7.4. Firma: məzmunu və təşkili formaları
Hər bir ölkənin iqtisadiyyatı təsərrüfat fəaliyyəti ilə məşğul olan, fərqli əmtəə və xidmətlər istehsal edən çoxsaylı subyektlərdən ibarətdir. Onların bir çoxu insanların həyatı üçün zəruri olan yaşayış vasitələri istehsal edir. Digər firmalar istehsal vasitələri (investisiya əmtəələri): dəzgahlar, maşınlar və s. istehsal edirlər. Elə firmalar da var ki, istehsala xidmət edir (məhsulu daşıyır, saxlayır, rabitə xidməti göstərir). Nəhayət, bəzi firmalar əhaliyə müxtəlif xidmətlər göstərir.
Hər bir firma istehsal vasitələrinin və onları hərəkətə gətirən və istehsal edən insanların məcmusudur. Onlar müstəqil fəaliyyət göstərən hüquqi şəxsdir və bazarın subyektidir. O, əmtəə və xidmətlərin istehsalçısıdır.
Beləliklə, firma – texniki-iqtisadi və sosial kompleks olub cəmiyyət üçün faydalı nemətlər istehsal edən təsərrüfat vahididir.
Firmanın istehsal fəaliyyəti, məqsədi ikili xarakter daşıyır: istehsal etdiyi məhsulu reallaşdırmaq və mənfəət əldə etmək, onu daha da artırmaqdır. Bu onun fəaliyyətinə təkan verən əsas amildir; mənfəət ancaq tələbata cavab verən məhsullar istehsal etməklə əldə oluna bilər. Deməli, firmanın ikinci məqsədi istehlakçıların tələbini ən yaxşı şəkildə ödəməkdən ibarətdir.
Firma istehlakçısını tapmalı və onun üçün istehsal etməlidir. Hər bir firmanın məqsədi, vəzifələri, fəaliyyətinin əsas istiqaməti onun “nizamnamə”sində, “təsis sənədləri”ndə öz əksini tapır.
Firmalar ilk növbədə fəaliyyət sferasına görə fərqlənirlər:
Maddi istehsal sferalarında fəaliyyət göstərən firmalar (sənayedə, kənd təsərrüfatında, tikintidə);
Qeyri-maddi istehsal sferasında fəaliyyət göstərən firmalar – bunların başlıca vəzifəsi xidmət göstərməkdir;
Vasitəçilik fəaliyyəti ilə məşğul olan firmalar. Onların vəzifəsi istehsalçı ilə istehlakçı arasında əlaqə yaratmaqdır.
Firmalar istehsal etdikləri məhsulların növlərindən asılı olaraq ixtisaslı və çoxprofilli firma kimi də fərqləndirilir. Belə ki, ixtisaslı firma məhdud sayda məhsul istehsal edir. Çoxprofilli firma isə müxtəlif cür əmtəələr istehsal edir.
Firmalar öz həcmlərinə görə də fərqlənirlər: kiçik, orta və iri. Məsələn, ABŞ-da hasilat sənayesindən başqa, qalan sahələrdə çox kiçik firmalara 20-ə qədər işçisi olanlar aid edilir. Kiçik firmalara 100-ə qədər, orta firmaya – 500-ə qədər, iri firmalara – 500-dən yuxarı işçisi olanlar daxil edilir. ABŞ-da bütün firmaların 80 %-i kiçik firmalar təşkil edir, ancaq onlar ÜDM-un yalnız 20 %-ni istehsal edirlər. İri korporasiyalar 20 %-dir. Ancaq onlar ÜDM-in 80 %-ni istehsal edirlər. Azərbaycan Respublikasında kiçik, orta və iri müəssisələr barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 2015 nömrəli qərarı ilə kiçik, orta və iri müəssisələr işçi heyəti üzrə - 25 nəfərədək, illik gəliri 200 min manatadək olan kiçik müəssisələr sayılır, işçi heyəti 25-dən 125-dək, illik gəliri 200 min manatdan 1 milyon 250 min manatadək olan müəssisələr orta hesab edilir, heyəti 125-dən artıq və illik gəliri 1 milyon 250 min manatdan çox olan müəssisələr isə iri müəssisələr hesab olunur.
İri firmalar bir çox üstünlüklərə malikdirlər:
İstehsalın miqyasının böyük olması firma daxilində ictimai əmək bölgüsünün üstünlüklərindən istifadə etməyə imkan verir, əmək məhsuldarlığı artır.
İstehsal xərclərini azaltmaq məqsədilə ixtisaslaşmış avadanlığı ancaq iri firmalar ala bilir.
İri firmalar topdansatış anbarlarından böyük partiyada resurslar almaq hüququna və imkanına malikdir.
İri firmalar elmi-tədqiqat və təcrübə-konstruktor proqramlarına vəsait qoymaq imkanına malikdir. Bu isə istehsal xərclərini azaltmağa və məhsulun keyfiyyətini artırmağa imkan verir.
Ancaq son onilliklərdə inkişaf etmiş ölkələrdə kiçik biznes fəaliyyəti genişlənmişdir. Bunun səbəbləri: birincisi, elmi-texniki inqilabın müasir mərhələsi kiçik firmaların effektli fəaliyyəti üçün maddi baza yaratmışdır; ikincisi də, əhalinin gəliri artdığı bir şəraitdə xidmət sferasının genişlənməsinə tələbat yaranmışdır.
Dostları ilə paylaş: |