbiət bizi tutur, bizimlə vadiləri bəzəyir.
Biz – Astartanın tacından qopub tökülmüş gözəl mirvarilərik...
Mən ağlayıram – təpələr gülümsəyir, mən yerə yağıram – çiçəklər boy atır...
Mən dənizin qəlbindən ucalıram, fəzanın qanadlarında süzürəm. Gözəl bir bağ görəndə isə mən aşağı üz tuturam, güllərin dodaqlarından öpürəm, ağacların budaqlarını qucaqlayıram.
Ətraf sükuta qərq olduqda mən öz zərif barmaqlarımla pəncərələrin büllurunu döyəcləyirəm və bu səslərdən yaranan mahnını həssas qəlblər duyur...
Mən dənizin ahı, səmanın göz yaşı, çöllərin təbəssümüyəm ».
Cübranın əsərlərində təbiət – sevənlərin sığınacağı, insan qəlbi xəzinəsinin açıla biləcəyi arzulanan varlıq aləmidir. Təbiətin qoynunda insan özünün üsyankar və tənha qəlbinə rahatlıq tapır, onunla doğmalığını, canı bir, qanı bir olduğunu, təbiətlə öz daxili aləmini həmahəngliyini hiss edir: «Mən kütlədən qaçdım və gah ayın axınına qoşularaq, gah da quşların pıçıltısına qulaq asa-asa geniş vadidə dolaşdım. Beləcə, mən budaqların, günəşin baxışlarından gizlətdiyi o yerə çatdım, öz tənhalığımla söhbət edə-edə, qəlbimlə danışa-danışa orada oturdum...» («Gözəllik taxtı önündə»). Cübran üçün səma «dinclik mənbəyi», bütün təbiət isə «təskinlik oylağıdır». Bu baxımdan o, Emersona çox yaxındır. «Təcrübə» oçerkində amerikalı şair «Biz harada özümüzü həqiqətən tapa bilərik», – deyə soruşur və belə cavab verir: «Biz təbiət qarşısında özümüz ola bilirik...».
Cübran sanki təbiətin sirlərinə baş vurmaq, onun ecazkar qoynunda ərimək istəyirdi. O da bir çox başqa romantiklər kimi, panteist idi və təbiətlə əbədi həyat ruhunun rəhnini görərək, insanı onun üzvi bir hissəsi kimi hesab edirdi. Emerson, Şelli və Koric kimi, o da təbiət aləmi ilə insanın doğmalığını, onların bir kökdən yaranış tapdığını vurğulayırdı. «Təbiət» və «insan» anlayışlarının yaxınlığı və bütövlüyü, xüsusilə, Cübranın «Ey torpaq» şeirində tam açılır:
Sən nəsən, ey Torpaq və kimsən?
Sən mənsən, ey Torpaq! Sən mənim görən gözüm, ağlım, təxəyyülüm və arzularımsan. Sən mənim aclığım və həsrətimsən! Sən mənim ağrım və sevincimsən, sən mənim səhlənkarlığım və mənim diqqətimsən.
Sən mənim gözlərimin fərəhi, qəlbimin ehtirası, ruhumun əbədiyyətisən.
Sən mənimsən, ey Torpaq, ikimiz bir canıq, mən olmasaydım, sən də olmazdın!
Cübranın «Ey külək» şeirində həyatın fasiləsiz inkişafı və yeniləşməsinin qanunauyğun və labüd olmasına inam ifadə olunur: «sən gah sevinərək, şadyanalıq edərək, gah ağı deyərək, hönkürərək əsirsən, biz səni eşidirik, amma seyr edə bilmirik, biz səni hiss edirik, amma görmürük. Sən sanki qəlbimizi çulğayan, amma bizi batırmayan məhəbbət dənizisən... Sən şəhərin döngələrindən xəstəlik nəfəsi, düzənlərdən çiçəklərin ətrini gətirirsən, ...Sən burda yavaşıyırsan, orada tələsirsən, sürətlə çapırsan, heç vaxt dayanmırsan... Sən əbədiyyət kimi dəyişkənsən... Sən səhralarda qeyzlə dolaşır, qəzəblə karvanlara hücum edirsən, sonra onları qum örtüyü altında basdırırsan... sən dənizlərin zülmətini yarır, onların dərinliklərindəki sükutu pozursan...» və s.
