İstibra (sidik kanalının şər’i qaydada təmizlənməsi)
Məsələ 78: İstibra kişilərə aid müstəhəb bir əməldir. İnsan sidiyə getdikdən sonra növbəti qaydada istibra əməlini yerinə yetirir: Cinsi alət bir neçə dəfə kökündən üzü yuxarıya sıxılmış halda sığallanır. Sonra yuxarı hissə bir neçə dəfə sıxılır ki, kanalda qalan sidik xaric olsun. Spermanın (məni) istibrası üçün isə sperma xaric olduqdan sonra sidiyə getmək lazımdır. Bu halda kanalda qalan hissə təmizlənir.
Məsələ 79: İnsanın cinsi alətindən xaric olan rütubətlər (sidik və spermadan başqa) bir neçə qisimdir:
1. Bə’zən sidikdən sonra azca ağ və yapışqan şəkilli su xaric olur. Bu su “vəd’i” adlanır.
2. Mazaqlaşma zamanı xaric olan rütubət “məz’i” adlanır;
3. Spermadan sonra xaric olan rütubət “vəz’i” adlanır.
Əgər kanal sidik və spermaya bulaşıq deyilsə, qeyd olunan bu üç rütubət pakdır, dəstəmaz və qüslü batil etmir.
Məsələ 80: Sidikdən sonra istibranın faydası budur ki, sidik kanalı təmizlənir. Əgər istibradan sonra şübhəli rütubət xaric olarsa, o, pakdır və dəstəmazı batil etmir. Amma istibra olunmadığı bir halda belə bir rütubət görünərsə dəstəmazı təzələmək, sidik çıxacağını yumaq lazımdır.
Məsələ 81: Spermadan istibranın faydası budur ki, kanaldan şübhəli rütubət xaric olduqda və onun sperma, yoxsa başqa bir pak su olduğu bilinmədikdə, qüsl vermək lazım olmur. Amma istibra edilməyibsə, spermanın kanalda qalıb sidiklə birlikdə xaric olduğu ehtimal edildikdə yenidən qüsl vermək lazım gəlir.
Məsələ 82: İnsan şəkk etsə ki, istibra əməlini yerinə yetirib-yetirməyib, şübhəli rütubətlərdən çəkinməlidir. İstibra etdiyi halda onu düzgün edib-etməməsində şəkk etsə, şəkkinə e’tina etməməlidir.
Məsələ 83: Qadın üçün istibra yoxdur. Ondan şübhəli rütubət xaric olarsa, bu rütubət pakdır, dəstəmaz və qüslə ehtiyac yoxdur.
Ayaqyolunda bəyənilən (müstəhəb) və bəyənilməyən (məkruh) əməllər
Məsələ 84: İnsanın sidiyə gedərkən və ya bayıra çıxarkən kimsə tərəfindən qətiyyən görünməyən bir yerdə oturması müstəhəbdir. Sidiyə gedərkən və ya bayıra çıxarkən başı örtmək müstəhəbdir.
Məsələ 85: Sidiyə gedərkən və ya bayıra çıxarkən aşağıdakı hallar bəyənilmir (məkruhdur):
1. Meyvə ağaclarının altında oturmaq;
2. İnsanların gediş-gəliş məhəllində oturmaq (kimsə görməsə belə);
3. Evlərin ətrafında oturmaq;
4. Günəş və ayla üzbəüz oturmaq (ayıb yerini örtsə məruh deyil);
5. Çox oturmaq;
6. Zərurət olmadığı halda danışmaq (amma bütün hallarda Allah zikri yaxşı sayılır) ;
7. Ayaq üstə sidiyə getmək;
8. Suya, xüsusilə hərəkətsiz suya sidiyə getmək;
9. Heyvanların yuvasına sidiyə getmək;
10. Sidiyi sıçradacaq bərk yerə və külək qarşısında sidiyə getmək.
Məsələ 86: Sidiyə getmək və bayıra çıxmaq lazım gəldikdə bunun qarşısını almaq bəyənilmir. Bu işin zərəri olsa, insan üçün nöqsanı var.
Məsələ 87: Yuxudan və namazdan qabaq, sperma xaric olduqdan sonra sidiyə getmək bəyənilən işdir.
