Layiq görmək: "Dəxi həm mən görməzəm layiq anı, Kim uşağından cüda qılax səni". Həzini eyni mənada "caiz görmək" frazeoloji ifadəsini də işlətmişdir: "Vara özi cənnətə yalğuz girə, Ya İlahi, munı kim caiz görə?". Sonuncu frazeoloji variant measir ədəbi dilimiz üçün məqbul sayılmır.
Ömri keçmək: "Uyxu girməzdi gözinə ta səhər, Ömri bu növ ilə keçərdi məgər". Bu frazeoloji vahid müasir ədəbi dilimizdə daha çox "ömür keçirmək" şəklində bir neçə mənada işlənir (bax: 7, III, 468), Həzini isə onu yalnız "yaşamaq" anlamında işlətmişdir.
Tərcümədə "ömür" isminin iştirakı ilə düzələn daha bir frazeoloji birləşmə işlənmişdir. Bu, müasir ədəbi dilimizdə də eynilə işlnən "ömrü bada vermək" frazeologizmidir : Bir dəxi ki, içməmişəm badə mən, Vermədim anınla ömri badə mən ; Xeyrə düriş, çəhd edüb dünyadə sən, Qəflət ilə vermə ömrü badə sən.
Göründüyü kimi, Həzini birinci nümunədə "badə mən" söz-
lərini cinas yerində işlətmişdir.
"Hədisi-ərbəin" tərcüməsində işlənmiş frazeoloji vahidlərdən qırxa yaxını bədən və bədən üzvlərini bildirən baş sözlərlə bağlıdır. Qeyd edək ki, istər klassik ədəbiyyatda, istərsə də müasir ədəbi dilimizdə bu qəbildən olan sözlərlə bağlı sabit söz birləşmələrinin sayı çoxdur. Məsələn, prof. H. Bayramov yazır ki, müasir ədəbi dilimizdə "baş" sözü ilə düzəlmiş üç yüzdən çox sabit söz birləşməsi işlənir (11, 32). N.Hacıyeva bu rəqəmi "yüzə yaxın" kimi göstərir (69, 89).Mirzə Ələkbər Sabirin dilində də bədən üzvlərini bildirən isimlərlə bağlı çoxlu sabit söz birləşməsi qeydə alınmışdır (43a, 97-99). Bizim abidədə bu qəbildən olan söz birləşmələrindən otuza yaxını türkmənşəli "ağız", "ayaq", "baş","bel", "boyun", "dil", "qan", "qulaq", "əl", "yüz", "tük","könül" sözlərinin, onu isə ərəb mənşəli "qədəm", "qəlb" və fars mənşəli "can", "ləb" ,"zəban" sözlərinin iştirakı ilə düzəlmişdir. Qeyd edək ki, həmin sözlər arasındakı bu nisbəti, ümumiyyətlə, tərcümədədə işlənmiş frazeoloji vahidlərin tərkibindəki baş sözlərə aid etmək olar.
Bədən və bədən üzvlərini bildirən sözlər əsasında düzəlmiş frazeoloji vahidlərin bir çoxu eynilə müasir ədəbi dilimizdə də işlənir. Məsələn: "ağız açmaq"(danışmaq mənasındadır), "başa nələr gəlmək", "bel bağlamaq","dilə gəlmək" (danışmaq), "qan tökmək", "əldən qoymaq","əl götürmək", "əlindən gəlmək", "yüz döndərmək",("üz tutmaq" mənasındadıır), "tükü ürpərmək", "qədəm basmaq","can ismarlamaq", "canı yanmaq", "canı çıxmaq", "canını almaq", "canını dapşurmaq", ələ düşmək, və s. Bu frazeoloji vahidlərdən "qədəm basmaq" "İxtiyarati-qəvaidi-külliyyə"də və Füzulinin dilində baş sözün türkmənşəli variantı ilə, yəni "ayaq basmaq" şəklində işlənmişdir (11, 31; 69, 89). Müasir ədəbi dilmizdə isə bu frazeoloji vahidlərdən "qədəm basmaq" daha məqbul sayılır.
Bu qəbildən olan frazeoloji vahidlərdən bəziləri müasir ədəbi dilimizdə müəyyən məna dəyişikliyinə uğramışlar. Məsələn: dilə gətirmək - danışmaq: "Guş qılgil bir dəm imdi sidqlə, Ta gətürim bu hədisi dəx dilə". Müasir ədəbi dilimizdə bu ifadə "bərk tə'sir edərək danışdırmaq, dilləndirmək" mənalarında işlənir (7, II, 99).
Dostları ilə paylaş: |