Təbiətdə həyatın əbədi və fasiləsiz yeniləşməsi fikrini «Məhəbbətin həyatı» mənsur şeirində də izləmək olar. Burada Cübran ilin fəsillərinin bir-birini əvəz etməsini şairin məhəbbətinə bənzədərək təsvir edir: bahar məhəbbətin çiçəkləndiyi dövr, yay təbiətin və məhəbbətin yetkinlik çağı, payız öncədən rahatlıq hissinin duyulması, sevinclərin sonudur. «Ağaclarda yarpaqlar saraldı... Quşlar yasəməni tənha qoyub, sahillərə uçdular... Çaylarda suyun axarı dayandı, çeşmələrdə sevinc yaşları qurudu, təpələr bəzəkli libasını soyundu. Təbiət mürgüyə daldı....». Qışın gəlişi ilə təbiətin hüznlü mənzərəsi şairin qəlbini qüssə ilə doldurur, o, öz sevgilisinə bu sözlərlə müraciət edir: «Əzizim, əbədi yuxu ümmanı necə də dərindir! Bu dünyada... səhər necə uzaqdır!»
Cübran yaradıcılığı üçün «Tufan» hekayəsində və bir sıra başqa əsərlərdə Cübranın romantik qəhrəmanı özünü böyük işə həsr edən mübariz yox, öz daxili aləminə çəkilmiş xəyalpərvərdir. Onun fərdiyyətçiliyi üsyan həddinə çata bilmir, o, gerçəkliyə qarşı məğrur tənhalığa qapılmaqla durur.
Hekayənin məzmunu genişdir, bu da bilavasitə onun formasında öz əksini tapır: müəllif özü onu kiçik başlıqlara ayırır. Cəmi bir surət – inkarçı, insanlardan, şəhərdən və sivilizasiyadan vəhşi təbiətin qoynuna qaçan Yusif əl-Fəxrinin surəti verilmişdir. Elə ilk təəssüratda, bu, ətrafdakı gerçəkliyi inkar edən, bu gerçəklikdən qaçmağa can atan romantik qəhrəmanların obrazları ilə analogiya doğurur.
«Tufan» hekayəsinin qəhrəmanı Yusif əl-Fəxri əhatə edən gerçəkliyi, cəmiyyəti, insanları və onların ədalətini inkar edir. Cübran yazır: «Yusif əl-Fəxri bu fani dünyanı tərk edib tənha zahid həyatı sürmək üçün Livanın şimalında Kadiş vadisinin ətəyindəki xəlvət komaya çəkiləndə otuz yaşı tamam olmuşdu».
Ətrafdakı sakinlərə Yusif haqda heç nə məlum deyil, kimdir, haradandır, niyə tənha ömür sürür? Romantik qəhrəmanların hamısında olduğu kimi, onun da həyatı sirr və müəmmaya bürünmüşdür. Tutqun və yağışlı bir payız günündə hekayəçi Yusif ilə tanış ola bilər. Yusifin aşkar müqavimətinə və qonaqsevməz olmasına baxmayaraq, hekayəçi onun komasına daxil olub onunla ünsiyyətdə ola bilər. Elə ilk sözlərindən tərkidünya insan qonağı ondan nümunə götürməsi üçün onu dilə tutur: «...İnsanları onların yaramaz qanunları və bayrağı adətləri ilə birgə tərk et, quşlar kimi hamıdan uzaqlarda, yalnız yerin və göyün qanunlarının hökmran olduğu yerdə yaşa». Sonra Yusif insanlar və onların həyatına olan öz dərin ümidsizliyini ifadə edərək, onlara qarşı ifşaedici nitqlə ürəyini boşaldır: «Mən insanları tərk etdim, çünki mənim arzularım onların arzularına, əxlaqım isə onların əxlaqına uyğun gəlmir. Mən insanları tərk etdim, çünki başa düşdüm ki, mənim qəlbim sola fırlanan çarxlar arasında sağa fırlanan çarxdır». O, ümidsiz və müdhiş görünən şəhərdən çıxıb gedir. Yusif deyir: «Mən şəhəri tərk etdim, çünki gördüm ki, bu şəhər nəhəng, qədim, qüdrətli, amma kökləri torpağın zülmətinə yayılan çürümüş ağacdır. Onun budaqları buludlara ucalmışdır, gülləri tamahkarlıq, şər və cinayət, meyvələri isə dərd, bədbəxtlik və qayğıdır...» Yusifin bu sözlərində romantiklərin antiurbanist nəzəriyyəsinin, demək olar ki, bütün mahiyyəti ifadə olunmuşdur.
Yusif tənhalığa zahidlik naminə, Allaha xidmət və ibadət etmək naminə can atmır. O, ikiüzlülük, riyakarlıq və cahilliyin hökmran olduğu, təkəbbürlü dövlətlilərin və siyasətçilərin «millət gözlərini qızıl tozla kor edib, hərzə-hədyan sözlərlə qulaqlarını batırdığı», din xadimlərinin «özlərinin inanmadıqlarını başqalarına inandırmağa çalışdığı və özlərindən tələb etmədiklərini dindarlardan tələb etdiyi» insan cəmiyyətindən iyrənmişdir. O, «insan kəllərindən ucaldılmış təpə üzərində» qurulan sivilizasiyanı tərk edir.
Dostları ilə paylaş: |