Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi


وَأَشْرَقَتِ الْأَرْضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ الْكِتَابُ وَجِيءَ بِالنَّبِيِّينَ وَالشُّهَدَاء وَقُضِيَ بَيْنَهُم بِالْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ



Yüklə 4,06 Mb.
səhifə27/41
tarix20.01.2017
ölçüsü4,06 Mb.
#726
1   ...   23   24   25   26   27   28   29   30   ...   41

وَأَشْرَقَتِ الْأَرْضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ الْكِتَابُ وَجِيءَ بِالنَّبِيِّينَ وَالشُّهَدَاء وَقُضِيَ بَيْنَهُم بِالْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ

“Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab (ortaya) qoyulacaq (hərənin əməl dəftəri öz əlinə veriləcəkdir), peyğəmbərlər və şahidlər (əməlisaleh insanlar və ya mələklər araya) gətiriləcək, onlar (bəndələr) arasında ədalətlə hökm olunacaq və onlara haqsızlıq edilməyəcəkdir!” (Zumər: 69).



يُنَبَّأُ الْإِنسَانُ يَوْمَئِذٍ بِمَا قَدَّمَ وَأَخَّرَ

“O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir!” (Qiyamə: 13)

İnsan həyatın keşməkeşli yollarında öz mənəvi-ruhi sakitliyini, təm­kinlik və səbrliliyini Quran ayələrində tapır. Bizim ən böyük sirdaşımız, amaldaşımız mərhəmətli və qüdrətli Allahımızdır (7.s. 4).

İnsan ən dözülməz, ağır anlarda əllərini göyə uzadıb o gözə görün­məz qadir Allahdan imdad dilər. Axı Quran insanlar üçün bəsirət gözü (axirətə) tam yəqinliklə inanan bir qövm üçün hidayət (doğru) yolu gös­tərən rəhbər və mərhəmətdir: Casiyə: 20)

Hər birimiz, şübhəsiz ki, Ona dualar edirik. Duaların əhəmiyyətini Süleyman peyğəmbərlə bağlı üç ayə yetərincə aşkar edə bildiyindən on­ları qeyd etməyi lazımlı hesab etdik:

وَوَهَبْنَا لِدَاوُودَ سُلَيْمَانَ نِعْمَ الْعَبْدُ إِنَّهُ أَوَّابٌ ؛

وَلَقَدْ فَتَنَّا سُلَيْمَانَ وَأَلْقَيْنَا عَلَى كُرْسِيِّهِ جَسَداً ثُمَّ أَنَابَ ؛

قَالَ رَبِّ اغْفِرْ لِي وَهَبْ لِي مُلْكاً لَّا يَنبَغِي لِأَحَدٍ مِّنْ بَعْدِي إِنَّكَ أَنتَ الْوَهَّابُ

“Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O, daim Allaha sığınan bir kimsə idi. (Onun rizasını qazanmaq diləyirdi);

And olsun ki, Biz Süleymanı (etdiyi bir xəta üzündən) imtahana çək­dik. Taxtının üstünə (ruhsuz) bir cəsəd atdıq (və ya: taxtının üstünə bir cin oturtduq). Sonra o (peşman olub tövbə etdi və yenidən öz mül­künə, öz taxtına) qayıtdı;

(Süleyman dua edib) dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra (o cürəsinə) heç kəs nail ola bil­məsin. Həqiqətən, Sən böyük ehsan (kərəm) sahibisən! (Allah Süley­ma­nın duasını qəbul buyurdu. Ona həm peyğəmbərlik, həm də padşah­lıq əta etdi)” ( Sad: 30, 34,35).

Həyatın bu reallıqları bədii ədəbiyyatda, o cümlədən, xalq yaradıcı­lı­ğında yetərincə öz əksini tapmışıdır:

Sidginən çağırram, şahların xası

Qəribəm, vətənə sən yetir məni,

Ya xatəmənbiya ümbət ağası,

Qəribəm, Vətənə sən yetir məni.(8.s.117)

Aşıq Qərib dastanının bu məqamında aşıq çöllü-biyabanda qalır, yol­da atını itirən Qərib “şahların xasi” – xitabı ilə Allaha, xatəmənbiya, ümbət ağası xitabı ilə isə İslam ümmətinin sonuncu peyğəmbəri Hz.Mə­həmmədə müraciət edir, dualar edərək vətəninə qayıtmasını ar­zu­layır. Allaha dua etmək Quranın əksər ayələrində, o cümlədən, Fatihə 5, 7, Bəqərə 127, 129, Ali-İmran 8, 9, Ənam 40, 41, Yunus 88, 89 və b. öz təzahürünü tapıb.



