216 tiv mərkəzlərin müəyyən edilməsində özünüstimullaşdırma metodunun mühüm əhəmiyyəti vardır.
Stereotaksis aparatı. Əvvəllər (kəllə qapağını kəsməklə beynin bu və ya digər törəməsinə cərrahi yolla müdaxilə etmək üsulları – tripanasiya və ekstirpasiya və s.) beyində aparılan hər fizioloji təcrübə üçün əlverişsiz olduğuna görə beyində müəyyən müdaxilə əməliyyatlarının aparılması işini asanlaşdıran stereotaksis cihazdan istifadə etməyə başlandı. Bunun üçün insanın, meymunun, itin, pişiyin, dovşanın stereotaksis atlaslarından istifadə edilir.
Stereotaksis aparatı əsas iki hissədən ibarətdir. Birinci hissə kəlləni fiksə edən sistem, ikinci hissə isə beynin müxtəlif nöqtələrinə elektrodların yerləşdirilməsini təmin edən sistemdir.
Baş beyinin müxtəlif qabıqaltı törəmələrini qıcıqlandırmaq üçün mikroelektrodlar beyinə stereotaksis cihazın köməyilə yeridilir, diş sementi ilə bərkidib, sonra stimulyatora birləşdirilib qıcıqlandırılır. Cihaz mikron dəqiqliklə istənilən qüvvədə qıcığı beyinə nəql edir.
Mikroelektrod texnikası.Sinir hüceyrələri, onların akson və dentritləri, eləcə də sinapsları səviyyəsində elektrofizioloji müayinələrin aparılmasında Amerika alimlərindən Q.Xasser, Q.Linq, R.Ceraldın kəşf etdikləri mikroelektrod texnikası geniş imkanlar açmışdır.
Mikroelektrodlar diametri bir mikron və ya ondan da kiçik (0,2-0,3 mkm), qızıldan, platindən və ya xüsusi şüşədən hazırlanmış nazik tellərdir. Bu tip elektrodların içərisinə adətən, KCl məhlulu doldurulur. Bu cür elektrodla sinir hüceyrəsinin içərisinə nüfuz etmək və orada qeydə alınan elektrik yüklərini xüsusi gücləndirici cihazlar vasitəsilə katod ossiloqrafa və ya ensefaloqrafa ötürməklə onları qeyd edir.
Şərti refleks üsulu.İnsan və heyvanların ali sinir fəaliyyətinin ən mürəkkəb mexanizmlərinin sirlərini öyrənmək üçün bu üsul ilk dəfə İ.P.Pavlov tərəfindən işlənib hazırlanmış fizioloji təcrübələrdə istifadə edilmişdir.
İ.P.Pavlov öz şərti refleks metodunu heyvanda (itdə) ağız və ya mədə şirəsi ifrazı reaksiyalarının reflektor əsaslarının
217 öyrənilməsində tətbiq etmişdir. Bu cür təcrübələr laboratoriya şəraitində xüsusi otaqda – səssiz kamerada aparılır. Əvvəlcə cərrahi əməliyyatla itin qulaq dibi tüpürcək vəzisinin ağız boşluğuna açılan axarının ucu üzün (yanağın) dərisinin xarici səthinə çıxarılır və ona dərəcələnmiş kiçik şüşə balon bərkidilir. Yara sağaldıqdan sonra heyvanı səs keçirməyən kamerada, xüsusi dəzgaha bağlayırlar. Xarici mühitdən tam izolə edilmiş olur, təcrübəçinin kamera ilə əlaqəsi yalnız kiçicik pəncərə ilə həyata keçirilən xüsusi otaq şəklində yaradılır. Təcrübi heyvana təsir göstəriləcək amillərin verilməsi təcrübəçinin oturduğu otaqdan idarə edilir (şəkil 6.24).