Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri


Yalnız bu mühazirəyə aid ədəbiyyat



Yüklə 1,54 Mb.
səhifə51/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   68
Yalnız bu mühazirəyə aid ədəbiyyat:

1.A.Abdullayev, Y.Ş.Kərimov “İbtidai siniflərdə ana dili tədrisinin metodikası”. “Maarif” 1968.

2. Y.Ş.Kərimov “Ana dilinin tədrisi metodikası”. Bakı, 2010

Mühazirə 12:Əlifba təlimi dövrü

Bu dövrdə onlar səslə hərfi ayırır, oxu texnikası vərdişlərinə yiyələnirlər, söz, heca anlayışları, səslərin növləri, onların arasındakı fərqi öyrənirlər. Bu dövrdə həmçinin şagirdlərin dinləmə və mənimsəmə bacarıqları inkişaf etdirilir. Mətnlər ibtidai siniflər üçün nəzərdə tutulan ana dili fənni üzrə məzmun standartlarına uyğundur.

Yazı texnikası ilə tanışlıq məktəbəqədər dövrdən başlayaraq hazırlıq işləri aparmaqla həyata keçirilir. Şəkillərin çəkilməsi, düzgün rəngləmə, qayçıdan istifadə etməklə müxtəlif aplikasiyaların düzəldilməsi, qələmdən düzgün istifadə kimi hazırlıq mərhələlərində əllər fiziki cəhətdən yazıya hazırlanır, bilək əzələləri möhkəmlənir. İstənilən hərfin yazılması uşaqda çətinlik yaratmır. Savad təliminə hazırlıq dövründə yazı prosesi mükəmməl yerinə yetirilir, bu proses düzgün, ardıcıl, bir-biri ilə bağlı xüsusi elementlər vasitəsilə həyata keçirilir. Yazının öyrədilməsi üçün tərtib olunmuş iş dəftərində uşaqlara hərflərin sadə elementlərinin yazılması üzrə ilkin bacarıqlar öyrədilir.

Bu dövrdə sözlərin hecalara ayrılması, saitlə heca arasında əlaqə müəyyənləşdirilir. Hecaların açıq və qapalı olması haqqında məlumat verilir. Şagirdlərə söz ehtiyatının zənginləşdirilməsi ilə əlaqədar söz birləşmələri, omonim, sinonim və antonim sözlərlə tanışlıq verilir, nitqin inkişafı məqsədilə oxunulan dialoqlar, mətnlər və onlar arasındakı fərqlər müəyyənləşdirilir. Şagirdlər oxu texnikası vərdişlərinə yiyələnirlər. Bu, səs təhlil-tərkib üsuluna əsaslanılır. Əlifba təlimi dövründə aşağıdakı ümumi məqsədlər qoyulur:



  • Şagirdləri səs və hərflə tanış etmək.

  • Şagirdlərə səslə hərfin fərqini başa salmaq.

  • Şagirdləri düzgün oxu texnikası vərdişlərinə yiyələndirmək.

  • Şagirdlərə söz və onun hecaya ayrılmasını başa salmaq.

  • Şagirdləri keçilən səsin iştirak etdiyi sözlərlə tanış etmək.

  • Şagirdlərə səslərin növləri və onlar arasındakı fərqi başa salmaq.

  • Şagirdlərdə dinləmə və anlama bacarıqlarını inkişaf etdirmək.

Əlifba təliminin ilk mərhələlərində daha asan tələffüz olunan və çoxişlək səslər, hecalar və sözlər üzərində sadə iş aparılır və həmçinin şagirdlər oxu və yazı üzrə ilkin vərdişlər qazanırlar. Onlar sözlərin səs quruluşu haqqında təsəvvür əldə edir, lazımi səsləri ayırır, onların sözdəki yerini tapır, ardıcıllığını müəyyənləşdirirlər. Bu mərhələdə а, ə, о, u, ı, i, n, t, r, l, d, s, ş, y hərfləri öyrədilir. Bu dövrdə 2 hərfdən ibarət hecaların hərf-hərf deyil, fasilə vermədən, birbaşa oxunması üçün nənə, lalə, Tutu - tipli sözlərin təhlili üzrə iş aparılmalıdır. Hərflərin, tədricən sözlərin (ana, ata, nənə və s.) çap hərflərlə yazılması faydalıdır. Şagirdlər belə sözləri cəld “çap edirlər”. Beləliklə, onlar həm də oxu üzrə məşq edir, sözün səs-hərf tərkibini qavradıqlarından əl yazısında hərfburaxma, hərfartırma hаllarına yol vermirlər.