QURANDA:

إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ ؛

اهدِنَــــا الصِّرَاطَ المُستَقِيمَ ؛

صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ غَيرِ المَغضُوبِ عَلَيهِمْ وَلاَ الضَّالِّينَ

“ Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!

Bizi doğru (düz) yola yönəlt!

Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!” (Fatihə: 5-7)

Allahın, adətən, min bir adı haqqında bəhs edilir. Allahın ad və si­fət­ləri, Onun birliyini, qüdrətini, xaliqliyini, mərhəmət və əzəmətini gös­tərir. Bu adların şeirdə işlədilməsi Tanrı kəlamının şeir dili ilə ifa­də­si­dir. “Valeh və Zərnigar” dastanında Aşıq Valeh aşağıdakı bağlamanı söylədi:

Valeh əbcəd hesabını yad elər,

Belə mənaları tez savad elər,

Bir əlif, bir qayın min bir ad elər,

Ancaq ona demək olmaz ikidi. (8.s. 368)

Nümunə gətirdiyimiz misalda ğayn=1000, əlif=1 olduğu üçün mü­əm­ma poetik formasının faydalarına əsasən 1001 rəqəmini alırıq (9, 209-210).

Aşıq Valeh bu beytində klassik poetikanın ən maraqlı növünə isti­nad edərək Allahın 1001 adına işarə etmiş olur.

Allah-Təalanın bəlli olan gözəl adları (əl-Əsmaül-hüsna) 99-dur. Ədə­biyyatda Tanrının bu adlarının işlədilməsi “Tənsiqus-sifat” adlandı­rılır.

Allah-Təalanın zatı və sübutu sifətləri mahiyyət etibarı ilə eyni şey­lərdir. Bu sifətlər arasında fərq olsa-olsa, zahiri xarakter daşıyır. Onlar zatın cövhərini təşkil edən amillərdir, buna görə də öz Sahibindən kə­narda təsəvvür edilə bilməz (6, 69).

Quranda “Əsmaül-hüsna” ilə verilən Allahın gözəl adları içərisində ən çox işlənənlərdən biri də əl-Qədir (Qadir) sifətidir. Allahın qadir si­fə­ti Bəqərə: 20, 129, Nisa: 134, Ənbiya: 87, Yasin: 81, Qiyamət: 40 və s .öz əksini tapmışdır.

Aşıq Qərib dastanının bu yerində Paşadan aldığı qızılı heybəsinə dol­durub getmək istəyən Qərib çöldəki göz-gözü görməyən tufanı gö­rüb aldı sazın belə dedi:

Bizim ellər dağdı, daşdı, virandı,

Qadir mövlam hər mətləbi verəndi,

Bayırda qar, çovğun, dolu, borandı,

Vətənimdən ayrı düşdüm, ağlaram! (8.s.116)

Beytin ikinci misrası yuxarıda qeyd etdiyimiz ayələrdən məxəz­lən­miş­dir. Beytdə eyni zamanda dağ, daş, viran və qar, çovğun, dolu, bo­ran sözlərindən istifadə edilmiş, bunlar eyni qəbilə məxsus sözlər oldu­ğundan “muraatun-nəzir” bədii ifadə vasitəsinə nümunədir. Qeyd edək ki, bu poetik forma dastanlarda daha çox işlədilir.

Burada bir neçə xalq dastanından götürülmüş nümunələr üzərində yığ­cam təhlil göstərir ki, klassik aşıq poeziyasında və datanlarda İslam və Quran motivləri kifayət dərəcədə yar almış, həmin ədəbi növün istər ideya-məzmun və istərsə də bədi-estetik və poetik baxımdan zənginləş­mə­sinə və cilalanmasına xidmət etmişdir. Deməli, sözügedən mövzu­nun daha geniş və əhatəli tədqiqinə böyük ehtiyac vardır və bu isə hə­min sahədə olan boşluğu doldurmaq cəhətdən faydalı olar.

