3. Material ehtiyatlarının mədaxilinin uçotu Müəssisəyə məxsus olan xamalın, materialların, yanacağın, ehtiyat hissələrinin, taraların və digər dəyərlilərin mövcudluğu və hərəkəti haqqında informasiyaları ümumiləşdirmək üçün 201 saylı “Material ehtiyatları” adlı Aktiv sintetik hesabdan istifadə edilir.
Material ehtiyatları əsasən malsatanlardan, təhtəlhesab şəxslərdən və müəssisənin ehtiyacları üçün alətlər, xüsusi ştamplar, qurğular hazırlayan köməkçi istehsalatlardan daxil olur.
Malgöndərən – təşkilat göndərilmiş materiallara ödəmə - tələbnamələri və hesab fakturalar yazır, həmin sənədlər ödənilmək üçün banka təqdim edilir, yaxud müəssisəyə göndərilir.
Materialların anbardan buraxılması limit yığma-(zabor) kartları, aktlar, tələbnamələr, qaimə-tələbnamələr, komplektləşdirici cədvəllər, biçim kartları və s sənədlərlə rəsmiləşdirilir.
İstifadəsi dövri olaraq meydana çıxan (məs., təsərrüfat ehtiyaclarına, cari təmirə və b. məqsədlərə) və ya müəyyən limitdən artıq materialların buraxılışı iki nüsxədə yazılan tələbnamə ilə (M-10, M-11 saylı forma) rəsmiləşdirilir.
Material ehtiyatlarının müəssisə daxilində və kənar təşkilatlara buraxılışını sənədləşdirmək üçün 11 saylı formada iki nüsxədə yazılan qaimə-tələbnamələr tətbiq edilir.
Materialların sərf edilməsinin istiqamətindən asılı olaraq 12, 13 və 15-ci cədvəllərdə, həmçinin 10 və 10/1 saylı Jurnal-orderlərdə əks etdirilən müxtəlif köçürmələrdən istifadə olunur.
Hazırda materialların uçotunun ən mütərəqqi metodu operativ mühasibat (saldo) metodu hesab olunur. Uçotun bu metodu zamanı müəssisənin mühasibatlığı materialın hər bir nomenklatura nömrəsinə anbar uçotunun kartoçkalarını açır və həmin kartoçkalar qeydiyyat Jurnalında imza etdirmək şərtilə anbar müdirinə verilir.
Material ehtiyatları qəbul edildikdən, yaxud istehsala buraxıldıqdan sonra anbar müdiri uçot kartoçkalarda müvafiq qeydlər aparır.
Müəssisədə materialların mühasibat uçotu hər şeydən əvvəl əmək əşyalarının dövriyyəsi və qalıqları haqqında dəyər ifadəsində düzgün məlumatlar əldə etmək məqsədini güdür. Bu məlumatların yüksək keyfiyyətli olması ilk sənədlərin dəqiq doldurulmasına əsaslanır.
Anbarlardan müəssisənin mühasibatına daxil olmuş ilkin sənədlər bir daha yoxlanılır və onlar müvafiq qaydada icmal sənədlərə işlənilir.
Müəssisənin mühasibatında aylar üzrə hər bir il müddətinə materialların qalıq (saldo) uçotu cədvəli (kitabı) açılır və bu sənəddə qruplar üzrə materialların adları, nomenklatura nömrələri, qiymətləri və s. sadalanır. Qalıq siyahısına uyğun olaraq hər ayın birinə onların natural qalıqları (miqdarı) qeydə alınır.