Helmint əleyhinə tədbirlər
1.Karantin tədbirlər. Salamat təsərrüfatlarda xəstəliyin qarşısının alınmasında helmintokoproloji müayinələr ən vacib tədbirlərdən sayılır. Gətirmə heyvanların hamısı bir təsərrüfatdadırsa, onlardan bir neçəsini yoxlamaqla kifayətlənmək olar, müxtəlif təsərrüfatlardan olan heyvanların isə hamısı bir-bir müayinədən keçirilməlidir.
2.Ümumi profilaktiki tədbirlər – heyvanın saxlanılma, qulluq, baxım, yemləmə və suvarılma şəraitinin yaxşılaşdırılmasından ibarətdir. Heyvanlara zülal, sulu karbon, vitamin və mineral maddələrlə zəngin olan yemlər verildikdə orqanizmin ümumi müqaviməti artır və onlar zəif yoluxurlar. Yod, kobalt, mis və s. mikroelementlərlə təmin olunmuş heyvanların orqanizmi ağciyər və mədə-bağırsaq nematodlarına, “A” vitamini ilə təmin olunmuş quş orqanizmi isə askaridioza qarşı daha müqavimətli olur. Suvatların ətrafında bataqlıqların əmələ gəlməsinin qarşısı almaq üçün onların ətrafı beton, daş və ya çınqılla döşənməlidir.
Pəyə şəraitində saxlama zamanı yoluxma ehtimalı xeyli azalır, aralıq və əlavə sahibin binaya girməsi məhdudlaşdığından biohelmintozlara tamamilə təsadüf edilmir. Orqanizmi tərk etmiş yumurta və sürfələr adətən bina şəraitində yaşaya bilmir. Lakin heyvanlar və quşlar binalarda bir neçə helmintozlarla yoluxa bilərlər (askaridoz, oksiuroz, bunostomoz və s.). çünki bu helmintozların yumurta və sürfələri bina şəraitində inkişaf edirlər. Helmint yumurtaları və sürfələrini məhv etmək üçün peyin yığılıb zərərsizləşdirilir. Soyuq üsulla zərərsizləşdirilərkən hər tona 20 kq superfosfat qarışdırılır. İsti üsulla (biotermiki) isə hər gün fermada olan peyin kütləsi xüsusi anbarlara tökülməli, üstü küləş və torpaqla örtülməlidir. Peyin bir yerə yığılıb saxlandıqda onun daxilində 700C istilik əmələ gəlir və peyin alışır. Həm də yanmış peyin bitkilər üçün kübrə hesab olunur. Bundan başqa leşlərin utilizasiyası və zərərsizləşdirilməsi də aparılır.
3.Otlaq şəraitində profilaktika. Parazit xəstəliklərlə yoluxma əksər hallarda otlaq şəraitində baş verir. Torpağın şumlanması, əkmə otlaqlardan istifadə edilməsi heyvanların yoluxma ehtimalını azaldır. Çünki torpağın çevrilməsi, kol-kosun qırılması, yerin hamarlanması və birbaşa günəş şüaları ərazinin sağlamlaşmasına imkan verir. Meşə və otlaqların kol-koslu yerləri təhlükəli hesab olunur. Çünki aralıq sahibinin daldalanması və inkişafı üçün nəmlik və temperatur əhəmiyyətli rol oynayır.
Dostları ilə paylaş: |