Ədəbİyyat:
1. Qurani-Kərim. Ərəb dilindən tərcümə edənlər: Z.M.Bün­ya­dov, B.M.Məmmədəliyev. “Kozan

Ofset” mətbəəsi. Ankara. Məhərrəm, 1481/1997

2. Дж.Фрейзер. Фольклор в ветхой завете. Москва, 1990

3. Təsiri-Quran və hədis dər ədəbiyyati-farsi. Dr. Əliəsgər Hələbi. Tehran 1371

4. Б.М.Гранде. Введение в сравнительное изучение семитских язы­ков. М., 1972

5. Dilsuz və Xəzangül.Azərbaycan dastanları. Bakı: Çıraq, 2005

6. Hacı Sabir Həsənli. Haqqa doğru. Bakı: Elm və həyat, 1998

7. Mahirə Quliyeva. Quran bəlağəti və Azərbaycan ədəbiyyatı. Bakı: Nafta-Press, 2008

8. Aşıq Qərib. Azərbaycan dastanları. Bakı: Çıraq, 2005

9. Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı. Bakı: Ozan, 1999.


K.H.İmamqulİyeva

(Dilçilik İnstitutu)
BARAMAÇILIQ TERMİNLƏRİNİN TARİXİ-DİALEKTOLOJİ

ASPEKTDƏ FONO-SEMANTİK XÜSUSİYYƏTLƏRİ

Baramaçılıq və ipəkçilik Azərbaycan xalqının məşğul olduğu ən qə­dim peşələrdəndir. Böyük İpək Yolunun Azərbaycandan keçməsi də tə­sadüfi deyil. Ən qədim dövrlərdən belə Azərbaycan ipəyi dünyada məş­hur olmuş, ticarət mərkəzi kimi tanınan Azərbaycandan bu sənət nümu­nələri böyük karvan yolları ilə dünya bazarına çıxarılmışdır. Bunu Azər­­baycan xalqının iqtisadiyyatında həyat və məişətində, adət-ənənə­sində bu gün belə görmək mümkündür. Xalqın tarixi təkcə onun maddi-mə­dəniyyət nümunələrində deyil, həm də dilində yaşamaqdadır. Azər­baycan dilinin dialekt və şivələri isə bu baxımdan ən böyük bazadır.



Barama sözü müasir Azərbaycan ədəbi dilində “ipəkqurdu tırtılının nazik ipək liflərindən hörərək içində oturduğu qapalı vuvacıq, qutu, qo­za” mənasında işlənir. “Sona xala deyirdi: ...Biz indiyə kimi barama için­də dustaq yatan ipəkqur-duna bənzəyirdik” (S.S.Axundov) (1, 220).

Bir tapmacada deyildiyi kimi:

Bir quşum var alaca,

Gedər qonar ağaca.

Özünə bir ev tikər,

Nə qapı qoyar, nə baca.



Barama sözü hərəkətlə bağlı olan, “yığılma”, “əmələgəlmə” mə­na­larını ifadə edən, hərəkət→ad istiqamətində formalaşan ba+r morfem­lərindən yaranmışdır.

Azərbaycan dilində bar sözü müxtəlif leksik mənalarda işlənsə də, hamısında bir anlam var: “yığılma”, əmələgəlmə”. Bəzi nümunələrə nə­zər salaq:



Bar sözü “meyvə, məhsul”, “kif, boyat çörək və xörəklərdə əmələ gə­lən ağ rəngli göbələkciklər”, “ərp, pas, kir” və s. mənalarda işlənir.

“Azərbaycan dilinin dialektoloji lüğəti”ndə bar sözünün bir neçə mənası verilmişdir:

“Bar I (Ağsu) – çiy südün üzü. –Sütün üzü bar tutmuşdu, yı:b ye­dim.

Bar II (Qazax) – kif. –Çörəyin üzündə bar var, onu dəsmalnan sil.

Bar III (Ağdam, Bərdə, Meğri, Şuşa) – xəstənin dilində, dodaq­la­rın­da əmələ gələn ağ ərp. –Xə:l, dilö: çıxart görüm üstündə bar var? (Meğri)” (2, 39).

M.Kaşğari bar sözünün bir çox mənalarını qeyd etmişdir:



Bar – “var, mövcud” (3, 69), “peyda olmaq”, “əmələ gəlmək” (3, 69, 84), “var, bir şeyin bir yerdə olduğunu göstərən söz” (3, 149), “bö­yük, iri” (3, 69).

