MƏNİ DUYĞULARDA YAŞAT SEVDİYİM
Məni duyğularda yaşat, sevdiyim,
Duyğular insana həyatdı axı?
Könüldən niskili gəl at, sevdiyim,
Nəş’ə ruhumuza qanatdı axı?
Bu necə həsrətdi, bu necə hicran?
Göynəyir bədənin hər yerində can!
Yaramda görünür lalə rəngli qan,
Sənin ayrılığın qanatdı axı?
Məhəbbət insanla yaranıb qoşa,
Gətirir könülü, ürəyi cuşa,
Qoyma gözlərimdə kədərim daşa,
Eşqin zamanıma saatdı axı?
Sanma, xəyalına vurulub qaldım,
Həsrətin boynuna sarılıb qaldım,
Hicran karvanından qırılıb qaldım,
Varlığın ömrümə büsatdı axı?
15. 03. 2004
SALIB KÖNLƏ MÖHNƏTİ
Salıb könlə möhnəti
Könlü qubar eləmə.
Candakı məhəbbəti
Aləmə bar eləmə.
Sevdalı duyğuların,
Bir ömür qayğıların,
Gecənin uyğuların,
Zülümə dar eləmə.
Getmir başdan bu sevda,
Min yol etsən də vida,
Eşqin dilimdə nida,
Aləmə car eləmə.
Ürəyə can sirdaşı,
Tökmə gözündən yaşı,
Gətirib qəlbə qışı,
Könlümü qar eləmə.
Hər canda bir vəfa var,
Məhəbbətdə cəfa var,
Rəbbdən dərdə şəfa var-
Könlünə yar eləmə.
Hicran zəmisi boldu,
Biçdim xırmanım doldu,
Ordan qəlbimə yoldu-
Qəlbi anbar eləmə.
Gülümü bağdan dərib,
Yaz dolu çağdan dərib,
Eşqimi tağdan dərib
Qəmlə nübar eləmə.
Sevgi sayılmaz eyib,
Hicran könlümə dəyib,
Səhər-axşam yar deyib-
Dili qabar eləmə.
18. 01. 2004
BU EŞQ MƏNƏ HAQDAN BƏLA
Bu eşq mənə haqdan bəla,
Mən bəlanı yar etmişəm.
Ürək düşüb haldan-hala,
Gizlində ah-zar etmişəm.
Çox tə’nələr yedi könlüm,
Dərdin pünhan dedi könlüm,
Nəş’əyə şah idi könlüm,
Onu qəmlə xar etmişəm.
Rəbbim verən can möhlətə,
Hər əzaba, hər möhnətə,
Ürəyimə dərd minətə,
Bu dilbilməz məhəbbətə,
Qulağıımı kar etmişəəm.
Alışanda eşqə sinə,
Çəkər hicran, dağ köksünə,
Ələm gəlməz sağ köksünə,
Yolun könlə dar etmişəm.
Əzabıma ortaq olan,
Dərdlərimə yataq olan,
Könlə pünhan otaq olan,
Həsrətini var etmişəm.
Gedin deyin o qafilə,
İmdad etsin mən tifilə,
Verdiyi qəm dönüb filə,
Mən bu qəmdən ar etmişəm.
Hicran qəlbə düşən bürkü,
Oda yanır bu can kürkü,
Talanıbdı könül mülkü,
Bu talanı car etmişəm.
Şadimandan umma sevda,
Özün etdin eşqə vida,
Ruha, cana, könlə qida,
Bu qidanı bar etmişəm.
18. 01. 2004
AH, NECƏ SEVİRƏM
Ah, necə sevirəm, sevirəm səni?
Bu sevda alıbdı qoynuna məni.
Gizli duyğuların titrəməsindən,
Ruhumun çağlayan həyat səsindən
Ərşə çəkilibdi canın qəmləri,
Mələktək gəzirəm hey aləmləri.
Olmusan könlümün ayı, ulduzu,
Hicranın bağrıma salıbdı buzu.
