Görmə analizatorunun qabıq mərkəzi və ya qabıq qurtaracağı hər iki yarımkürənin ənsə payında, mahmız şırımını əmələ gətirən nahiyədə yerləşmişdir. Qabığın ilkin görmə sahəsinə impulslar bilavasitə ara, orta beyinin ön təpələrindən beynin xarici dizəbənzər cismindən və talamusdan daxil olur.
Eşitmə analizatorunun qabıq mərkəzi hər iki yarımkürənin gicgah payının köndələn qırışığında yerləşmişdir.
Dadbilmə mərkəzi. Əsasən gicgah payının aşağı hissəsində qoxu mərkəzləri yaxınlığında dadbilmə yollarının qabıq mərkəzi yerləşir. İnsanda dadbilmə mərkəzi gicgah nahiyəsində, Silvi şırımında yerləşmişdir.
Embrional inkişaf zamanı əmələ gələn qoxu qabarları qoxu beyninə başlanğıc verir.
1-ci cüt kəllə beyin siniri olan qoxu siniri burunun selikli qişasının reseptor sahələrindən başlanıb beynin qoxu qabarlarında qurtarır. Qabarlardakı neyronların lifləri qoxu siqnallarını Ammon buynuzu və hippokamp qırışığındakı ali qoxu mərkəzlərinə ötürür. Qoxu mərkəzi yolunun birinci neyronu (iybilmə hüceyrələri) burunun selikli qişasında, ikinci neyronu isə qoxu soğanağında yerləşir. İkinci neyronun çıxıntıları görmə qabarlarından (talamusdan) keçməyən qoxu reseptorlarının yolunu əmələ gətirir ki, bunun da lifləri qabığın ön armudvarı nahiyəsində qurtarır.
Qabığın hərəki mərkəzi. Qabığın ali hərəki sahəsi Roland şırımının ön mərkəzi qırışığında cəmləşmişdir. Burada nəhəng piramid neyronlar yığılmışdır ki, onların aksonları onurğa beyninə enərək onun aralıq və hərəki neyronlarında qurtarır (şəkil 6.35).
Sensor sahədə olduğu kimi burada da əsas sahəni əl, üz, dodaq, dil əzələlərinin nümayəndəliyi, az sahəni isə, gövdə və aşağı ətraf əzələlərinin nümayəndəliyi tutur.
256 Qabığın premotor mərkəzi. Hərəki mərkəzdən bir qədər öndə yerləşən qırışıq qabığın mərkəzi adlanır, burada iri piramidal neyronlar çoxdur, onların akson lifləri zolaqlı cismə, quyruqlu nüvəyə, qırmızı nüvəyə, qara maddəyə, beyincik nüvələrinə və onurğa beyninin hərəki mərkəzlərinə daxil olur.
Bir yarımkürənin premotor sahəsinin qıcıqlandırılması bədənin əks tərəfində əzələlərin yığılmasına səbəb olur.