Murdar şeylər
Məsələ 88: Vacib ehtiyata əsasən, on bir şey murdardır: Sidik, nəcis, sperma, heyvan ölüsü, qan, it, donuz, kafir, məstedici mayelər, piyvə, murdar şey yeyən heyvanın təri.
1, 2. Sidik və nəcis
Məsələ 89: İnsanın və atıcı qanı olan əti haram heyvanın sidiyi və nəcisi murdardır. Hətta atıcı qanı olmayan, əti haram heyvanın da sidiyindən çəkinmək vacib ehtiyatdır. Amma ağcaqanad, milçək və bu kimi kiçik həşəratların nəcisi pakdır. Bu əsasla siçovul, pişik və yırtıcı heyvanların nəcisindən çəkinmək lazımdır.
Məsələ 90: Murdar yemiş heyvanın sidiyi və nəcisi murdardır. Vacib ehtiyata əsasən, insanın cinsi yaxınlıq etdiyi heyvanın da sidiyi və nəcisi murdar sayılır.
Məsələ 91: Donuz südü içmiş qoyunun sidik və nəcisindən çəkinmək lazımdır.
Məsələ 92: Əti halal və haram quşların ifrazatı və sidiyi murdar deyil. Amma müstəhəb ehtiyata əsasən, əti haram quşların, xüsusi ilə yarasanın (gecə quşunun) sidiyindən çəkinmək lazımdır.
3. Sperma (məni)
Məsələ 93: İnsanın və atıcı qanı olan heyvanın sperması murdardır. Bu heyvanların ətinin halal və ya haram olmasının fərqi yoxdur. Hətta atıcı qanı olmayan heyvanların spermasından da çəkinmək vacib ehtiyatdır.
4. Heyvan ölüsü
Məsələ 94: Atıcı qanı olan heyvanın ölüsü murdardır. Heyvan ölüsü dedikdə özü ölmüş heyvan nəzərdə tutulur. Amma şəriət qaydasınca yox, başqa bir qaydada kəsilmiş heyvan pakdır. Ondan çəkinmək müstəhəb ehtiyatdır. Beləcə, qeyri-İslami ölkələrdən gətirilən heyvan əti və dəri pak sayılır. Amma bu ətlərdən yemək haramdır. İnsan həmin heyvanların şəriət qaydasınca kəsildiyinə əmin olsa və ya həmin əti gətirən şəxs onun şər’i qaydada kəsildiyini bildirsə, ondan yemək olar.
Məsələ 95: Ölü heyvanın yun, tük və dırnaq kimi ruhsuz hissələri pakdır. Amma zədələndikdə ağrı verən sümük, diş (bir hissəsi), buynuz kimi ruhu olan hissələrdən çəkinmək yaxşıdır.
Məsələ 96: Diri insan və heyvanın ruhu olan bədən hissəsi bədəndən ayrılarsa, murdardır. Bədəndən ayrılan azca ət də murdar sayılır.
Məsələ 97: İnsanın dodağından, başından, bədəninin başqa yerlərindən qopan dərilər pakdır. Amma güclə qoparılmış dəridən vacib ehtiyata əsasən çəkinmək lazımdır.
Məsələ 98: Ölmüş toyuğun yumurtalığından çıxan yumurda pakdır. Bir şərtlə ki, onun qabığı bərkimiş olsun. Amma həmin yumurtanı suya çəkmək lazımdır.
Məsələ 99: Əgər quzu və çəpiş ot yemək həddinə çatanadək ölsə, onun qursağındakı pendir mayası pakdır. Amma həmin mayanı vacib ehtiyata əsasən suya çəkmək lazımdır.
Məsələ 100: Müsəlman bazarında satılan və ya müsəlmanın hədiyyə etdiyi ətlər pak və halaldır. Bu ətlərə münasibətdə araşdırma aparmaq lazım deyil. Amma mə’lum olsa ki, həmin müsəlman bu əti kafirdən alıb və lazımınca diqqət göstərməyib, ondan yemək haramdır. Qeyri-İslami ölkələrdən gətirilən dərilər pakdır, amma onlarla namaz qılmaq olmaz.
Məsələ 101: Qeyri-İslami ölkələrdən gətirilən yağ, pendir, dərmanlar, sabunlar, kremlər, parçalar, ətirlər və bu kimi başqa şeylər pakdır. Yalnız əminlik varsa, onları pak saymamaq olar.
5. Qan
Məsələ 102: İnsanın və atıcı qanı olan hər bir heyvanın qanı murdardır. Amma balığ və ilan kimi atıcı qanı olmayan heyvanların, eləcə də ağcaqanadın qanı pakdır.
Məsələ 103: Əti halal olan heyvanın başını şəriət qaydasınca kəssələr və onun qanı adi həddə axıb getsə, bədəndə qalan qan pakdır. Amma əgər başını kəsən zaman heyvanın başını bədənindən hündür yerə qoyduqları üçün və ya heyvanın nəfəs çəkməsi səbəbindən qan geri qayıtsa, vacib ehtiyata əsasən həmin qandan çəkinmək lazımdır.
Məsələ 104: Vacib ehtiyata əsasən, toyuq yumurtasındakı qan murdardır və onu yemək haramdır.
Məsələ 105: Süd sağarkən süddə görünən qan murdardır və bu qan südü də murdarlayır.
Məsələ 106: Əgər damaqdan və ya ağızın başqa bir hissəsindən çıxan qan ağız suyunda həll olub itərsə, pakdır. Bu halda ağız suyunu udmaq da olar. Amma bu iş bilərəkdən görülməməlidir.
Məsələ 107: Əgər dəri və dırnaq əzildikdə onların altında qan ölərsə və artıq onu qan saymazlarsa, həmin qan pakdır. Amma onu yenə qan adlandırarlarsa, dərinin və dırnağın altında olduğu vaxt dəstəmaz və qüsl üçün mane yaratmır. Əgər qan toplanan yer deşilərsə ciddi bir zərər və əziyyət olmadıqda onu çıxarmaq lazımdır. Qanı çıxarmaq ciddi əziyyətə səbəb olduqda dəstəmaz və qüsl üçün onun ətrafını yuyub üzərinə parça qoymaq, parçanın üzərindən əli yaş halda çəkmək lazımdır. Ehtiyat budur ki, təyəmmüm də edilsin.
Məsələ 108: Əgər insan dərinin altındakı ləkənin ölü qan və ya əzilmiş ət olduğunu bilməsə, həmin ləkə pak sayılır.
Məsələ 109: Dərini qaşımaq səbəbindən yaranan və ya yaranın ətrafında görünən sarımtıl suyun qan və ya qana qatışıq olması mə’lum deyilsə, o su pakdır.
Məsələ 110: Yara yuyulduqdan və ya sağaldıqdan sonra görünən qırmızı rəngli dəri pakdır. Yalnız onda qan olduğuna əminlik varsa, pak sayılmaz.
6,7. İt və donuz
Məsələ 111. Adi (suda yaşamayan) it və donuz murdardır. Onların hətta tükü, pəncəsi, dırnağı və rütubəti murdardır. Amma su iti və dəniz donuzu pakdır.
Məsələ 112: Bu iki murdar heyvandan, yə’ni it və donuzdan doğulan heyvan eləcə də, onlardan başqa bir heyvanla cütləşməsindən doğulan bala it və donuz adlanmazsa pakdır.
8. Kafir və kafir hökmündə olanlar
Məsələ 113: Kafir, yə’ni Allahı və ya İslam Peyğəmbərini (s) qəbul etməyən, Allaha şərik qoşan şəxs yəhudilik və məsihilik kimi səmavi dinlərdən birini qəbul etsə də, ehtiyata əsasən, murdardır.
Məsələ 114: Allaha və İslam Peyğəmbərinə (s) inandığı halda bə’zən şübhələrə düçar olub araşdırma aparan şəxslər pakdırlar və həmin şübhələrin zərəri yoxdur.
Məsələ 115: Bir şəxs İslamın dini zərurətlərini, yə’ni bütün müsəlmanların qəbul etdiyi məad, namaz və oruc kimi mövzuları inkar edərsə, onların zəruriliyini bilirsə, kafirdir və onların zəruriliyinə şübhə edirsə, kafir deyil. Müstəhəb ehtiyata əsasən belələrindən çəkinmək lazımdır.
