Tenuikol sistiserkoz (incəboyun)
Bu helmintozu – Taenia hydatigena adlı lentşəkilli helmintin sürfə mərhələsi – Cysticercus tenuicollis tərəfindən törədilir. Parazit qarın boşluğunda müsariqə və digər orqanlarda yerləşir. Xəstə heyvanda sürfələr çözdə, piylikdə və qaraciyərdə məskən salır. Əsasən qoyun və donuz yoluxur. Bəzən qaramal, at, dəvə və insanda müşahidə olunur.
Morfologiyası. Ən iri sestodlardan olub, boyu 1-5 m-ə çatır. Amil yumurtavarı kisəciyi xatırladır. Daxilində şəffaf maye və bir başcıq yerləşir. Başcıqda 28-40 qarmaq və sormac vardır. Nazik uzun boyuncuğu olan başcığı adi gözlə görmək olur. Orqanlara uzun boyunları vasitəsilə bənd olduqlarına görə - incəboyun sistiserk deyirlər. Helmintin cinsi yetkin mərhələsi it, canavar, tülkü və başqa yırtıcıların nazik bağırsağında parazitlik edir. Helmintin 500-700 enli buğumu olur.
İnkişafı. Yırtıcı heyvanlar amili buğumlarla xarici mühitə yayırlar. Qoyun və donuzlar yem və su vasitəsilə alimentar yolla yoluxurlar. Orqanizmə düşmüş yumurtalar 1-2 aydan sonra çözdə, qaraciyərdə, piyliklərdə sürfəyə çevrilir.Belə orqanları itlər və canavarlar yedikdə yoluxurlar. Parazit 1-2 ay ərzində orqanizmdə yetkinləşir.
Əlamətləri. İncəboyun sistiserkoz iti və xroniki gedişli xəstəlikdir. İti gedişdə cavan sistiserklər qaraciyərdə miqrasiya edib qarın boşluğuna çıxdıqda baş verir. İti gediş zamanı helmintin sürfəsi qaraciyəri xeyli zədələyir, qansızıntılı iltihabına səbəb olur. Quzuların ağzından selik axır, temperatur yüksəlir, narahatlıq, donuqluq, iştahasızlıq, tənəffüs və nəbzin tezləşməsi, qarın nahiyəsində ağrılar və ishal baş verir. Xəstəlik ölümlə nəticələnə bilər. Cavan sistiserklər qaraciyəri tərk etdikdən sonra xəstəliyin xroniki gedişi başlayır və kliniki əlamətlər gözə çarpmır. Xroniki gediş zamanı arıqlama və inkişafdan qalma müşahidə edilir.
Diaqnoz. Diri ikən diaqnoz qoymaq mümkün deyil. Ölmüş heyvanların cəmdəklərini yararaq, paraziti görmək olar. Seroz örtüklərindəki iri sistiserklər asanlıqla seçilir. Cavan sürfələri tapmaq üçün qaraciyər əllə ovxalanır, xırdalanır və sonra ardıcıl yuma yolu ilə alınmış çöküntüyə lupa altında baxılır.
Müalicə. Xəstəliyin müalicə üsulu öyrənilməmişdir. Sürfə halında olan parazitə qarşı mübarizə tədbirləri hələlik hazırlanmayıb. İtlərin sağlamlaşdırılması üçün filiksan, arekolin, hidrogen-bromid, kamala preparatları daha təsirli sayılır.
Antihelmintlər verilməzdən əvvəl itlər 16-20 saat ac saxlandı.
Dipilidioz
Xiyar zəncirvarisi kimi tanınan – Dipilidium caninum itdə, canavarda, pişikdə və s. heyvanlarda, insanlarda parazitlik edir. Lentşəkilli helmintdir.
Morfologiyası. Sestodun boyu 50 sm, eni 3 mm-ə yaxındır. Başcığında 4 əmziyi və ətrafında 3-4 cərgə qarmaqcıq düzülmüş xortumcuğu vardır. Gövdəsi 1200-ə qədər buğumdan ibarətdir. Yetkin buğumlar xarici görkəminə görə xiyar toxumunu xatırladır.
İnkişafı. Xəstəliyin aralıq sahibi birə və tükyeyənlərdir. İt, pişik və s. heyvanlar qurdun yumurtalarından yoluxmuş birələri yedikdə xəstəliyə tutulur. Udulmuş aralıq sahiblər, mədə-bağırsaqda əriyir və daxilindən sistiserklər azad olub cinsi yetkin formaya qədər inkişaf edirlər. Xarici mühitə düşmüş yumurtaları birə və tükyeyən udur.
Yayılması. Heyvanlar ilin bütün fəsillərində yoluxurlar. Bir heyvanda helmintin miqdarı 100-ə çatır. Xarici mühitə düşmüş hər bir buğumda 3000-ə qədər yumurta olur.
Dostları ilə paylaş: |