Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi


Məktəbin məzunu Dostu Səfərovanın xatirələri



Yüklə 0,68 Mb.
səhifə52/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   48   49   50   51   52   53   54   55   ...   96
Məktəbin məzunu Dostu Səfərovanın xatirələri

O dövrdə “Aleksandrinski rus-müsəlman qız məktəbi” adını daşıyan H.Z.Tağıyevin məktəbi indiki Kommunist, əvvəlki Nikolayevski küçəsindəki ikimərtəbəli, xidməti otaqları və həyəti olan binada yerləşirdi. Hal-hazırda burada Azərbaycan SSR-in Ali Soveti yerləşir.

Mən məktəbə 1911-ci ildə - Azərbaycan üçün ən qaranlıq illərdə daxil oldum. Yaxşı yadımdadır, məni məktəbə yazdıranda, Naxçıvanın bir çox yas məclislərində mollalar anamı lənətləyirdilər ki, guya o, kafir olub, qızını Bakıya oxumağa göndərib. Bu barədə “Molla Nəsrəddin” jurnalında tənqidi karikatura çəkilmişdi.

O dövrdə bu məktəb azərbaycanlı qadınlar üçün ilk və yeganə maarif ocağı idi. Beləliklə, ilk ziyalı Azərbaycan qadınları bu məktəbin yetirmələri olmuşlar. Azərbay­candakı müəllimlərin əksəriyyəti bu məktəbi bitirmişdir.



Tağıyev məktəbi ikimərtəbəli abad binada yerləşirdi: birinci mərtəbədə siniflər, kitabxana, qiraətxana və qəbul otağı, ikinci mərtəbədə yeməkxana, mətbəx, şagirdlərin ya­taq otaqları, tamaşa zalı, müəllimlərin, müdirin otaqları, am­bu­latoriya və həkimin kabineti yerləşirdi. Hamam, xəstə­xana, camaşırxana, anbar və s. həyətdəki ayrıca fligellərdə idi.

Bu məktəbdə əsasən gəlmə qızlar oxuyurdu, axır vaxtlarda isə bakılı qızlar, əsasən də pansionda daimi qalmayanlar gəlirdi. Geyim forması adi rus məktəbli forması, yəni göy paltar və ağ önlük idi. Bizim iki cür formamız vardı: birini adi günlərdə, digərini - yaraşıqlını isə imtahan, bayram günlərində, teatra və kinoya, başqa məktəblərdə keçirilən axşamlara gedəndə geyinirdik.

Bu məktəbdə şagirdlərin çoxu pulsuz oxuyurdu. Bizə ana dili, rus dili, hesab, həndəsə, tarix, təbiətşünaslıq, əl işi, biçmə və tikiş öyrədilirdi. Məktəb altısinifli idi. Burada insanın gigiyenasına, həm ümumi təmizliyə, həm də şagirdlərin şəxsi təmizliyinə və gigiyenasına böyük diqqət yetirilirdi. Məktəbimizin həkimi doktor Nəriman Nəri­manov idi. O, tez-tez bizə uşaqların gigiyenası və tərbiyəsi haqqında mühazirələr oxuyurdu. Hər səhər paltarlarımızın, dırnaqlarımızın, qulaqlarımızın, saçlarımızın və s. təmizliyi yoxlanılırdı. Həftədə bir dəfə hamama gedirdik.

Bizə gündə 4 dəfə çox yaxşı yemək verirdilər, nahar 3 yeməkdən ibarət idi. Menyunu şagirdlər özləri siniflər üzrə tərtib edirdilər. Payızda və qışda yeməkdən əvvəl zəif qız­la­ra onların sağlamlığını möhkəmləndirən balıq yağı veri­lirdi.

Məktəb qapalı tipli idi, valideynlərdən başqa kənar şəxs­lərə giriş qadağan olunmuşdu. Valideynlər öz uşaqları ilə məktəbin qəbul otağında görüşürdülər. Bu, demək olar ki, azərbaycanlı qadınlar üçün ilk dünyəvi milli məktəb idi.

Bayramlarda bizi kinoya və Tağıyev teatrına apa­rırdılar. Hamımız çadrasız gedirdik. Yuxarı sinif şagirdləri rus qadın gimnaziyasında keçirilən gecələrə gedirdilər (on­lar da bizim məktəbə gəlirdilər). Sonra isə - 1915-1916-cı illərdə qızları kişi gimnaziyasında, realnı məktəbdə keçirilən gecələrə aparırdılar.

Bizim xorumuz, dram, ədəbi və rəqs dərnəklərimiz var idi. Yadımdadır ki, istirahət, yəni cümə günlərində, pansi­oner qızları əyləndirmək üçün dram dərnəyi konsert və ta­ma­şalar göstərirdi.

Bir dəfə biz Üzeyir Hacıbəyovun (1) “Arşın mal alan” pyesini tamaşaya qoyduq və müəllifin özünü dəvət etdik. Əsgərin rolunu Reyhan xanım Axundova (professor Top­çubaşovun həyat yoldaşı), Gülçöhrəni Ruqiyyə Abdul­layeva, arşınmalçı xalanı isə mən oynayırdım. Bizim dərnək Hacıbəyovun çox xoşuna gəldi.

H.Z.Tağıyev və onun həyat yoldaşı Sona xanım tez-tez məktəbimizə gələr, bizə şirniyyat və meyvə gətirərdilər. Tağıyev dərslərimizdə oturar və həmişə bizə deyərdi: “Qız­lar, oxumaq lazım deyil deyənlərə qulaq asmayın, əksinə, mə­nim sizə ata nəsihətim budur: oxuyun, bilik əldə edin, in­sa­nın həyatında bilik ən böyük sərvətdir. Bax, mən var­lıyam, amma savadsızam. Ancaq savadlı olsaydım, mənim həyatım tamam başqa cür olardı. Oxuyun, övladlarım, sizə uğurlar və həyatda xoşbəxtlik arzulayıram”.

1912-ci və ya 1913-cü ildə məktəbimizi Cəlil Məm­məd­quluzadə (Molla Nəsrəddin) (2) ziyarət etmiş və biz ona Sabirin (3) “Oxutmuram, əl çəkin”, “Əkinçi”, “Xan və dehqan” və s. şeirlərini, həmçinin Abdulla Şaiqin Sabirin ölümünə həsr etdiyi şeiri oxumuşduq.

Həmin məktəbi bitirən azərbaycanlı qızların demək olar ki, hamısı müəllim və mütəxəssis olmuşlar. Nabat xanım Nərimanova, Şəhrəbanu xanım Şabanova, Cənnət xanım Muxranskaya, Sofya xanım Axundova əvvəl müəllim, sonra isə təhsillərini davam etdirib həkim, Xavər Qa­ra­yeva, Firəngiz Novruzova, Ümnisə xanım Musa­bə­yova həkim, Reyhan xanım Axundova rəssam olmuşlar və i.a. Novruzovadan başqa adı çəkilən şəxslərin hamısı kasıb ailələrdən idi və Tağıyevin hesabına oxuyurdular. Yadım­dadır ki, orada çoxlu müəllim uşaqları və yetimlər oxu­yurdu. Məsələn, mənim atam müəllim idi və buna görə mən təhsil haqqından azad idim.

Əlavə: Mən oxuyan vaxtı məktəbdə Asya, Məryəm və Simuzər Nərimanovalar təhsil alırdılar, Nabat xanım Nəri­manova isə burada dərs deyirdi.


ARDƏİA: f. 675, s. 2, s. v. 103, vv. 21-25

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin