Məzlumluğun zirvəsi
Mehdi Ramazani
Mənim yaşım çox olmasa da, Allahın lütfü ilə Kumeyl
batalyonunda ən yaxşı bəndələrlə yoldaş ola bildim. Biz
əməliyyat gecəsi üçüncü kanala qədər getdik. Kanal kiçik
idi, təxminən bir metr hündürlüyü vardı. İkinci kanal isə
böyük və maneələrlə dolu idi.
Həmin gecə bütün uşaqlar ikinci kanala qayıtdılar. O
kanal sonralar Kumeyl kanalı kimi məşhurlaşdı. Mən digər
uşaqlarla birgə beş gün orada qaldım.
Ertəsi gün səhərdən İraq snayperləri hər bir hərəkəti
hədəf seçirdilər. Biz orada mühasirədə qəribə günlər
yaşadıq.
Yadımdadır, kanalı İbrahim Hadi ayaqda saxlamışdı.
Bizim batalyon komandirimiz və bir müavini şəhid
olmuş, bir müavini də yaralanmışdı. Bu baxımdan, şəxsi
heyəti idarə edən yeganə şəxs İbrahim idi. O, şəxsi heyəti
üçnəfərlik qruplara böldü və hər qrup müəyyən
məsafələrlə kanalın bir tərəfində yerləşdi. Hər qrupdan bir
nəfər hərdən boylanıb vəziyyətə nəzarət edirdi, digər iki
nəfər isə kanalın içində onun yanında dayanırdı.
Kanalın sonunda bir döngə vardı. İbrahim bir neçə
nəfərlə köməkləşib şəhidləri oraya apardı ki, uşaqların
gözündən uzaqda olsunlar. Yaralıları da kanalın bir
küncünə topladı ki, düşmən atəşinə məruz qalmasınlar.
İbrahim həmin günlərdə azan verib uşaqları namaza
hazırlayırdı. Biz elə ağır şəraitdə bütün namazlarımızı cəm
halda qılırdıq. İbrahim bu işlərlə bizi ruhlandırır və
gələcəyə ümidvar edirdi.
Əməliyyatın başlanmasından iki gün sonra, yəni ikinci
mərhələ də uğursuzluqla üzləşəndə uşaqların səyi artdı.
207
Biz dalandan çıxış yolu tapmağa çalışırdıq. Diviziya ilə
son ratsiya əlaqəmizdə komandir Şəhid Hacıpur narahat
halda dedi: "Biz heç bir iş görə bilmirik. Əgər
bacarırsınızsa, bir yolla geri çəkilin".
10 fevralda ön və arxamızda tank səsləri çoxaldı.
Uşaqlar kanalın divarını qazıb pilləkən düzəltdilər.
Bəziləri elə bildilər ki, bizə yardım gəlib. Əslində isə
mühasirəmiz daha da daralmışdı. İraq komandosları
tankların dəstəyi ilə irəlilədilər. Onlar bilirdilər ki, yalnız
kanalın içində sağ adam qalıb. Yadımdadır, Şəhid Seyid
Cəfər Tahiri adlı bir yeniyetmə RPG minomyotunu
götürüb pillələrdən qalxdı və sərrast bir atəşlə düşmən
tankını vurdu. Bundan sonra onlar bir qədər geri çəkildilər.
Uşaqlar ardıcıl atəşlə bir neçə xüsusi təyinatlını
öldürdülər və çox yaxınlaşmış bir neçəsini əsir tutdular.
Elə ağır şəraitdə bizə beş əsir də əlavə olundu.
Su və yeməyin olmaması hamımızı çətin vəziyyətə
salmışdı. Uşaqların çoxu yorğun və taqətsiz halda kanalın
bir tərəfində uzanıb qalmışdı.
Kanaldan uzaqlaşan tanklar mikrofonlarını işə saldılar,
münafiqlərin biri danışmağa başladı:
– İranlılar! Gəlin təslim olun. Sizinlə işimiz yoxdur.
Sizin üçün sərin su və yemək hazırlamışlar. Gəlin...
Bu yolla bizi əsir düşməyə həvəsləndirirdi.
Aclıq və susuzluq hamının amanını almışdı. Uşaqların
bir neçəsi dedi ki, gedib təslim olaq, biz vəzifəmizi yerinə
yetirdik, daha xilasımıza heç bir ümid yoxdur.
Yeniyetmə Bəsic üzvlərindən biri isə etiraz etdi.
- Əgər əsir düşsək, İraq televiziyası bizi göstərsə və
İmam Xomeyni görüb narahat olsa, onda necə?! Məgər biz
imamı sevindirməyə gəlməmişik?!
208
Bu söhbətin nəticəsi olaraq, heç kim təslim olmadı.
İbrahim uşaqların qərarını öyrənib sevindi və dedi: "Onda
nə qədər ərzağımız və sursatımız varsa, bərabər
bölməliyik".
Kimdə nə vardısa, İbrahimə təhvil verdi. O, hər beş
nəfərə bir su qumquması və bir qədər yeyinti məhsulu
verdi. Beş düşmən əsirinin hər birinə də bir qumquma su
verdi.
Bəzi uşaqlar buna etiraz edəndə İbrahim dedi: "Onlar
bizim qonaqlarımızdır".
Silahları da toplayıb sağlam döyüşçülərə verdik ki,
keşik çəkə bilsinlər.
Ertəsi gün, yəni 11 fevralda hələ sübh açılmamış
düşmən tankları geri çəkildi. Uşaqların bəzisi fürsətdən
istifadə edib bir neçə nəfərlik dəstələrlə geri getdilər.
Onların bəzisi səhvən minaya düşdü.
Bir saatdan sonra düşmənin atəşi çox gücləndi, daha heç
kim bir iş görə bilmədi.
11 fevralda günortadan sonra, güclü atəşin ardınca
düşmənin xüsusi təyinatlıları başımızın üstünü aldılar. Bir
də gördük ki, kanalın üstündən silahlar bizə tuşlanıb.
Bir düşmən zabiti uşaqların düzəltdiyi pilləkəndən
kanala endi. Arxasınca da bir əsgər gəlirdi. Bizim ilk
yaralımıza bir təpik vurdu, sağ olduğunu bilib əsgərə atəş
əmri verdi.
Əsgər də atəş açıb yaralını şəhid etdi. Növbəti yaralı
məsum bir yeniyetmə idi. Bəəs zabiti təpiklə onun üzünə
vurdu və əsgərə dedi: "Vur!"
Əsgər atəş açmadı. İraqlı zabit qışqırdı, əsgərsə geri
çəkildi və atəş açmadı. Zabit tapançasını çıxarıb onun
üzünə bir güllə vurdu.
209
İraqlı əsgər bizim şəhidlərimizin yanına yıxıldı. Zabit
tez kanaldan çıxdı və öz döyüşçülərinə atəş əmri verdi.
Bir neçə dəqiqədən sonra iraqlılar kanalın içində
hamının şəhid olduğunu zənn edib getdilər. Daha atəş səsi
gəlmirdi. Günəş qürub edəndə Fəkkəyə kədərli sükut
çökdü.
Mən və şəhidlərin arasında sağ qalmış digər bir neçə
nəfər yerimizdən qalxıb ətrafa baxdıq. Heç kim yox idi.
Sağ qalanların çoxu yaralı idi. Hava tam qaralandan sonra
yola düşdük və işıqlanmadan öncə öz mövqelərimizə
çatdıq.
1
1
İbrahimin Fəkkədəki beşgünlük qəhrəmanlığına dair "Kumeyl
kanalının sirri" kitabında geniş məlumat verilmişdir.
|