Hecalarla oxu vərdişinə yiyələnməyən şagirdlər təbii olaraq yazı prosesində də ciddi nöqsanlara yol verirlər. Psixoloq L.M.Şvars demişdir ki, sözləri hecalara ayırmağı bacarmayan şagirdlər heç vaxt düzgün oxuya bilməyəcəklər, onların yazmağı bacarmaları haqqında isə danışmağa dəyməz.

Oxunun şüurluluğunu təmin etmək üçün oxunmuş materialı necə başa düşdüklərini şagirdlərdən xəbər almaq lazımdır. Məsələn, uşaqlar “lalə” sözünü oxuyanda sual vermək olar: “Lalə nədir?”, “Rəngi necədir?”, “Onu harada görmüsən?” və s.

Mətnin şüurluluğunu yoxlamaq üçün ayrı-ayrı cümlələrə sual qoyurlar. Tək-tək hallarda süjetli, maraqlı mətnlərin məzmunununu nəql etdirmək də olar.

Bu mərhələdə dərslikdəki şəkillərüzrə işə geniş yer verilməlidir. Ayrı-ayrı əşya şəkillərinin altındakı sxemlər onların adlarını deməyə imkan verir. Müəllim əşyanın özü, əlamətləri, nəyə lazım olması və s. üzərində söhbət etməlidirlər. Seriya şəkillər mürəkkəb hadisəni elementlərə (epizodlara ) ayırır və hadisələrin ardıcıllığını izləməyə imkan verir.

Sujetli şəkillər üzrə söhbət şagirdləri mətnin məzmununu şüurlu başa düşməyə hazırlayır.

Hərfə hazırlıq təlimi dövründə yazı dərsində yeni hərfin öyrədilməsi .


  1. Yazıya hazırlıq, uşaqların partaya əyləşməsi, dəftəri necə qoymaları, qələmi necə tutmalarının yoxlanılması.

  2. Sözlərin hecalara ayrılması, yeni səsin heca daxilində tələffüzü, onu ifadə edən hərfin göstərilməsi və yazı taxtasında yazılması (böyük və kiçik hərfin çap və yazılı şəkli).

  3. Yeni hərfin kalliqrafiyası izah olunmaqla yazılması.

  4. Yeni hərfin şagirdlər tərəfindən yazılması.

  5. Tərkibində yeni hərfin olduğu sözlərin seçilməsi.

  6. Tərkibində yeni hərfin olduğu sözlərin təhlili, yazılması və oxunması.

  7. Şəklin altında yazılmış sözlərdə buraxılmış yeni hərfi əlavə etməklə onların tamamlanması.

  8. Tərkibində yeni hərfin olduğu sözlərin şagirdlər tərəfindən müstəqil tapılıb yazılması.

Sonralar е saiti, z, v, ğ kimi cingiltili və uzanan samitlər, ani tələffüz olunan cingiltili q, b və kar x, p samitləri öyrədilir.

Кar və cingiltili samitlər haqqında məlumat verilir, onların bir-birindən fərqi izah edilir, məsələn, q-ğ, b-p və s. Bu dövrdə başlıca çətinlik ze, ve, qe, be, xe, pe kimi hecaların mənimsənilməsidir. Ona görə də əvvəllər yeni saiti sonorlarla (ne, re, le, me) birləşmədə işlətmək lazımdır. Sonra həmin hecaları əks hecalarla (en, er, el, em) şəklində tələffüz etdirmək, nəhayət, e saitini tələffüzcə ona yaxın olan ə saitindən fərqləndirmək üzrə iş aparmaq faydalıdır. Bu mərhələdə açıq (ye, ze və s.), əks (ey, ez və s.) hecalarla yanaşı, qapalı (sel, tez, sev və s.) hecaların oxunması üzrə də məşq edilir. Düzüm lövhəsində sözlərin sonundakı hərfi bir başqa hərflə əvəz etməklə yaranan yeni sözlərin oxunması üzərində də iş gedir. Məsələn, yan-yad-yat-yaz və s. Həmçinin sözlərin mürəkkəbliyi tədricən artdığı üçün müxtəlif quruluşlu sözlərin oxunması üzərində də iş getməlidir, əvvəllər 2 açıq hecadan ibarət olan sözlər (ayı-yazı və s.), sonra 1 açıq və 1 qapalı hecadan ibarət olan sözlər (oyun, ayaz və s.), sonra da 1 əks, 1 qapalı hecadan ibarət olan sözlər (ulduz, almaz və s.), daha sonralar 2 qapalı hecalardan ibarət olan sözlərin (dəsmal, bayraq və s.) oxunması üzrə məşq getməlidir. Samitlərin yanaşı işləndiyi bir hecalı sözlərin oxunması üzrə də iş aparılmalıdır. Məsələn, plan, plov və s. Kəsmə əlifbanın köməyi ilə qapalı hecalı sözlərin sonuna bir samit artırmaqla yaranan yeni sözlər üzərində iş aparılmalıdır. Məsələn, sür-sürt, tor-tort, dar-dart və s. Hər dərsdə müəllimin diktəsi ilə sözlərin yazılması davam etdirilir.

