Ördəklərin və qazların exinostomatidozları
Respublikamızın müxtəlif rayonlarında ev quşları arasında, xüsusilə ördək və qazlarda exinostomatidlərin 15 növü parazitlik edir. Onlardan ən patogen olan – Echinostoma revolutum daha geniş yayılıb. Parazit çox zaman nazik, bəzən isə yoğun bağırsaqda parazitlik edir.
Morfologiyası. Exinostomatidlərin uzunluğu 3-13 mm, qırmızı rəngli trematoddur. Qarın sormacı çox yaxşı inkişaf edib və ağız sormacından 5 dəfə böyükdür. Yumurtası iri, bir tərəfi qapaqlı, sarı-qızılı rənglidir.
Biologiyası. Əsas sahibi ev və vəhşi su quşları, aralıq sahib- şirin su ilbizləri və əlavə sahib - qurbağalar, çömçəquyruqlar. Su quşları metaserkarilərlə sirayətlənmiş qurbağa və çömçəquyruq yedikdə yoluxurlar.
Yayılması. Respublikamızda xəstəlik ən çox ördəklər arasında müşahidə edilir. Xəstəliyə 2 aylıqdan yuxarı ördəklər yoluxurlar. Onlar exinostomoza sentyabr-oktyabr aylarında daha çox tutulur. Qışda quşlar parazitdən nisbətən azad olur. Çünki yetkinləşmiş qurdlar tədricən xaric edilir. Metaserkarilər qışlaya bilərlər. Suda və ölmüş ilbizlərin bədənində 6 həftəyə qədər diri qalır.
Əlamətləri. İntensiv yoluxma zamanı xəstə quşların inkişafı dayanır, ishal olur, arıqlayır, cavan quşlar ölür, yaşlı quşlar yumurtadan kəsilir.
Diaqnoz. Xəstəliyə quşlar diri ikən ardıcıl yuma üsulu ilə kalda helmintin sürfələrinin, quş öldükdən sonra isə onun bağırsağında exinostomatidlərin tapılmasına əsasən qoyulur.
Müalicəsi. Xəstəliyin müalicəsində 4-xlorlu karbon, arekalin, filiksan və benzindən istifadə edilir (3-5 ml benzin B-70 daxilə verilir). Quşların kalı biotermiki üsulla zərərsizləşdirilməlidir.
Dostları ilə paylaş: |