FƏSİL 9 MƏHƏBBƏT DİLİNİZİ NECƏ MÜƏYYƏN ETMƏLİ
Həyat yoldaşınızın hansı dildə danışdığını müəyyən etməyiniz vacibdir. Əks halda, siz onun məhəbbət kasasını doldura bilməyəcəksiniz. Ancaq gəlin əvvəlcə sizin hansı məhəbbət dilində danışdığınızı öyrənək. Bəzi insanlar yalnız məhəbbətin beş dilinin adını —
Sözlə ruhlandırma
Vaxt ayırma
Hədiyyələr
Kömək etmək
Toxunuş
Eşidəndə, özünün və həyat yoldaşının hansı dildə danışdığını dərk edir. Digərləri üçün bu, bir az çətin olur. Məsələn, Ohayo ştatında Parma Haytda tanış olduğum Bob mənə dedi:
— Tam əmin deyiləm. Amma deyəsən, məhəbbətin beş dilindən ikisi mənə uyğundur.
— Hansılar?
— Toxunuş və sözlə ruhlandırma.
— Sizcə, toxunuş dili nədir?
— Mm... Deyəsən, seks.
— Bəs arvadınız sizin saçlarınızı oxşayanda, kürəyinizi masaj edəndə, əlinizdən tutanda, sizi qucaqlayıb öpəndə onun toxunuşları sizə xoş gəlirmi?
— Bəli. Amma seks əsasdır. Onda əmin oluram ki, o, həqiqətən də məni sevir.
Mən bu mövzunu müvəqqəti kənara qoyub soruşdum:
— Siz dediniz ki, sizin üçün sözlə ruhlandırma vacibdir. Bəs həyat yoldaşınızdan hansı sözləri eşitmək sizin xoşunuza gəlir?
— İstənilən tərifi. O deyəndə ki: «Səni sevirəm, sən necə də yaraşıqlısan, ağıllısan, zəhmətkeşsən, ev işlərində mənə kömək edir, uşaqlarla məşğul olursan» — elə bil bütün dünyanı mənə bağışlayırlar.
— Uşaqlıqda valideynləriniz də sizi belə tərifləyirdilər?
— Hərdən bir. Çox vaxt danlayırdılar. Onlar çox tələbkar idilər. Düşünürəm ki, Kerol mənim yaxşı xüsusiyyətlərimi qeyd etdiyinə görə xoşuma gəlib.
— Bəs Kerol sizin seksdə bütün tələbatlarınızı ödəsə, heç vaxt bu sahədə etiraz etməsə, amma deyinsə, həmişə narazılıq etsə və yad insanların yanında sizi tənqid etsə, onun sizi sevdiyinə əmin olacaqsınızmı?
— Əlbəttə, yox. Bu ki xəyanətdir. Xətrimə möhkəm dəyərdi.
— Bob, məncə, sizin doğma məhəbbət diliniz — sözlə ruhlandırmadır. İntim münasibətlər sizin üçün çox vacibdir, çünki arvadınızla birlikdə olanda, yaxınlıq hiss edirsiniz. Amma hər halda onun sizi bəyənməyi daha vacibdir. Əgər o, həmişə deyinsəydi, sizi alçaltsaydı, bir gün siz onunla yaxınlıq etməkdən imtina edəcəkdiniz. Çünki ağrının səbəbini arvadınızda görəcəkdiniz.
Bob arvadı onu seksual cəhətdən çox cəzb etdiyinə görə məhəbbət dilinin toxunuş olduğunu düşünürdü. Kişilər çox vaxt belə səhvə yol verir. Çünki onların istəkləri fiziologiyaya əsaslanır. Kişilərdə cinsiyyət meyli spermanın və toxum mayesinin yaranması ilə stimullaşdırılır. Toxum qovuqcuğu dolur və kişi seksual əlaqəyə can atır.
Qadınların cinsiyyət meyli fiziologiyaya deyil, hisslərə əsaslanır. Onların seksual istəkləri emosiyalardan asılıdır. Qadın ərinin sevgisini və onu qiymətləndirdiyini hiss edəndə, onunla fiziki yaxınlığı arzulayır. Əgər emosional yaxınlıq yoxdursa, o, fiziki yaxınlığa da can atmır.
Bir halda ki, kişidə daim cinsi meyllilik yaranır, o, doğma məhəbbət dilinin toxunuş olduğunu hesab edir və beləcə səhvə yol verir. Əgər sekslə nəticələnməyən toxunuşa ehtiyac duymursunuzsa, deməli, bu dil sizə yaddır. Məhəbbətdə cinsi meyillilik və emosional ehtiyac — fərqli şeylərdir. Bu o demək deyil ki, seks sizin üçün əhəmiyyətli deyil. Təbii ki, əhəmiyyətlidir. Amma təkcə cinsi münasibətlər sevgiyə olan ehtiyacı təmin etmir. Arvadınız sizin məhəbbət dilinizdə danışmalıdır.
Ər-arvad ümumi dil tapanda, onların məhəbbət kasaları dolur, intim münasibətləri bərpa olunur. Demək olar ki, seksual problemlər emosional ehtiyaclar təmin olunmayanda başlayır. Onların fiziologiya ilə bağlı heç bir əlaqəsi yoxdur.
Demək olar ki, seksual problemlər emosional
ehtiyaclar təmin olunmayanda başlayır.
Onların fiziologiya ilə bağlı heç bir əlaqəsi yoxdur.
Bob fikirli-fikirli dedi:
— Yəqin ki, siz haqlısınız. Mənim məhəbbət dilim sözlə ruhlandırmadır. Arvadım mənə sərt cavab verəndə, deyinəndə, ona qarşı hisslərim soyuyur. Hətta başqa qadınlar haqqında düşünməyə başlayıram. Amma mənimlə fəxr etdiyini deyəndə, məni qiymətləndirəndə, mənə başqa heç kim lazım olmur.
Beləcə Bob öz doğma məhəbbət dilini müəyyən edə bildi. Bəs siz hansı dildə danışırsınız?
Nə vaxt sevildiyinizi hiss edirsiniz? İstəyiniz nədən ibarətdir? Əgər bu kimi suallara cavab verməkdə çətinlik çəkirsinizsə, onda məsələnin əks tərəfinə baxaq. Sizi ən çox incidən nədir?
Əgər həyat yoldaşınızın tənqid və ittihamları sizi üzürsə, onda doğma məhəbbət diliniz sözlə ruhlandırma ola bilər. Əgər doğma məhəbbət diliniz sizin əleyhinizə tətbiq edilirsə, bu, ürəyə saplanmış bıçaq kimidir. Fikirləşirsiniz ki, kaş həyat yoldaşınız bu dildə, ümumiyyətlə, danışmayaydı.
Ontario ştatında Kitçenerdən olan Meri etiraf etdi:
— Doktor Çepmen, Ron mənə evdə kömək etmək üçün barmağını belə tərpətmir. Bu, məni elə incidir ki... Mən işləyirəm, o isə televizora baxır. O məni sevsəydi, başqa cür davranardı.
Merinin ən çox qanını qaraldan ərinin ona kömək etməməsi idi. Bu, onun doğma məhəbbət dilini bizə müəyyən etməyə kömək etdi. Onun danışdığı dil — kömək idi. Əgər həyat yoldaşınız sizə hədiyyə almadığına görə küsürsünüzsə, onda sizin məhəbbət diliniz hədiyyə ola bilər. Onun sizinlə az vaxt keçirməsi sizi incidirsə, onda məhəbbət diliniz — vaxtdır.
Bu məsələyə digər tərəfdən də yanaşmaq olar. Tez-tez həyat yoldaşınızdan nə xahiş etdiyinizi xatırlayın. Çox güman ki, xahişləriniz doğma məhəbbət dilinizlə bağlıdır. Həyat yoldaşınız isə onları şikayət kimi qəbul edə bilər. Əslində isə siz məhəbbət diləyirsiz.
Bu yanaşma İndiana ştatında Merivildə tanış olduğum Elizabetə kömək etdi. Seminar qurtaranda, o dedi:
— On illik evlilik həyatımızda Piterdən tez-tez nə istədiyimi xatırladım. Burada hansı dildə danışdığımı başa düşdüm. Həmişə Piterdən xahiş edirdim ki, mənə vaxt ayırsın. Mən təbiət qoynuna çıxmaq, istirahət günlərini birlikdə keçirmək, televizoru söndürüb heç olmasa bir saat söhbət etmək və bir yerdə gəzmək istəyirdim. Elə düşünürdüm ki, ərim məni sevmir, çünki o, bu xahişlərimi nadir hallarda yerinə yetirdi. O mənə gözəl hədiyyələr verirdi, amma nə üçün sevinmədiyimi anlamırdı.
Seminarda biz məsələnin nə yerdə olduğunu başa düşdük. Ərim mənə vaxt ayırmadığına görə üzr istədi. O, söz verdi ki, indi hər şey başqa cür olacaq. Mən ona inanıram.
Məhəbbət dilini müəyyən etməyin üçüncü üsulu da var. Məhəbbətinizi ifadə edəndə nə etdiyinizi yadınıza salın. Yəqin ki, həyat yoldaşınızdan da eyni addımı gözləyirsiniz. Əgər siz kömək etməyə can atırsınızsa, ola bilsin ki, sizin diliniz — köməkdir. Amma kömək etmək istəyi həmişə məhəbbət dilinizin kömək olduğunu göstərmir. Əgər sözlə ruhlandırma sizin üçün böyük əhəmiyyət kəsb edirsə, çox ehtimal ki, tez-tez həyat yoldaşınızı tərifləyəcəksiniz. Özünüzdən soruşun: «Mən öz məhəbbətimi necə ifadə edirəm?»
Dostları ilə paylaş: |