«72. (Sehrbazlar) dedilər: “Biz heç vaxt səni bizə gələn bu açıq möcüzələrdən» Yəni biz qəlbimizdə qərar tutmuş bu möcüzələri və sübutları qoyub sənə itaət edən deyilik. «və bizi Yaradandan üstün tutmayacağıq.» Bəziləri deyirlər ki, bu ayədə («Bizi Yaradana and olsun ki, səni Ondan üstün tutmayacağıq!» – deməklə (tərc.)) and içirlər. Digər mənada isə deyilir ki, bu cümlə də (və bağlayıcısı ilə) əvvəlkinə bağlıdır. (Qurani-Kərimin tərcüməsində də ikinci mənadan istifadə olunub. Tərc.) «İndi nə hökm edəcəksənsə, et. Sən ancaq bu dünyada hökm edə bilərsən!» Nə edə bilərsənsə et! Sən bizə bu dünyada hökm edə bilərsən. Bu dünyadan axirət dünyasına köçdükdə isə təslim olduğumuzun və peyğəmbərlərinə itaət etdiyimizin hökmünə düşəcəyik. «73. Biz, həqiqətən, Rəbbimizə iman gətirdik ki, O bizi günahlarımıza və sənin bizi məcbur etdiyin sehrə görə bağışlasın. Allah daha xeyirli və daha baqidir!”» (Taha: 73). Onun vəd etdiyi savab sənin vəd etdiyin bəxşişlərdən daha xeyirlidir. «daha baqidir!» bu fani dünyadan daha çox davamiyyətlidir. Digər ayədə deyilir: «50. (İman gətirmiş sehrbazlar) dedilər: “Zərəri yoxdur, biz öz Rəbbimizə tərəf dönəcəyik! 51. Biz ilk iman gətirənlər olduğumuza görə Rəbbimizin xətalarımızı bağışlayacağına ümid edirik!”» (əş-Şuəra: 50-51). «Biz ilk iman gətirənlər olduğumuza görə...» Yəni qibtilərdən öncə Musa və Haruna iman gətirdiyimiz üçün, etdiyimiz günah və haram işlərə görə bağışlanacağımıza ümid edirik.
Həmçinin onlar Firona belə deyirdilər: «126. Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimizin möcüzələri gələn kimi bizim onlara iman gətirməyimizə görədir.» Bizim sənin yanında peyğəmbərimizin gətirdiklərinə və Rəbbimizin bizə gətirilən möcüzələrinə itaət etməkdən başqa heç bir günahımız yoxdur. «Ey Rəbbimiz! Bizə səbir əta et və bizi müsəlman olaraq öldür!» (əl-Əraf: 126). Ey Rəbbimiz bizi bu inadkar və qəddarın əzabına, dönük şeytana qarşı səbirli et və «bizi müsəlman olaraq öldür!» (əl-Əraf: 126).
Onlar əzəmətli Rəbbinin amansız intiqamını ona xatırladır və deyirdilər: «74. Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, onu Cəhənnəm gözləyir. O, orada nə ölər, nə də yaşayar.» (Taha) Onlar demək istəyirdilər ki, nə badə belələrindən olasan. Amma Firon elə onlardan da oldu. «75. Kim yaxşı əməllər etmiş bir mömin kimi gələrsə, belələrini ən yüksək dərəcələr gözləyir. 76. Əbədi qalacaqları, (ağacları) altından çaylar axan Ədn Cənnətləri. Bu, pak olanların mükafatıdır.» (Taha). Sən də onlardan olmağa çalış. Fironu bundan uzaqlaşdıran amil, heç kəsin qalib gələ bilmədiyi və qarşısını alması mümkün olmadığı qəza-qədər və Uca Allahın hökmü idi. Firon –Allah ona lənət etsin– Cəhənnəm əhlindəndir. O birbaşa şiddətli əzaba düçar olacaq, başından qaynar su töküləcəkdir. Özü murdar, alçaq, zəlil hala düşmüş vəziyyətdə olarkən, onu alçaltmaq və ondan intiqam almaq məqsədi ilə belə deyiləcəkdir: «49. “bir dad görək! Sən ki çox qüvvətli, möhtərəm bir şəxs idin!”» (əd-Duxan).
Ayələrin bu məzmunundan belə anlaşılır ki, Firon – Allah ona lənət eləsin – onları çarmıxa çəkib, işkəncə vermişdir – Allah onlardan razı olsun –.
Abdullah ibn Abbas və Ubeyd ibn Umeyr deyiblər: "Onlar günün əvvəlində sehrbaz, günün sonunda isə günahları bağışlanmış pak şəhid oldular."
Onların bu sözü deyilənləri təsdiq edir: «Ey Rəbbimiz! Bizə səbir əta et və bizi müsəlman olaraq öldür!» (əl-Əraf: 126).
Dostları ilə paylaş: |