Fiziki cəza – döymək. Pedaqoji fikir tarixində ən çox mübahisə doğuran məsələlərdən biri də tərbiyədə fiziki cəzanın tətbiqi məsələsidir. Fiziki cəzanı qəti rədd edən; onun tətbiqini zəruri sayan; və «sevə-sevə, əzizləyə-əzizləyə döyməyi» mümkün hesab edən pedaqoqlar olmuşdur. Xalq pedaqogikasında isə məsələnin konkret həlli vardır: «Döyülmək qorxusu döyülməkdən qüvvətli təsir gücünə malikdir. Əgər uşağı döymək zəruridirsə, mütləq döyməlisən, amma onu özünə adət etməməlisən. Əks halda hörmət yox, nifrət formalaşdırarsan».
Təsadüfi deyildir ki, davranış və əxlaq haqqında mükəmməl fikirlərini xalqdan alan və əsərlərindən uzun əsrlər boyu əxlaq dərsliyi kimi istifadə edilən Nəsirəddin Tusi uşağı döymək haqqında yazırdı: «Uşağı birinci dəfə döymək az, lakin bərk olmalıdır ki, gözü qorxsun, o qələti etməyə bir də cəsarəti çatmasın» (5, 159).
Cəzalandırma üsullarına qısa yekun olaraq demək olar ki, cəza tətbiqi çox məsuliyyətli pedaqoji təsirdir. Etnopedaqoji materialların araşdırılması göstərir ki, xalq tərbiyəsində bu iş elə qurulmuşdur ki, istifadə olunan bütün cəza növləri yalnız müsbət mənada tərbiyə məqsədlərinə xidmət etsin. Çünki tərbiyə prosesindən gözlənilən nəticə müsbət davranış təcrübəsinin formalaşmasıdır. Çalışmaq lazımdır ki, uşaq cəzanı tərbiyə edənlərin ona qarşı münasibəti kimi deyil, öz davranışlarının nəticəsi kimi qəbul etsin.
3.4.
3.4. Tərbiyədə nümunədən istifadə
Tərbiyə işində nümunənin xüsusi mövqeyi və rolu vardır. Tərbiyə sahəsində müəyyən prinsip, qanun, üsullardan istifadə etmək məqsədə nail olmaq üçün kifayət etsə idi, onlarla tanış olan hər bir kəs istənilən tərbiyə vəzifəsinin öhdəsindən gələrdi. Lakin tərbiyə çox mürəkkəb və çətin bir işdir. Bütün digər məsələlərlə yanaşı tərbiyə etmək həm də ona görə çətindir ki, tərbiyə olunan şəxs şüurlu məxluqdur. Ona deyiləni, müxtəlif öyüd-nəsihəti, tapşırığı, bir anda qəbul etmir, tətbiq olunan cəza və rəbğətləndirmə tədbirinin əsl məqsədini pedaqoji aktın gedişində dərhal anlamır. Hər bir pedaqoji təsiri öz gördükləri, həyatda rastlaşdıqları ilə müqayisə edir, bu qaydalara əksər adamların, xüsusilə onun rəğbət bəslədiyi adamların əməl etdiklərini gördükdən sonra isə onları özünün davranış normalarına çevirir.
Buna görə də gündəlik həyat və məişətlə birgə aparılan xalq tərbiyəsi, xalq pedaqogikası tərbiyə edənin öz ddediyinə özünün əməl etməsini zəruri sayırdı. Xalq pedaqogikasında nümunə təkcə tərbiyəçinin öz dediyinə əməl etməsi ilə bitmir. Uşaq onun həm də demədiyi, amma gündəlik davranışında həmişə büruzə verdiyi keyfiyyətlərdən də nümunə götürür. Nəhayət, nümunənin başqa bir xüsusiyyəti də budur ki, uşaq təkcə tərbiyəçidən deyil, ətrafda baş verənlərin hamısından nümunə götürür.
Məsələn, ailənin bütün yaşlı üzvlərinin evə qayıdarkən bir-biri ilə salamlaşdığını görən uşaq da onlarla salamlaşır. İlk dövrlərdə belə salamlaşma təqlid xarakteri daşıyırsa da, sonralar bu hərəkətin ailədəki qarşılıqlı hörmət və nəzakətin ifadəsi olduğunu başa düşür və bu ənənəyə şüurlu surətdə əməl etməli olur.
Tərbiyənin bu mühüm üsulu barədə yetərli sayda etnopedaqoji materiallardan misallar gətirmək olar. Bəzi atalar sözlərinə nəzər salaq:
«Atalar nə əkiblər, oğullar onu biçirlər», «Ata tökəni bala yığır», «Ananın keçdiyi körpüdən qızı da keçər», «Böyük böyüklüyünü bilməsə, kiçik kiçikliyini bilməz», «Qız anadan görməyincə, süfrə açmaz», «Dünya «gör-götür» dünyasıdır».
Nümunə körpəlik dövründə ilk əvvəl valideynlərə bənzəmək istəyi ilə, onları yamsılama təşəbbüsləri ilə başlayıb, daha sonra ətrafdakı bir çox insana oxşamaq, onları təqlid etmək arzusu ilə davam edir və sonra da bütövlükdə xalq adətlərinin mənimsənməsi ilə davam edir.
Xalq arasında nümunənin böyükdən kiçiyə əsl davranış ərməğanı olduğuna dair bir misala nəzər salaq:
Qazan sağın baxdı, qah-qah güldü. Soluna baxdı, çox sevindi. Qarşısına baxdı, oğlu Uruzu gördü. Əlini əlinə çalıb ağladı.
Oğlanın üzünə baxdı. Çağırıb söyləyir, xanım, görək, nə söyləyir:
Bəri gəl, qulunum oğul!
Sağ tərəfə baxanda mən
Qardaşım Qaragünəni gördüm –
Baş kəsib – qan tökübdür,
haqqını alıb, ad qazanıbdır.
Sol tərəfə baxdıqda
dayım Aruzu gördüm, -
Baş kəsib – qan tökübdür,
haqqın alıb ad qazanıbdır.
Qarşıma baxanda səni gördüm.
On altı yaşın oldu,
Bir gün ola, düşüb öləm, sən qalarsan;
Yay çəkməmisən, ox atmamısan,
baş kəsməyibsən, qan tökməyibsən.
Qanlı Oğuz yurdunda bir mükafat almayıbsan.
Sabahkı gün vaxt gələr, mən ölüb sən qalanda taxt-tacımı birdən sənə verməzlər, - deyə sonumu andım, ağladım, oğul! – dedi.
Uruz burada söyləmiş, görək, xanım, nə söyləmişdir:
A bəy ata!
Dəvəcə böyümüşsən, köşəkcə ağlın yox!
Təpəcə böyümüşsən, darıca beynin yox!
Hünəri oğul atadanmı görər, öyrənər,
Yoxsa atalar oğuldanmı öyrənir?
Sən məni götürüb haçan kafir sərhədinə çıxardın,
qılınc çalıb baş kəsdin?
Mən səndən nə gördüm ki, nə öyrənim? – dedi..
SUAL VƏ TAPŞIRIQLAR
Xalq tərbiyəsinin əsas üsulları hansılardır?
Əxlaqi şüurun formalaşmasına xidmət edən üsulların üstünlüyü nədədir?
«Davranış təcrübəsinin formalaşmasına xidmət edən üsullar» nə deməkdir?
Dərslikdə adı çəkilməyən, stimullaşdırıcı üsul fikirləşə bilərsinizmi?
Cəmiyyətdə hansı davranışı nümunə hesab etmək olar?
Sizin müsbət davranışınız üçün böyüklərin daha çox hansı tərbiyə üsullarını tətbiq etdiyi barədə yazın.
III FƏSLƏ AİD ƏDƏBİYYAT
Azərbaycan dastanları. I c., Bakı, 2005.
Həşimov Ə. Pedaqogika kursunun tədrisində xalq hikmətindən istifadə. Bakı, 1991, 240 səh.
«Kitabi-Dədə Qorqud». Bakı, 1988, 265 səh.
Mahmut Kaşğarlı. «Divani-lüğat-it Türk». Ankara.
Xacə Nəsirəddin Tusi. «Əxlaqi – Nasiri». Bakı, 1989, 256 səh.
Dostları ilə paylaş: |