kiçik firmalar dinamikdir, dəyişən şəraitə daha tez uyğunlaşır, istehlakçıların dəyişən tələbini operativ əks etdirir;
kiçik sahibkarlığın inkişafı iş qüvvəsi və kapitalın ərazi və sahələr üzrə axınını asanlaşdırır;
kiçik firmalar yeniliyi daha tez duyur və tətbiq edə bilir;
kiçik firmalar unikal məhsulların istehsalına tez uyğunlaşır, texniki cəhətdən ucuz xərclə tez silahlana bilir, çəkilən xərclər tez ödənilir;
kiçik firmalar ixtisaslaşmanın inkişafına səbəb olur, iri korporasiyaları kiçik seriyalı məhsulların istehsalından azad edir;
kiçik firmalar üçün yeni məhsulun layihələşdirilməsindən onun tətbiqinə və bazara çıxmasına qədər olan vaxt daha qısa olur. Əgər kiçik firmalar üçün bu müddət 2-3 ildirsə, iri firmalar üçün 3-10 ildir.
Kiçik bizneslə məşğul olmaq işsizliyin azalmasına səbəb olur və buna görə də kiçik firmaların yaradılması dövlət tərəfindən müdafiə olunur, onlara kredit verilir, vergidə güzəştlər olunur.
Müasir iqtisadiyyatda biznesin təşkilinin çoxsaylı forması vardır. Hüquqi cəhətdən bütün təşkilatlar hüquqi şəxs statusuna malikdir və iki qrupa ayrılır:
kommersiya firmaları;
qeyri-kommersiya firmaları.
Kommersiya firmalarının məqsədi mənfəət əldə etməkdir. Kommersiya fəaliyyəti ilə məşğul olan, hüquqi şəxs kimi üç firma xüsusi fərqləndirilir: fərdi sahibkarlıqla məşğul olan; partnyorluq (tərəfdaşlıq) əsasında fəaliyyət göstərən; və korporasiyalar.
Birinci firma bir mülkiyyətçiyə məxsusdur. Bu cür firmanın sahibi müəssisəni təkbaşına idarə edir, əldə etdiyi mənfəətə özü sərəncam verir. ABŞ-da qeydiyyatdan keçmiş bütün firmaların 74 %-i fərdi sahibkarlıqla məşğul olurlar (bunlar 13 milyon təşkil edir). Bütün hüquqlar firma sahibinə məxsusdur.
Firmaların təşkilinin ikinci forması partnyorluqdur. Bu cür firmaların mülkiyyəti 2-3 şəxsin əlində olur. Sahibkarlıq birlikdə həyata keçirilir. Əldə olunan mənfəət payı nizamnamə kapitalına qoyulmuş paya uyğun bölünür. Firmanın öhdəliyinə hamı cavabdehdir, birlikdə məsuliyyət daşıyırlar.