Tufanlar əsdirir coşan qanımda,
Dünyanın nəş’əsi qopar canımda.
Səninlə başlayar könlümə bahar,
Edibdi sinəmi bu atəş ahar.
Ağlım ürəyimə olubdu əsir,
Tikibdi anıma arzular qəsir.
Diləkdən yeni bir dilək doğubdu,
Kədəri bələkdə tutub boğubdu.
Canım çırpınarkən o görüşünə,
Qapıların açır qəlb gəlişinə.
Həyat qaynayanda göydə və yerdə,
Həsrət dözməz axır düşdüyü dərdə?
***
Ah, necə sevirəm, sevirəm səni?
Sevdan ram edibdi özünə məni.
Yuxumun qapısın açaraq gecə,
Tez qaçır yanıma ruhun gizlicə.
Üz-üzə, göz-gözə, pıçıldaşırıq,
Arzudan-arzuya coşub-daşırıq.
Əllərin telimə sığal çəkəndə,
Sevda gülzarına çiçək əkəndə,
Xəyalın zülmətin bağrını yarır,
Anların içində həyat arayır.
Kədəri salaraq dəmir qəfəsə,
Qalırıq dəmlərlə nəfəs-nəfəsə.
Ötür ömrümüzdən gedir bu anlar,
Taleyə köklənib sevdalı canlar.
Dünəndən qoparmaq olmur saatı,
Qaytaraq geriyə ötən həyatı.
Qurmusan ömrümə səadət taxtı,
Zirvədən-zirvəyə gəzdirir baxtı.
Ah, necə sevirəm, sevirəm səni?
Yaşat olduğuntək əzizin məni.
12. 03. 2004
HİCRAN GÖYLƏRİNİN KAHASI DƏRİN
Hicran göylərinin kahası dərin,
Qanadım qırıldı uça bilmədim.
Səni taleyimə yazdı qədərim,
Mən bu məhəbbətdən qaça bilmədim.
Baxışın od tökdü baxışlarıma,
Düşdüm həsrətimin yağışlarına,
Tuş etdi rüzgarım qəm qışlarına,
Ayağım don atdı qaça bilmədim.
Dilim get söylədi, gözlərimsə gəl,
Girdi aramıza hansı xain əl?
Sən qoydun könlümdə eşqimə təməl,
Ondan qeyri heç nə uca bilmədim.
Qəlbimi göynətdi xəyalın hər dəm,
Məndən səadəti niyə etdin kəm?
Silinib getməyir gözlərimdən nəm,
Bu sirri heç kimə aça bilmədim.
Şadiman ah çəkir, bu aha çarə,
Salma ürəyimi qıfıl, açarə,
Fələk qapı açmaz qəmə düçarə,
Necə ki, mən onu aça bilmədim.
28. 02. 2004
KÖNLÜM SƏNİN YANINDADI
Sorma məndən bu ürəyi,
Ürək hər bir anındadı.
Dəymə uçar can dirəyi,
Könlüm sənin yanındadı.
Bu qədər də sınaq olar?
Öz yerinə qınaq olar,
Səhər-axşam qonaq olar?
Könlüm sənin yanındadı.
Səsləyirəm səda gəlmir,
Can evimdən nida gəlmir,
Ruha ayrı sevda gəlmir,
Könlüm sənin yanındadı.
Baxışında həyat yaşar,
Hissim qaynar, zövqüm daşar,
Canım çıxar, dil dolaşar,
Könlüm sənin yanındadı.
Əzabıma şəfadayam,
Xəyalınla vəfadayam,
Mən özümlə cəfadayam,
Könlüm sənin yanındadı.
Şadlığıma gülmək bilmir,
Göz yaşımı silmək bilmir,
Çağırıram gəlmək bilmir,
Könlüm sənin yanındadı.
Şadimanla etmə cida,
Bir canı var sənə fəda,
Gəl bu eşqə demə vida-
Könlüm sənin yanındadı.
26. 02. 2004
Dostları ilə paylaş: |