Məsələ 116: Yuxarıda kafirin murdar olduğu bildirildi. Bu murdarlıq onun bədəninə, hətta tükünə və dırnağına da aiddir.
Məsələ 117: İslam cəmiyyətində yaşayan bir şəxsin e’tiqadından xəbərsiziksə o pak sayılır. Onun əqidəsini araşdırmaq lazım deyil. Qeyri-İslami cəmiyyətlərdə isə bir şəxsin müsəlman və ya kafir olduğu mə’lum deyilsə, həmin şəxs pakdır.
Məsələ 118: Kafirlərin övladları da valideynləri ilə eyni hökmdədir. Amma müsəlman övladları, hətta təkcə atası müsəlman olan körpə pakdır. Övladın təkcə anası müsəlman olarsa, ehtiyata əsasən ondan çəkinmək lazımdır.
Məsələ 119: Əgər bir şəxs Allahın, Peyğəmbərin (s), mə’sum imamların və ya xanım Fatimənin (ə) ünvanına təhqiramiz söz deyərsə və ya onlarla düşmənçilik edərsə, kafirdir.
Məsələ 120: Həzrət Əli (ə) və digər imamlara münasibətdə ifrata varan, onları Allah sayan və ya Allahın sifətlərini onlara aid edən kəs kafirdir.
Məsələ 121: (Vəhdəti-vücud) əqidəsində olanlar, yə’ni bütün varlıq aləmini Allahın vücudu və bütün mövcudları eynən Allah sayanlar, Allahın insan və digər mövcudlarda hüluluna (görünməsinə) inananlar, Allahı cisim sayanlardan vacib ehtiyata əsasən, çəkinmək lazımdır.
Məsələ 122: Mə’sum imamlarla düşmənçilik etməyən, onlara münasibətdə ifrata varmayan, xəvaric əqidəsindən savayı bütün İslam firqələri pakdır.
9. Məstedici maye
Məsələ 123: Şərab və insanı məst edən istənilən bir maye vacib ehtiyata əsasən, murdardır. Amma əsli maye olmayan tiryək, həşiş kimi məstedici narkotik maddələr pakdır. Onlar su qatılmaqla maye halına salınsa belə murdar sayılmaz. Amma bu kimi maddələrdən istifadə etmək haramdır.
Məsələ 124: Məstedici mayedən alınması bilinməyən tibbi və texniki spirt pakdır. Tibbi və texniki spirtlə hazırlanmış adikolonlar, ətirlər və dərmanlar da pak sayılır.
Məsələ 125: İçilməsi mümkün olmayan, zəhərli spirtlər murdar deyil. Amma onu durulaşdırsalar, şərab və məstedici maye halına salsalar içilməsi haramdır və ehtiyata əsasən murdar sayılır.
Məsələ 126: Əgər üzüm suyu öz-özünə qaynasa (qaynama adətən şərab hazırlanması üçün müqəddimədir) murdar olur və onu içmək haramdır. Amma o və bu kimi başqa vasitə ilə qaynadılsa murdar sayılmaz, amma onu içmək haramdır. Xurma, mövücz, kişmiş suyu da vacib ehtiyata əsasən belədir.
Məsələ 127: Əgər xurma, mövücz və kişmişi yeməklə birlikdə qaynadarlarsa, onu yeməyin eybi yoxdur.
10. Piyvə
Məsələ 128: Arpadan alınmış spirtli içki “piyvə” adlanır, onu içmək haramdır və piyvə şərab kimi murdar sayılır. Amma tibbi məqsədlə arpadan alınan və “mauş-şəyir” adlanan su məstedici deyil, pak və halaldır.
Məsələ 129: Tibdə istifadə edilən toz şəkilli piyvə mayası məstecidi deyil, pak və halaldır.
11. Murdar yemiş heyvanın təri
Məsələ 130: Murdar yemiş dəvənin, hətta başqa heyvanların da təri vacib ehtiyata əsasən murdardır.
Dostları ilə paylaş: |