Məhz iri sözünün də bar//ber sözlərinin fonetik variantı olduğunu söyləmək olar. Həmçinin kəf, çirk, kif sözlərinin leksik anlamı ilə bağlı olan irin sözü də həmin ir kök morfemi ilə bağlıdır. M.Kaşğarinin “barığ//berığ” sözlərinin “qoxmuş bir şey” mənasında işləndiyini qeyd etməsi deyilənlərə bir daha əsas verir (3, 72).



Bar sözünün “iydə”, “iri iydə”, “ensizyarpaqlı iydə” mənalarını ver­məsi də səbəbsiz deyil (3; 69). Həm zahiri görünüş, həm də “yığılma” an­lamı ilə iydəbarama bir-birinə oxşar əşyalardır.

Barak “çox tüklü köpək”, barça “bütün, hamısı”, barğan “mərsin ağa­cı meyvəsi” və s. sözlər də ba+r morfemindən yaranmışlar (3, 72).

Azərbaycan dilinin Kürdəmir, Qazax, Şəmkir, Tovuz şivələrində “çiçəyi yeni düşmüş kiçik xiyar” mənasında da barama sözü işlənir ki, bu sözün də yaranmasında barama əşyasının zahiri oxşarlığının rolu var­dır. –Barameyi turşuya qoysan, yeməli olar (Qazax). –Yelpənək hələ baramadı, gec böyyər (Kürdəmir). –Xiyarın sap balajasına barama deərix' (Tovuz). –Tağlarda yaman barama var (Şəmkir).

“Dişin dibində əmələ gələn şiş” mənasında barama sözü işlənir (2, 220).

Dilimizdə “yaranma”, “əmələgəlmə” anlamı ilə yaranan baramum (Ağdaş, Şuşa)//bərəmum (Bakı) “arı pətəyinin çərçivəsinə yığılan mum”, barata (Naxçıvan)”palçıq layı” (Barata kəsdim, vırdım dufara), bardağ (Kürdəmir) “küpə” (Bardağa şor yığırığ), barata (Cəbrayıl) //balata (Tərtər)// balatı (Ağdam, Daşkəsən, Gədəbəy, Gəncə, Qax, Qa­zax, Min­gə­çevir, Şəki, Təbriz, Ucar, Yevlax, Zaqatala) “xəmir ma­yası, xəmrə”, bə:rmax (Zəngilan) “yetişmək” (Meyvə yeməli olanda də:rıx ki, bə:rif) və s. (2, 37, 52) sözlərin ba+r morfemi ilə əlaqədar olduğunu söyləmək olar.

“Barama” və “ipək” sözlərinin yeri gələndə sinonim varian­tı kimi çı­xış etməsi də maraqlıdır: baramaqurdu//ipəkqurdu.

M.Kaşğari “barçın sözünün “ipək qumaş” mənasını qeyd etməklə, ipəyin ba+r morfemi ilə əlaqədar olduğunu bizə çatdırmış olur (3, 72).

Bütün bunları nəzərə alaraq belə qənaətə gəlmək olur ki, ba+r+a+ ma morfemləri ilə formalaşan barama sözü hərəkət→ad→hərəkət→ad kompleksinə uyğun gələn qədim türk mənşəli sözdür.

Baramaçılıqda bağlı söz və terminlərlə tanış olduqca baramanın əl­də olunma prosesi gözümüz qarşısında canlanır. Baramaqurdunun sax­la­nıl­ması, yemi, yuxusu, baramanın keyfiyyəti ilə bağlı olan terminləri, yaxud termin səciyyəsi daşımayan, məhz bu sənətlə bağlı olaraq işlə­dilən bir çox sözlər vardır ki, Azərbaycan dilinin qədim leksik qatını öy­rənməkdə tədqiqatçıya kömək edir.

Baramaqurdunun yuxusu ilə bağlı sözlərə nəzər salaq:

Xırıt (Culfa) // xırt (Ordubad) – baramaqurdunun birinci yuxusu. Etimoloji baxımdan çox qədim olan bu türk mənşəli söz ad kimi işlənsə də, hərəkətlə, yəni yatmaq mənasında işlənən fellə bağlı olsa da, səs təqlidi → hərəkət → ad isti­qamətində formalaşmışdır. Yumşaq damaq­da, qırtlaqda yara­nan təqlidi söz (xı//xo//xi//qı və s. + r) xorultu, xırıltı, xirtdəx', xirttavık (Qax şivəsində “xirtdək” mənasında), qırtdax (qırt­laq), xırxızdamax (boğmaq, xirtdəyindən yapışmaq), xo­rul­damaq, xırıl­damaq və s. sözlərin yaranmasında kök mor­fem rolu oynamışdır. Müx­təlif türk dillərində işlənən və meta­tezaya uğrayan yuxu // uyku sözünün də kök əsasında həmin təqlidi söz durur.

Şahbuz şivəsində “baramaqurdunun üçüncü yuxusu” mə­na­sında ki­çik xırt, “baramaqurdunun dördüncü yuxusu” məna­sın­da isə böyük xırt ifadəsi işlənir (5, 110). Birinci növ təyini söz birləşməsinin əsas tərəfi kimi çıxış edən xırt sözü burada da diqqəti cəlb edir. Görünür, xırt sözü yuxu sözünün sinonimi olsa da, kök əsasda bir yaxınlaşma vardır. Uyumaq felinə feldən isim düzəldən – xu//-qu//k'u şəkilçi morfeminin qoşul­ması ilə uyqu//uyk'u//yuxu sözləri yaranmışdır. “Yorulub möh­kəm yatmaq” mənasında xırp düşmək//xıp düşmək felinin işlənməsi və bu bir­ləşmənin birinci tərəfinin də xı- kök mor­femi ilə əlaqəli olması tə­biidir.

Koru (Ağdam) – baramaqurdunun birinci yuxusu. –Mənim bir qutu qurdum var, koruya yatıf. Koru sözü ko-//k'o-//xo-//xı- səs axarında xırt//xirt sözləri ilə əlaqələnmiş olur. Həm –ıt/-it//-ıd//-id//-t.., həm –ı, -i, -u, -ü şəkilçi morfeminin feldən isim düzəldən şəkilçi olması səs təqlidi → hərəkət morfeminin ad-morfem yaratmasına gətirib çıxarır.

Xı//xi+r+ feldən ad düzəldən şəkilçi morfem baramaqur­dunun dör­düncü yuxusu anlamında da işlənmişdir: xirix' (Şəki) //xırix' (Şəki) (6,192, 193) // xirə (Kürdəmir) //xirix' (Ağdam, Cəbrayıl, Goranboy) //xi­rik (Cəbrayıl, Goranboy, Göyçay, Mingəçevir, Tovuz).

Xirix' sözünün x→h səs əvəzlənməsi ilə hərix' variantına da dialekt və şivələrdə rast gəlirik. Hərix' sözü Meğri şivəsində “baramaqurdunun dördüncü yuxusu” mənasında işlənir.

“Baramaqurdunun birinci yuxusu” mənasında Şahbuz şivələrində qarışqa yuxusu//qərişqə yuxusu ifadəsi də işlən­miş­dir (5, 110). Qərişqə yuxusu ifadəsi Zəngilan rayonu şivələrində də eyni mənada qələmə alınmışdır (7, 265). Baramaqurdunun birinci yuxusuna bu adın veril­məsi birləşmənin asılı tərəfində işlənmiş “qarışqa” sözü ilə bağlıdır.



Qarışqa//qərişqə Şahbuz şivələrində “toxumdan təzəcə əmələ gələn xırda qurd” mənasında işlənir: -Bizdər qarışqa də:rix' dınqılı qurtdara, ata-babadan (5, 110).

Məlumdur ki, qarışqa sözünün “kiçiklik, balacalıq” mənası Azər­baycan dilində geniş şəkildə işlənir. Hətta bu mənada “qarışqa kimi”, “elə bil qarışqadır” bənzətmələrinin işlənməsi də səbəbsiz deyil. To­xum­dan təzəcə əmələ gələn xırda qurdlara qarışqa deyilməsi də bu sə­bəbdəndir. Odur ki, ikinci növ təyini söz birləşməsi kimi çıxış edən qarışqa yuxusu//qərişqə yuxusu ifadələri toxumdan əmələ gələn qarış­qaya bənzər xırda qurdun yuxusu kimi anlaşılmalıdır.



Cünsaz (Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan) //cümşaz (Bərdə, Kür­dəmir) – baramaqurdunun ikinci yuxusu. –Baramaqurdunun ikinci yuxusuna cümsaz deyirix' (Ağdam). –Cümsazdan durannan so:ra qurdu yaydıx (Zəngilan). –Qurdumuz düz iki günə cümsazı yatıb durdu (Cəbrayıl). –Baramaqurdunun ikinci yuxusuna cumşaz di:rix' (Bərdə).

Şümşürüt yuxusu//düyuxusu (Şahbuz) //dünyuxusu sözləri də “bara­ma­qur-dunun ikinci yuxusu” mənasında işlənir. İkinci yuxudan sonra baramaqurdunin hərəkəti artır, fəallığı hiss olunur.

Cümsaz, cumşaz, şümşürüt, o cümlədən dü- sözləri bənzətmə əsa­sın­da yaranmış addır. Şümşürüt (Ağcabədi) //şümşürüx' (Ağcabədi, Bərdə, Culfa, Tərtər) //sümşülüt (İmişli) “ildırım” mənasında dialekt və şivələrimizdə geniş şəkildə işlənir.

Naxçıvan qrupu dialekt və şivələrində şümşürüx'//şümşürüt sözləri “göy gurultusu eşidilməmişdən qabax ildırımın işığı” mənasında işlənir: “Şümşürüy atır” deməklə bunun ardınca bir azdan göy guruldayacağına və ildırım çaxacağına işarə olunur. Məhz bu mənada şümşürüt yuxusu ifadəsi işlənir. Cümsaz//cümşaz sözləri də bu əsasdan götürülüb. Azər­baycan dilinin dialekt və şivələrində gurşad (Qazax)//gürşad (Göyçay, Qazax, Sabirabad, Salyan)//gürşəd (Gədəbəy) sözləri də “ildırım, şüm­şək” mənasında işlənir. Həmçinin bu sözü şimşək sözünün fonetik va­riantı hesab etmək olar.



Düyuxusu ifadəsi ikinsi növ təyini söz birləşməsi yolu ilə yaranmış mürəkkəb sözdür. Odur ki, bunu fars dilindəki dü (iki) sözü ilə bağla­maq doğru olmaz. Əgər birinci dü(iki) sözü işlənsə, ikinci tərəfdə mən­subiyyət şəkilçisi olmaz və birləşmə birinci növ təyini söz birləşməsi kimi çıxış edər. Həmçinin bu sözün dünyuxusu variantının olması onu gös­tərir ki, bu düyün sözü ilə bağlıdır. İstər düyün istərsə də şümşürüt// cümşaz// cümsaz sözlərinin bir anlamı var: yeni həyata başlamaq. Belə ki, ikinci yuxudan sonra baramaqurdunun tut şaxları üzərinə yayılması onun ikinci həyatının başlanmasıdır. k→t→d→z səs axarı isə şimşək (ədəbi dildə)//şümşat (Daşkəsən, Kəlbəcər)// şümşət (Ağdam, Borçalı, Qazax, Şəmkir, Tovuz) sözlərinin cümsaz//cümşaz sözləri ilə fonetik va­riant olmasına əsas verir.

Kiçi (Cəbrayıl, Kürdəmir, Mingəçevir, Zəngilan) – baramaqurdunun üçüncü yuxusu.

Bu söz müasir ədəbi dildə işlənən “kiçik” sözü ilə bağlıdır. Maraq­lıdır ki, Azərbaycan ədəbi dilində formalaşmamış “kiçik”, “kiçil” sözlə­ri onun antonimi olan boyü söz kökü formasında müasir ədəbi dildə işlənmir.

Kiçi sözünün Azərbaycan dilinin dialekt və şivələrində müşahidə olu­nan keçi sözü ilə bağlı olmaq ehtimalı da var:

Keçi (Göyçay, Ucar, Zaqatala)//ke:çi (Şəki)//keji(Bərdə) sözü “bişi­ril­miş barama” mənasında işlənir.

Culfa, Oğuz şivələrində keçi “bişirilmiş baramadan əyirilmiş sap” mənasında da işlənir.



