Diaqnoz. Quşlar sağ ikən Fülleborn üsulu ilə koproloji müayinə aparıb helmintin yumurtasını tapmaqla diaqnoz qoyulur.
Müalicə. Nilverm və ya tetramizol qazın hər kq çəkisinə 0,04 q yeməqarışdırıb verilir (səhər). 4-xlorlu karbon 3 həftədən – 1 aya qədər cücələrin hər başına 1 ml; 1-2 aya qədər quşların hər başına 4 ml və yaşlı quşların hər başına 5-10 ml daxilə tətbiq edilir. Bunlardan başqa piperazin-sulfat və piperazin ditiokarbonat da yaxşı nəticə verir.
Ördək və quşların drepanidoteniozu
Törədici - Drepanidotaenia lanceolata və Dr.przewalski.
Respublikamızda parazitin birinci növü daha geniş yayılmışdır. Hər iki növ bağırsaqda parazitlik edir.
Dr.lanceolata – lentvarı, iri, açıq-sarı rəngli parazitddir. Bu sestodun uzunluğu 200 mm, eni isə 10-12 mm olur. Onun başcığında 8 ədəd qarmaq və 4 ədəd sormac yerləşir. Helmintin yumurtaları çox xırda və 4 qat pərdə ilə örtülü olurlar.
İnkişafı. Biohelmintdir. Aralıq sahibi – sikloplar, diaptomuslar və ilbizlərdir. Yoluxmuş quşun (qaz, ördək) bağırsağından daim ağ rəngli yumurtalara dolu yetişkən buğumcuqlar qopur. Yumurta suya düşüb xərçənglər tərəfindən udulur. Aralıq sahibinin bədənində yumurtadan rüşeym (sistiserkoid) çıxır və inkişaf edir. Quşlar aralıq sahibini udduqda yoluxurlar. Sistiserkoidlər quşun quşun bağırsağında 8-9 ay yaşayırlar.
Yayılması. Bu xəstəliyə Azərbaycanın bütün zonalarında il boyu təsadüf edilir. Dekabr-yanvar aylarında yoluxma azalmağa başlayır. Xəstəliyin əsas mənbəyi suda üzən quşlardır.
Əlamətləri. Helmintlər öz sormacları və qarmaqları vasitəsilə quşların bağırsaqlarının selikli pərdəsini dağıdırlar. Onlar quşların yedikləri yemlərin qidalı hissəsini sorur və maddələr mübadiləsi nəticəsində özlərinin buraxdıqları ifrazatla orqanizmə toksiki təsir göstərirlər. Cavan qurdlarda əlamətlər (15 günlükdən 3-5 aylığadək) daha aydın görünür. İştahasızlıq, susuzluq, kalın rəngi bozumtul və ya göyümtül olur. Sinir sistemində pozğunluq müşahidə olunur, quş hərəkətini itirir, yıxılıb-qalxır və quyruğunun üstündə oturur. Axşamlar boynunu uzadır, dimdiyini açıb başını silkələyir, tükləri pırpızlaşır, kloakanın ətrafına duru kal hissələri yapışır.
Diaqnoz. Quş diri ikən kalda helmintin özünü, quşun bir günlük kalını toplayaraq ardıcıl yuma üsulu ilə müayinə edib helmint buğumlarını və çökdürmə üsulu ilə kalda helmint yumurtalarını tapmaqla diaqnoz qoyulur. Quş öldükdən sonra yarma üsulu ilə bağırsaqlarda yetkin drepanidoteniyaları tapmaqla diaqnoz qoyulur.
Müalicəsi. Drepanidoteniozun müalicəsində filiksan, arekalin, kamala, qabaq toxumunun unu, erkək ayıdöşəyi kökünün cövhəri + təmizlənmiş skipidarın bitki yağı ilə qarışığı tətbiq edilir. Bütün dərmanlar quşlara ac qarnına verilməlidir.