Hidrogen rabitəsi- qismən elektrostatik, qismən də donor-akseptor xarakteri daşıdığından digər molekullarası rabitələrdə nisbətən aralıq hal təşkil edir. Hidrogen ionu heç bir elektronu olmayan və müsbət 1 yüklü nüvədən ibarətdir. Buna görədə onu bəzən “çılpaq” proton adlandırırlar. 1 molekulun müsbət polyarlaşmış hidrogen atomu ilə digər elektromənfiliyi yüksək (F, O, Cl , N və s.) olan atomun qarşılıqlı təsirindən yeni molekullarası rabitə yaranır. Bu rabitə hidrogen atomunun iştirakı ilə yarandığından hidrogen rabitəsi adlanır.
İon rabitəsi - əks yüklü ionların qarşılıqlı elektrostatik təsiri hesabına yaranır. Tipik ion rabitəsi qələvi metallarla halogenlər arasında əmələ gəlir. Rabitə əmələ gətirən ionlar həm sadə həm də mürəkkəb olur. İon rabitəli kimyəvi birləşmələr ion birləşmələr adlanır. 100% ion rabitəsi olan molekul mövcud deyil. Ən fəal metal Fr ilə ən fəal qeyri-metal F arasında FrF 93-94% ion rabitəsi mövcud olur. Metal və qeyri-metal atomları qarşılıqlı təsirdə olduqda onlardan birincisi elektron verərək müsbət, ikincisi isə elektron alaraq mənfi iona çevrilir. Əmələ gəlmiş əks işarəli ionlar arasında aşağıdakı sxem üzrə ion rabitəsi yaranır:
Na+ +Cl- = NaCl Rabitə əmələ gətirən ionlar həm sadə (Li+, Na+, Cs+, Cl-, F-) həm də mürəkkəb (NH4+, SO42-, NO3-) olur və bunlara uyğun da birləşmələr mövcuddur.
Metal rabitəsi. Dövri sistemdə elementlərin əksəriyyəti metallardır. Kristal qəfəsdə müsbət metal ionları ilə ümumiləşdirilmiş valent elektronları arasında qarşılıqlı təsirdən yaranan çoxmərkəzli kimyəvi rabitəyə metal rabitəsi deyilir. Metallar yüksək elektrik və istilik keçiriciliyinə, plastikliyə, metal parıltılığına, reduksiyaedici və s. xassələrə malikdir. Metal rabitəsi eyni metal atomları arasında mövcuddur. Metalların fəza qəfəsi neytral atomlardan, müsbət yüklü metal ionlardan və onların arasında səpələnmiş sərbəst elektronlardan təşkil olunmuşdur. Metal atomlarının xarici kvant səviyyəsində elektronların sayı az, boş orbitalların sayı isə çox olur.