Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,33 Mb.
səhifə1/18
tarix25.05.2018
ölçüsü1,33 Mb.
#51486
  1   2   3   4   5   6   7   8   9   ...   18


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

______________________________________________

Azərbaycan folklorunun

ilkin nəşrləri” seriyası

HÜMMƏT ƏLİZADƏ
AZƏRBAYCAN

EL ƏDƏBİYYATI

(NAĞILLAR)

BAKI – 2013
AMEAFolklor İnstitutu Elmi Şurasının

qərarı ilə çap olunur.

REDAKSİYA HEYƏTİ
Muxtar Kazımoğlu (İmanov)


İsrafil Abbaslı




Rza Xəlilov

Mətni nəşrə hazırlayan: fil.ü.f. d. Sönməz ABBASLI
E
fil.ü. e.d. prof. İsrafil ABBASLI sAbbaslı
lmi redaktoru və


ön sözün müəllifi:

Hümmət Əlizadə. Azərbaycan el ədəbiyyatı (Nağıllar), Bakı, “Elm və təhsil” nəşriyyatı, 2013, 316 səh.
Hümmət Əlizadənin 1929-cu ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiy­yə­tinin xətti ilə nəşr etdirdiyi “Azərbaycan el ədəbiyyatı (Nağıl­lar)” top­lu­su Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitu­tu­nun “Azər­­­baycan folklorunun ilkin nəşrləri” seriyasının yeni kitabı ki­mi işıq üzü görür.
folklorinstitutu.com
H 3202050000 Грифли няшр

098 - 2013


© Фолклор Институту, 2013.

Azərbaycan folklorunun ilkin nəşrləri”



(AFİN) seriyasından çap olunmuş kitablar:
1. Atalar sözü. Tərtib edəni: Məmmədvəli Qəmərli. Trans­li­te­ra­siya və sözlüyün müəllifi Rza Xəlilov, “Ön söz”ün müəllifi İs­ra­fil Abbaslı, elmi redaktoru Hüseyn İsmayılov, Bakı, “Səda”, 2003

2. Arvad ağısı. Tərtib edəni Mirzə Abbas Abbaszadə. Trans­literasiya, “Ön söz”ün və sözlüyün müəllifi Rza Xəlilov, Afaq Xür­rəmqızı, elmi redaktoru İsrafil Abbaslı, Bakı, “Səda”, 2004

3. Hənəfi Zeynallı. Azərbaycan türk mahnıları haqqında. Mətni nəşrə hazırlayan və “Ön söz”ün müəllifi İsrafil Abbaslı, elmi redaktoru Hüseyn İsmayılov, Bakı, “Səda”, 2004

4. Bayatılar və manilər. Transliterasiya və “Ön söz”ün müəllifləri Rza Xəlilov, Afaq Xürrəmqızı, elmi redaktoru İsrafil Abbaslı, Bakı, “Səda”, 2005

5. Bəhlul Bəhcət. Sarı Aşığın bayatıları. Transliterasiya və “Ön söz”ün müəllifi Rza Xəlilov, elmi redaktoru İsrafil Abbaslı, Bakı, “Səda”, 2006

6. “Aşıq Qərib” dastanı. Transliterasiya və “Ön söz”ün müəl­lifi Rza Xəlilov, elmi redaktoru Hüseyn İsmayılov, Bakı, “Səda”, 2006

7. Folklor çələngi (XVII-XIX əsrlər əlyazmalarından seç­mə­lər). Transliterasiya, mətnlərin hazırlanması, tərtib və ön sö­zün müəllifi İsrafil Abbaslı, elmi redaktorları Hüseyn İsmayılov, Rza Xəlilov, Bakı, “Nurlan”, 2003

8. Hənəfi Zeynallı. Azərbaycan atalar sözü. Transliterasiya edəni Rza Xəlilov, tərtib edənlər Rza Xəlilov, Afaq Xürrəmqızı, elmi redaktoru Səbinə İsayeva, Bakı, “Elm və təhsil”, 2012

9. Vəli Xuluflu. El aşıqları. Transliterasiya edib çapa hazır­layanlar Rza Xəlilov, Afaq Xürrəmqızı, elmi redaktoru İsra­fil Abbaslı, Bakı, “Elm və təhsil”, 2013

10. Hənəfi Zeynallı. Azərbaycan tapmacaları. Transli­tera­siya edib çapa hazırlayanlar Rza Xəlilov, Afaq Xürrəmqızı, elmi redaktoru İsrafil Abbaslı, Bakı, “Elm və təhsil”, 2013

NƏCİB MƏQSƏD, GÖZƏL NƏTİCƏ”DƏN DOĞAN

QU QUŞUNUN SON NƏĞMƏSİ”, YAXUD



HÜMMƏT ƏLİZADƏNİ ANARKƏN
“Azərbaycan folklorunun ilkin nəşrləri” seriyasından sayılan bu birinci toplu Hümmət Əlizadənin adı ilə bağlı olub müəllifin təkrar dərc edilən ikinci kitabıdır. İkinci dəfə nəşr olunmuş ilk kitabı isə oniki cildlik “Azərbaycan ədəbiyyatı inciləri” seriya­sının üçüncü “Dastanlar” cildində özünə yer almış “Koroğlu” eposudur1.

Folklorşünas həmkarım, onlarla şifahi söz sənəti toplularının müştərək müəllifi olduğumuz prof. Bəhlul Abdullanın tərtibi və bi­zim “Ön söz”ümüzlə işıq üzü görmüş “İncilər” seriyasındakı “Ko­­roğlu” dastanı keçmiş irsi yenidən dövriyyəyə gətirmək işin­də mühüm addım sayıla bilər. Təqdim olunan bu toplunu da hə­min gələnəyin davamı və H.Əlizadənin ilk toplama-tərtib-nəşr ki­tabı kimi dəyərləndirmək mümkündür.

