Məsələ53: Öncə qeyd etdiyimiz kimi, gülab, meyvə şirəsi kimi qatqılı sular murdar şeyi paklamır, həmin sularla dəstəmaz almaq, qüsl vermək düzgün deyil.
Məsələ54: Əgər qatqılı su murdar şeyə toxunarsa murdarlanar. Yalnız üç halda həmin su murdarlanmaz.
1. Həmin su yuxarıdan aşağıya axmış olsun; məsələn: gülabı bir qabla yuxarıdan aşağıya murdar şeyin üzərinə töksək qabda qalmış gülab murdarlanmaz.
2. Fəvvarə şəklində təzyiqlə aşağıdan yuxarıya qalxmış olsun; belə halda suyun yalnız murdara toxunan hissəsi murdarlanır.
3. Su o qədər çox olsun ki, “murdar ona sirayat etməyib” desinlər. Məsələn, murdar şey qatqılı suyu olan böyük bir gölə və ya çox uzun neft borusunun bir tərəfindəki neftə toxunarsa onların qalan hissəsi murdarlanmaz.
Məsələ55: Əgər qatqılı və murdar su kürr və ya axar suya qatışdıqdan sonra, qatqılı sayılmazsa, paklanar.
Məsələ56: Əgər saf suya sonradan nə isə qatılmasına şübhə edəriksə bu su saf su hökmündədir. Məsələn, su sayılıb-sayılmadığı mə’lum olmayan sel suları kimi. Bu elə bir sudur ki, onunla murdar şeyi yumaq, dəstəmaz almaq, qüsl vermək olar. Amma qatqılı suyun sonradan saflaşmasına şübhə edəriksə, bu su qatqılı su hökmündədir.
Məsələ57: Əgər bir suyun öncəki halı, saf və ya qatqılı olması mə’lum deyilsə, bu su bir şeyi paklamaz, onunla dəstəmaz almaq, qüsl vermək olmaz. Amma bu su kürr miqdarında olduqda ona murdar bir şey toxunsa murdarlanmaz.
Məsələ58: Əgər su murdar bir şeyə yaxın olduğundan murdarın qoxusunu götürsə, pakdır. Yalnız murdarın əsli ona toxunsa murdarlanar. Bununla belə, ondan çəkinmək daha yaxşıdır.
Məsələ59: Murdarın tə’sirindən qoxusu, rəngi və ya dadı dəyişmiş suyun həmin rəngi, qoxusu və dadı öz-özünə aradan qalxarsa paklanmaz. Yalnız kürr su və ya yağış suyu ilə qatışdıqda murdarlıq aradan götürülər.
Məsələ60: Öncə pak olmuş suyun murdarlanıb-murdarlanmamasına şəkk etsək bu su pakdır. Amma öncə murdar olmuş suyun sonradan paklanıb-paklanmamasına şəkk etsək, həmin su murdardır.
Məsələ61: İt və donuz kimi murdar heyvanların içdiyi suyun artığı murdardır. Amma pişik və başqa yırtıcı heyvanlar kimi əti haram heyvanların içdiyi suyun artığı pakdır. Amma bu suyu içmək məkruhdur, bu işi görməmək daha yaxşıdır.
Məsələ62: İçiləcək suyun tam təmiz olması müstəhəbdir, bəyənilir. Xəstəlik törədəcək sulardan içmək haramdır. İnsanın yuyunduğu suların da təmiz olması daha yaxşıdır. Üfunətli və bulaşıq sulardan imkan həddində çəkinmək lazımdır.
Ayaqyoluna getməyin (təxəllinin) hökmləri
Məsələ63: İstər ayaqyolunda, istərsə də başqa vaxtlar, istər məhrəm (bacı və qardaş kimi), istərsə də naməhrəmlərin gözü qabağında, istər büluğ həddinə çatanların, istər büluğ həddinə çatmayanların, hətta yaxşını pisdən seçə bilməyən (müməyyiz) körpələrin hüzurunda insanın öz ayıb yerini örtməsi vacibdir. Amma ər və arvadın bir-birindən örtünməsi vacib deyil.
Məsələ64: Ayıb yeri örtmək üçün hər şeydən, hətta əl və qeyri-şəffaf əşyalardan istifadə etmək olar.
Məsələ65: Ayaqyolunda sidiyə gedən və bayıra çıxan vaxt üzü qibləyə və ya arxası qibləyə oturmaq olmaz. Ayıb yerin özünü çevirmək kifayat etmir. Amma bədən üzü qibləyə və arxası qibləyə olmayan vaxt vacib ehtiyata əsasən, ayıb yer üzü qibləyə və arxası qibləyə çevrilməməlidir.
Məsələ66: Sidik və ya nəcis çıxacağını yuyan vaxt üzü qibləyə və ya arxası qibləyə olmağın eybi yoxdur. Amma “istibra” (sidik kanalının şəriət qaydasında təmizlənməsi) zamanı vacib ehtiyata əsasən üzü qibləyə və ya arxası qibləyə oturmaq olmaz.
Məsələ67: Böyüklər körpələri, vacib ehtiyata əsasən, bayıra çıxdıqları və ya sidiyə getdikləri vaxt üzü qibləyə və ya arxası qibləyə oturtmamalıdırlar. Amma uşaq özü həmin vəziyyətdə otursa mane olmaq vacib deyil. Amma bu iş görülsə daha yaxşıdır.
Məsələ68: Əgər ayaqyolu (bilərəkdən və ya səhvən) üzü qibləyə və ya arxası qibləyə tikilmişsə insan elə oturmalıdır ki, üzü qibləyə və ya arxası qibləyə olmasın. Bu məsələni bilərəkdən fərqinə varmamaq haramdır.
Məsələ69: Ayaqyoluna gedən zaman qibləni tanımayan şəxs onu tapmağa çalışmalıdır. Əgər tapa bilməzsə, bir qədər gözləməlidir. Gözləyə bilmədikdə istənilən bir tərəfə üz tutub oturmasının eybi yoxdur. Təyyarə və qatarda da bu nöqtə nəzərə alınmalıdır.
Məsələ70: Bir neçə yerdə sidiyə getmək və ya bayıra çıxmaq haram sayılır:
1. İnsanların gediş-gəlişi olan küçə və xiyabanlarda;
2. Xüsusi bir qrup üçün vəqf olunmuş, hədiyyə edilmiş yerlərdə; Tələbələrə məxsus mədrəsələr, namaz qılanlar üçün nəzərdə tutulmuş məscid tualetləri bu qəbildəndir.
3. Mö’minin qəbri üstündə və ya mö’min və müqəddəsliklərə hörmətsizlik sayılacaq yerlərdə.
Məsələ71: Nəcis çıxacağını yumaqla, üç parça kağız, daş və ya parça ilə təmizləmək olar. Amma nəcis çıxacağı adi həddən artıq bulanarsa, nəcislə birlikdə qan kimi bir murdar şey xaric olarsa və ya kənardan murdarlanarsa, onu yalnız su ilə paklamaq olar.
Məsələ72: Nəcis çıxacağını istənilən bir halda su ilə yumaq daha yaxşıdır.
Məsələ73: Sidik çıxacağı yalnız su ilə paklanır. Onu az su ilə iki dəfə, axar su hökmündə olan çox həddinə qoşulmuş sularla bir dəfə yumaq bəsdir.
Məsələ74: Sidik və nəcisin təbii və ya qeyri-təbii (plastik) çıxacaqlarının yuyulması arasında fərq yoxdur. Amma qeyri-təbii çıxacağı sudan başqa şeylə təmizləmək bəs etmir.
Məsələ75: Əgər nəcis çıxacağı üç parça, daş, kağız və ya bu kimi bir şeylə təmizləndikdən sonra ondan yalnız su vasitəsi ilə təmizlənə biləcək zərrələr qalarsa, eybi yoxdur, bu vəziyyətdə namaz qılmaq olar.
Məsələ76: Bir parça daş, kağız və ya parçanın üç tərəfi ilə nəcis çıxacağını təmizləmək bəs edir.
Məsələ77: İnsan şəkk etsə ki, sidik və ya nəcis çıxacağını paklayıb-paklamayıb, şəkdən sonra özünü paklamalıdır. Amma namaz qıldıqdan sonra bu barədə şəkk edərsə, namazı düzgündür. Növbəti namaz üçün isə özünü paklamalıdır.