«“Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir irmaq axıtdı..."» Deyilənə görə onun ayağının altından çay axıtmışdı. Bu fikir Cumhur alimlərin fikridir. Təbəraninin521 rəvayət etdiyi hədisdə də belə deyilmişdir. Amma həmin hədis zəifdir. İbn Cərir ət-Təbəri522 də onun ayağının altından çay axıdılması fikrini götürmüşdür və bu daha doğru fikirdir.
Əl-Həsən əl-Bəsri, ər-Rəbii ibn Ənəs, İbn Əsləm və başqaları523 deyirlər ki, ayədəki sözlərdə onun oğlu İsa nəzərdə tutulur.
Doğru olan birinci rəydir. Çünki Uca Allah digər ayədə belə buyurur: «25-Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün.» Ayədə yemək və içməkdən danışılır. Ona görə sonrakı ayədə belə deyilir: «26-Ye, iç, gözün aydın olsun!...» (Məryəm: 26).
Məryəmin altında oturduğu xurma ağacının quru və ya meyvə verən halda olduğu barədə fikir ayrılığı vardır. Daha doğrusunu Allah bilir. Daha güclü ehtimala görə ağac yaş idi, amma həmin vaxt meyvə vermirdi. Çünki İsa qışda doğulmuşdu və həmin vaxt xurma ağacının bəhrə zamanı deyildi. Uca Allahın Məryəmə verdiyi neməti minnət olaraq xatırladan ayəsindən də bunu anlamaq olar. «... üstünə yetişmiş, təzə xurma tökülsün.»
Amr ibn Məymun deyir: "Nifaslı (uşaqdan təzə azad olmuş) qadınlar üçün təzə və köhnə xurmadan yaxşı qida yoxdur". Sonra yuxarıdakı ayəni oxudu.
Uca Allah buyurur: «... Əgər insanlardan kimisə görsən, de: "Mən Mərhəmətli Allaha oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam".» (Məryəm: 26). Bu ayə «26-Ye, iç, gözün aydın olsun!...» ayəsinin tamamıdır. Yəni sən qarşına çıxan hər kəsə işarə ilə «bu gün heç kimlə danışmayaca»ğını bildir. Çünki «Mən Mərhəmətli Allaha oruc tutmağı nəzir etmişəm...» Susmaq orucu tutacağam. Onların şəriətində yemək və danışmağı tərk etmək orucu var idi. Qatadə, Suddi və İbn Əsləm bu fikiri söyləyiblər. Uca Allahın «bu gün heç kimlə danışmayacağam..» ayəsi də eyni mənanı ifadə edir. Bizim şəriətimizdə (İslamda) isə oruc tutan adamın gün ərzində danışmayıb oruc tutması məkruhdur (bəyənilmir).524
Uca Allah buyurur: «27-Məryəm körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər: "Ey Məryəm! Sən yaramaz (və ya görünməmiş) bir iş tutmusan. 28-Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi".» (Məryəm surəsi). Kitab əhlindən rəvayət edən əksər sələflər deyirlər: Qövmü Məryəmin yoxa çıxdığını görüb onu axtarmağa başladılar. Onlar Məryəmin olduğu yerdən keçəndə Məryəmin ətrafını nur bürümüşdü. Ona tərəf gələndə yanında uşağını da gördülər və dedilər: «"Ey Məryəm! Sən yaramaz bir iş tutmusan.» Bu elm adamlarının dediklərinin əvvəlinin axırına müxalif olması ilə yanaşı, başqa əmması da vardır. Çünki Qurani-Kərimin ayələrinin zahirindən görünür ki, Məryəm uşağını qucağına götürüb özü camaatın yanına gətirmişdi. İbn Abbas deyir: "Bu hadisə doğuşdan qırx gün keçdikdən sonra baş vermişdi".
Camaat onun qucağında uşaq ilə gəldiyini görəndə «"Ey Məryəm! Sən yaramaz bir iş tutmusan".» – dedilər. Yaramaz iş – həm sözdə, həm də əməldə çox pis bir iş etməkdir.