Bəllidir ki, Azərbaycan folklorunun toplanması, tərtibi və nəşr işində Salman Mümtazla yanaşı Hümmət Əlizadə də məh­suldar bir folklorçu kimi fərqlənmişdir. O, 1929-cu ildən 1941-ci ilə kimi nəşr etdirdiyi kitablarının əksəriyyətinə kiçik də olsa ön söz, izah və qeydlər yazmış, ilk baxışdan diqqəti çəkən bir sıra maraqlı fikirlər söyləmişdir.

H.Əlizadənin həyatı, folklor irsi barədə məqalələr, monoqra­fik tədqiqatlar yazılsa da, onun həyat yolu barədə ən etibarlı bil­gi­ni təqdim etdiyi kitabın “Nağılçılardan bəzilərinin tərcümeyi-ha­lı” bölməsində tapırıq. Hər şeydən öncə, özünü nağılçı (güman ki, söyləyici demək istəmişdir) kimi təqdim edən H.Əlizadə özü barədə qeyd edir ki, 1907-ci il oktyabrın 10-da Qazax qəzası Hə­sənsu mahalının Köçəsgər kəndində anadan olmuşdur. İbtidai təh­silini Tovuz məhəlli məktəbində almış, sonralar Azərbaycan Mər­kəzi Türk İşçi fakültəsini bitirmişdir. Təhsilini Ali Pedaqoji İnsti­tutda davam etdirən H.Əlizadə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin (1923-1929-cu illərdə fəaliyyət göstərib) və onun davamı sayılan özgə elmi təşkilatların – Azərbaycan Elmi Təd­qi­qat İnstitutu, Az.OZFAN-ın üzvü kimi o zamandan Azərbaycan rayon və kəndlərini qarış-qarış dolaşıb el ədəbiyyatı örnəklərini toplamaq işində böyük fədakarlıq göstərmişdir.

İlk növbədə öz toplamış olduğu folklor nümunələrinə dəyər verən H.Əlizadə göstərirdi ki, onlarda “bəzi qüsurların görün­düyü təbiidir, çünki folklor toplama üsullarını bir gənc tələbə incədən-incəyə tətbiq edə bilməzdi”.

Hümmət Əlizadənin tərcümeyi-halını tamamlayan özgə bir bilgi həmin topluda onun atası Aşıq Əli Rəhim oğlu (Aşıq Əli Köçəsgərli kimi də tanınır) barədə yazılanlardır. H.Əlizadə qeyd edir ki, Əli Rəhim oğlu 1867-ci ildə İranın Sulduz qəsəbəsində anadan olub. 8 yaşından 20 yaşına kimi maldarlıqla, dəmirçiliklə, 22 yaşında isə Rusiyaya qaçaraq (Şimali Azərbaycan nəzərdə tu­tu­­­lur) 29 yaşına kimi əkinçilik, fəhləlik və s. işlərlə məşğul ol­muş­­­dur. 29 yaşından yenidən Sulduza qayıdan Əli Rəhim oğlu 4 il bağbanlıq etmiş, 33 yaşında yenidən Azərbaycana dönmüş, aşıq­­lıq sənətini davam etdirmişdir. Aşıq Əli savadsız olmuş, lakin çox ölkələrdə (Hindistan, Ərəbistan, Türkiyə, Misir, Çin və s.) do­laş­dığı üçün fars, türk, yəhudi, kürd dillərini öyrənmişdir.

Daha sonra H.Əlizadə atasının uca məlahətli səsə və yüksək söy­ləyicilik qabiliyyətinə malik bir sənətkar olduğunu vur­ğu­la­mış və sonda xatırlatmışdır ki, o hazırda Qazağın Həsənsu ma­ha­­lının Köçəsgər kəndində yaşayır.

H.Əlizadənin özü və atası Əli Rəhim oğlu barədə verdiyi bu av­tobioqrafik məlumatların haqqında sözü gedən nəşrdə özünə yer alması təsadüfi deyildir. Çünki H.Əlizadə topludakı dastan­la­rın əksəriyyətini atasının adı ilə bağlı təqdim etmişdir. Bunlar: “Şahzada İbrahim”, “Tahir Mirzənin nağılı”, “Şahzada Qasımın na­­ğılı”, “Şahzada Bəhramın nağılı”, “Nəcəfin nağılı”, (Qazax, 1926-1928-ci illər) kimi məhəbbət dastanlarıdır. Maraq doğuran öz­­gə bir cəhət ondan ibarətdir ki, H.Əlizadə tərcümeyi-halında özü­nü həm də ifaçı-söyləyici kimi təqdim etmişdir. Topluda onun söyləyiciliyi-müqalifiliyi ilə özünə yer almış “Şah oğlu Şah Ab­ba­­­­­­sın nağılı” (Qazax, 1927) bunu bir daha təsdiq etməkdədir.

H.Əlizadənin “Azərbaycan el ədəbiyyatı (Nağıllar) toplama-tər­tib kitabında təqdim olunan örnəklər məhəlli (lokal) səciyyə (ha­mısı eyni ərazidən toplanmışdır) daşısa da onların üslubu təs­diq edir ki, söyləyicinin-ifaçının dili, özgə sözlə deyilsə, xalq dili, onun yerli zəminlə bağlı ləhcə-şivə xüsusiyyətləri, xüsusilə das­tan­çılıq gələnəyi əsasən qorunub saxlanmışdır. Lakin “Şahzada İbrahim”, “Tahir Mirzə” və “Şahzada Qasım” dastanlarının təkrar nəş­rində2 həmin meyar pozulmuş, toplayıcı sərbəst şəkildə bu mətn­lərə mü­daxilə etmiş, onu öz yaradıcılıq süzgəcindən keçirib istədiyi şəkildə dəyişdirmişdir. Faktlara üz tutaq: İkinci nəşrdə (1937) “İbrahim” adı ilə təqdim edilən “Şahzada İbrahim” ilk nəşrdə olduğu kimi yenə də 1926-cı ildə ildə Qazaxda Aşıq Əli­nin ifa­sın­dan toplanmış nümunə kimi verilmişdir. Ustadnamələrin ikisi sax­lanmış, biri isə Aşıq Ələsgərin “Bələtdi” rədifli qoşması ilə əvəz edil­mişdir. İlk nəşrdəki 56 bənd şeir ikincidə 44 bəndə en­di­ril­mişdir. (İkinci nəşr­dəki duvaqqapma da başqadır).