Daha sonralar tələffüzünə görə çətin səslər və tərkibinə görə daha mürəkkəb hecalar üzərində iş gedir. Səslərlə tanışlıq zamanı ən böyük çətinlik k səsinin iki funksiyasının (koma-komanda) başa salınmasıdır.

Qapalı hecalar üzərində daha çox iş aparılmalıdır, məsələn, məktəb, kəklik, çaydan, ceyran, göyçək və s.

Heca çətinliyi getdikcə mürəkkəbləşir. Şagirdlər 4 hərfdən ibarət birhecalı sözlər (fənd, gənc, zəng, rəng və s.), hecalardan birində 2 samitin yanaşı işləndiyi sözlər (məsələn, traktor, Cırtdan, neftçi, tüfəng və s.) oxuyurlar. Belə sözlərin tələffüzü və yazılışı üzərində xüsusi işin aparılması zəruridir.

Yazılışı ilə tələffüzü arasında fərq olan sözlər (kənd, çiçək, sünbül, süd, külək, cavab, növbə, əsgər, fontan, öyüd və s.) daim diqqət mərkəzində olmalıdır.

Həmçinin eyniköklü sözlər (kitab-kitabxana, çay-çayçı-çaydаn, üzüm-üzümçü-üzümlük, qoyun-qoyunçu və s.) üzərində də praktik iş aparılmalıdır.

Əlifba təlimi dövründə yazı dərsinin sxemi.



Mövzu: Yaddaşa əsasən müəllimin diktəsi ilə qısa cümlələrin yazılması.

1. Şagirdlər yazı taxtasında yazılmış “Əsgər əmi gəmiçidir” cümləsini oxuyub təhlil edirlər. 1-ci söz böyük hərflə yazılır, axırda nöqtə qoyulur. Sonra hər bir söz təhlil olunur: Əsgər sözünün tələffüzü [Əskər] ilə sözün yazılışı arasındakı fərq aydınlaşdırılır. Sonra gəmiçidir sözü hecalarla tələffüz edilir. Cümlədə 3 sözün olması müəyyən edilir. Müəllim hər sözün altından xətt çəkməklə cümlənin sxemini göstərir. Sözlər növbə ilə yazı taxtasından silinir. Şagirdlər yaddaşa əsasən o sözləri yazırlar.

2. Müəllim yazı taxtasındakı sxemin altında eyni sayda sözlərdən ibarət başqa cümlə yazır: “Çingiz gəmiyə mindi”. Cümlə təhlil edilir, onda neçə sözün olması, ilk hərfin necə yazılması və s. izah edilir. Bu dəfə yazı bütövlükdə silinir, yalnız qrafik sxemi saxlanılır. Şagirdlər yazırlar. Sonra “Göy Xəzər güzgü kimi idi” cümləsi müəllimin diktəsi ilə yazılır.

3. Şagirdlər dəftərlərdə yazdıqlarını diqqətlə oxuyur, hər sözü hecalarla dodaqaltı deyirlər.

4. Şagirdlər dərsliyə əlavədə verilmiş şəkillərə baxaraq tərkibində g hərfinin işləndiyi bir neçə söz (pələng, gəmi, göyərçin, gözlük, zəng və s.) və cümlə (Gəmi dənizdə üzür) yazırlar.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin