22.4.2. Moqar Əhəmiyyəti. Moqarın quraqlığa davamlılığı, istiliyə və torpağa tələbi Sudan otuna nisbətən
azdır. Tez yetişməsi və yaxşı məhsul verməsinə görə Moqarı çox yerlərdə becərmək mümkündür.
Moqarın quru otunda 7-8% zülal, 26,8% sellüloza, 51,3% azotsuz ekstraktiv maddələr, 6,7% kül
elementləri və toxumunda 14,3% protein vardır. Moqar qiymətli yem bitkisidir.
Moqar Zaqafqaziya və Orta Asiya respublikalarında çox becərilir. Şabalıdı və açıq-şabalıdı
torpaqlarda Moqar quru ot məhsuluna görə Sudan otunu ötüb keçir. Nəmlik çox düşən qara
torpaqlarda moqar quru ot məhsuluna görə Sudan otunu 2 dəfə ötüb keçir.
Moqar Azərbaycanın dağətəyi - düzənlik, dağətəyi-çöl, alçaq dağlıq və orta dağlıq
ərazilərində 1956-cı ildən becərilməyə başlanmışdır.
Botaniki təsviri. Moqarın
(Setaria İtalica ssp. mocharium Allf) saçaqlı kök sistemi torpağın
1,5 m dərinliyinə işləyir. Kök kütləsinin əsas hissəsi torpağın əkin qatında yerləşir. Gövdəsi
silindrvarı, tiftiklidir, yetişmə müddətindən asılı olaraq buğumaralarının miqdarı 4-5 ədəddən 12-16
ədədə qədərdir. Gecyetişən sortların gövdələrində buğumaralarının miqdarı çoxdur. Bir kolda
gövdələrin miqdarı 2-7-yə qədərdir. Yarpaqların uzunluğu 45-50 sm-ə çatır. Sünbülləmənin
başlanğıcında yığım zamanı yarpaqların kütləsi ümumi məhsulun 45-55%-ni təşkil edir.
Hamaşçiçəyi sünbülşəkilli süpürgədir (yalançı sünbüldür). Sünbülcüyü birçiçəklidir. Meyvəsi çiçək
pulcuğuna möhkəm yapışmış dəndir. Dənin mütləq kütləsi 1,5-3,4 qramdır.
Bioloji xüsusiyyətləri. Moqarın toxumları 10
0
C temperaturda cücərməyə başlayır.
Toxumların cücərməsi üçün optimal temperatur 20
0
C-dir. Cücərtilər günəşdən güclü əziyyət
çəkirlər. Səhər şaxtaları cücərtilərə öldürücü təsir göstərir. Quraqlığa davamlıdır. Nəmlik
çatmadıqda inkişaf dayanır. Bitkinin rüşeym kökü olduğundan uzun müddət inkişafsız qala bilir və
yağışlar yağdıqdan sonra yaxşı məhsul vermək qabiliyyətinə malikdir. Transpirasiya əmsalının cəmi
300-dür. Torpağın optimal nəmliyi tarla rütubət tutumunun ən az 60-70% həddində olması əlverişli
hesab edilir.
Sudan otuna nisbətən Moqar torpağa az tələbkardır. Moqar qumlu, qumsal və ağır gillicəli
torpaqlarda yaxşı bitir. Bu bitki digər darıya bənzər bitkilər kimi alaqlardan təmiz torpaqlara
yüksək tələbat göstərir.
Moqar xüsusən azot gübrəsi verilməsinə yaxşı reaksiya göstərir. Bir ton quru ot məhsulu ilə
torpaqdan 17-20 kq azot, 4-5 kq fosfor və 15-17 kq kalium elementi aparır. Cücərtilər alındıqdan
17-25 gün sonra kollanma fazası başlayır. Quru maddə və zülal toplanması süpürgələmənin
başlanğıcı və çiçəklənmənin əvvəlində intensiv gedir. Vegetasiya müddəti sortdan və becərilmə
şəraitindən asılı olaraq 90-130 gün arasında dəyişir.