Əsas dəyişiklik dastanın nəsr hissəsində aparılmışdır. Hər iki nəşri müqayisəli tərzdə nəzərdən keçirdikdə aydın olur ki, ikinci nəşrdəki örnəklər H.Əlizadə tərəfindən yenidən yazıl­mış­dır. İlk nəşrdən fərqli olaraq ikinci nəşrdə bəzi epizodlar ixtisara sa­lınmış, süjet xətti, ayrı-ayrı motivlər əsaslı şəkildə yığcam­laş­dı­rılmışdır. Dastan mətninin dili üzərində də xeyli əməliyyat apa­rılmışdır. Məsələn, birinci çap: “Kilat mahalında Zülal adda ağıllı, kamallı və ədalətli bir şah var idi. Bunun da iki oğlu var idi ki, heç birisinin gözəllikdə misli manəndi yox idi. Uşaqların birisinin adı İbrahim, o birisinin adı Asdan idi”. İkinci çap: “Kilat mahalında Zülal adlı bir şah var idi. Zülal şahın iki oğlu var­dı. Birinin adı Asdan, o birinin adı İbrahim idi. Bir gün bun­la­rın anaları öldü. Zülal şah getdi yeni arvad aldı”3.

Eyni mənzərəni bütün dastan boyu müşahidə etmək müm­kün­dür. “Tahir Mirzə” və “Şahzada Qasım” dastanlarının ikinci ça­pın­da da həmin vəziyyətlə qarşılaşırıq. Bütün bunlar təsdiq edir ki, H.Əli­za­də eyni kitabda “Aşıq Valeh” (1927, Tovuz, Şair Vəli), “Aşıq Əm­­rah” (1934, Tovuz, Aşıq Qoca), “Novruz” (1928, Tovuz, Aşıq Əli), “Şah İsmayıl” (1928, Tovuz, Aşıq Mirzə), Alıxan-Pəri” (1927, Qa­zax, Aşıq Həsən), “Dilsuz və Xəzangül” (1935, Kürdüs­tan, Nəbi Nə­cə­fov), “Səyyad və Sadət” (1934, Kəlbəcər, Aşıq Hü­seyn) kimi das­tanları xalq dilində, aşıqdan-ifaçıdan yazıya alın­mış şəkildə çat­dır­mağa çalışsa da toplama və nəşr işində əsaslı bir prinsipə sadiq qal­mamışdır. Bunun da təbii səbəbləri vardır. Çünki Ülkər təxəllüsü ilə yazıb-yaradan H.Əlizadə “...çöllərdə, otlu-çi­çək­li yamaclarda do­laşa-dolaşa, ney-tütək çala-çala qoşmalar, gəray­lılar oxumuş”, son­ra­lar isə tam mənası ilə dəyişmiş, bugünki div addımlarla irəlilə­yən və ir­maq kimi coşan, daşan həyata açıq gözlə bax­mağa baş­lamış, ye­ni ruh­da bir çox mənzum parçalar yazmış­dır4. Təsadüfi deyildir ki, folk­lorçunun ayrı-ayrı nəşr işlə­rin­də bəzi ça­­tış­ma­maz­lıqlar on­lara ya­zılmış ilk söz səciyyəli qeyd­lərdə də gös­­­tə­ril­mişdir. Məsələn, “Azər­baycan aşıqları” kitabının idarə tərə­fin­­dən verilmiş “Bir neçə sö­z”ün­­də oxuyuruq: Tərtibdə “...H.Əli­za­də yoldaş... şübhəsiz ki, bir çox qüsurlar buraxmışdır... Tanı­dı­ğımız aşıq­lardan bəzilərinin bir çox də­yərli qoşmaları kənar­da bu­ra­xı­la­raq hər aşığın deyə biləcəyi adi və ümu­mi əsərləri qeydə alın­mış­dır. Digər tərəfdən, kitabın tər­tib və ümu­miyyətlə top­la­nış tex­ni­ka­sında da bir çox nöqsan buraxılmışdır”5.

H.Əlizadə 30-cu illərdə Azərbaycan folklorunun müxtəlif janr­la­­rına dair onlarla kitab nəşr etdirmişdir. 10-dan çox mə­həbbət das­ta­nı və 20-yə yaxın nağıl daxil olmuş “Dastanlar və nağıllar” 6 tər­tib işi müəllifin nəşr etdirdiyi toplular içərisində önəmli yer tu­tur. H.Əli­zadənin toplama-nəşr fəaliyyətini yüksək dəyərləndirən prof. M.H.Təhmasib “Dastanlar və nağıllar” kitabı ilə bağlı fikir­­lərini belə ümumiləşdirmişdir: “Bizcə, bu kitab­lar­da ən böyük nöq­san on­­­­dan ibarətdir ki, bir sıra dastan şeirləri həmin dastanların qəh­rə­man­larının müstəqil qoşmaları kimi ve­rilmiş, belə ustadların yaşa­mış olduqları dövr isə əksərən das­tan­da surət kimi iştirak edən şa­hın yaşamış olduğu illərlə müəyyən­­ləşdirilmişdir”7.

Əlbəttə, bütün bu deyilənlər H.Əlizadənin adı ilə bağlı nəşr iş­lərində təsadüf edilən kiçik çatışmamazlıqlardır. Əslində isə H.Əli­zadə istər epik, istərsə də lirik Azərbaycan folklorunun top­lan­ması və nəşrində misilsiz xidmətləri olan bir folklor fədaisi olmuşdur.

