1.Əxlaqi söhbətlər şagirdlərin yaş səviyyəsinə uyğun olmalıdır.
2.Söhbət aparılan kollektivin təlimə, müəllimə münasibətlərini yaxşı bilmək və nəzərə almaq lazımdır.
3.Söhbəti konkret bir səbəblə bağlı təşkil etmək lazımdır.
4.Söhbətə aydın misallardan başlamaq lazımdır.
5.Söhbət zamanı şagirdlərdə maksimum fəallıq yaratmaq, onları düşünməyə məcbur etmək lazımdır.
6.Şagirdlərin şüuruna çatdırılan məsələlər yaxşı əsaslandırılmalıdır.
7.Əxlaqi söhbət zamanı şagirdlərdə dərin və aydın emosiyaların yaranmasına nail olmaq lazımdır.
Şagirdlərin tərbiyəsində nəzərə alınması zəruri olan yollardan biri də müəllimin, tərbiyəçinin şəxsi nümunəsindən düzgün istifadə olunmasından ibarətdir. Adətən, kiçik məktəblilər çox vaxt müəllimi təqlid edir, ona oxşamağa çalışırlar. Lakin bəzən bunu şüursuz, düşünmədən edirlər. Bəzən də özlərindən asılı olmayaraq onun xarici davranış tərzini bir növ yamsılayırlar. Yeniyetmələr və böyük məktəblilər isə çox vaxt nümunədən şüurlu olaraq istifadə edirlər. Özünü artıq böyük hesab etməyə başlayan yeniyetmə böyüklərin hərəkət və davranışlarını təqlid etməyə cəhd göstərir. Ona görə də yeniyetmələrdə onları əhatə edən adamların davranışına qarşı kəskin maraq və diqqət yaranır. Böyüklərin bu və ya digər keyfiyyətini şüurlu şəkildə təqlid edən yeniyetmə çox vaxt onların mənfi keyfiyyət və hərəkətlərini də təkrar edir. Məhz buna görə də müəllimin özünü müsbət bir nümunə kimi təqdim etməsi zəruridir.
5. Tərbiyənin idarə olunması problemi Plan: 1. Özünütərbiyənin mahiyyəti
2. Özünütərbiyənin motivləri
3. Özünütərbiyənin həyata keçməsində müəllimin rolu
Tərbiyə kor-koranə bir proses olmayıb, idarə olunan prosesdir. Tərbiyə prosesi ona görə idarə olunan prosesdir ki, onun məqsədi, motivləri, funksiyaları və gözlənilən nəticələri mövcuddur. Tərbiyə həm xarici, həm də daxili idarəetmə imkanlarına malikdir. Xarici idarəetmətərbiyə olunanlardan deyil, tərbiyə edənlərdən asılıdır. Burada müəllim və tərbiyəçilərin fəaliyyəti diqqəti cəlb edir. Tərbiyənin idarə olunması təkcə xarici idarəetmə formasında gedə bilməz. Tərbiyə prosesində biz konkret canlı insanın, fərdin şəxsiyyətini formalaşdırırıq. Bu isə tərbiyədə daxili idarəetmənin zəruriliyini irəli sürür. Daxili idarəetmə isə özünütərbiyə prosesində həyata keçir və özünüidarə rolunu oynayır.