Səhləbin müalicəvi xassələri. Səhləbdən xalq təbabətində soyuqdəymələrdən baş verən tənəffüs yolunun iltihabında sinəyumşaldıcı, eləcə də xroniki mədə-bağırsaq xəstəliklərində yarasağaldıcı, malyariyada isə ürək yanğısını azaldıcı vasitə kimi çox qədim vaxtdan bəri istifadə olunur. Elmi təbabətdə isə səhləb dəmləmə və bişirmə halında xroniki mədə xəstəliklərində, mədənin selikli qişasını yumşaldıcı, eləcə də mədə xorasında yarasağaldıcı dərman kimi işlədilir. Azərbaycanın dağ-meşə rayonlarında, çəmənliklərində müxtəlif növ səhləb bitkiləri çoxdur. Onlar öz gözəl yaraşıqlı ətirli çiçəkləri ilə respublikamızın subalt çəmənliklərinin, dağ ətəklərinin yaraşığıdır.
Tibdə səhləbdən alınan dərmanlar tənəffüs yollarının xəstəliklərində, zəhərlənmədə, bağırsaq xəstəliklərində işlədilir. Bəzən qida maddəsi kimi də qəbul olunur. Azərbaycanda, ümumiyyətlə, şərqdə bu bitkidən susuzluğu aradan qaldırmaq məqsədilə sərinləşdirici içkilər hazırlanır.
Səhləb içkisi. Səhləb başqa Azərbaycan şərbətlərindən fərqli olaraq, çay kimi isti halda içilir. Hazırlamaq üçün səhləb bitkisinin köklərini yığıb qurudurlar. Qurudulmuş səhləb kökünü həvənglə döyür və 1 litr suya 15-20 q əlavə edib qaynadırlar. Alınmış məhlulu süzür və 4-5 litr qaynar südün içərisinə qaynaya-qaynaya tökürlər. Şirin olmaq üçün bir qədər şəkər əlavə edilir. Səhləb isti halda içildiyi üçün onu xüsusi samovarlara tökürlər. Soyuyanda qatılaşdığından içməli olmur. Ona görə də içilib qurtarana qədər isti halda saxlamaq məsləhət görülür. Səhləbi, bir qayda olaraq, səhər yeməyi vaxtı içirlər. Bu içkidən xalq təbabətində soyuqdəymənin, sinə və boğaz ağrısının, öskürəyin profilaktikasında ən yaxşı vasitə kimi istifadə edirlər.
Dostları ilə paylaş: |