Azərbaycan aşıq poeziyasının toplanması və nəşri işində H.Əli­­zadənin fəaliyyəti çoxyönlü və çoxistiqamətli olmuşdur. Bu baxımdan 1935-1936-cı illərdə, sonralar isə 1937-1938-ci il­lər­­­­­də təkrar dərc olunmuş ikicildlik “Aşıqlar”, 1938-ci ildə isə ic­­­­­­­­ti­­­maiyyətə çatdırılmış “Aşıq qoşmaları”, “Din və mövhumat əley­­­­­­­hinə aşıq şeirləri”, “Lenin haqqında aşıq şeirləri” kimi top­lama-tərtib işlərini yada salmaq kifayətdir.

H.Əlizadə Aşıq Ələsgər, Aşıq Hüseyn, Aşıq Əsəd kimi sə­nət­­karların şeirlərindən ibarət bir sıra kitablar da dərc et­dir­miş­dir8. O, Azərbaycan nağıllarının toplanması, tərtibi və on­la­rın nəş­ri ilə də məşğul olmuşdur. “Onun topladığı nağıllar, o cüm­lə­dən digər epik folklor nümunələri yazıya alınmış və çap olun­muş ilk folklor örnəkləri olmaqla bugün folklorşünaslıq elmimiz üçün əvəzsiz elmi-mənəvi xəzinədir”9.

Qeyd etmək lazımdır ki, kitabda dastanlar “nağıl” adı ilə təq­dim olunmuşdur ki, bu, toplunun adında da özünü göstərir. Burada “nağıl” adı ilə təqdim olunan dastanlar elə dastan kimi də başa dü­şülməlidir. Bu cür təqdimat təsadüfi deyil, çünki bu gün də uzun il­lərdən gələn bu ənənə aşıq mühiti çevrəsində davam etməkdədir.


Prof. İsrafil ABBASLI

Bakı, 2013

P.S. Təəssüf ki, ömür prof. İ.Abbaslıya “Azərbaycan folkloru­nun ilkin nəşrləri” seriyasından olan bu növbəti nəşrə yazdığı ön sözü tamamlamağa vəfa etmədi. Vəfatından bir –iki gün əvvəl o, ar­tıq yazını, demək olar ki, tamamladığını, sonda yalnız özünün də təx­­­min etməyəcəyi bu son yazısına verdiyi adla bağlı açıq­la­ma gə­tirəcəyini bildirmişdi. Bu açıqlamanı özü ilə apardığı üçün bizə Al­lahdan ona rəhmət diləyib bu missiyanı həyata ke­çir­mək qalır.

Heç şübhəsiz ki, Hümmət Əlizadə bu çoxyönlü və çox­isti­qamət­li fəaliyyəti ilə folklorşünaslıq tarixində iz buraxmışdır və zaman-zaman da bu irsə müraciət olunacaqdır.

Şifahi söz sənəti tarixində misilsiz xidmətləri ilə yadda qa­lan Hümmət Əlizadə barəsindəki bu yazıya belə bir adın ve­ril­mə­­­­si heç də təsadüfi deyil. Nəhəng folklorşünas alimimiz M.H.Təh­masib “Ədəbiyyat və incəsənət” qəzetinin 1968-ci il 20 iyul sa­yın­da Hümmət Əlizadəyə həsr etdiyi yazısını “Nəcib məq­­­­­­səd, gö­zəl nəticə” adlandırmışdır. Digər tanınmış folklor­şü­nas alim B.Ab­dullanın isə “Folklor və etnoqrafiya” jurnalının 2006-cı il sa­yında Hümmət Əlizadə barəsindəki yazısı “Qu qu­şu­nun son nəğ­məsi” adlanır. Göründüyü kimi, hər iki məqalə adı uni­kal­­­lığı ilə seçilir. Heç şübhəsiz ki, prof. İ.Abbaslı da bu iki folk­­lor­şünasın Hümmət Əlizadəyə həsr etdiyi məqalə başlıqla­rını bu ya­zıda bir­ləşdirib maraqlı bir ada imza atmaq qərarına gəlmişdir.

Həqiqətən də, Hümmət Əlizadənin folklorşünaslıq fəaliyyəti elə həmin nəcib məqsəd, gözəl nəticədən qaynaqlanan qu qu­şu­nun sanki son nəğməsinə bənzəyir.

Fikrimizcə, klassik irsin, şifahi söz sənətinin toplanması, nəşri və araşdırılmasında böyük əmək sərf etmiş Hümmət Əli­zadənin Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin xətti ilə nəşr etdir­diyi toplunun bu gün yenidən nəşri sayı yox dərə­cə­sin­də olan top­lunu itib-batmaq təhlükəsindən xilas edərək klassik nağıl və das­tanlarımızı folklor dövriyyəsinə daxil etmək imkanı yaradacaqdır.

Amma bu da son deyil. Son sözü tədqiqatçıların və folklor­sevərlərin öhdəsinə buraxırıq.



Sönməz ABBASLI

filologiya üzrə fəlsəfə doktoru

Bakı, 2013

ŞAHZADA İBRAHİM

Əli Rəhim oğlu

Qazax – 1926
Ustatnama
Qafil gönül bir məclisə varanda,

Ağır əyləş, sağ, sola danışma!

Hərcai söyləmə, zənanələr tək,

Laf eyliyib, gülə-gülə danışma!


İgit gərək hər məclisdə sayılsın,

Həqiqət söz danış, əhsən deyilsin.

Kəlmə çıxart şirin cana yayılsın

Aşırıb sözün zilə danışma!


Sözünü man tutma hər azğının, axmağın.

Xoşdanılmaz aralıqdan çıxmağın.