Sonra onlar öz vaxtlarında yaşayan və abidlikdə Məryəmə tay olan Harun adlı abidin adını çəkib Məryəmi ona bənzətdilər. Bəziləri isə deyirlər ki, onlar onu öz vaxtlarında yaşayan Harun adlı fasiq bir kişiyə bənzətdilər. Bu fikiri Səid ibn Cubeyr söyləmişdir. Bəziləri isə deyirlər ki, burada onu ibadət işlərində Musanın qardaşı Haruna oxşatmışdılar. Muhəmməd ibn Kəəb əl-Qurəzi isə Məryəmin Musa və Harunun doğma bacısı olduğunu deməklə daha böyük səhvə yol vermişdir. Çünki bu barədə cüzi elmə sahib olan hər kəs onların arasında uzun illərin olduğunu bilər və belə kobud səhvə yol verməz. Bəlkə də o, Tövratda deyilən: "Allah Musanı və qövmünü xilas edib Fironu və qoşununu məhv edən gün Musa və Harunun bacısı Məryəm dəf çalıb sevinirdi." – sözlərinə görə belə demiş və bu Məryəmi, o Məryəmlə səhv salmışdır.
Bu fikir səhih hədisdə və Qurani-Kərimdə deyilənlərə müxalifdir və əsassızdır. Biz bu haqda "Təfsir"525 kitabımızda uzun-uzadı danışmışıq. Həmd olunmaq və minnət etmək Allaha məxsusdur.
Səhih hədisdə Məryəmin Harun adlı qardaşı olduğu deyilir. Məryəmin dünyaya gəlməsi və anasının ona məxsusi davranması haqqında deyilənlər onun qardaşının olmaması mənasını vermir. Daha doğrusunu Allah bilir.
İmam Əhməd526 Muğirə ibn Şu`bənin belə dediyini rəvayət edir: "Peyğəmbər məni Nəcrana göndərdi. Oranın camaatı mənə dedi: "Musa İsadan neçə illər öncə yaşamışdı. Amma gör siz (Quranda) necə oxuyursunuz? «28-Ey Harunun bacısı!...»" Mən Peyğəmbərin yanına qayıdıb bu haqda ona xəbər verdim. O dedi: "Sən onlara deyə bilmirdin ki, onlar öz övladlarına əvvəlki peyğəmbərlərin və əməlisalehlərin adlarını qoyurdular"."
Məqsəd budur ki, Məryəmin Harun adlı qardaşı var idi. O dindarlığı, əməlisalehliyi və xeyirxahlığı ilə məşhur idi. Ona görə onlar Məryəmə bu sözlərlə irad tuturdular: «"... Atan pis kişi, anan da pozğun deyildi".» Sənin çıxdığın ev əhlinin: atanın, ananın və qardaşının əxlaqı və şəxsiyyəti belə deyildi.
Onlar Məryəmi fahişəlikdə və hiyləgərlikdə ittiham etdilər.
Vəziyyət gərginləşəndə və çıxılmaz hala düşəndə, Allaha təvəkkül etmək daha böyük əhəmiyyət daşıyırdı. Məryəmin təvəkkül etməkdən və yalnız Allaha bağlanmaqdan başqa çıxış yolu qalmamışdı. «29-Məryəm ona işarə etdi.» Yəni İsaya işarə etdi və camaata – "Nə baş verdiyini ondan soruşun, onunla danışın!" demək istədi. Sizin istədiyiniz cavab ondadır. Bu məqamda «Onlar dedilər: "Beşikdə olan körpə ilə necə danışaq?"» Bizi danışmaq bacarmayan və söz anlamayan uşağamı yönəldirsən?! O hələ südəmər körpədir. Acını şirindən ayırd edə bilmir. Deyəsən sən bizi ələ salır, istehza edirsən, bizi axmaq yerinə qoyub alçaldırsan. Sən bizimlə dilinlə danışmırsan, beşikdəki uşağa işarə edib onunla danışmağımızı təklif edirsən!
Bu anda «30-Körpə dil açıb dedi: "Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. 31-Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi. 32-Həm də məni anama qarşı qayğıkeş etdi; məni lovğa və bədbəxt etmədi. 33-Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!"» (Məryəm: 30-33).
