Maddi-enerji ehtiyatlarından istifadəni qiymətləndirmək üçün bir sıra göstəricilərdən istifadə edilir. Bu göstəricilərdən birincisi «ilkin xammaldan hazır məhsul çıxımı» adlanan əmsalıdır. Bu göstərici faizlə də ifadə olunur və müəssisənin ilkin xammaldan nə qədər hazır məhsul istehsal edə bildiyini səciyyələndirir. Məsələn, xam neftdən benzin, şəkər çuğundurundan şəkər, dəmir filizindən dəmir və s. məhsul çıxımı əmsallarıdır və bunlar ilkin xammaldan istifadə səviyyəsini səciyyələndirirlər.
Xammal və materialdan istifadənin səmərəliliyini xarakterizə edən ikinci əsas göstərici materialdan istifadə əmsalıdır. Bu əmsal məhsulun hazırlanması prosesində əmələ gələn itkilərin miqdarını göstərir. Bu əmsalın plan və faktiki növlərini fərqləndirirlər. Xammal və materialdan istifadənin plan əmsalı məhsul vahidinin xalis çəkisinin, həmin məhsulun hazırlanması üçün material məsrəfi normasına görə sərf ediləcək materialın miqdarına olan nisbətini, faktiki istifadə əmsalı isə məhsul vahidinin xalis çəkisinin faktiki sərf olunmuş materialın miqdarına olan nisbətini xarakterizə edir.
Misal: Fərz edək ki, məhsulun xalis çəkisi 1,2 kq-dır. Məhsul vahidinin istehsalına məsrəf norması 1,6 kq müəyyən edilmişdir. Məhsulun hər birinin istehsalına faktiki material sərfi isə 1.5kq təşkil etmişdir. Buradan: materialdan plan istifadə əmsalı 0,75-ə (1,2 kq : 1,6 kq), faktiki istifadə əmsalı isə 0,8-ə (1,2 kq : 1,5 kq) bərabər olmuşdur. Belə olan halda materialdan qənat təqribən 7 faiz olmuşdur – 0,8 : 0,75 = 1,066; yaxud, ((100 x 1,066) -100) = 106,6 - 100 = 6,6 faiz
Yanacaqdan istifadə əmsalı – yanacaq istehlak edən avadanlığın faydalı iş əmsalı ilə xarakterizə olunur. Bu əmsal, həmin avadanlıqda istilikdən nə dərəcədə faydalı istifadə edildiyini göstərir. Avadanlığın faydalı iş əmsalı istifadə olunan yanacağın keyfiyyətindən, avadanlığı işlədən işçinin ixtisas dərəcəsindən və ona olan münasibətdən asılıdır. Avadanlığın faydalı iş əmsalının artırılması ilə eyni miqdar avadanlıqdan daha çox məhsul istehsal etmək olur, deməli, avadanlığa olan tələbat azalır.
Yanacaqdan itkilər isə, əsasən, yanma prosesi zamanı qazlarla birlikdə çıxan istilikdən və habelə yanmanın natamam getməsilə bağlı onun (yanacağın) istiliktörətmə qabliyyətinin sona qədər realizə edilməməsi səbəbindən irəli gəlir.
Ayrı-ayrı ünsürlərin deyil, dövriyyə vəsaitlərindən bütünlükdə istifadə səmərəliliyi üç əsas göstərici ilə – dövretmə əmsalı (dövretmələrin sayı), dövriyyə vəsaitlərinin yüklənmə əmsalı və bir dövriyyənin uzunluğu ilə (günlərlə) – xarakterizə olunur.
Dostları ilə paylaş: |