Layıq dəyil başa qaxıc qaxmağın.

Öz eybini bilə-bilə danışma!


Yazıq “Söyün” əhdin yetər yerinə.

Çək sözünu şəriətə, dərinə,

Ləl mətağın aç xırıdarına.

Hər qədir bilməzə, mala danışma.

Ustatdar ustatnamanı bir deməyib iki deyər. Biz də deyək iki olsun, duşmannarın ömrü gül təki solsun.

Dedim: gönül düşmə şeytan felinə?

Fitnə şamatası şərri olajaxdı.

Bu dünya bir bağdı, bağmanı iblis,

Alması, hayvası, narı olajaxdı.
Alma həkkünasdı, taamı şirindi.

Hayva rəvadı, qanı irindi.

Nar sağır malıdı, hədis dərindi.

Danəsi cəsədində nar olajaxdı.


Gözəllər şəbihdi bağın gülünə,

Müştaq olma şirin ləhcə dilinə,

Həvəsdənib seygal vermə telinə.

Məhşərdə hər biri mar olajaxdı.

Ustatdar ustatnamanı iki deməyib üç deyər, biz də deyək üç olsun, duşmanın ömrü xırxa puç olsun.

Arif məclisində hər bir söz söylərəm,

Nə xəlaf, nə çaşqın, nə gələt olmaz.

Loxmadan dağ olan, lütfədən halal.

İnşallah heç yerdə xəcalət olmaz.
Mənim bu sözümü sərraflar qanar,

Müxənnitlər etdigindən utanar.

Varlıqda dost olar, yoxluxda kənar

İgidəm deyəndə bu adət olmaz.


Bir şəxsin sənəti istəmək ola,

Səxavət eləməz, hazım tey ola,

Bir insan ki, gədəlikdən bəy ola

Başı ərşə dəysə ədalət olmaz.


“Əli Əsgər” mətləbini həqqdən istə,

İnsaf olmaz müxənnitdə, xəsisdə

Gögluk, bəglik, səylik olan məclisdə,

Qaç ordan xeyir bərəkət olmaz.

“Kilat” mahalında “Zülal” addı, ağıllı, kamallı və ədalətli bir şah var idi. Bunun da iki oğlu var idi ki, heç birinin gözəlliydə mis­­li manəndi yox idi. Uşaqların birisinin adı “İbrahim”, o bi­ri­si­nin adı “Asdan” idi.

Gün keçdi, ay keçdi, uşaqlar böyüyüb yeddi, səkkiz yaşına ye­tişdi. Padişah bunları bir mollanın yanına oxumağa qoydu. Bu pa­dişah balaları uşaqlıqda ox atmağı, at çapmağı da ögrənirdi. Elə ki, Asdan iyirmi iki yaşına və İbrahim də on səkkiz yaşına çat­dı hər ikisi elmli, həm də dava işlərində mahir oldular. Bu za­man bunların anası vəfat etdi. O vaxtın adətinə görə analarını dəfn etdilər. Oğlanlar analarından ayrılmağına görə çox qəm-qüssə çəkirdilər. Zülal şah üç il arvad almadı ki, oğlanlarım ana­lıqdan korlux çəkməsin. Ancaq üç ildən sonra vəzir ərz etdi ki:

– Şah sağ olsun! Bu yaxınlarda Hindistan şahı ölüb, onun bir ağıllı və gözəl arvadı vardır ki, hərgah sən onu alsan Asdan və İbrahim ilə çox xoş rəftar edər və şahzadalar analarının ölü­mü­nü yadından çıxarar. Çünki o bir xoş sima və xoş rəftar bir ar­vaddı.

Zülal şah vəzirdən bu kəlamı eşidif bir az fikirdən sonra la­bid ra­­­zı oldu. Onu gətirmək üçün calal və dəsgah ilə vəzir, vəkil, əyan, əşraf Hind elinə rəvan oldular. Mənzil-bə-mənzil gedib Hin­­­­də yetişdilər. Arvadı əhvalatdan bərxurd etdilər. Arvad razı ol­­­­du. Zülal şah, əyan və əşraf bir neçə gün mehman qal­dıq­dan son­­­­ra “Ayişə” xanımı zərri kecavədə əgləşdirib, qul, qara­baş­nan Ki­­­­­­lat ma­­halına yola düşdülər. Xuraman-xuraman gedib Ki­lata ya­­­­­­­­­­­­­xın­laşdılar. Şah bir fərraş şəhərə göndərdi, get əhl Ki­lata xə­bər ver ki, Zülal şah şən, şökət, cah-cəlal ilə Ayişə xanımı gə­ti­rir. Dükan­la­rı, bazarları bağlayıb küçələri əlvan çiçəklər ilə bə­zə­­­sinlər. Kilat şə­həri bəzənməkdə olsun, gəlin sizə Asdan ilə İb­ra­­him­dən xəbər ve­­rim: bu cavanlar məktəbi və dava məşgini qu­ta­rıb hər gün ba­ba­­­larının imarətində və şahana məclislərdə iş, iş­rət ilə do­la­nır­dı­lar. Atalarının Hind şahının arvadını götür­məgin bil­mə­yir­dilər. Çün­­ki Zülal şah arvad almağını, oğlan­la­rın­dan giz­lin tuturdu. Bir də o zamanın qaydasına görə bir şəxsin arvadı öləndən sonra beş il arvad ala bilməzdi. Şah bir yannan tez ev­lən­­diyindən, o biri yan­dan oğlanlarına gənişmədiyindən, bu işi oğ­­lanlarına bildirmək is­təməyirdi. Qəzadan Zülal şah, və­zir, və­kil, əyan və əşraf şan-şö­kət­nən zərri kecavələrdə Ayişə xanımı şə­­hərə daxil etdikləri za­man Asdan ilə İbrahim şəhərə çıx­mış­dı­lar. Kilat əhlini şad və şəhəri laləzar görüb soruşdular. Bu şa­di­yanəlik nə üçündü?