Bu sözlər Məryəm oğlu İsanın nitq etdiyi ilk sözlərdir. Onun birinci sözü «"Həqiqətən də, mən Allahın quluyam!"» sözləri oldu. O, Rəbbinin qulu olduğunu etiraf etdi, Allahı özünə Rəbb bildi. Allahı, "İsa Allahın oğludur" deyən zalımların sözündən pak tutdu. Əksinə o, özünü Allahın qulu, elçisi və qadın bəndəsinin övladı hesab edirdi. Sonra cahillərin anasına qarşı irəli sürdükləri ittihamları bu sözləri ilə rədd etdi: «O mənə Kitab verdi və məni peyğəmbər etdi.» Belə ki Uca Allah, peyğəmbərliyi onların vəsf etdikləri adamlara bəxş etmir. Uca Allah onların bu çirkin ittihamlarına münasibət bildirib deyir: «156. Onlar həm də küfr etdikləri (İsanı inkar etdikləri) və Məryəmə qarşı böyük bir böhtan dedikləri üçün (lənətə düçar oldular).» (ən-Nisa: 156).
O zaman yaşayan bəzi yəhudilər Məryəm haqqında belə deyirdilər: "O aylıq adəti zamanı zina edib hamilə qalmışdır!" Uca Allah isə Məryəmin bu işdən uzaq olduğunu bildirərək onun doğru danışan olduğunu təsdiq edir. Allah onun oğlunu əzm sahibi olan beş elçi peyğəmbərdən biri etdi. Bu mənada ayədə deyilir: «31-Harada oluramsa olum, məni mübarək etdi...» O harada olmasından asılı olmayaraq insanları heç bir şəriki olmayan tək Allaha ibadət etməyə çağırır, Onu özünə övlad və yoldaş götürmək kimi eyiblərdən və nöqsanlardan pak tuturdu. «və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi.» Namaz qılmaq, zəkat verib məxluqatla xoş davranmaq hər bir bəndənin həmd və izzət sahibi Allah qarşısındakı vəzifəsidir. Namaz nəfsin pis əxlaqdan təmizlənməsini tələb edir. Kasıbların müxtəlif təbəqələrinə çatdırılan zəkat, arvad-uşağa, kölələrə və qohumlara əl tutmaq, digər bütün növ yaxşılıqlar insanın həm nəfsini, həm də mal-dövlətini pak edir. Sonrakı ayədə deyilir: «32-Həm də məni anama qarşı qayğıkeş etdi; məni lovğa və bədbəxt etmədi.» O məni öz valideynimə qarşı xeyirxah etdi. Ondan başqa valideyni olmadığı üçün İsa üzərinə düşən haqqı təkid edib ona daha çox qayğı göstərəcəyini dilə gətirir. Məxluqatı yaradan və onlara doğru yolu göstərən Allah həqiqətən də nöqsanlardan və eyiblərdən pakdır. «məni lovğa və bədbəxt etmədi.» Mən kobud və sərt deyiləm. Mən Allahın əmrinə və itaətinə maxlif olacaq heç bir iş görmərəm. «33-Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!"» Bu üç məqam (doğum, ölüm və yenidən dirilmək) haqqında Zəkəriyyənin oğlu Yəhyanın hekayəsində danışmışıq527.
Uca Allah İsanın hekayəsini aydın şəkildə açıqlayıb izah etdikdən sonra deyir: «34-Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur. 35-Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq "Ol!" – deyər, o da dərhal olar.» (Məryəm surəsi). Uca Allah Ali İmran surəsində onun hekayəsini və başına gələnləri xatırlatdıqdan sonra deyir: «58. (Ey Rəsulum!) Bunları ayələrdən və hikmətlə dolu olan Zikrdən (Qurandan Cəbrail vasitəsilə) sənə söyləyirik. 59. Allah yanında İsa da (İsanın atasız dünyaya gəlməsi də) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(Bəşər) ol!” – dedi, o da oldu. 60. (Ey Rəsulum!) Şübhəsiz ki, (bunlar) sənin Rəbbin tərəfindən olan həqiqətdir. Ona görə də şübhə edənlərdən olma! 61. (İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!” 62. Əlbəttə, doğru olan xəbər budur. Allahdan başqa heç bir haqq ilah yoxdur. Şübhəsiz ki, Allah yenilməz qüvvət, hikmət sahibidir! 63. Əgər onlar üz döndərərlərsə (qoy döndərsinlər). Əlbəttə ki, Allah fitnə-fəsad törədənləri tanıyandır!» Nəcranlı nümayəndələr528 Peyğəmbərin yanına gələndə sayları altmış nəfər idi. Onların on dördü baş nümayəndə, üçü isə nümayəndə heyətinin rəhbəri idi. Adları əl-Aqib, əs-Seyyid və Əbu Harisə ibn Alqəmə idi. Onlar İsa Məsih barəsində Peyğəmbərlə müzakirələr aparmağa başladılar. Uca Allah bu xüsusda Ali İmran surəsinin əvvəl ayələrini nazil etdi. Bu ayələrdə Məsihin və anasının necə yaranması haqqında məlumat verilir.
Uca Allah Peyğəmbərinə : "Əgər onlar haqqı qəbul etməsələr və itaət göstərməsələr onlarla lənətləş529!" – deyə əmr etmişdi.
Onlar haqqı başa düşdükdə lənətləşməkdən imtina edib sülh müqaviləsi bağladılar. Onlardan biri – əl-Aqib Əbdülməsih dedi: "Ey nəsranilər toplumu! Siz artıq Muhəmmədin Allah tərəfindən göndərilmiş elçi olduğunu bilirsiniz. O sizə öz peyğəmbəriniz haqqında təfsilatlı məlumat verdi. Siz yaxşı bilirsiniz ki, peyğəmbərlə lənətləşən hər bir qövmün nə böyüyü qalar, nə kiçiyi dünyaya gələr (yəni məhv olarlar). Əgər siz lənətləşsəniz özünüzü çətinə salacaqsınız. Öz dininizdən və İsa haqqında dediklərinizdən imtina etmək istəmirsinizsə, bu kişi ilə vidalaşıb öz ölkənizə qayıdın". Onlar Peyğəmbərə sülh və cizyə barədə müraciət etdilər. Cizyə vergisini toplamaq üçün bir nəfər əmin adam göndərməyi təklif etdilər. Peyğəmbər Əbu Ubeydə ibn əl-Cərrahı onlarla göndərdi. Ali İmran surəsinin təfsirində530 və Muhəmməd "Peyğəmbərin həyatı" kitabında531 bu haqda danışmışıq.
Söhbətin məğzi budur ki, Uca Allah Məsihin hekayəsini tam şəkildə açıqlayıb Peyğəmbərinə demişdir: «34-Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur.» Yəni Allahın qadın qullarının birindən yaradılmış quludur. Ona görə aşağıdakı ayədə belə deyilir: «35-Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq "Ol!" – deyər, o da dərhal olar.» Heç nə Allahı aciz qoya bilməz, yormaz. O istədiyini edəndir. «82. Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar.» (Yasin: 82).
Uca Allah buyurur: «36-İsa dedi: "Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Düz yol da budur".» (Məryəm: 36). Bu sözlər İsanın onlara beşikdə olarkən dediyi sözlərdəndir. O, özünün və onların Rəbbinin və İlahının Allah olduğunu, doğru yolun da bu olduğunu bildirir.
Uca Allah buyurur: «37-Sonra firqələrin arasında ziddiyyət düşdü. Böyük günü görəcək kafirlərin vay halına!» (Məryəm: 37). O zamanın camaatı və sonrakılar onun barəsində fikir ayrılığına düşdülər. Bəzi yəhudilər: "O zinadan doğulub!" – deyərək öz küfr və inadkarlıqlarında israrlı oldular. Digərləri isə onların tam əksinə: "O Allahdır!" – dedilər.
Başqaları: "O Allahın oğludur!" – dedilər.
Möminlər isə belə dedilər: "O Allahın qulu və elçisidir! Allahın Məryəmə göndərdiyi söz və ruhdan yaranmış qadın qulunun oğludur!"
Qurtuluşa, savaba və ilahi köməyə nail olanlar sonuncu qism insanlardır. Kim bu etiqadda onlara müxalif olarsa, azğınlıqda qalmış əsl cahil kafir olar. Hikmət və Elm sahibi Uca və Əzəmətli Allah belələrinə vəd verərək demişdir: «Böyük günü görəcək kafirlərin vay halına!» (Məryəm: 37).
Buxari532 Ubadə ibn əs-Samitdən rəvayət edir ki, Peyğəmbər demişdir: "Kim Allahdan başqa ibadətə layiq heç bir haqq məbudun olmadığına, Onun heç bir şərikinin olmadığına, Muhəmmədin Onun qulu və elçisi olduğuna, İsanın Onun qulu və elçisi olduğuna, eyni zamanda Öz dərgahından Məryəmə göndərdiyi sözü və yaratdığı ruhu olduğuna, Cənnətin və Cəhənnəmin haqq olduğuna şahidlik edərsə, Allah onu etdiyi əməllərinə görə cənnətə daxil edər."
Dostları ilə paylaş: |