Polimerlər
Müasir dövrdə insan həyatını polimerlərsiz təsəvvür etmək mümkün deyil. Qiymətinin əlverişli olması və istismar xassələrinin dəyişdirilməsinin mümkünlüyü onlara olan marağı artırır.
Polimerlər 20-ci əsrin əvvəllərindən fəal istehsal olunmağa başlayıb. İlk öncə istehsal texnologiyası aşağımolekullu xammal və sellülozanın emalından ibarət olub. Emal nəticəsində rənglər və plenkalar meydana gəlib.
Müasir polimerlər bir çox sahələrin inkişafına təkan vermişdi. Kinemotoqrafın inkişafı dövründə şəffaf plenkaların meydana gəlməsi ilk filmlərin çəkilməsinə imkan yaratmışdı. Müasir dövrdə polimerlər sənayenin bütün sahələrində tətbiq olunur. Məsələn, oyuncaqların, bir çox avadanlıqların, dərman vasitələrinin, parçaların, inşaat materiallarının və s. istehsalında geniş istifadə olunur. Polimerlərin tətbiqi daha nazik və yüngül mobil cihazlar və kompüterlər istehsal etməyə imkan verdi. Onların istehsal texnologiyasının təkmilləşdirilməsi maşınqayırmada və digər sahələrdə istifadə olunan daha müasir kompozitlərin yaranmasına imkan yaradıb. Polimerin tətbiqi kosmik cihazların istehsalı ilə də bağlıdır. Uçucu cihazların, sputniklərin hazırlanmasında çox böyük əhəmiyyətə malikdir. Belə ki, kütlə çəkisinin azaldılması az məsrəflərlə yerin cazibə qüvvəsini dəff etməyə imkan verir. Polimerlər ətraf mühitin temperatur və nəmlik dəyişkənliklərinə dözümlüdür.
Polimerlər mənşəyinə, əmələgəlmə reaksiyasına və təyinatına görə təsnifatlaşdırılır. Mənşəyinə görə polimerlər təbii və sintetik olur. Bəzən aralıq mərhələ təşkil edən süni polimerlərə də rast gəlmək olur. Bunlar təbii polimerlərə kimyəvi təsir nəticəsində alınır.
Təbii polimerlər təbii yolla formalaşan və təbiətdə rast gəlinən polimerlərdir. Onlar mikroorqanizmlərdə, bitkilərdə və heyvanlarda mövcuddur. Təbii polimerlərə protein, sellüloza, nişasta, liqnin, kauçuk, təbii qətranlar və s. aiddir. İnsan orqanizmində polimerlər əzələdə, dəridə, tükdə və s. mövcud olur.
Süni polimerlər təbii polimerlərə kimyəvi təsir nəticəsində alınır. Bunlara sellüloid aiddir. O, elastikliyi artırmaq üçün kamfora ilə plastikləşdirilir.
Polimerlər plastiklik xassələrinə malikdirlər. Bu onların molekul quruluşundan asılıdır. Plastiklik xassələrinə görə polimerlər termoplastik və termoreaktiv olur. Temperatur artdıqca termoplastik polimerlər yumşalır, soyuduqda isə bərkiyirlər. Bu polimerlər xətti quruluşa malikdir. Bunlara polietilen, poliamidlər, polipropilenlər, polistirol və s. aiddir.
Termoreaktiv polimerlər qızdırıldıqda üçqat əlaqə -bərk maddə, həll olunmayan maddə və yumşalmayan maddə əmələ gəlir.
Dostları ilə paylaş: |