7.2. Fərd və kollektiv
Kollektiv qarşılıqlı əlaqədə olan və ictimai faydalı fəaliyyət göstərən insan birliyidir. Yəni kollektiv fərdlərin sosial birliyidir. Fərd-özünəməxsus psixoloji xüsusiyyətləri olan başqalarından fərqlənən təbii varlıqdır. Fərd şəxsiyyətin iradi, əxlaqi, mənəvi, intellektual və sair psixoloji keyfiyyətləri özündə birləşdirən “mənlik” obrazıdır. İradə insanın öz davranışlarını tənzim edə bilməsi qabiliyyətidir. İradə motivasiyanı gücləndirir və bu əsasda fəaliyyəti tənzimləyir. İradə səy (insanın malik olduğu imkanlar, güc), inadkarlıq (sözündən dönməmək), dözümlülük (çətinliklərə tab gətirmək), qətiyyətlilik (qəti qərarlar qəbul etmək və addımlar atmaq) kimi psixoloji keyfiyyətlərin məcmusudur.
Mənlik dedikdə, insanın öz “məni” ni dərk etməsi, özünü duyması başa düşülür. İnsan fərd kimi doğulur, cəmiyyətdə şəxsiyyət kimi formalaşır. Fərdin cəmiyyətdə şəxsiyyət kimi formalaşması üçün əvvəlcə o, ictimai münasibətlərə daxil olmalı, sonra isə cəmiyyətdə özünə məxsus yer tutmalıdır. Yəni əvvəlcə o ictimailəşməli, sonra özünəməxsus, təkrar olunmaz fərqli xüsusiyyətləri ilə fərdiləşməlidir. Fərd şəxsiyyətə çevrildikcə sosial keyfiyyətlərə malik olur.
Fərdi yanaşma zamanı rəhbər işçi hər bir fərdin psixologiyasını öyrənməli, onun bacarığını, qabiliyyətini dəyərləndirməli, yaxşı işçini pis işçidən fərqləndirməlidir. Məsələn yaxşı işçinin mükafatlandırılması, əmək haqqının artırılması, ona maddi yardımların edilməsi, fəxri fərmanların, diplomların verilməsi, vəzifəsinin artırılması fərdi yanaşmanın təzahürüdür.
Kollektiv münasibət. Psixologiyada qrup dedikdə, ümumi mənafe naminə insanların birliyi və məcmusu başa düşülür. Qrupda fərdlərin bir-biri ilə, həmçinin bütövlükdə cəmiyyətlə qarşılıqlı rabitəsi özünü biruzə verir.
Sosial qrupları təsnifləşdirmək olar. Həmkarlar İttifaqı, Tələbə Gənclər Təşkilatları, Sahibkarlar Konfederasiyası, bazarda alıcılar və ya satıcılar qrupu, ailə, idman komandaları, müəssisə və təşkilatlarda, onun ayrı-ayrı struktur vahidlərində çalışan işçilər, əmək kollektivləri və s. Qruplar təşkilat daxilində də fəaliyyət göstərə bilir. Məsələn müəssisələrdə idarə heyəti, səhmdarların və ya təsisçilərin yığıncağı, təftiş komissiyaları, direktorlar şurası, elmi şura, metodik şuralar və s. misal göstərmək olar.
Qrup adamların elə mütəşəkkil birliyidir ki, bu birliyin nəticəsində onların hər birinin fəallığı artmalıdır. Məsələn biz x, y, z subyektlərindən ibarət bir q- qrupunu təşkil edək. Onların fəallığını isə F-lə işarə edək. Onda belə bir nəticəyə gələrik:
F(q) >F(x)+F(y)+F(z)
İnkişaf etmiş qrupun ən yüksək forması kollektivdir. Kollektiv fərdlərin öz xassələrini saxlamaqla onların birləşməsindən yaranmış yeni xassəli vahiddir.
Dostları ilə paylaş: |