Cəddin haqqı, səni öldürərəm
Əbdülnasirin ölümünə görə hərbçinin necə sevindiyini söylədim. İndi isə ozamankı hərbçilərə hakim olan zehniyyəti göstərmək üçün başqa bir hadisəni söyləyəcəyəm.
Həbsxananın dustaqları arasında Azərbaycan vilayətindən türkdilli bir çavuş vardı. O, əhəmiyyətsiz bir səbəbdən altı ay azadlıqdan məhrum edilmişdi. Çay hazırlayıb dustaqlara satmaq üçün tualetlərin yaxınlığında ona kiçik bir yer vermişdilər. Onunla türkcə danışdığıma görə aramızda bir növ dostluq münasibəti yaranmışdı. Hərbçilər oraya toplaşıb çay içirdilər. Əlbəttə, onların toplantılarında iştirak etmirdim, mənə kameradan çıxmaq qadağan idi. Heç oraya getməyə həvəsim də yox idi. Eyni zamanda həmin çavuşun müştərilərindən idim. O, çayı kamerama gətirirdi, mən də pulunu verirdim. Beləliklə, bu üç amil – məhbusluq, müştərək dil və yaxşı müştəri olmam aramızda yaxşı münasibət yaratmışdı.
Bir səhər digər dustaqlarla birgə açıq havada idik. Hərdən bizə günəş altında gəzməyə icazə verirdilər. Adətən, həyətin bir küncündə otururdum, hərbçilər də başıma yığışırdılar. Mən əhvalat, xəbər və maraqlı hadisələr danışıb onların başlarını qarışdırırdım. Bir gün onda aktual olan kommunistlərdən söhbət düşdü. Onların ilk fəaliyyətləri elə həmin ildə başlanmışdı. Mən həbsxanada olanda bəzi gəncləri kommunist ittihamı ilə oraya gətirmişdilər. Pəhləvi rejimi bu fəaliyyətləri bir az da böyüdürdü.
Çayçı çavuş kommunistlərə çox nifrət edib deyirdi ki, onlar 1946-cı ildə Azərbaycanda müstəqil dövlət quranda çoxlu günahsız adamlar öldürmüşdülər. O, kommunistlərə qarşı ciddi tədbir görmədiyinə görə SAVAK-ı tez-tez qınayır və qətiyyətlə deyirdi: "Əgər SAVAK mənə icazə versə, heç kimin xəbəri olmadan onları bir-bir öldürərəm. Lakin rahat yeyib-yatsınlar deyə, SAVAK onları həbs edir".
Birdən onunla zarafat etmək qərarına gəlib dedim: "SAVAK sənə məni öldürməyə icazə versə, nə edərsən?" Dərhal və qətiyyətlə cavab verdi: "Cəddin haqqı, öldürərəm!"
O, başıma qara əmmamə qoyduğuma görə Peyğəmbər övladlarından olduğumu bilir və cəddimə and içirdi. Onunla çoxlu ortaq cəhətlərimiz də vardı. Bütün bunlarla yanaşı, çox ciddi şəkildə deyirdi ki, öldürərəm.
Bu, ozamankı hərbçilər arasında beyin yuyuntusuna bir nümunə idi.
Bu müddətdə bəzi universitet tələbələrini həbsxanaya gətirdilər. Hakimiyyət Məşhəddə ilk dəfə idi universitet tələbələrini həbs edirdi. Bundan bildim ki, cəmiyyətdə yeni bir canlanma yaranıb və buna çox sevindim. Bayırda nə baş verdiyini bilmək istəyirdim, amma imkan yox idi.
Həmin gəncləri həbsxanaya gətirəndə mənim kamerama ehtiyacları oldu. Məni görüş üçün ayırdıqları böyük otağa yerləşdirdilər. Həbsxanada kamera az idi. Üstəlik, mən təxminən iki ay idi təkadamlıq kamerada qalırdım və onlara görə, bundan artığına ehtiyac yox idi.
Dostları ilə paylaş: |