Kilat əhli dedilər:

– Şahzadalar, bəs xəbəriniz yoxdurmu. Atanız Hind şahının arvadını alıb gətirir və bu gün şəhərə daxil olacaqdır. Asdan ilə İbrahim işin üstü açılanda ataları utanmasın deyə, bargaha gəlib, hər biri bir guh peykər ata suvar olurlar və pişvaza çıxdılar. Ayi­şə xanım bu cavan nurəsidələri görüb qəd-qamətlərinə hey­ran oldu. Oğlanlar yetişcək mübarək bad edib toy əhli ilə gö­rüş­dü­­lər. Şan-sökət ilə daxil bargah oldular. Bargahda bir toy məc­lis qu­rub, yeyib, içib, şad və xürrəm xoş söhbət etdilər. Ta inki ax­şam oldu. Toy əhli dağıldı, şah ilə hərəmxanaya gedib, Ayişə ilə söhbətə məşğul oldu. Söhbət vəxti Ayişə şahdan xəbər aldı ki, sizin əvvəlki arvadınızdan heç evladınız yoxdurmu.

– İki övladım var, birinin adı İbrahim, o birinin adı Asdandı. Onların tərbiyə, əql və kamalına heç söz yoxdur. Qəd-qamətləri çinar tək elə nurəsidə cavandılar ki, dünyada misilləri yoxdur. Ayişə şahdan bu sözü eşidib, zahirdən, şad batindən isə gəmnak oldu. Çünki Zülal şah bir piran şəxs idi. Arvad dünyanın zevq səfasın ondan sürüb, feyziyab olmazdı. O çəpəl həm özü Asdan və İbrahimi pişvaza çıxdıqda görüb, həm də şahdan bu kalamı eşidib, bildi ki, gördüyü cavanlar şahın oğlanlarıdır. Bir kö­nül­dən, min könülə onlara aşiq olub, öz-özünə dedi: “Bu cavanlar ilə yaxşı ömür sürərəm”. Böylə boş fikirlər ilə və boş sözlər ilə Zülal şahnan o gecəni fəmən yəməl keçirdi. Sabah olcaq oğ­lan­ları yanına çağırıb, şahın yanında hər ikisini yaxasından keçirib üzlərindən, gözlərindən öpüb, dedi:

– “Bilin və agah olun! Dünyada və axirətdə siz mənim oğ­lum­­sunuz”. Zülal şah hala çox şad olub, bargaha gəldi. Bu yan­dan Ayişə oğlanların xətt xalına və gül camalına diqqət ilə ta­­ma­şa edirdi. Nagah bu çəpəlin gözü İbrahimin mina qəddinə və şux camalına düşüb, bir könüldən min könülə aşiq giriftar, mah ca­malı olub, könül əldən verdi. Və öz-özünə dedi: “Ya gərək öləm və ya bu oğlanın vüsalına yetişib arzuma çatam”. Bunu deyib, oğlanları yüz nəvaziş ilə atalarının bargahına yola salıb, özü də hə­­rəmxana işi ilə məşğul oldu. Bu minval ilə həmən vəxt İb­ra­him Hərəmxanaya gələndə Ayişə eşq atəşinə yanub, oğlanın vü­salına yetişmək istərdi, ancaq elə münasib yer tapa bilməyib, yana-yana qalırdı.

– Mən nə vəxtə qədər bu piranın əlində dəstigir olub cavan hə­yatımı bu zəhərli tikan ilə keçirdəcəyəm. Ya ölüm və ya şah­zada nocavan İbrahimin vüsalına yetişəm. Ona görə də bir für­sət tapıb, macəranı ona bildirmək lazımdı. Hərgah o razı olsa mən o cavana canımı onun qədəmlərinə qoyub, canımı ona qur­ban edə­rəm, razı olmasa bir hiylə qurub onu tezcə həlak et­di­rə­rəm. Çünki onu hər görəndə ərvahım uçur.

Ayişə bir gün fikir xəyal ilə hərəmxanada məyus oturmuşdu. Nagah İbrahim açıq sifət ilə hərəmxanaya daxil oldu. Ayişə İb­ra­himi görcək, həmən eşqə giriftar olmuş dedi:

– Oğlum, gəl mənim ilə bərabər bütün ambarları gəzək. Atanı çox varlı söyləyirlər. Görüm doğrudan da varlıdırmı.

İbrahim “bəçəşm” dəyib, Ayişə ilə bərabər ambarlar gəz­mə­yə getdi. Ayişə eşqə dutulduğundan bitab və biqarar olub içəri da­xil olduqca qapıları bir-bir bağlayırdı. Ən axırıncı otağa gə­ləndə Ayişə dedi:

– İbrahim! Bil və agah ol, mən buraya gəlib səni görəndən bə­­ri gül camalına heyran olub, məhəbbət əlindən həlak olmaq də­­­rəcəsinə gəlmişəm. Ona görə gərək mənimlə başı birlik edə­sən, yoxsa səni fəlakətə düçar edərəm.

İbrahim arvaddan bu sözü eşidib o nankorun ağzının üstün­dən bir sillə vurdu ki, ağzı qan ilə doldu. Arvad ağlayıb ah-zar et­­­məsindən İbrahim rəhmə gəlib, o saat su hazır edib ağzının qanı­nı yuyub, dedi:

– Anacan belə iş olmaz, çünki sən məni və Asdanı yaxandan keçirib, oğulluğa qabul etmisən.

Ayişə bir az fikirləşib, hilə yolu tapdı.

– Çox yaxşı, indi sən mənə məhəbbət yetiribsən. Gör sənin başına nə iş gətirəcəyəm.

İbrahim Ayişədən bu sözü eşidib, bildi ki, heç bir söz ilə bu çə­pəl həqq yola gəlmiyəcək. Ona görə İbrahim bunu oyana bağlı qa­pıları aça-aça çıxmaq istəyəndə Ayişə fürsəti qənimət bilib fi­rən­­gi qayçı ilə İbrahimin dal ətəyini kəsib götürdü. Sonra ağlaya-ağlaya bir qaraçı şivəni ilə Zülal şahın yanına gedib həm İb­ra­­himin çuxa kəsigin verdi, həm də o hiləgər əhvalatı Zülal şaha nağıl etdi.

Zülal şah arvadın hiləsindən xəbərdar olmayıb, çox qəzəb­lən­di. Dərhal cəllad çağırdı. Əmr etdi ki, İbrahimin boynunu vur­­­sun. Dana vəzir irəli durub, ərz etdi:

– Şah sağ olsun, İbrahim heyifdi, nahəqdən bunu həlak et­dir­­mə. Çünki günah bunda olsa idi, onda qabaq ətəgi kəsilmiş olar­­dı. İndi ki, dal ətəgi kəsilib, onda günah Ayişədədi.

Ona görə ki oğlan qaçdığı zaman dal ətəgini kəsibdir.

– Vəzir bəs nə etməli?

– Mən nə ərz etdim, o ki, lazım idi, dedim və gənə də de­yi­rəm. Əvvəla İbrahimdə günah yoxdur. Ona görə onu həlak et­dir­mə. İkinci ona razı olmasan da İbrahimi öz məmləkətindən sür­gün etdir.

– Vəzir, sən çox əqillisin, ikinci sözünü qəbul edib, İbrahimi sürgün etdirərəm.

Asdan İbrahimin sürgün edilməsini eşidib:

– Atacan, İbrahim heyifdi, gəl sən Ayişənin hiləsinə uyub, onu sürgün etdirmə.

Şah qəzəblənib dedi:

─ Asdan heç elə şey olmaz. Gərək bu gün İbrahim sürgün edilsin.

Asdan bildi ki, atası İbrahimdən əl çəkməyib, sürgün etdi­rə­cək. Canı qardaşına yandığından qeyzə gəlib dedi:

– Babacan! Onu yəqin bil ki, İbrahimi sürgün etdirməgindən axır­da peşiman olajaxsan. Ancaq peşimançılıq bir fayda ver­mə­yə­cəkdir. İbrahim uşaqdı, ona görə mən də gedəsiyəm.

Şah Ayişənin felinə o qədər uymuşdu ki, lap yoldan çıx­mış­dı. Ona görə dedi: Öz günahın öz boynuna gedirsən, get!

– Çox yaxşı, mən və qardaşım bu saat gedəjəyik. Əmma sən nihayət bu işin nahaq olmasını biləcəksən. İndi bizə bir qədər yol xərci ver ki, sənin məmləkətindən kənara çıxana kimi do­la­naq.

Şah buyurdu:

– O xəzinə, o da siz, gedin hər nə qədər lazımdırsa götürün.

Hər iki qardaş atalarından bu sözü eşidib, xəzinəyə varid oldular. Hərəsi bir purqiymət daş götürüb, yüz çöl biyabana qoy­dular. Günə bir mənzil teyyi mənazil edib, gedirdilər. Bu minval ilə gedərkən bir gün baxdılar ki, azuqələri təmamən qu­tarmış. Özləri də aclarından az qalır ki, həlak olsunlar. Uzaqda bir saray görüb Asdan dedi:

– Qardaş! Hər halda bura abadanlıq olar. Gəl gedək bəlkə bir az çörək tapıb tənavil edək.

Hər iki qardaş oradan həman saraya tərəf gəlib gördülər ki, bu qəbiristanlıqdır. Əmma uzaxdan o saray kimi görünən, kər­pic­­dən bina edilmiş bir günbəzdi. Nə günbəz. Başı ərş əlaya çə­kil­­­miş. Dibindən baxanda göz qaralır. Kərpicləri elə bina edil­miş ki, deyəsən bunun üstündə əl gəzməyib, ancaq kərpicdən bina edilmiş bir balaca qapısı vardır ki, adam onun ilə günbəzə da­xil olub nərdibanlar ilə yuxarısına çıxır. Günbəzin ətrafı isə bö­yük bir qəbiristanlıqdır, neçə min illəri göstərən daşlar vardır.

Hər iki qardaş bir qədər məzaristanı gəzdikdən sonra aclıq qələbə edib hər ikisi bitab düşdülər. Asdan yaşı çox olduğundan bir az aclığa davam gətirib dedi:

– Qardaş İbrahim! Sən dur bu günbəzə daxil ol, mən də yüz çö­lə qoyub, gedim. Hər halda bu yaxınlarda abadanlıq tapıb, çö­rək alıb götürrəm, tənavil edərik. O zaman istədiyimiz yerə gedə billik. İbrahim razı olub, günbəzdə qaldı. Asdan da qabağına çı­xan bir yol ilə gedib, bir müddətdən sonra bir şəhərə yetişdi. Şə­hə­rə çatanda gördü ki, bu şəhərin əhli hay-huy ilə şəhərdən qaçı­şır­lar. Asdan birindən xəbər aldı ki, “bu nə işdi, nə üçün əhl şə­hər belə hərasa qaçışırlar”.

– Bil və agah ol, Bibahat vilayətinin şahı bu yaxından vəfat edib. Ona görə camaat şəhərin kənarında olan meydançaya yı­ğı­şıb, “Dölət quşunu” uçuracaqlar. O quş hər kimin başına düşsə onu Bi­ba­hat vilayətinə şah edib, təxt səltənətdə purqarar edə­cək­lər.

– Özgə vilayətdən gələn qərib adam da olarmı?

– Çox gözəl olar.

