BƏNDƏLİYİN MƏRTƏBƏLƏRİ
Qeyd etdik ki, insanı yaranış hədəfinə çatdıracaq yeganə yol bəndəlikdir. “Şə`baniyyə” münacatında mə`sum imamların istədiyi məqam həqiqi bəndəlk məqamıdır. Allahın dərgahında izzət nuruna qovuşmaq istəyənlər Onunla öz aralarında olan rabitəni gücləndirməlidirlər. Əlbəttə, insanın varlığının özü Allahla rabitədir. Sadəcə olaraq biz bunu dərk etmirik. Belə bir dərketmə hüzuri elm vasitəsi ilə mümkündür. Bunu dərk etməyən insan özü kimi kimdən və nədənsə asılı olan min bir vücuda bağlanır. Amma Allaha bağlanan kəs bütün səmərəsiz bağlılıqlardan azad olur. Bu mərtəbəyə qalxmış bəndə Allahdan qeyrisini görmür və Ondan qeyrisinin ətəyindən yapışıb kömək istəmir.
Bəndəliyin digər bir mərtəbəsində insan Allaha ibadət edir, iradəsini Allahın iradəsinə tabe edir. Bu bəndə anlayır ki, Allah onun səadət şərtlərini daha yaxşı bilir. Deyilənləri dərk edərək yerinə yetirilən ibadət şəksiz ki, qəbuldur. Allah yalnız insanın xeyri üçün nəyi isə vacib, nəyi isə haram buyurur. Bunu anlayan insan vacibə əməl edib haramdan çəkinir. Amma bu ibadət Həzrət Əlinin (ə) buyurduğu ibadət deyil. Çünki bu mərtəbədəki bəndə öz xeyirini düşündüyü üçün Allahın iradəsinə tabe olur. Belə itaət həkimin göstərişinə itaət kimidir. Xəstə həkimin sevdiyi üçün yox, öz sağlamlığını qorumaq istədiyi üçün ona itaət edir. Belə bir ibadət “azadanə” olmasa da qəbuldur. Amma bu ibadətdə özünəpərəstiş əlamətləri var. Onu tacirlərin ibadətinə aid etmək olar.
Hürr insanlar isə ibadət zamanı özlərini düşünmürlər. Onlar üçün ən mühüm məsələ mə`şuq qarşısında boyun əyməkdir. Mə`sum imamlar məhz bu sayaq ibadət etmişlər. Onlar Allahı ibadətə layiq bildikləri üçün ona səcdə edirlər. İmam Zeynül-abidin (ə) belə dua edir: “Xudaya, məni təkrar-təkrar cəhənnəmə aparıb oda çəksən də məhəbbətindən əl götürmərəm.” Mə`sumların mə`rifəti ilə bizim mə`rifətimiz arasındakı fərq aydın görünür. İstəyimiz həyata keçməyəndə necə də dilxor olur, naşükürlük edirik! Allah insana Onun xəlifəsi olmaq iste`dadını vermişdir. Bu məqama çatan insan Allahdan qeyrisini görmür, Allahdan qeyrisini köməyə çağırmır.
Belə bir məqama çatmaq arzusunda olub çalışan insanlar üçün mümkündür. İnsan aşağı mərtə-bədən başlayıb addım-addım yuxarı qalxmalıdır. İlk addımda öz iradəmizi Allahın iradəsinə tabe edib nəfsin istəyini yox, Allahın istəyini yerinə yetirməliyik. Növbəti addımda öz razılığımızı Allahın razılığına tabe edib onun razılığına fədakarlıqla çalışmalıyıq. Kamillik zirvəsinə çatmaq üçün təkrar-təkrar sə`y göstərmək lazım gəlir. İnsan hər bir söz, hər bir hərəkətindən qabaq Allahın razılığını düşünməlidir. Bir dəfə nəfsi azad buraxmaq insanı xeyli geri atır. Amma çox-çox sə`y göstərənlərin işini Allah öz öhdəsinə götürür, öz zikri ilə bəndənin qəlbini işıqlandırır. Bəli, Allahın lütfünün nazil olduğu məqam vardır. “Sad” surəsinin 82-83-cü ayələrində oxuyuruq: “Şeytan dedi: And olsun Sənin izzətinə müxlis bəndələrindən savayı hamısını azdıracağam.” Qur`ani-kərim təsdiq edir ki, yalnız Allahı görən, yalnız Allahdan istəyən, yalnız Allahın iradəsi və razılığına tabe olan xalis bəndələr vardır. Onlar danışarkən, dinləyərkən, baxarkən, iş görərkən, hətta düşünərkən Allahın razılığını əsas götürürlər. Belə bəndənin həyatının hər dəqiqəsi ibadətdir. İbadət təkcə namaz və oruc deyil. Namaz və orucu ibadət edən bəndənin Allah iradəsinə tabe olmasıdır. Əgər bir insan namaz qılıb oruc tutmaqla Allahı yox, bir başqasını razı salmaq istəyirsə belə namaz və oruc ibadət sayılmır. Əksinə, Allahı razı salmaq üçün bir insanın acı sözünə səbr edən bəndə üçün bu səbr ibadətdir. Bəli, insan qəlbindən bütün bütləri qovub yalnız Allaha pərəstiş edə bilər. “Ən`am” surəsinin 79-cu ayəsində buyurulur: “(İbrahim dedi) mən, həqiqətən, müvəhhid olaraq üzümü göyləri və yeri yaradan şəxsə tərəf döndərmişəm və mən müşriklərdən deyiləm.” Həmin surənin 162-ci ayəsində oxuyuruq: “De ki, namazlarım, ibadətlərim, diriliyim və ölülüyüm aləmlərin Rəbbi olan Allah üçündür.”
Dostları ilə paylaş: |