Kaxetiya
Gəncə-Qazax
Şəkil 1: Tədqiqat əraziləri: Gəncə -Qazax iqtisadi rayonu və Kaxetiya rayonu
İki ölkənin dağlıq regionunu əhatə edən tədqiqat bölgəsinin seçilməsi təsadüfi xarakter daşımır. Belə ki, hər iki bölgə eyni iqlim tipinə, eyni coğrafi relyef və ərazi quruluşuna, dəniz səviyyəsindən hündürlüyə, eyni kənd təsərrüfatı ənənələrinə malik olan regionlar seçilmişdir. Yəni tədqiat ərazisi olaraq Azərbaycan Respublikasının Gəncə-Qazax və Gürcüstanın Kaxetiya regionları seçilmişdir. Bundan sonra hər bir region üzrə 3 rayon müəyyənləşdirildi. Seçilmiş rayonların bələdiyyələrindən tədqiqat kəndlərinin müəyyən edilməsi üçün bir sıra məlumatlar toplanıldı. Hər bir rayon üzrə kəndlərin sayı, onların dəniz səviyyəsindən yüksəkliyi, kəndlər üzrə ev təsərrüfatlarının sayı, heyvandarlıq və əkinçiliyin vəziyyyəti, köçəri təsərrüfatların sayı, ərazi haqqında (əkin sahəsi, pay torpağı, həyətyanı sahə, örüş sahaləri, yay və qış otlaqları və s.) məlumatlar toplanıldı. Bu məlumatların toplanması təsadüfi deyildi çünki, kəndlərin seçimi üçün müəyyən kriteriyalar təyin edilmişdi. Bu kriteriyalara seçilən kəndlərin dəniz səviyyəsindən 700-1600 metr yüksəklikdə yerləşməsi, daimi yaşayış olan ev təsərrüfatlarının sayının 80-200 arasında olması, infrastruktur (kəndin asfalt yola malik olub-olmaması və rayon mərkəzindən uzaqlıq) kimi şərtlər daxil idi [8].
Ümumilikdə Göygöl rayonunda 12, Gədəbəy rayonundan 8, Şəmkir rayonundan isə 5 kəndin göstəriciləri təhlil olunmuşdur. Şəmkir və Göygöl rayonlarının kəndlərinin əksəriyyəti dəniz səviyyəsindən 800 metr aşağı olması, həmçinin örüş sahələrinin azlığı onların təyin olunan kriteriyalara cavab verməməsi ilə nəticələndi. Məlumatların toplanması və təhlili təkcə kağız üzərində deyil, həm də əyani şəkildə müşahidələrin aparılması və ərazilərin xüsusi ilə örüş və otlaq sahələrinin yerində müşahidəsi və təhlili də seçim prosesinin əsas mərhələlərindən olmuşdur. Deyilənlərin əyani sübutu kimi Göygöl rayonunun Şəhriyar, Zurnabad və Kərəmli kəndlərində aparılan müşahidə və təhlillərdən sonra Kərəmli kəndinin seçilməsi qərarlaşdırıldı. Şəmkir rayonununda da Atabəy və Samanlıq kəndləri arasında müşahidə və təhlillər aparıldıqdan sonra Atabəy kəndinin seçilməsinə qərar verildi. Eyni proses və seçim prosedurları Gədəbəyin Plankənd və Çalburun kəndləri arasında da aparıldı. Sonda heyvanların və ev təsərrüfatlarının sayına nəzərən daha az örüş və otlaq sahəsi olan Plankənd kəndi seçildi. Eyni təhlil və müşahidələr Gürcüstan Respublikasının kəndləri üçün də tətbiq olundu. Bu ölkədə ümumilikdə 22 kəndin göstəriciləri tədqiq edildi, sonda kəndlərin seçimi yekunlaşdırıldı və 2015- ci ilin iyul ayından etibarən tədqiqat kəndlərində ilkin elmi tədqiqat işləri reallaşdırıldı. Beləliklə, Azərbaycanın Göygöl, Şəmkir və Gədəbəy rayonlarında müvafiq olaraq Kərəmli, Atabəy və Plankənd kəndləri, Gürcüstanda isə Saqareco, Axmeta və Qurcuani rayonlarında Qombori, Şaxvetila, Araşenda kəndləri tədqiqat obyekti olaraq seçilmiş oldu.
Tədqiqat işimizdə model ev təsərrüfatlarının gəlir, xərc və mənfəət üzrə göstəricilərinin hesablanması Excel proqramı – MAX-ın köməyi ilə həyata keçirilmişdir [9].
Dəniz səviyyəsindən hündürlüyə görə Plankənd ən yüksək, Araşenda kəndi isə ən aşağı səviyyədə yerləşir. Eyni zamanda Araşenda ərazisinə və əhalinin sayına görə ən böyük, Şaxvetila isə ən kiçik kənddir. Azərbaycanın tədqiqat kəndlərində ev təsərrüfatlarının 62-82%-i daimi yaşayış statusuna malik olduğu halda, Gürcüstan Araşenda kəndində 49%, Şaxvetila kəndində isə 62%-i daimi yaşayış statusuna malikdir.
Ev təsərrüfatlarının soasil–iqtisadi vəziyyətinə dair 198-i Azərbaycanda, 194-ü isə Gürcüstanda olmaqla ümumilikdə 392 ev təsərrüfatından sorğu nümunəsi götürülmüşdür. Azərbaycanın tədqiqat kəndlərinin 33-71%-i, Gürcüstan kəndlərinin isə 30-47%-i sorğuya cəlb olunmuşdur. Sorğuda istirak edən respondentlərin 62%- kişi, 38%-i qadındır. Eləcə də, respondentlərin 52%-i ailə başçısı (kişi), 30%-i ailə başçısının arvadı, 18%-i digər ailə üzvləridir. Müsahiblərin yaşı 18-86 yaş aralığında dəyişdiyi halda orta yaş həddi 51-dir. Azərbaycanda və Gürcüstanda sorğu götürülən ev təsərrüfatlarında işçi qüvvəsi ailə üzvlərinin müvafiq olaraq 71 və 68 faizini təşkil edir.
Tədqiqat zamanı müəyyən olunan məqamlardan biri də Azərbaycanın rayonlarındakı kəndlərdə ev təsərrüfatlarının fəaliyyət növlərinin sayı Gürcüstandakı müvafiq saydan çoxdur. Bunun əsas səbəblərindən biri sorğu zamanı ölkəmizdəki respondentlərin daha dəqiq və ətraflı məlumat verməsidir. Həmçinin Azərbaycanda əkinçilik fəaliyyətinin növləri Gürcüstana nəzərən daha geniş yayılmışdır. Bu isə Azərbaycanda bitkiçiliyə yararlı sahələrin Gürcüstana nisbətən daha çox olmasıdır.
Nəticələrimiz ev təsərrüfatlarının kənd təsərrüfatı məşğuliyyət sahələri üzrə gəlir, xərc, mənfəət və rentabellik üzrə hesablamalara əsaslanır. Bu hesablamalar müvafiq sahələrdə hər vahid üzrə aparılmışdır. Yəni göstəricilər əkinçilikdə 1 hektar ərazi üçün, heyvandarlıqda 1 baş heyvan üçün, arıçılıqda isə 1 arı ailəsi üçün hesablanmışdır.
Rəqəmlərdən göründüyü kimi (Cədvəl1) Gədəbəyin Plankənd kəndində səkkiz əsas təsərrüfat fəaliyyəti üzrə maliyyə göstəriciləri-mənfəət hesablanmışdır. Ən yüksək rentabellilik göstəricisi bir baş keçidən əldə olunmuşdur (268%). Hesablama aparılmış fəaliyyət növləri içərisində ən çox gəlir region üçün ənənəvi məşğuliyyət olan kartofçuluqdandır. Bir hektar kortof sahəsindən əldə edilən gəlir 4144 manata bərabərdir. Həmin məbləğə ev təsərrüfatlarının həm heyvandarlıqda istifadə etdikləri məhsulun qiyməti, həm də şəxsi istehlak üçün istifadə edilən məhsulun qiyməti daxildir. Heyvadanlıq fəaliyyətləri arasında südlük inək əldə edilən gəlirə görə digər sahələri qabaqlayır. Ev təsərrüfatları ən az gəliri toyuq və qazdan əldə edir. Toyuq və qaz əsasən şəxsi istehlak üçün istifadə olunur və ev təsərrüfatları bir o qədər də böyük quşçuluq təsərrüfatlarına malik deyillər. Arıçılıqdan əldə edilən gəlir kartofçuluq və südlük inəkdən əldə edilən gəlir qədər çox olmasa da bu sahəyə çəkilən xərclərin azlığı hesabına onun rentabellik səviyyəsi yüksəkdir. Arıçılıq da rentabellik səviyyəsinə görə fərqlənir. Ev təsərrüfatının gəlir mənbələrindən biri də biçənəkdən sahələrindən əldə edilən gəlirdir. Lakin, biçənək sahəsindəki xərclərin çoxluğu onun rentabelliyini aşağı salır. Bir hektar biçənəkdən əldə olunan rentabellik 44%-ə bərabərdir ki, bu da qeyd etdiyimiz kimi digər fəaliyyət növləri arasında müvafiq göstəriciyə görə ən aşağı həddir. Ümumiyyətlə biçənəklərin Azərbaycanın hər üç kəndi üçün xarakterik xüsusiyəti ondan ibarətdir ki, məhsuldarlıq aşağıdır və biçənək sahələri ev təsərrüfatlarından xeyli aralı yerləşir. Bu da daşınma- nəqliyyat xərclərini artırır ki, nəticədə rentabelliyi aşağı salır. Təkcə onu demək kifayət edir ki, bu sahə üzrə çəkilmiş xərclər satışdan gəlirin 69%-nə bərabərdir. Bu, Plankənd kəndi üçün müvafiq göstərici üzrə ən yüksək rəqəmdir. Plankənd kəndindən fərqli olaraq, Atabəy kəndinin iqlimi taxıl becərməyə imkan verir. Bu səbəbdən Atabəy kəndində maliyyə nəticələri hesablanmış kənd təsərrüfatı fəaliyyəti sahələrinin sayı bir vahid artıqdır. İki kənd arasındakı fərq təkcə təsərrüfat fəaliyyətlərinin sayında deyil. Atabəy kəndində ən rentabelli fəaliyyət kartofçuluqdur. Model ev təsərrüfatı ən yüksək gəliri kartofçuluqdan əldə edir. Eyni zamanda bu fəaliyyət sahəsindən əldə edilən mənfəət ev təsərrüfatının kənd təsərrüfatı fəaliyyəti sahələrindən ümumilikdə əldə etdiyi mənffətin 49,8 faizinə bərabərdir. Kartofçuluqdan sonra arıçılıq (240%) və qoyunçuluq (200%) ən rentabelli sahələrdir. Bir hektar buğda əkinindən yaranan gəlir (697 manat) məhsul vahidinə görə arıçılıqdan (180 manat) və qoyunçuluqdan (117 manat) əldə edilən gəliri üstələyir. Lakin, bir hektar buğda sahəsinə çəkilən xərclərin məhsul vahidinə görə arıçılıq və qoyunçuluqdan yüksək olması onun rentabellik səviyyəsinin arıçılığa və qoyunçuluğa nisbətən aşağı olmasına gətirib çıxarır. Azərbaycanın digər iki kəndində olduğu kimi ən aşağı rentabellik bir hektar biçənək sahəsinə aiddir. Məhsul vahidi üzrə ən az gəlir quşçuluqdan əldə edilir (qaz -22 manat və toyuq-31 manat). Buna baxmayaraq rentabellik səviyyəsi bir baş qaz üçün 100%, bir baş toyuq üçün isə 63%-dir. Bu kənddə əkinçilikdə kartofçuluq, heyvandarlıqda isə südlük inək təsərrüfatın əsas gəlir gətirən fəaliyyət sahələridir.
Göygölün Kərəmli kəndində Azərbaycanın digər iki tədqiqat kəndinin hər birindən daha çox kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olurlar. Ümumiyyətlə bu kənd fəaliyyət sahələrinin sayına görə həm Azərbaycan, həm də Gürcüstanı qabaqlayır. Kəndin əlverişli təbii iqlimi burada çoxillikəkmə olan moruq giləmeyvəsinin yetişdirilməsinə imkan verir. Bir hektar sahədən əldə olunan məhsuldarlıq ev təsərrüfatının yaxşı gəlir əldə etməsinə şərait yaradır ki, bu da rentabelliyi 153%-ə bərabər olan bu məhsulun 3 min manatdan çox mənfəət əldə etməsinə imkan verir. Bu rəqəm ev təsərrüfatının aqra sahə üzrə fəaliyyətində ümumi mənfəətin (5770 manat) yarısından da çoxunu, gəlirin isə 44,4 faizini təşkil edir.Lakin, buna baxmayaraq arıçılıq moruq giləmeyvəsinə nisbətən daha rentabellidir. Bu isə məhsul vahidi üzrə çəkilən xərcin arıçılıqda moruğa nisbətən az olması ilə əlaqədardır. Yüksək gəlirlilik potensialına malik olan bu sahə rentabelliyin göstəricisinə görə digər sahələrdən kəskin şəkildə fərqlənir. Bal arısı üçün yem ehtiyatının çox olması, bu kəndin bazara daha yaxın olması, eləcə də, bu sahə ilə məşğul olan kəndlilərin işinə daha çox diqqətli və peşəkar yanaşması arıçılıq üzrə rentabellik səviyyəsinin digər kəndlərdən daha çox olmasına gətirib çıxarır. Xərclərin strukturu da əvvəl deyilən fikirləri təsdiqləyir. Belə ki, bir arı ailəsi üçün çəkilən xərclər gəlirin 27%-ni təşkil edir.
Cədvəl 1.
Azərbaycanın tədqiqat kəndlərində ev təsərrüfatlarının maliyyə nəticələri
Dostları ilə paylaş: |