Asdan bir qədər fikir edib öz-özünə dedi: “Ey dil qəfil! Bəl­kə xuda rast götürüb, o quş sənin başına düşəcək. Gəl bu səfərə sən də get”. Bunu deyib, bu da camaat olan meydançaya gəlib, bir kanarda durdu. Bu halda dölət quşunu uçurdular. Qəzadən quş havada dör edib, süzə-süzə gəlib, Asdanın başına düşdü. Bi­ba­hat əhli dedilər:

Quş yanılmış. Bu bir qərib adamdır. Nə cəmaat dolan­dı­ra­caq. Bu zaman Bibahat vilayətinin vəziri Seyr Sübhan irəli du­rub, dedi:

– Camaat! İndi ki, razı olmursuz, dölət quşunu dübarə uçur­dun. Bu şərt ilə ki, bu dəfə hər kimin başına düşsə, mütləq o şahdı.

Seyr Sübhan vəzirin bu sözünə Bibahat əhli tamamilə razı olub, dölət quşunu dübarə uçurdular. Quş gənə də şəhpərini ça­lıb havada dör edə-edə Asdanın başına düşdü. Bibahat əhli can dil­dən razı olub, Asdanı şahlığa qabul etdilər. O quşun ikinci də­fə As­da­nın başına düşməsi səbəbi “ustadların fərmayişinə görə bu dölət qu­şunda öylə bir xasiyyət vardır ki, hər kim şah öladı ol­sa onun ba­şına düşər. Asdan da şah oğlu olmasına görə onun ba­şına düşmüş”.

Elə ki, Bibahat əhli şahzada Asdanın şahlığına can dildən qa­­bul etdilər. Bu zaman Asdanı da özləri ilə bərabər Bibahat şə­hə­­rinə götürdülər. Şəhəri çirağban bəzədib, Asdanı şahana libas ilə bəzəyib və şahlıq tacını başına qoyduqdan sonra calal və şö­kət ilə taxt səltənətdə bərqərar etdilər.

Asdan şah Bibahat məmləkətinə şah olub təxt səltənətə sa­hib olandan sonra şad-xürrəm məmləkəti idarə edirdi. Günü xoş keç­diyindən biçara qardaşı İbrahimi yadına salmırdı. Bir gün təxt səltənətdə əgləşib, xalq işinə baxdığı zaman sərbazlar bir ca­va­nı əli ayağı bəstə şahın hüzuruna gətirdilər. Şah bu cavandan xə­bər aldı ki, nə üçün düz dolanmırsan, belə balaya düçar olur­san.

Cavan ərz etdi:

– Şah sağ olsun, mən elə bir pis iş görməmişəm.

– Söylə görüm nə iş görmüsən.

– Ey Bibahatın şahı, bil və agah ol! Mən bir uzaq səfərdən gə­lir­dim. Yolda xurd-xörəgim qurtardı. Acımdan bitab olmuş­dum. Yol ilə gələndə Bibahat şəhərinin yaxınlığında bir sürü qo­yu­na rast gəldim. Qoyun sahibi çobana dedim:

– Qardaş mən üç gündür ki, qüdrətim yoxdu ki, bir yana ge­dəm: hərgah mümkün olsa mənə bir az çörək ver yeyib, qüvvətə gə­­­lim. Çünki yolum uzaqdı. O dinməz-söyləməz mana bir ço­maq vurdu. Mən də ac olduğuma görə belimdən xəncərimi çəkib ço­­banı qoyun sürüsünün yanından qovdum. Çobanın bar­xa­na­sın­da çörək tapa bilmədim. Ona görə bir qoyun öldürdüm. Atəş yan­dırıb, ətdən bir qədər kabab bişirib, tənavil etdiydən sonra qoyun sürüsünü, gənə də çobana tapşırıb, yavaş-yavaş bu şə­­hərə gə­lirdim. Birdən beş sərbaz ilə həman çoban daldan mana ye­ti­şib, məni dögə-dögə sizin hüzurunuza gətirdilər. İndi görün hər­gah mənim təqsirim varsa həlak etdirin. Yoxsa bu sərbazları cə­za­sına yetirin.

Şah bu cavandan aclıq üstündə belə balaya düşdügün eşitcək qar­­daşı İbrahim yadına düşüb, bir az suznaq çəkib dedi: ey dil qa­­fil nə taxt səltənətdə əgləşib, hökümranlıq sürürsən. Sənin qar­­­daşın bu cavan kibi, ac, susuz günbəzdə qalıb. Bunu deyib, o ca­­­vana bir qədər xərclik verib yola saldı və sərbazlara da cəza ver­di. Bundan sonra təxtin üstündə fikrə piçidə olub, gözünün ya­­şını əbru bahar buludu kibi döküb, əvvəla bütün Bibahata car çək­­dirməli ki, harada Zülal şah oğlu İbrahim görsəniz mənim hü­­zuruma götürün. Hərgah carçılar bir xəbər gətürməsələr onda özüm diyar-bə-diyar düşüb, harada olsa qardaşımı tapmalıyam. Bunu deyib, nə ki onun hökmündə olan məmləkət var, carçılara fərman verdi ki, İbrahim Zülal şah oğlu adında bir cavanı harada tapsanız Bibahat şəhərində Asdan şahın yanına götürün. Onu da bilin ki, hər kim şahzada İbrahimi tapıb, bana götürsə doqquz İb­rahim ağırlığında ağ qızıl verrəm. Bu əmri bütün carçılara tap­şırıb hər birisini bir diyara göndərdi.

Özü də millət işi ilə məşğul oldu. Asdan Bibahatda şahlıq et­­məkdə olsun, gəl sənə biçarə İbrahimdən xəbər verim.

İbrahim günbəzdə bir gün, iki gün gözlədi, gördü ki, qar­da­şın­­­dan bir xəbər yoxdur. Bir yandan aclıq, o biri yandan qarda­şın­­dan ayrı düşməgi İbrahimə yer etdiyindən bu dillər ilə sözə baş­dadı:



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin