Mövzu: XIV Məktəbəqədər yaşlı uşaqların oyunları
Plan:
Didaktik oyunlar
Sujetli-rollu oyunlar
Qaydalı oyunlar
Didaktik oyunlar yüksək tərbiyəvi və öyrədici xüsusiyyətə malikdir. Didaktik oyun uşaqların zehnini inkişaf etdirən üsullardan biridir. Bilik, bacarıq və vərdişlərə nail olmaq və onları möhkəmləndirmək üçün uşaqdan dəfələrlə təmrinlərin təkrar olunması tələb olunur. Didaktik oyunun başlıca xüsusiyyəti qaydadadır. Qaydanın həyata keçirilməsi oyunun məzmununun həyata keçirilməsidir. Didaktik oyunun əhəmiyyəti aşağıdakılardan ibarətdir:
Didaktik oyunda ətrafdakılar haqqında təsəvvürlər dəqiqləşdirilir, möhkəmləndirilir və genişləndirilir.
Hər bir didaktik oyunda təfəkkür nitq inkişaf edir və əqli fəaliyyət formalaşır.
Didaktik oyunlar əxlaq tərbiyəsi vasitəsidir. Bu oyun uşaqlarda dözümlülük, intizam, qaydalara ciddi riayət etmək, düzlük, doğruçuluq və s. əxlaqi keyfiyyətlər formalaşdırır.
Xarakterinə görə didaktik oyunlar 3 qrupa bölünür:
Oyuncaqlarla oyunlar;
Stolüstü çap oyunları;
Şifahi oyunlar.
Birinci növ oyunlar uşaqların oynadığı əşyaların qavranılması ilə bilavasitə əlaqədardır.
İkinci növ oyunlar əşyanın ancaq təsviri ilə verilir.
Üçüncü növ oyunlar isə təsəvvürlərə əsaslanır, oyun zamanı əşya uşağın gözü qarşısında olmur.
Yaradıcı oyun anlayışı sujetli-rollu, dramlaşdırılmış oyunu və tikinti-quraşdırıcı (konstruktor) oyunu əhatə edir.
Sujetli-rollu oyunlar məktəbəqədər yaşlı uşaqlarla yaşlıların əlbir fəaliyyəti nəticəsində təşkil olunur. Bu oyunlar güclü emosionallığı olmaqla uşaqlarda müstəqillik, fəallıq yaratmaq və yaradıcılıqlarını formalaşdırmaq baxımından çox faydalıdır.
Sujetli-rollu oyunlarda təsəvvürlər də fəal iştirak edir. Bu rolun xarakterindən, müxtəlif əşyalardan istifadə zamanı baş verir. 3 yaşlı uşaqların fəaliyyətində sujetli oyunlar geniş yer tutur. Bu oyunlarda uşaqlar Milli Ordumuzun döyüş qabiliyyətini əks etdirirlər. buna görə də sujetli-rollu oyunlar zənginliyi ilə fərqlənir, uşaqlarda şən əhval-ruhiyyə yaradır. Onlar oyunlarında ətrafda gördüklərini olduğu kimi əks etdirməyə çalışırlar.
Sujetli-rollu oyunlar kollektiv xarakter daşıyır. Belə oyunda admlar arasında qarşılıqlı əlaqə, kömək, geri qalana yardım göstərmək kimi əxlaqi və humanist keyfiyyətlər aşılanır. Kollektiv xarakterli sujetli-rollu oyunlar uşaqlarda yoldaşlıq münasibəti yaradır.
Sujetli-rollu oyunlarda razılaşmağı, rolları bölməyi, öz hərəkətlərini uyğunlaşdırmağı öyrətmək üçün böyüklərin oyuna rəhbərliyi zəruridir.
Qaydalı oyunlar uşaq həyatına yaşlılar tərəfindən gətirilir. Oyunun məzmununun və qaydalarının mürəkkəbliliyindən asılı olaraq belə oyunlar əsasən folklorlardan qidalanır. Məzmunca zəngin, formaca rəngarəng, sadə yumoru olan belə oyunlar müasir pedaqoqlar tərəfindən indi də yaradılır və təqdir edilir.
Qaydalı oyunların yüksək təlim-tərbiyə əhəmiyyəti vardır. Bu oyunlar uşaqların hərəkətlərini inkişaf etdirir, onların təbiətlə, ətraf hadisələrlə yaınlığını təmin edir. Qaydalı oyunlar da öz növbəsində mütəhərrik və didaktik olmaqla 2 yerə bölünür.
Qaydalı mütəhərrik oyunlar hazır məzmuna malik və ciddi ardıcılıqla oynanılır. Bu oyunlarda uşaqların qarşısında müəyyən hərəkətlər- topu tutmaq, yoldaşa çatmaq və s. təkrar etmək tələb edən vəzifə qoyulur.
Dostları ilə paylaş: |