1.Psixi inkişafın qeyri-bərabərliyi-uşağın mənəvi aləminin, psixi proses və xassələrinin ayrı-ayrı dövrlərdə müxtəlif sürətlə inkişafında, yaxud gec təzahür etməsində, eyni inkişaf səviyyəsində olmamasında ifadə olunur. İnkişafın bu qanunauyğunluğu təlim-tərbiyə şəraitindən, uşağın anatomik-fizioloji xüsusiyyətlərindən, orqanizm və mühitin qarşılıqlı təsirindən asılıdır.
2.Psixi inkişafın inteqrasiyası-psixi proses və xassələrin davamlılığı, bütövlüyü və sabitliyi ilə bağlı olub şəxsiyyətin daimi əlamətlərinə çevrilməsi prosesində özünü göstərir.
3.Psixi inkişafın kompensasiyası-bir psixi funksiyanın sürətlə inkişaf edərək zəif inkişaf edən, yaxud da inkişaf etməyəni əvəz etməsi şəklində başa düşülməlidir. Məsələn, korlarda eşitmənin, taktil – lamisə həssaslığının yüksək səviyyədə inkişaf edərək görmənin vəzifələrini icra etməsi buna aid edilə bilər.
4.Psixi inkişafın fasiləsizliyi-psixi inkişafın ana xəttini təşkil edir. Psixi inkişafın yüksəlişi, ziddiyyətli sıçrayışlarla cərəyanı, yeni törəmələrin əmələ gəlməsi və s. burada özünü göstərir.
5.İnteriorizasiya prosesi-burada insana xaricdən olan təsirlər, qəbul etdiyi informasiyalar, özünün apardığı əməliyyatlar beyində möhkəmlənərək qavrayış, hafizə, təfəkkür əməliyyatlarına çevrilir və beləliklə, psixika inkişaf edir, insanda müvafiq obrazlar, anlayışlar formalaşır.
6.Şəxsi konstruktlar-burada insanın şəxsi görüşləri, baxışlar sistemi təzahür edir, hadisələri qabaqcadan görür, ixtira və kəşflər edir, özünün şəxsi nəzəriyyəsini yaradır. Hər bir adamda özünəməxsus təsəvvür formalaşır, anlayışlar sistemi yaranır və onlar hadisələri özünəməxsus formada şərh edir, yozur, fikir, mülahizə, fərziyyə irəli sürürlər.
İndiyədək deyilənlərdən aydın olur ki, uşağın hərtərəfli, düzgün və sürətli inkişafı təlim və tərbiyədən kənarda mümkün deyildir. Ona görə də şəxsiyyətin inkişafında təlimin oynadığı rol psixoloqların diqqətini xüsusi olaraq cəlb edir.