Ki-//ke-//kü- fonetik variantlı kök morfemləri hərə­kət→ əlamət→ad istiqamətində “dar bir yerdən keçmək”, “yer tapıb keçmək” anlamında keçmək felinin kök-morfemləridir. Küçün, kiçik, keçi, keçi//keji sözlə­rin formalaşmasında rol oynamış keçmək felinin əlamət modelləri daha güclü olmuşdur. Keç+il-→kiç+il-, getmək→geçmək//keçməx'//keşməx'// geşməx' sözləri k//g, t→ç→ş səs keçidləri, yaxud söz axarı ilə yeni mə­nalı sözlərin yaranmasında xüsusi rol oynamışlar. Bu baxımdan dialekt materiallarına müraciət daha əlverişli olur: keş (Quba) “dərə”, keşqal (Bərdə, Göyçay, Mingəçevir, Ucar)//keşgil (Borçalı) “kiçik arx”, keçə­lət (Ağcabədi, Bərdə, Cəlilabad, İmişli, Kürdəmir) “keçid”, keci (Sal­yan) “saya”, geş (Şəki) “qamışlıqda bitən nazik və uzun ot” (bafa bağ­lamaq üçün istifadə olunur), gədə (Çənbərək) “alaçıq (dəyə) tikmək üçün istifadə olunan çubuq”,55* gedey (Dərbənd) “şin”, geniməx' (Ağ­dam, Ağdərə, Borçalı, Gədəbəy, Gəncə, Xocavənd) “uzaqlaşmaq”, geŋit­məx' (Tovuz) “uzaqlaşdırmaq” və s.

“Uzaqlaşmaq”, “uzaqlaşdırmaq” mənasında işlənən geniməx', genit­məx', felləri müasir ədəbi dildə işlənən getmək felinin, ge+t morfem­lərinin müəyyənləşməsi üçün açardır. Ge- kök morfem, -t isə feldən fel düzəldən şəkilçi morfemdir.

Prof. Q.Kazımov yazır: “Şumer dilində olduğu kimi, türk dillərində də səs keçidləri dilin lüğət tərkibini zənginləşdirən, yeni sözlərin ya­ranmasına imkan verən mühüm vasitələrdən olmuşdur. Məsələn, get, gəl, gir, keç, koç, qaç sözlərinin kökü eyni morfemdən gi- morfemindən yaranmışdır: ge, gi, gə, kö” (8, 98).

Baramaqurdunun yuxusu ilə bağlı digər sözlərə də nəzər salaq:



Qəm yuxusu (Şahbuz) – baramaqurdunun barama sarımağa başla­yan­dan əvvəl olan bir-iki saatlıq yuxusu. –Qəm yuxusu çox az çəkər.

Qarayuxu (Kürdəmir) –baramaqurdunun beşinci yuxusu. Bu, Şah­buz şivəsində işlənən “qəm yuxusu” ifadəsinin müqabilində işlənir.

Ulu (Bərdə, Cəbrayıl, Göyçay, Kürdəmir, Mingəçevir, Şəki, Zəngi­lan) – baramaqurdunun son yuxusu. –Bizim qurd uludan durmadı, ha­mıjığı qırıldı (Bərdə). –Uludan so:ra xirix' başdıyır (Zəngilan). –Kəri­min qurdu ulunu yatıb durub (Cəbrayıl). –Uludan durutdu qurdumuz, bir-ki günə saxlanasıdı (Şəki).

Şəki şivələrində baramaqurdunun son yuxusu mənasında xirex'// xirix' sözləri də işlənir. -Xirex' də diyillər, uludan durdu da diyillər axı­rıncı yuxudan duranda qurd. –Qurdumuz xirix'dən durutdı.

Baramaqudunun axırıncı yuxuya getməsi, yaxud yuxudan durması uluyə yuxlamax, uludan durmax şəklində işlənir (6, 192, 193).

Ulu, qəmyuxusu, qarayuxu sözlərinin izahı müxtəlif şəkildə verilsə də (həmin ərazilərdə bu şəkildə izah olunduğu üçün ifadə olunduğu kimi saxlanılmışdır), eyni anlama gəlir: “baramaqurdunun son yuxusu”.

Baramaqurdunun yaşam mərhələləri,növləri, keyfiyyəti, görünüşü, rəngi, hal-vəziyyətivə s. ilə bağlı terminlərə də rast gəlirik. Bu söz-ter­minlərin hər biri etnolinqvistik təhlil baxımından böyük maraq doğurur.



Tompal (Ağdam, Cəbrayıl, Göyçay, Mingəçevir, Şahbuz, Şəki) //tom­pa (Şahbuz) “iki qurdun birlikdə sarıdığı çıxar barama” məna­sındadır. Belə barama kobud və yaraşıqsız olur.

Çatal sözü də Ağdam şivələrində iki qurdun birlikdə sarıdığı çıxar barama” mənasında işlənir. Çatal “çatmaq” sözü ilə bağlıdır. “Baş-başa vermək”, “başlarını bir-birinə” yaxınlaşdırmaq və s. mənaları verən “çat­maq” sözü geniş anlamda işlənir: tonqal qalayanda odunların başı­nı çatmaq, qaşlarını çatmaq və s. Çat- morfemi ilə bir çox sözlər dili­mizdə işlənir; çatı, çatıq, çatıqqaş, çatılma, çatılı, çatılmaq və s.

Çatıq sözü də “yapışıq, qovuşuq” mənasında işlənir: çataq meyvə - bir-birinə yapışıq meyvə.

Meğri şivəsində tompal sözünün pampan//bambi (9, 391). Qubadlı şivələrində pampal//pampal (10, 122) variantları da işlənmişdir. Bu söz­lərə fonetik variant kimi baxmaq olar. Kobud, köntöy mənasında işlə­nən pampalax//tompalax kimi sözlərin də kök-morfemləri tompa­lax//pampan//bambi sözlərinin kök-morfemi ilə eynidir. Çox güman ki, Naxçıvan qrupu dialekt və şivələrində “yüngülxasiyyətli” mənasında işlə­nən bambılı sözü də bu “söz ailəsi”nə məxsusdur.



Banbal//banban (Ordubad) - iri barama. –Banbalları ayrı bir yerə topla. -Bizim qalxozda banban barama çox olar. Banban sözü Sirab şivəsində “yumru barama” mənasında işlənir.

Banbal//banban sözləri qədim türk mənşəli söz olub, ban “başı bağlı, örtülü” mənasını ifadə edir.

“Kitabi-Dədə Qorqud” dastanında da bu sözə rast gəlirik: “Doqsan başlu ban evlərin qara yeriŋ üzərinə dikdirmişdi” (11, 48). Lakin bu sö­zün leksik mənası müxtəlif şəkildə izah olunmuşdur:



Ban – böyük çadırın qurulmasında dayaq və divar rolu oynayan sö­yüd tipli hündür ağac və ya nərdivan; çadırın tavanında açılan nəfəslik, baca” (11, 191).

M.Kaşğari isə ban sözünü “bağlanmaq” sözü ilə əlaqələndirir: “koy bandı= qoyun bağlandı” (3, 69).



Ban sözü evin üstü mənasında işlənən dam sözü ilə bağlı olub, bir-birilə fonetik variant hesab oluna bilər.”Ağbağ ev” ifadəsində də bu fik­rin təsdiqini görürük: “Qan Gan oğlu xan Bayındır yerindən turmışdı, qara yerin üzərinə ağbağ evin dikmişdi (11, 132). “Ağ ban evini qara ye­riŋ üzərinə dikdirmişdi” (11, 148). “Ol gün ala bargah otaqlar dikil­di” (11, 166). “Qazan görklü çəmənə çadır otaq dikdirdi” (11, 178).

Verilmiş nümunələrdən görünür ki, “Kitabi-Dədə Qorqud” dasta­nın­da ev, otaq, çadır ifadələri müasir ədəbi dilimizdən heç də fərqlən­mə­yən leksik mənaları ifadə edirlər. Ağ bağ, yaxud ağ ban evlər ifadəsi Bayandır xan və Qazan xanla bağlı hissələrdə müşahidə olunur.

n←ŋ,←nq→q→ğ səs axarı n→ğ səs keçidinin olduğunu göstərir. Bu isə ban//bağ sözlərinin “örtmək, bağlamaq” felləri ilə bağlı oldu­ğu­nu bir daha təsdiqləyir: “ağ örtüklü” evlər”. Görünüş etibarilə barama da hər tərəfi örtülü ağ evi xatırladır.

Həmçinin “Kitabi-Dədə Qorqud”da ban, “azan, uca səs”, banlamaq “azan vermək, uca səslə (avazla) azan çəkmək” mənasını da ifadə edir. Xoruzun banlaması da bu qəbil sözlərlə bağlıdır. Azan uca yerdə, o cüm­lədən damın üstündə verilir. Xoruz da ucada, o cümlədən damın üs­tündə banlayır. Bu baxımdan ban sözü dam sözü ilə fonetik variant olub, evin üstü anlamındadır.

Ümumiyyətlə, baramaçılıq, ipəkçiliklə bağlı sözlərin etnolinqvistik təhlili həm bu peşənin, həm də bu peşəyə məxsus sözlərin çox qədim bir tarixə malik olduğunu müəyyənləşdirməyə əsas verir. Təhlil zamanı “bir çox sözlərin “ailəsi”, “yuvası” müəyyənləşmiş olur.


Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin